QHT-lərin yaranması və formalaşması uzun bir tarixi inkişaf prosesi keçib Layihə

QHT-lərin yaranması və formalaşması uzun bir tarixi inkişaf prosesi keçib

"Ümumiyyətlə beynəlxalq təşkilatlar hələ qədim dövrlərdən fəaliyyət göstərir və cəmiyyətin inkişafı ilə təkmilləşirlər. İlk belə təşkilatlar eramızdan əvvəl VI əsrdə Yunanıstanda fəaliyyət göstərirdi. Bunlar əsasən müxtəlif şəhərlərin birlikləri və cəmiyyətləri, şəhərlərin dini və yaxud siyasi birlikləri şəkildə təşkilatlanmışdılar. Bu birliklər yunan şəhərləri arasındakı əlaqələri möhkəmlədir və onların aktiv həyat tərzi sürmələrinə səbəb olurdular". Bunu ekspert Elnur Rüstəmov beynəlxalq QHT-lərin yaranması ilə bağlı yazısında qeyd edib. O, bildirib ki, beynəlxalq təşkilatların sonrakı inkişaf mərhələsi orta əsrlərdə beynəlxalq iqtisadi və gömrük birliklərinin yaranması ilə müşayiət olunur: "XIX əsrin ikinci yarısında isə sənaye inqilabı nəticəsində dövlətlər arasında funksional əməkdaşlığa ehtiyacın duyulması nəticəsində onlarla belə təşkilatlar yaranmağa başladı. Bunlara misal olaraq yerin ölçülməsi üzrə beynəlxalq birliklər (1864-cü il), Dünya Teleqraf Birliyi (1865-ci il), Dünya Poçt Birliyi (1874-cü il), Beynəlxalq Ölçü və Çəki Bürosu (1875-ci il), Beynəlxalq və Bədii Mülkiyyətlərin Qorunması Üzrə Beynəlxalq Birlik, Sənaye Mülkiyyətinin Qoruması Birliyi, Polis Təhqiqatı Üzrə Beynəlxalq Təşkilat (İnterpol, 1923) kimi beynəlxalq təşkilatları göstərmək olar. Beynəlxalq təşkilatların inkişafı mövzusunda növbəti mərhələ birinci dünya müharibəsindən sonra beynəlxalq arenada təhlükəsizliyin və sülhün qorunması üçün əsasən siyasi mahiyyət daşıyan beynəlxalq təşkilatların yaranması ilə müşayiət olunur: Millətlər Liqası (1919-cu il), BMT (1945-ci il), Avropa Şurası (1949-cu il) və s. Göründüyü kimi keçmişdə beynəlxalq təşkilatların yaranması və inkişafı mərhələli şəkildə baş vermişdir.
Yuxarıda göstərilən beynəlxalq təşkilatlar əsasən müəyyən dövlətlərin aralarında imzaladıqları müqavilələr əsasına fəaliyyət göstərirdilər. Lakin, bildiyimiz kimi müasir dünyamızda hökumətlər arası müqavilələrə əsaslanmadan da yaranan beynəlxalq təşkilatlar da vardır ki, bunlar beynəlxalq qeyri-hökumət təşkilatlarıdır (BQHT-lər). Ümumiyyətlə beynəlxalq təşkilatları iki qrupa ayırırlar: beynəlxalq hökumətlərarası təşkilatlar və beynəlxalq qeyri-hökumət təşkilatları. Bunların əsas fərqləri ondadır ki, birincilər dövlətlərinin birliyini göstərir, ikincilər isə fiziki və ya hüquqi şəxslərin, assosiasiyaların, hərəkatların, ictimai təşkilatların birliyini göstərir".
O, bildirib ki, BQHT, bir neçə ölkənin könüllü, gəlir əldə edib bölüşdürmək məqsədi güdməyən vətəndaş və ya təşkilatların birliyidir: "BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 27 fevral 1950-ci il və 25 iyun 1968-ci il tarixli qətnamələrinə əsasən bu cür təşkilatlar hökumətlər arası sazişlərə əsaslanmadan yaradılan, ən az üç üzvü olan beynəlxalq təşkilatdır. Bu təşkilatlar azı bir dövlət tərəfindən tanınmalı və azı üç ölkədə fəaliyyət göstərməlidirlər. Belə təşkilatlar beynəlxalq həyatda çox əhəmiyyətli rol oynayırlar və hətta sahələrinin liderləridirlər (Qırmızı Xaç Komitəsi kimi).
BQHT-lər öz inkişaf mərhələlərinə XIX əsrdə qədəm qoydular. Məsələn, Britaniya və Beynəlxalq Köləlik Üzrə Mübarizə Cəmiyyəti 1823-cü ildə yaranmışdı. Artıq 1874-cü ildə BQHT-lərin sayı 32, 1905-ci ildə 134, 1951-ci ildə 832, 1960-cı ildə 1 255, 1972-ci ildə 2 795, 1981-ci ildə 9 398, 1990-cı ildə 16 208-ə çatmışdır. XX əsrin əvvəllərindən sonunadək BQHT-lərin sayı düz 40 dəfə artaraq 2000-ci ildə 43 958-dən çox olmuşdur (bəzi mənbələrdə bu rəqəm 37 000 kimi göstərilir). Bu gün BQHT-lərin formalaşdırdığı sektorun illik maliyyəsi milyardlarla dollarla, bu sektorda çalışan işçi sayı isə milyon nəfərlərlə ölçülür.
