“Beynəlxalq təşkilatlar çalışırlar ki...” Siyasət

“Beynəlxalq təşkilatlar çalışırlar ki...”

Azər Badamov: "Xüsusilə, inkişaf edən gənc müstəqil ölkələrə nəzarəti əllərinə alsınlar, onları öz yollarından döndərsinlər"

"Beynəlxalq təşkilatlara, əslində dünyaya, supergüclərə heç də insan haqları, hüquq və azadlıqların təmin olunması, demokratiya maraqlı deyil. Onları ancaq özlərinin maraqları, dünyaya nəzarəti həyata keçirmək və bunu nəyin bahasına olursa- olsun gerçəkləşdirmək iddiaları maraqlandırır".
Bu fikirləri Milli Məclisin (MM) deputatı Azər Badamov bildirib.
"Onlar hər vəchlə çalışırlar ki, xüsusilə, inkişaf edən gənc müstəqil ölkələrə nəzarəti əllərinə alsınlar, onları öz yollarından döndərsinlər. Biz də həmişə bunları görərək açıq şəkildə qeyd edirik ki, dünyada ikili standartlar, ədalətsiz yanaşmalar mövcuddur" - deyən A.Badamovun sözlərinə görə, yəni, Azərbaycanda qanunu pozmuş, cinayət əməli törətmiş insanlara cəza veriləndə bu beynalxalq təşkilatlar, onları himayə edən supergüclər ağızdolusu "insan haqlarının pozulmasından" danışır, səs-küyləri az qala yeri-göyü inlədir.
O, deyib ki, bütün dünyanın gözü qarşısında dinc aksiya keçirməklə, Ermənistandakı dözülməz anti-insani, anti-bəşər Sərkisyan rejiminə etirazlarını bildirmək istəyən insanlar isə vəhşicəsinə işgəncələrə məruz qalır, həbslərə atılır, amma heç bir beynəlxalq təşkilat, heç bir Qərb dövləti buna qarşı səsini də çıxarmır:"Yəni, burada ölkələrə yanaşmalar müxtəlifdir. Azərbaycan müstəqil, inkişaf edən, dövlət siyasəti xalq tərəfindən dəstəklənən, dünyada haqqın- ədalətin tərəfdarı olan, beynəlxalq hüquqa böyük hörmətlə yanaşan ölkədir. Ona görə də belə bir güclü, müstəqil dövlətin yaranmasına, yaşamasına bəzi qüvvələr və onlara xidmət edən beynəlxalq təşkilatlar böyük qısqanclıqla yanaşır, daim şər -böhtanla çıxış edirlər.
Ancaq bizdən fərqli olaraq Ermənistan aqresiyyalar törədən, insan haqlarına məhəl qoymayan, tənəzüllə doğru gedən və xüsusi maraqlara xidmət edən bir qrup terrorçunun əlində cəmləşən bir ölkədir. Bu ölkə daxilində nə olursa- olsun, nə baş verirsə-versin sanki qeyd etdiyim qüvvələrə və beynəlxalq təşkilatlara heç bir aidiyyatı yoxdur.
Çünki Ermənistanı idarə edən məhz bu terrorçu, əli qana bulaşmış insanlar onların maraqlarını dünyada həyata keçirməyə yardımçı olurlar. Ona görə də dünyada insan hüquq və azadlıqlardan danışan beynəlxalq təşkilatlar Ermənistanda baş verənlər qarşısında susur. Bu təşkilatlar siyasi sifarişləri müəyyən dairələrdən alırlar. İndiki sifariş isə susmaqdır və ona əməl etməlidirlər".