“Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşır” Siyasət

“Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşır”

Elman Məmmədov: "Erməni lobbisi və onun təsirində olan dairələr hər fürsətdə Azərbaycana ləkə yaxmağa çalışırlar"

"Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu uğura ölkəmiz həyata keçirdiyi siyasət, dünyadakı nüfuzu sayəsində nail olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq edib". Bunu millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də Azərbaycanın nüfuzunun göstəricisidir. Deputatın fikrincə, ilk Avropa Oyunları Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək. Onun sözlərinə görə, möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsində məkan olaraq Azərbaycanın seçilməsində də bu amil mühüm rol oynayır. İlk Avropa Oyunları ilə əlaqədar hazırda dünyanın diqqəti ölkəmizə yönəlib: "Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşır. Təbii ki, burada erməni izi də var. Erməni lobbisi və onun təsirində olan dairələr hər fürsətdə Azərbaycana ləkə yaxmağa çalışır. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur. Lakin bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki xalqımız prezidentimizin ətrafında sıx birləşib. Cəmiyyətimiz belə kampaniyaların hansı səbəblərdən qaynaqlandığını yaxşı bilir. Ona görə də, belə cəhdlər iflasa məhkumdur. Bu qüvvələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə də laqeyd yanaşır, ərazi bütövlüyümüzün bərpa olunmasını istəmirlər. Bilavasitə işğalçı Ermənistana himayədarlıq edirlər. Biz inanırıq ki, prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızı işğalçılardan azad edəcəyik. Və möhtəşəm yerli və beynəlxalq tədbirlər həmin torpaqlarda da keçiriləcək".
Vətəndaş Koalisyasının həmsədri Rufiz Qonaqov isə deyib ki, "İlk Avropa Oyunlarının keçirilməsində "vətəndaş cəmiyyəti olaraq Kütləvi İnformasiya Vasitələrinin rəhbərlərinin və eləcə də aparıcı QHT-lərlə "Bakı-2015: I Avropa Oyunlarına Dəstək" Vətəndaş Koalisyasını yaratdıq". Onun sözlərinə görə, qısa zaman kəsiyində bütün beynəlxalq təşkilatlara göstərdik ki, Azərbaycanda vətəndaş cəmiyyəti birlikdədir, ümummilli maraqlara xidmət edir: "Ayrı-ayrı fikirlər vardı ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları hansısa bir formada Avropa Oyunlarının keçirilməsinə dəstək vermir. Bu fikirlər tamamilə alt-üst oldu. Bu gün bütün vətəndaş cəmiyyətləri İlk Avropa Oyunlarının keçirilməsinə dəstək verir, öz tövfələrini əsirgəmirlər. Anti təbliğatda adları keçən beynəlxalq təşkilatlara və onların havadarlarına cavab verdik və gücümüzü göstərdik. Üzərimizə düşən vəzifələri dərk edirik və əminki ki, bunların öhdəsindən gələcəyik".

Əli