Beynəlxalq hökumətlərarası təşkilatlardan fərqli olaraq qeyri-hökumət təşkilatları ərazi prinsiplər üzərində qurulmur. Onlar ancaq üç kriteriyə cavab verirlər: məqsədlərin və tərkibin beynəlxalq mahiyyətli olması, təsis edilmələrinin şəxsi təşəbbüsə əsaslanması və fəaliyyətlərinin könüllülük əsasında qurulması. Zorqbibə görə, belə təşkilatlar, dünya siyasətinə təsir edə bilmə baxımından, beynəlxalq münasibətlərin iştirakçılar olan dövlətlərə rəqib ola bilməzlər. Lakin onlar beynəlxalq ictimai rəyin formalaşması baxımından əhəmiyyətli təsir gücünə malikdirlər".
Eklspert vurğulayıb ki, BQHT-lər öz ölçülərinə, strukturlarına, fəaliyyətlərinin istiqamətlərinə və məqsədlərinə görə həm dövlətlərdən, həm də hökumətlər arası təşkilatlardan fərqlənirlər: "Onların qəbul etdiyi qərarlar dövlətlər üçün hüquqi qüvvəyə malik deyildir. Lakin onlar əksər hallarda həm professional, həm də siyasi sahələrdə qarşılarına qoyduqları məqsədlərin yerinə yetirilməsinə nail ola bilirlər. Tsıqankova görə isə, son illərdə hətta bəzi BQHT-lər (əsasən də insan haqlarının qorunması, ekoloji problemlərin həll olunması, humanitar yardımların göstərilməsi sahəsində fəaliyyət göstərən) "suveren ölkələrin daxili işlərinə qarışma hüququna" sahib olublar.
BQHT-lərin beynəlxalq siyasətdə əsas "silahı" beynəlxalq ictimai rəyi hərəkətə keçirmək, və bunun nəticəsində hökumətlərarası təşkilatlara və bu və ya digər dövlətlərə təzyiq etməkdir. Bu təzyiq çox vaxt "bumeranq effekti" ilə əldə olunur. Əgər yerli "aktorlar" (yəni QHT-lər) ilə dövlət arasındakı kanallarda bir bloklaşma yaranarsa, o zaman QHT-lər beynəlxalq şəbəkəyə "bumeranq effekti" ilə təsir edə bilirlər. Kek və Sikkink bumeranq effektini belə izah edir: "Yerli QHT-lər öz dövlətlərinin (A dövləti) yanından ötərək birbaşa BQHT-lərə yol axtarırlar, BQHT-lər isə öz növbəsində ya fəaliyyət göstərdikləri ölkənin (B dövləti) hakimiyyətinə ya da şəbəkənin o ölkədəki üzvləri olan digər təşkilatlara təzyiq göstərməyə başlayırlar ki, A dövlətindəki bloklaşma aradan qaldırılsın. Bu yolla A dövləti həm B dövlətinin, həm də B dövlətində fəaliyyət göstərən digər təşkilatların təzyiqinə məruz qalır." Məsələn, məhz bu formada Qrinpis (Green Peace), Beynəlxalq Amnistiya, İşgəncələrə Qarşı Beynəlxalq Mübarizə Təşkilatları fəaliyyət göstərirlər. Buna görə bu BQHT-ləri çox vaxt "beynəlxalq təzyiq qrupları" adlandırırlar. Lakin elə BQHT-lər də vardır ki, onları bu qruplara aid etmək olmaz, çünki onlar məsləhətçi statusuna sahib olan BQHT-lərdir (məsələn, Ümumdünya İqtisadi Forumu (Davos Forumu) BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında qeyri-hökumət təşkilatı kimi məsləhətçi statusa malikdir).
Son illər BQHT-lər əsasən humanitar yardım və inkişaf sahəsində əvəzsiz xidmətlər göstərməkdədirlər. Dünyanın müxtəlif bölgələrində yerli və regional münaqişələrin, təbii fəlakətlərin və daxili qarışıqlıqların baş verməsi humanitar problemlərin əhəmiyyətini daha da aktuallaşdırmışdır. Hər hansı bir böhranın həllində BQHT-lərin çox vaxt dövlətdən daha çevik hərəkət etməsi və böhran olan bölgələrə daha tez girə bilməsi BQHT-lərin fəaliyyətini əvəzsiz etmişdir. Eyni zamanda hökumətlər sosial problemlərin çevik həll edilməsində mənfəət güdməyən təşkilatların yəni BQHT-lərin geniş potensialından (insan resursu, maddi texniki təchizat və s.) önəmli dərəcədə faydalanırlar".
