Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti Layihə

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti

IV yazı

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində informasiya əldə etmək azadlığı ilə bağlı bildirilir ki, bu sahə üzrə daxil olmuş müraciətlər təhlil edilib, zəruri araşdırmalar aparılıb və vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə tədbirlər görülüb: "İnformasiya cəmiyyətinin bərqərar olduğu bir vaxtda "İnformasiya əldə etmək haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən yerinə yetirilməsinə nəzarətin Müvəkkilə həvalə edilməsi, onun mandatının və səlahiyyət dairəsinin bu istiqamətdə genişləndirilməsi Müvəkkilin Konstitusiya qanunu ilə müəyyən edilmiş müstəqilliyinin daha səmərəli təmin edilməsinə yönəlib. Kütləvi informasiya vasitələrinin təmsilçiləri və informasiya sahibləri olan dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, media hüquqları üzrə tanınmış ekspertlərlə silsilə məsləhətləşmələr aparılıb.
Səlahiyyətli dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə "İnformasiya əldə etmək azadlığı" mövzusunda keçirilən növbəti məsləhətləşmədə Müvəkkilə həmin qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və KİV-lə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu zaman "İnformasiya əldə etmək haqqında" qanunun yalnız jurnalistlərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə deyil, eyni zamanda hər bir vətəndaşa şamil olunduğu diqqətə çatdırılıb. Müzakirə olunan məsələ ilə bağlı aparatda yaradılacaq yeni şöbə və onun təklif olunmuş struktur bölmələri barədə məlumat verən Müvəkkil buraya hüquqşünaslarla yanaşı, informasiya işini bilən mütəxəssislərin də cəlb olunacağını qeyd edərək, bu Qanunun və Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində səylərin birləşdirilməsini tövsiyə edib".
Müvəkkil ildə iki dəfə keçirilən monitorinqin nəticəsi kimi, informasiya sahibi olan dövlət qurumlarının müvafiq qanunda nəzərdə tutulmuş vəzifələrin icrası üzrə arayışlarının göndərilməsi, təhlili, ümumiləşdirilməsi və Müvəkkilin internet səhifəsində yerləşdirilməsi, qeyd edilən qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, informasiya sahibləri olan dövlət qurumlarının müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən qeyd edilən qanunun və Milli Fəaliyyət Planının müddəalarının dərindən öyrənilməsi və tətbiqi, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi, dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi, elektron məlumat toplusunun (reyestrin) yaradılması, mətbuat xidmətlərinin əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələri və ümumilikdə əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə və təbliğat işinin aparılması, bölgələrdə əhalinin məlumatlandırılması üçün "Açıq qapı" tədbirləri təcrübəsinin genişləndirilməsi, əməkdaşlığın əlaqəli və canlı şəbəkə şəklində qurulması, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlığının yüksəldilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsinə diqqətin artırılması kimi təkliflər irəli sürüb.
Vicdan azadlığı sahəsində görülən işlərə gəlincə, illik hesabatda bildirilir ki, ölkəmizdə mehriban şəraitdə yaşayan, həmrəylik və dostluq nümayiş etdirən müsəlmanlar, xristianlar, o cümlədən pravoslav və katoliklər, habelə yəhudilər və digərləri dinlərarası dialoqu inkişaf etdirməkdədirlər ki, bu da dini tolerantlığın bariz nümunəsidir: "Ölkəmizdə bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə münbit şərait yaradılıb. Dini-mənəvi dəyərlərin inkişafına böyük əhəmiyyət verilib, tarixi-dini abidələrin bərpası istiqamətində tədbirlər davam etdirilib, məscid, kilsə və sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Respublikamızda dini dözümlülük hökm sürüb, dövlət orqanlarının və vəzifəli şəxslərin vətəndaşlar tərəfindən dinə münasibətin müəyyən edilməsi məsələlərinə, dini birliklərin qanuni fəaliyyətinə müdaxiləsi halları olmayıb. Dini qurum və icmaların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmasına və ya fəaliyyətlərinə heç bir məhdudiyyət qoyulmayıb və dini etiqad azadlığının təmin edilməsi üçün şərait yaradılıb".
Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsi sahəsində vəziyyət Müvəkkilin diqqətində olub, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri haqqında fikir mübadilələri təşkil edilib. Müvəkkil dini icmaların nümayəndələri ilə görüşləri zamanı onlara dini etiqad azadlığı sahəsində milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin tələblərini izah edib, dövlətin ərazisində fəaliyyət göstərən bütün dini icmaların qanunauyğun fəaliyyət göstərməsinin və hüquqa hörmətlə yanaşmağın zəruriliyini bildirib. Yerli və beynəlxalq səviyyəli tədbirlərdə dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, din vasitəsilə sülh mədəniyyəti, milli və dini dözümlülüyün bu sahədə rolu, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaq və gənclərə dini tolerantlığın aşılanması məqsədilə təhsil müəssisələrində dinşünas və ilahiyyatçı alimlərin də qatıldığı maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı Müvəkkilin təklifləri diqqətə çatdırılıb. Müvəkkil irqi, milli, dini və digər mənsubiyyətinə görə ayrı-seçkilik, ksenofobiya, etnik təmizləmə və digər bu kimi hallarla mübarizənin milli insan hüquqları institutlarının və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların prioritet vəzifələri sırasına daxil edilməsini, insan hüquqlarının kobud pozuntuları ilə müşayiət olunan cinayətlərə yol vermiş dövlətlərin beynəlxalq səviyyədə cəzalandırılması istiqamətində səylərin birləşdirilməsini zəruri hesab edib. Mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin böyük rola malik olduğunu qeyd edən Müvəkkil jurnalistləri din və vicdan azadlığı mövzusunda yazarkən məsuliyyətli və həssas olmağa, dinlərarası körpülərin yaradılmasına səy göstərməyə çağırıb, dini mövzuda yazan jurnalistlər üçün seminarların keçirilməsini təklif edib. Sərbəst toplaşmaq azadlığı ilə bağlı bildirilir ki, Müvəkkil bu hüququn təmin edilməsi ilə bağlı vəziyyəti daim diqqətdə saxlayıb.
Qeyd edilməlidir ki, rayon və şəhərlərdə sərbəst toplaşmaq üçün çoxsaylı açıq və qapalı yerlər müəyyən edilib. Müvəkkil tərəfindən bu yerlərdə aparılmış monitorinqlər zamanı onların vəziyyətinin qənaətbəxş olduğu, rabitə və digər zəruri vasitələrlə təmin edildiyi müəyyən olunub.
Milli Fəaliyyət Proqramının respublikamızın regionlarında təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda keçirilən ictimai dinləmələr zamanı rayon (şəhər) polis orqanlarının rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilib, hüquqi maarifləndirmə işi aparılıb.
Müvəkkil və əməkdaşları tərəfindən seçki hüququ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıqda silsilə tədbirlər təşkil edilib, respublikanın 58 şəhər və rayonunda əhali arasında geniş və əhatəli maarifləndirmə işi aparılıb, seçki hüququnun təmini vəziyyəti üzrə üç monitorinq həyata keçirilib. Bu monitorinqlər respublikanın hər bir rayonunda keçirilmiş ictimai dinləmələrdən, bölgələrdə seçkiqabağı vəziyyətin öyrənilməsindən və seçki günü seçki prosesinin müşahidə edilməsindən ibarət olub: "Müşahidələrin nəticəsi kimi qeyd olunmalıdır ki, seçkilər demokratik, azad, şəffaf, ədalətli və qanunvericiliklə müəyyən edilmiş qaydada, nizam-intizamla, mütəşəkkil keçirilib, seçki hüquqlarının təmini, səsvermə prosesinin təşkili məqsədi ilə ciddi tədbirlər görülüb, seçkilərdə seçici fəallığı müşahidə olunub. Təqdirəlayiq haldır ki, müxtəlif qurumları, siyasi partiyaları, ictimai təşkilatları, kütləvi informasiya vasitələrini, habelə beynəlxalq təşkilatları təmsil edən ümumilikdə 50 min nəfərdən artıq müşahidəçi seçki prosesində mütəşəkkil iştirak edərək öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər".
Müraciət etmək hüququ ilə bağlı vurğulanır ki, ədalət prinsipinin tam təmin olunmasına xüsusi diqqət yetirilməklə vətəndaşların qəbul edilməsi, onların müraciətlərinə yüksək diqqət, qayğı və həssaslıqla yanaşılması, ərizə və şikayətlərinin baxılaraq həll olunması məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşları qəbul edib, müvafiq sahələrin fəaliyyəti ilə bağlı hər bir müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri diqqətlə nəzərdən keçirib, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar veriblər. Bu qəbullar zamanı vətəndaşları narahat edən məsələlərin bir qismi yerində həll edilib, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görülməsi ilə bağlı icraata qəbul olunmuş və nəzarətə götürülüb.
Respublikanın şəhər və rayonlarında yerli icra hakimiyyətlərinin başçıları və digər vəzifəli şəxslər tərəfindən müntəzəm olaraq vətəndaşların qəbulu keçirilib, habelə səyyar qəbullar və rayon sakinləri ilə görüşlər zamanı rayonda görülən işlər barədə sakinlərə ətraflı məlumat verilib, onların müraciətləri dinlənilib, icraata alınıb".

Uğur