“İllərdir Azərbaycanın 20 faiz ərazisi işğal altındadır” Siyasət

“İllərdir Azərbaycanın 20 faiz ərazisi işğal altındadır”

Fuad Muradov: "Heç bir zaman buna münasibət bildirməyən bəzi "təşkilatlar" indi Azərbaycanda "nöqsan" axtarışına çıxıblar"

"Azərbaycan müstəqil siyasət yürüdür. Eyni zamanda, müxtəlif beynəlxalq konvensiyalara qoşulub. Lakin bu o demək deyil ki, kimlərsə Azərbaycanın daxili işinə qarışa bilər". Bunu millət vəkili Fuad Muradov Birinci Avropa Oyunları ilə bağlı yayılmış qərəzli informasiyalara münasibət bildirərkən deyib. "Bu gün dünya tərəfindən bəlkə də qəbul olunmayan, amma özünü beynəlxalq təşkilat adlandıran bir sıra qurumlar Azərbaycanda "hüquq pozuntuları" axtarırlar. İllərdir Azərbaycanın 20 faiz ərazisi işğal altındadır, 1 milyondan artıq insanın hüquqları Ermənistan tərəfindən aşkar şəkildə pozulub. Heç bir zaman buna münasibət bildirməyən bəzi "təşkilatlar" indi Azərbaycanda "nöqsan" axtarışına çıxıblar. Əslində bunun mahiyyəti aydındır. Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində bu cür iddiaların meydana çıxması başadüşüləndir. "Avroviziya" mahnı müsabiqəsi zamanı, yaxud Azərbaycanda keçirilən digər mötəbər tədbirlər öncəsi analoji hallar baş verirdi. Səbəb isə çox sadədir. Bu gün dünyadakı erməni diasporundan aldığı maliyyə müqabilində belə absurd fikirlər səsləndirənlər anlamalıdır ki, ölkəmizin müstəil siyasətinə təsir edə bilməyəcəklər".
Millət vəkili Fuad Muradov Avropa Oyunlarının əhəmiyyətinin azaldılmasına hədəflənmiş qeyri-obyektiv məlumatlar yaymaqla, sözügedən idman tədbirinin "ikinci dərəcəli yarışlar" kimi təqdim etməyə cəhd göstərilməsinə də münasibət bildirib. "Avropa Olimpiya komitələri həmin iddiaları alt-üst edərək, Birinci Avropa Oyunlarını "qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri" olaraq dəyərləndirib. Düşünürəm ki, bu arqument kifayət edir. Bu cür qərəzi və yalan informasiyaların yayılması ondan xəbər verir ki, düşmənlərimiz yetərincə təşvişə düşüb. Bütün bunlara baxmayaraq Azərbaycan bu dəfə də yeni uğura öz müvəffəq imzasını atacaq".

Əli