“Sivil dünya üçün tarixdə “erməni soyqırımı” kimi yalançı məvhum yoxdur” Siyasət

“Sivil dünya üçün tarixdə “erməni soyqırımı” kimi yalançı məvhum yoxdur”

Fəlsəfə doktoru İlqar Orucov: "Tarixdə olmayan bir hadisəni hansısa xalqa yükləmək cəhdiniz əbəsdir"

"Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq Avropa Parlamentinin qondarma "Erməni soyqırımı"nı tanıması ilə bağlı qəbul etdiyi qətnaməni ədalətsiz, həqiqəti birbaşa təhrif etmək nümunəsi, dinlərarası və millətlərarası nifaq salmağa hədəflənmiş siyasi avantura, tarixi faktlara əsaslanmayan qondarma sənəd kimi pisləyirik". Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun bəyanatında belə deyilir.
Bəyanatda sonra bildirilir:"Bu, həmçinin, Avropa Parlamenti kimi beynəlxalq qurumun imicinə növbəti ləkə və biabırçılıq faktı və ikili standartların göstəricisidir. Son illərdə elə bəzi Avropa ölkələrinin xüsusi qurumlarının birbaşa diktəsi və dolayı yolla maliyyəsi ilə yaradılmış və bu gün də həmin mənbələrdən idarə olunan müxtəlif ifrat radikal müsəlman qruplaşmaların əli ilə əslində islam dinini gözdən salmaq və dinlərarası münaqişə yaratmaq cəhdlərini biz acizanə şəkildə seyr etməkdəyik. Demokratiya adı altında qeyri-müsəlman ölkələrinə və xalqalarına qarşı sanki yeni məzmun və formatda səlib yürüşü təşkil edilməklə, İslam Peyğəmbərini və müqəddəs dini kitab Quranı nümayişkaranə şəkildə və xüsusi həyasız metodlarla təhqir etməklə planetin əhalisinin az qala dörddə birinin sığındığı mənəvi güvənci ələ salmaq kimi vandallığın yeni bir forması bizə təqdim olunur. Son 25 ildə Azərbaycan xalqına qarşı erməni vəhşilikləri, dinc əhaliyə qarşı törədilmiş terror aktları, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin Yer üzündən silinməsinə Avropa Parlamenti və digər beynəlxalq qurumlar susmaqla cavab verirlər. Xocalıda 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirməsi, 1275 nəfər xocalılının əsir, 150 nəfərin itkin düşməsi soyqırım deyildimi? Bu hadisənin foto-video görüntüləri niyə görəsən Avropa Parlamentinin demokratiya əbasına bürünmüş üzvlərini düşündürmür? Axı Xocalı soyqırımi sizin siyasi fəaliyyətlə məşğul olduğunuz dövrün, ən yaxın tarixin utanc gətirən hadisə kimi milli, dini və separatçı zəmində yaradımış münaqişənin məhsulu idi. Nədir sizi 25 ilin hadisəsinə əhəmiyyət vermədən, üstündən bir əsrdən çox vaxt keçmiş və tarixin arxivlərində məhz tarixçılərin və elm insanlarının qiymət verə biləcəkləri yalançı və qondarma "soyqırım"ı tanımağa vadar edən? Axı din və siyasət vicdandan çox-çox sonralar formalaşmışdır. Bunun fərqinə vararaq obyektiv və qərəzsiz olun cənablar! Siyasi maraqlarınızı ikili standartlara kökləyərək və subyektiv mülahizələrə əsaslanaraq planetimizə yeni-yeni münaqişələr gətirəcəyinizin fərqində olun! Nəyə görə zaman-zaman dinc azərbaycanlı və türk əhalisinə qarşı bizim torpaqlarımızda özlərinə dövlət qurmuş nankor erməni xalqının törətdiyi əməllərə münasibətdə susursunuz? Nədir bunun səbəbi? Bu səbəbi biz artıq çoxdan bilirik: anti-turk meyilləri və anti-müsəlman ovqatına köklənməyiniz!
Tərəqqipərvər bəşəriyyət və sivil dünya üçün tarixdə "erməni soyqırımı" kimi yalançı məvhum yoxdur və ola da bilməz! Tarixdə olmayan bir hadisəni hansısa xalqa yükləmək cəhdiniz əbəsdir!
Din prinsiplərin ilk pilləsində ədalət, humanizm dayanmalıdır. Və təəssüfləndirici məqamdır ki, Roma Papası missiyasını daşıyan insan ədalətdən uzaq mövqedə dayanır. Həm də dini liderlər üzərilərinə düşən mənəvi yükün məsuliyyətini ya anlamadan, ya da anlasalar da siyasi maraqlarını, dini mənsubluqlarını ədalətdən üstün tutaraq qeyri-obyektivliyə yol verirlər. Roma Papası I Fransisk Müqəddəs Pyotr kilsəsində çıxışı zamanı 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi qələmə verməklə və bu qondarma "soyqırım"ı XX əsrin il soyqırımı adlandırmaqla barışdırıcılıq missiyası daşımalı olan din liderinin bu missiyanı erməni təəssübkeçliyinə qurban verməsi nümunəsini bir daha ortaya qoydu.
Bu kimi bəyanatlar bir daha göstərir ki, həm bir çox ölkələr, beynəlxalq qurumlar və həm də bəzi dini liderlər yalançı "erməni soyqırım"ı məsələsini ortaya atmaqla Türkiyəni regionda sıxışdırmaq, zəif salmaq planlarını həyata keçirmək niyyətindən əl çəkmirlər və bunun üçün istənilən siyasi riyakarlığa getməyə hazırdırlar. Əslində bu bir daha onu göstərir ki, real soyqırım faktları olan istər 1920-ci ilin 31 mart-3 aprel qırğınları, istər Xocalı həqiqətləri gözlərini siyasət və din pərdəsi örtmüş Avropa demokratları və din xadimləri üçün hələ ki, görünməz olmuşdur.
Ətarafında minlərlə gənc elm adamlarının, araşdırmaçıların birləşdiyi qurum olaraq Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Avropa Parlamentinin məlum üzqaraldıcı qətnaməsini pisləyir, Avropa Parlamenti, Avropa Birliyi və digər bu tipli beynəlxalq qurumları, din xadimlərini ədalətli olmağa, qərarların qəbulunda ikili standartlardan, dini-milli meyillərdən uzaq olmağa səsləyir".