Riqa sammitində Azərbaycan və Avropa İttifaqı arasında hər hansı sənəd imzalanmayacaq Siyasət

Riqa sammitində Azərbaycan və Avropa İttifaqı arasında hər hansı sənəd imzalanmayacaq

"Şərq tərəfdaşlığı" ölkələrindəki münaqişələr Riqa sammitinin bəyannaməsində öz əksini tapacaq

"Riqa sammiti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında heç bir sənədin imzalanması nəzərdə tutulmayıb".
APA-nın məlumatına görə, bunu III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, sonda sammitin yekunlarına dair Bəyannamə qəbul ediləcəyini söyləyib: "Bəyannamə üzrə müzakirələr gedir. Azərbaycanın Riqa sammitindən gözləntiləri var. Hələlik danışıqlar aparılır. Bu proses başa çatandan sonra detalları açıqlamaq olar".
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı məsələyə də münasibət bildirən nazir müavini qeyd edib ki, bununla bağlı suallar və təkliflər gəlib, hazırda bu məsələyə baxılır.
Qeyd edək ki, mayın 21-22-də Latviyanın paytaxtı Riqa şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının zirvə toplantısı keçiriləcək.
Aİ-nin yüksək səviyyəli nümayəndəsi isə sammit ərəfəsində jurnalistlərə deyib ki, Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının bütün iştirakçı ölkələrindəki münaqişələr mayın 21-22-də Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinin nəticələri üzrə imzalanacaq yekun bəyannamədə öz əksini tapacaq.
Onun sözlərinə görə, bu məkandakı mövcud münaqişələr, yeni münaqişələrin yaranması Aİ-də narahatlıq doğurur, çünki onlar regionda sabitliyi pozur. Buna görə də bu məkandakı bütün münaqişələr sammitin yekun bəyannaməsində öz əksini tapacaq.
Aİ nümayəndəsi əlavə edib ki, Riqa sammiti həmin münaqişələrin həll edilməsinin mümkün olduğu format deyil.
Ekspertlər hesab edirlər ki, Şərq Tərəfdaşlığı proqramının əvvəlcədən bəyan edilən məqsədlərinin əsl məzmununu dəyişdirən rəsmi Brüsselin diqqəti hal-hazırda daha çox geosiyasi məsələlərin həllinə yönəlib.
Politoloq Fikrət Sadıxov "Report"a bildirib ki, əvvəlcədən Azərbaycan Respublikası həm Avropa İttifaqı, həm də Azərbaycan üçün maraq kəsb edən bir sıra layihələrin həyata keçirilməsi üçün qurumla müxtəlif sahələrdə sıx əməkdaşlıq etməyi öz qarşısına məqsəd kimi qoyub: "Konkret olaraq, bu elmi və humanitar sahələrdə mübadilə, eləcə də viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlərdir".
O vurğulayıb ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç zaman Avropa İttifaqına daxil olmaq və Aİ ilə assosiativ müqavilə imzalamaq arzusunu bəyan etməyib. Ermənistan həmin müqaviləni imzalamağa söz versə də, sonradan Avrasiya İqtisadi Birliyinə (AİB) meyl göstərib və birliyə daxil olduğuna dair müqavilə imzalayıb.
"Bizim kifayət qədər sabit mövqeyimiz var və biz heç kimi aldatmırıq. Biz Aİ qarşısında heç bir öhdəlik götürmədən, hər hansı bir quruma daxil olmaq və hansısa bir əlavə müqavilə, yaxud saziş imzalamaq vədlərini vermədən Avropaya inteqrasiya kursunu seçmişik", - politoloq vurğulayıb. O əlavə edib ki, Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur.
Öz növbəsində, Ukrayna İctimai Münasibətlər Mərkəzinin direktoru Yevgeni Maqda bildirib ki, Şərq Tərəfdaşlığı proqramı özünün bütün imkanlarını gerçəkləşdirə bilməyib.
"Bunun obyektiv və subyektiv səbəbləri var. Buna misal olaraq, Aİ-nin yeni üzvlərin qəbulu ilə bağlı problemləri operativ şəkildə həll edə bilməməsini, Köhnə Avropa ölkələrinin Mərkəzi Avropanın "yeni dirçəlməyə başlayan" ölkələrinə qarşı qısqanclığını göstərmək olar. Subyektiv olaraq, Rusiya Aİ ilə əməkdaşlıq edən ölkələr qarşısında seçim qoyaraq, postsovet məkanında öz nüfuzunu artırmağa çalışır", - Y.Maqda qeyd edib.
O hesab edir ki, Riqa sammiti bu məsələdə dönüş nöqtəsi olacaq. "Şərq Tərəfdaşlığı bütün iştirakçı ölkələrə öz fəaliyyətinin məqsədəuyğunluğunu və perspektivlərin reallığını nümayiş etdirməlidir, əks halda layihə sırf formal xarakter daşıyacaq", - ekspert deyib.
O qeyd edib ki, Şərq Tərəfdaşlığı proqramı daha çox geosiyasi məsələlərin həllinə yönəlməyə başlayıb, layihənin iqtisadi tərkib hissəsi isə onun müəlliflərinə ünvanlanan çoxlu sayda suallar doğurur.
"Əslində, əvvəlcədən bəyan olunan məqsədlərin əsl məzmununun tamamilə başqa substansiya ilə əvəz olunduğu aydın şəkildə görünür", - mərkəzin rəhbəri vurğulayıb.
Bununla yanaşı, azərbaycanlı politoloq Tofiq Abbasov bildirib ki, Şərq Tərəfdaşlığı proqramının məqsədi altı postsovet dövlətindən ibarət qrupu Rusiyanın təsir orbitindən çıxarmaq və onları tez bir zamanda Aİ-yə yaxınlaşdırmaqdan ibarətdir: "Buna görə də belə bir sual yaranır ki, Şərq Tərəfdaşlığı layihəsinin müəllifləri üçün vacib olan nədir: altı yeni dövlətin rifahı, yoxsa onların Rusiyadan uzaqlaşması?! Ukraynanın, eləcə də Moldovanın və Gürcüstanın nümunəsi onu göstərir ki, Brüssel fəaliyyətini əvvəlcədən iqtisadi deyil, geosiyasi məsələlərin həllinə yönəldib. Burada, ilk növbədə, Rusiyanın ticarət bazarının məhdudlaşdırılması amili əsas rol oynayır".