Türk dünyasına qarşı səlib yürüşü... Siyasət

Türk dünyasına qarşı səlib yürüşü...

Azərbaycan istimaiyyəti də Avropa Parlamentinin qərarını pisləyir

Cavid

Avropa Parlamentinin (AP) 1915-ci il hadisələrinin soyqırım kimi tanınmasını nəzərdə tutan layihəni qəbul etməsi Azərbaycan ictimaiyyəti tərəfindən də pislənilib.
Xatırladaq ki, Türkiyə Katolik dünyasının ruhani lideri Roma Papasının 1915-ci il hadisələri üçün dediyi "soyqırım" ifadəsini müzakirə edən ərəfədə AP bu hadisələrin soyqırım kimi tanınmasını nəzərdə tutan layihəni qəbul edib.

"Avropa Parlamentinin bu qərarını heç bir türk insanı tanımayacaq"

Millət vəkili Qənirə Paşayeva Avropa Parlamentinin ermənipərəst mövqeyinə sərt təpki göstərib və bütün Türk dünyasını bu mənfur siyasətə qarşı dirəniş göstərməyə çağırıb: "Avropa Parlamentinin qondarma,sözdə erməni soyqırımı iddiaları ilə bağlı qərarına bütün dünyada yaşayan türklər etiraz səsini ucaltmalıdır. Dövlətlərimiz qədər Avropada yaşayan türk kökənli insanlar da yaşadığı Avropa ölkələrində bu müzakirələrə dəstək vermiş millət vəkillərinə və Avropa Parlamentinə ciddi etirazlarını bildirməlidirlər. Avropa Parlamentinin yalanlarla bağlı qərarını heç bir türk insanı tanımayacaq və qəbul etməyəcək. Avropa Parlamenti bu qərarı ilə ədalətsiz və haqsızlığa imza atmaqla bərabər bir sıra Avropa ölkələri qondarma erməni soyqırımı yalanlarından öz məqsədləri üçün necə istfadə etdiklərini də bir daha göstərdilər. Onların dərin maraqlarını isə hər bir insanımız yaxşı bilməlidir. Yalanlara qarşı ən ciddi mübarizə yolu isə bütün dünyada gerçəkləri daha çox anlatmaqdır. Ermənistanın, ermənilərin Qarabağda, Xocalıda törətdiyi dəhşətləri, soyqırımı türk kökənli bütün insanlar dünyaya daha çox çatdırmalı, yalanlara qarşı gerçəklərlə mübarizəni daha da genişləndirməlidir".

"Bu, Türkiyəni aldatmaqdır"

"Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasını Roma Papasının bu barədə dedikləri ilə birbaşa əlaqələndirmək doğru olmazdı. Əlbəttə, müəyyən təsiri var. Amma Avropa Parlamentinin onsuz da məsələyə münasibətdə erməni iddialarını dəstəklədiyi bilinir".
Bunu isə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.
Mərkəz sədri qeyd edib ki, Avropa Parlamenti hələ 1987-ci ildə qondarma "erməni soyqırımı"nı tanımışdı və 13 mart 2015-ci ildə Avropa İttifaqına üzv dövlətlərdən də qondarma erməni soyqırımını tanımalarını istəmişdi: "Hər nə qədər Avropa Parlamentinin aldığı qərarda müasir Türkiyənin bu tarixi hadisədən məsul olmayacağı bildirilsə də, bu, yalandan başqa bir şey deyil. Bu, Türkiyəni aldatmaqdır. Olmayan "erməni soyqırımı" 100 ildir xristian dünyasını məşğul edir və Avropa dövlətləri bu barədə qərarlar qəbul edirsə, yaxın gələcəkdə Ermənistan və Avropa dövlətlərinin Türkiyədən təzminat, torpaq tələblərini gündəmə gətirəcəkləri gün kimi aydındır".
H.Cabbarlı bildirib ki, bu məsələ ilə bağlı son 100 ildə cərəyan edən hadisələri təhlil edərkən möhtəşəm və çox yönlü bir psixoloji əməliyyat aparıldığını görmək mümkündür: "Bu, Avropanın Türkiyəyə münasibətdə ikili standartı belə deyil. Bu, Türkiyənin dövlət təhlükəsizliyi məsələsidir. Hər ötən ildə Türkiyə bu məsələ ilə bağlı daha ciddi problemlərlə qarşılaşır, fəaliyyət meydanı daha da kiçilir və müqavimət gücü zəifləyir. 24 aprel tarixinə qədər Türkiyəni daha böyük "sürprizlər" gözləyir".

"Avropa Parlamenti qərəzli olmadığını sübut etməlidir"

"Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə siyasi baxımdan acı təəssüf hissi doğurduğu kimi, hüquqi baxımdan da absurddur".
BunuAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.
A.Quliyevin sözlərinə görə, hamı bilir ki, avropalı deputatların bu qərarı qərəzli və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil: "Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər. O zaman onlardan soruşmaq lazım. 23 il əvvəl hamının gözü qarşısında baş vermiş və aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək? Əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda dediyim qətnamələri qəbul edərək, özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? İnanmaq çox çətindir".

"Onun beynəlxalq hüquq baxımından qiymətləndirilməsi mümkün deyil"

Beynəlxalq hüquq üzrə tanınmış ekspert Ataxan Əbilov da qondarma erməni soyqırımı barədə son gəlişmələri şərh edib, onun ölkələr tərəfindən qəbul olunmasından sonra mümkün nəticələri barədə fikirlərini bölüşüb: "Bəri başdan deyim ki, soyqırım məsələsi və onun beynəlxalq cinayət kimi qiymətləndirilməsi beynəlxalq hüquq müstəvisinə 1948-ci ildən etibarən çıxarılıb. 9 dekabr 1948-ci ildə BMT tərəfindən "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya qəbul edilib.
Həmin tarixdən etibarən dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq soyqırım cinayəti bu Konvensiyanın hüquqi təsir dairəsinə düşür, təqib və cəzalandırılma üçün hüquqi əsas verir. Yalnız müstəsna hallarda, məsələn, cinayəti törədən caninin yaşama ehtimalı olacağı təqdirdə Konvensiyanın geriyə qüvvəsi məsələsinə baxıla bilər.
Cinayət hüququnda əsas prinsiplərindən biri olan "cinayət məsuliyyətini müəyyən edən və ya onu ağırlaşdıran qanunun qeriyə qüvvəsi yoxdur" prinsipi beynəlxalq cinayət hüququ üçün də önəmlidir.
Yuxarıda qeyd ediklərim baxımından birmənalı olaraq deyə bilərəm ki, keçən əsrin əvvəllərində Türkiyədə baş verməsi güman edilən qondarma erməni soyqrımının heç bir halda beynəlxalq hüquq baxımından təqibi və qiymətləndirilməsi mümkün deyildir.
Baş verənlərə ancaq və ancaq siyasi məsələ kimi baxmaq lazımdır. Müasir beynəlxalq münasibətlər sistemində gəlişmələrin və xüsusən beynəlxalq lobbi hərəkatının nəticəsi olaraq hansısa beynəlxalq münasibətlərin subyektinə siyasi təziq, hansısa subyektə xoş gəlmə motivi hazırkı proseslərdə əsas amildir".