Ekspert Elməddin Hacılı isə deyir ki, ümumiyyətlə, vətəndaş cəmiyyətinin əsas sturukturlarından olan QHT-lərin yaranmasına və formalaşmasına tarixi-politoloji ədəbiyyatlarda bir-birindən fərqlənən münasibətlər mövcuddur: "Bir qrup mütəxəsislər qədim dövrdə dövlətdən kənarda yaranan hər bir ictimai təşkilatı QHT hesab edir. Lakin digər qrup mütəxəsislər QHT-lərin yaranma tarixini XIX əsrin ortalarına aid edirlər. Onların fikrincə həmin dövrdə mövcud olan ictimai təşkilatlar bir sıra xarakterik xüsusiyyətlərinə görə müasir QHT-lərdən fərqlənirdilər. Müasir QHT-lərə xas olan xüsusiyyətlər BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində əsas prinsiplər bu cür müəyyən edilmişdir: Xüsusi şəxslər tərəfindən qurulması; Dövlətdən asılı olmaması; Şəxsi qazanc güdməməsi; İctimai maraqları əsas götürməsi; Könüllülük; Legitimlik . Bu prinsipləri əsas kimi götürən 2-ci qrup mütəxəssislər indiki anlamda qəbul olunan QHT-lərin yaranma tarixini XIX əsrin ortalarından etibarən hesablayırlar. Doğrudur, yuxarıda qeyd olunan prinsiplərin qədim və orta əsrlər dövrünü QHT-lərin hamısında olduğunu demək düzgün olmazdı. Lakin fikrimizcə həmin dövrlərdə mövcud olan ictimai təşkilatlar bir çox əlamətlərinə, yaranma xüsusiyyətlərinə, fəaliyyət istiqamətlərinə görə bugünki QHT-lərin sələfləri hesab oluna bilər. Bunu görmək üçün tarixə qısaca nəzər salaq.
Vətəndaş cəmiyyətin əsas strukturlarından olan QHT-lərin tarixi araşdırıldıqda belə məlum olur ki, onların meydana gəlməsi hələ eramızdan əvvəlki dövrə aiddir. Belə ki, QHT-lər özü-özlüyündə qədim dövrdən müasir dövrə uzunmüddətli və mürəkkəb tarixi keçid prosesində ailədən dövlətə doğru dialektik irəliləyişin xüsusi bir stadiyasını əks etdirir. Tarixi tədqiqatların nəticəsi göstərir ki, QHT-lərə məxsus əlamətləri özündə ehtiva edən təşkilatların yaranması eramızdan əvvəl Qədim Romada baş vermişdir. QHT-lərin meydana gəlməsinin Qədim Roma ilə bağlı olması hər şeydən öncə bu ölkədə demokratik idarəetmənin, ictimai-siyasi münasibətlərin nəticəsi idi. Bu proseslər əsasən eramızdan əvvəl V-I əsrləri əhatə edir. Hələ Romada şahlıq dövründə ictimai təşkilatların ibtidai forması – Kuriyalar və tribalar mövcud idi. Lakin bu dövrdə onların fəaliyyəti dövlətin fəaliyyəti ilə qarışıq idi. QHT-lərə xas ibtidai rüşeymlərin meydana gəlməsi Roma tarixində Respublika qurluşunun yaranması və patris-plebeylər mübarizəsi ilə də bağlıdır...".
O, əlavə edib ki, XX əsrdə dünyada baş verən hadisələr QHT-ləri artıq beynəlxalq münasibətlərin bir subyektinə çevirdi: "Beləliklə dövlətlər bir sıra sosial, iqtisadi, mədəni, humanitar və digər problemlərin həllində QHT-lərin köməyindən istifadə etməyə başladı. Bu siyasət öz növbəsində QHT-lərin nüfuzunun artmasında mühüm rol oynadı. Bunlara İkinci dünya müharibəsi illərində formalaşdırılan Oxfam (1942), Catholic Relief Services (1943) və Cooperative American Relief Everywhere (1945) kimi QHT-ləri nümunə göstərmək olar.
İkinci Dünya müharibəsindən sonra yaranan yeni sistemin əsas hüquqi sənədi olan BMT Nizamnaməsində qeyri-hökumət təşkilatları ilə bağlı müddəa öz yerini almışdır. Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu müddəa aşağıdakı kimidir: "İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər görə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və buna lüzum varsa, maraqlı Təşkilat Üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər".
Bundan başqa 1952-ci ildən Beynəxalq QHT-lər Konfransı Avropa Şurası yanında məsləhətçi statusa malikdir. 2003-cü ilin noyabrında Beynəxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rol oynamasından irəli gəlirdi.
Beləliklə, QHT-lərin yaranması və formalaşması uzun bir tarixi inkişaf prosesi keçərək bu günümüzə gəlib çatıb. Hər bir dövrdə ciddi təzyiqlərə baxmayaraq QHT-lər bu və ya digər dərəcədə öz mövcudluğunu qoruyub saxlayıb. Bu gün də dünyanın böyük bir hissəsində sayı minlərlə olan QHT-lər işləyir və fəaliyyət göstərir. Artıq müasir dövrmüzdə dövlətlər də onlarla hesablaşmağa məcbur olublar".