“Azərbaycanda üçüncü sektor var, onların təsir imkanları böyükdür” Layihə

“Azərbaycanda üçüncü sektor var, onların təsir imkanları böyükdür”

Zahid Oruc: "Bu gün həqiqətən də müxtəlif məsələlərlə bağlı onların irəliyə sürdükləri mövqeni qəbul elətdirə bilirlər, dövlət onlarla hesablaşır, partnyor kimi yanaşmağa çalışır, onlardan resurs kimi faydalanır"

"1999-cu ildən başlayaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə start verildi. Bilirsiniz ki, bunlar əhalinin sayı ekvivalentində müəyyənləşmiş təşkilatlardır. Onun fəlsəfəsi mərkəzləşmiş idarəetmədən çıxmaq, səlahiyyətləri paylaşdırmaq, cəmiyyəti aktvləşdirmək, öz problemlərinin həllində onların fərdi gücündən yararlanmaq və sair niyyət idi. Amma nə yaşadıq biz? Zamanında təxminən 100 il əvvəlki fevral inqilabından sonrakı ikihakimiyyətliliyi. Yəni, orqanlar normal şəkildə əlahiyyətlərindən imtina etmək istəmir, çünki bu onları yapon hökmdarına çevirərdi. Yəni, necə deyərlər, ildə bircə dəfə xalq qarşısına çıxmaq və əllərini yelləyib milləti salamlamaq. Bunu kim məqbul sayar?". Bu fikirləri millət vəkili Zahid Oruc səsələndirib. O, əlavə edib ki, ikinci tərəfdən isə bələdiyyələrə çox böyük eyforiya ilə qoşulan və onu müəyyənləşdirən insanlar ciddi işlər, quruculuq, hər hansı bir infrastrukturun bərpası və sairəni tələb edirdilər: "Bunlar baş vermədikcə də necə deyərlər küskünlük, etimadsızlıq, xəyal qırıqlığı özünü göstərdi. Bu sahəni əlliyə qədər qanun aktı tənzimləməlidir. Amma onu sona çatdıra bilmişikmi? Adi bir misal göstərə bilərəm. Mənzil istismar kontorlarının hamısının səlahiyyəti hüquqi baxımdan ləğv olunub. Yeni bir təşkilat formalaşdırılmalıdır. Bunu nə bələdiyyəyə verə bilmişik, nə də köhnələr öz işlərini yerinə yetirə bilmirlər. Ona görə mən düşünürəm ki, qeyd etdiyiniz o maraqları ciddi şəkildə və üzvi olaraq tənzimləyən qurumların da hələ ki münasibətlərində problemlər qalmaqda davam edir. Ona görə də belə hesab edirəm ki, bu stuktur elementləri formalaşma yolundadır. Azərbaycan cəmiyyətində həqiqətən də hamımız dərk eləyəndə ki, bu vətənin quruculuğu eyni dərəcədə başqalarının maraqlarını tanımaqdan keçir, çünki sadəcə vətəndaşı tapdalayaraq, onun hüquqlarını əlindən alaraq müxtəlif mənfi niyyətlərdən ona münasibət göstərərək normal vətəndaş cəmiyyəti qurmaq mümkün deyil".
Vətəndaş cəmiyyətinin elementləri ilə bağlı ölkəmizdəki vəziyyəti dəyərləndirən millət vəkili "elementlərə gəlincə, təbii ki, xüsusi olaraq bu dövr ərzində üçüncü sektorun-qeyri-hökumət təşkilatlarının gəlişdiyini, dövlətin burada çox böyük rolunu qeyd edərdim", - deyə əlavə edib: "Həmçinin də media institutu – dördüncü hakimiyyət adlansa da, az qala birinci və ikinci hakimiyyətin də səlahiyyətlərini mənimsəmək istəyən informasiya orqanlarını vurğulamaq istərdim. Bilirsiniz, istənilən dövlət orqanı müəyyən bir qapalılığı sevir. İnformasiyanın cəmiyyətə çıxması sanki əngəllənir. İndi hansı başqa təsisatlar vasitəsilə bunları ələ götürməlisən? Dediyimiz kimi, qeyri-hökumət təşkilatları burada önəmli rol oynamaqdadır. Həm də tələbkar mediamız var. Nəinki onlar hansısa informasiyanı əldə etmək üçün çalışmalar ortaya qoyurlar, bəzi dövlət orqanları çox ciddi şəkildə bunun qarşısını almağa çalışırlar. Amma eyni zamanda bu gün sosial şəbəkələr, internet dünyası həyatımızın mühüm bir hissəsinə çevrilib. Hər bir facebook, tvitter istifadəçisi özü bir informasiya daşıyıcısıdır, az qala bir saytdır, hətta bir sıra hallarda ondan da böyük səlahiyyətləri əldə edir, bloqqerlik fəaliyyəti çox tələbkar, ciddi müzakirə halında dövlətin fəaliyyətini necə deyərlər ortaya qoyur. Ona görə də mən düşünürəm ki, qarşıdakı dönəmdə ölkənin həyatının daha sivil formalaşması üçün müəyyən bir təcrübə formalaşır. Bunun zəminində biz gələcəkdə daha da qanuni, şəffaf, hesabatlı idarəetmə sistemini yarada biləcəyik".
Azərbaycanda mətbuatın təsir gücünə gəlincə, o bildirib ki, bir yandan, iqtisadi bazisləri zəifdir, asılı vəziyyətdədir: "Bir tərəfdən də dövlət xeyli dərəcədə böyük rol oynayır. Onların xüsusi maliyyə ehtiyaclarını, maliyyə xərcəlrini öz üzərinə götürür, eyni zamanda müxtəlif qrant layihələri və sairlə mətbuatın tam, ciddi, sosial dayaqlarını yarada bilməmişik. İddia eləmirəm, "Nyu York Tayms", "Vaşinqton Post" və yaxud da başqa bu cür ünlü, tirajlı mətbuatın nümayəndələrinə çevrilək. Amma hər halda bu gün ən aparıcı qəzetlər 5-10 min tirajdan artıq çıxa bilmirsə, demək, oxu problemimiz var. Reklam bazarımız xeyli dərəcədə yarıtmaz vəziyyətdədir. Həmçinin də bunun sonucu və ən önəmlisi olaraq sanki partiyalar sistemi, bədxah əllər, çirkli maraqlar mətubat üzərində oturuşub.Və bu da onların həmkarlar institutları, digər bunabənzər qurumlar yaradaraq öz fəaliyyətlərini və haqlarını tələb eləmək imkanından məhrum eləyir. Əslində mətbuatın başlıca missiyası nədir? Cəmiyyətdə olanları obyektiv və qərəzsiz göstərmək. Amma bunların öz durumu elə vəziyyətdədir ki, bir sıra hallarda bu problemlərə çıxış əldə eləyə bilmirlər".
Üçüncü sektorun Azərbaycandakı vəziyyətindən söhbət açan Zahid Oruc deyib ki, ilk illər bu məsələyə münasibət sırf partiyalı bir çərçivədən qırağa çıxmırdı: "Yəni əksər partiyalar qrant haqqında qanunvericiliyin imkanlarından faydalanırdılar və onlar daha çox çalışırdılar ki, hər hansı kənar maliyyə əldə eləsinlər, ona görə də müxtəlif planlar hazırlanırdı və beynəlxalq sistemə onlar dediyimiz vasitə ilə qoşulurdular. Və bu təbii ki, özünün problemlərini doğururdu. Sanki bir tərəfdən xaricdən asılılıq yaranırdı, eyni zamanda ölkə içərisindəki mübarizə zamanı bu, bir ciddi kompramat savaşına çevrilirdi. Hamı başqasını ittiham edirdi ki, sənin yardım mənbən ordandır – bir az fərqli formada ifadə eləmək istədim. Yəni, qonşunun şamı hesabına bəzi evlər işıqlanırdı. Bir müddət sonra bunun başqa bəlaları da meydana çıxdı. Bəlli oldu ki, eyni zamanda bunun təsir agentləri, nüfuz və maraq yayıcı qüvvələr də bundan faydalanırlar. Sirr deyil ki, ötən əsrin 80-ci illərində Amerika Birləşmiş Ştatlarında yeni nəzəriyyələr qalib gəldi. Ona qədər hansı doktrinalarla hərəkət elədiklərini bilirsiniz. Yəni, sovetlər dönəmində, soyuq müharibə zamanında sırf hərbi güc, iqtisadi diversiyalar və başqa xarakterli rəqabət, ulduz müharibələri, nüvə hazırlıqları və sair ortadaydı. Dediyimiz illərdən başlayaraq Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq vəzifə daşıyıcıları kimi bu QHT sektoruna daxil oldular. Onlar ingilis dilində bunu "beyin mərkəzləri", "beyin institutları" adlandırırlar. Bu, hörümçək toru kimi dünyaya yayıldı, şəbəkələşdi, strukturlaşdı, oturuşdu və ondan sonra artıq hər bir ölkənin içərisində onlar mühüm bir təsiryaradıcı qüvvəyə çevrildilər. Ona qədər kobud hərbi müdaxilələr vardı. Panamadan, Qvatemaladan, ta Türkiyənin özünə qədər. İstənilən bir qüvvəni ayağa qaldırırdılar, hətta o cümlədən Əfqanıstanı da. Nəcibullanın, yaxud Şah Məsudun, ya da başqalarının devrilməsini nümunə göstərmək mümkündü. Yəni, ciddi şəkildə bir ssenari, əməliyyat hazırlanırdı və o ölkənin ərazisinə daxil olurdular. Və hamı da görürdü ki, Panamanı Amerika ordusu tutub və qüvvələr də orda iştirak edir. Ondan sonrakı dediyimiz zamanlarla artıq bu insan haqları üzrə ixtisaslaşmış mərkəzlər meydana çıxdı və demokratiya institutları yaradıldı və bunun artıq istənilən ölkənin iç işlərinə kənardan müdaxiləsinə elə bil ki, bir beynəlxalq zəmin yarandı. Dünənə qədər sən deyərdin ki, qoşunun, hərbi qüvvən gəlməsin. Amma bu gün insan haqları o qədər sərhədsiz məsələdir ki, mətbuat haqları, siyasi hüquqların gerçəkləşdirilməsi o qədər beynəlmiləl bir fenomendir ki, burada kim yasaqlayıcı rejim yarada bilər ki? Ona görə də Azərbaycanda da bu qurumların sanki xarici maraq daşıyıcıları olduğunu gördük. Onları bəsləyirdilər, formalaşdırmışdılar, maliyyə mənbələri də ordan idi, elə bilin ki, pulu kim verirdisə, musiqini də o sifariş edirdi. Artıq XXI əsrin əvvəllərindən Azərbaycanın böyük imkanları fonunda QHT sektoruna dövlətin dəstəyinin real, hüquqi və maliyyə əsasları yarandı. Zənn eləyirəm ki, bu işin xeyrinə oldu. Differensial fəaliyyət meydana çıxdı, daha peşəkar qeyri-dövlət sistemində həyatı, fəaliyyəti, hətta məmurların işini təhlil edən insanlar formalaşdı, kadr bankı yarandı. Ən önəmli məsələlərdən biri isə heç şübhəsiz , belə demək mümkünsə, bir nəzarət funksiyası onların əlinə keçdi. İndi tam məsuliyyətlə demək mümkündür ki, Azərbaycanda üçüncü sektor var, onların təsir imkanları böyükdür, bu gün həqiqətən də müxtəlif məsələlərlə bağlı onların irəliyə sürdükləri mövqeni qəbul elətdirə bilirlər, dövlət onlarla hesablaşır, partnyor kimi yanaşmağa çalışır, onlardan resurs kimi faydalanır. Bu gün ölkəmizi xarakterizə edən ən mühüm atributlardan biri də vətəndaş cəmiyyətini struktur elementlərindən olan həmin QHT sektorudur".

Əli