
Müasir dövrdə cəmiyyətin intellektual inkişafı, innovasiyaların mənimsənilməsi və rəqabətədavamlı insan kapitalının formalaşması birbaşa elmi-kütləvi və maarifləndirici məzmunun təbliğindən asılıdır. Lakin Azərbaycanda həm televiziya məkanında, həm də təhsil ocaqlarında və kitabxanalarda bu istiqamətdə müəyyən boşluqlar müşahidə olunur. Reytinq xatirinə yayımlanan şou xarakterli proqramların elmi analitikanı sıxışdırması, gənclərin qlobal elmi trendlərdən kənarda qalma riski və keyfiyyətli kontent yaradıcılarına sistemli dəstəyin yetərsizliyi təcili addımların atılmasını zəruri edir. Bəs cəmiyyətdə düşünmək və araşdırmaq mədəniyyətini necə formalaşdırmaq olar?
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin deputatları – Elnarə Akimova, Fariz İsmayılzadə və Samir Vəliyev mövcud vəziyyəti təhlil edərək, problemin həlli istiqamətində qanunverici, maliyyə və dövlət-özəl sektor əməkdaşlığına dair vacib təkliflər irəli sürüblər.
Televiziyada elm boşluğu
Millət vəkili Elnarə Akimova bildirib ki, elmi-kütləvi və maarifləndirici proqramların cəmiyyətin inkişafındakı rolu danılmazdır.
Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm və maarifləndirmə ictimai məkanın ayrılmaz hissəsinə çevrilməlidir: “Elmi düşüncə, akademik müzakirələr və intellektual debatlar cəmiyyətin inkişafında mühüm rol oynayır. Elm yalnız universitetlərin və elmi müəssisələrin daxilində qalmamalıdır. O, geniş auditoriyaya çatdırılmalı, insanların gündəlik düşüncə tərzinin formalaşmasına təsir göstərməlidir. Elm ekranlarda görünmədikcə, cəmiyyətin elmi dünyagörüşünün inkişafı da məhdudlaşır.
Azərbaycanda televiziya məkanında elmi və maarifləndirici məzmunun kifayət qədər yer almaması narahatlıq doğuran məsələlərdəndir. Təəssüf ki, bu gün yerli televiziya məkanında elmi proqramlar, analitik müzakirələr və intellektual verilişlər əvvəlki səviyyədə deyil. Bəzi hallarda onların yerini daha çox şou xarakterli proqramlar, süni qalmaqallar və gündəlik sensasiyalar tutur. Bu isə tamaşaçı auditoriyasının elmə, kitaba, araşdırmaya və analitik düşüncəyə marağının zəifləməsinə səbəb ola bilər.
Media yalnız əyləndirici funksiyanı deyil, həm də maarifləndirici missiyanı yerinə yetirməlidir. Televiziya cəmiyyətin zövqünün formalaşmasına təsir edən mühüm vasitədir. Ona görə də media yalnız reytinq naminə deyil, ictimai məsuliyyət prinsipi ilə fəaliyyət göstərməlidir. Tamaşaçının düşüncə səviyyəsini yüksəldən, yeni biliklər qazandıran, elmə maraq yaradan proqramların hazırlanması vacibdir. Elmi-kütləvi kontentin inkişafı üçün sistemli yanaşmaya ehtiyac var.
Bu istiqamətdə dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməlidir. Elmi və maarifləndirici layihələrin hazırlanmasına dəstək mexanizmləri yaradılmalı, bu sahədə çalışan yaradıcı qruplar təşviq olunmalıdır. Televiziya kanallarında ictimai əhəmiyyətli və elmi məzmunlu proqramların artırılması üçün müəyyən mexanizmlərin tətbiqi də faydalı ola bilər”.
Millət vəkili qeyd edib ki, alimlərin və tədqiqatçıların cəmiyyətlə daha aktiv ünsiyyət qurmasına şərait yaradılmalıdır: “Bu gün çoxsaylı alimlərimiz, müəllimlərimiz və tədqiqatçılarımız mühüm fəaliyyət göstərirlər. Lakin onların əldə etdiyi nəticələr bəzən geniş ictimaiyyətə lazımi səviyyədə çatdırılmır. Elm cəmiyyətə təqdim olunmadıqca, onun sosial təsiri də zəif olur. Buna görə də alimlərin media ilə əməkdaşlığını artırmaq, elmi bilikləri daha anlaşıqlı formada təqdim etmək vacibdir”.
E.Akimova bildirib ki, məsələ yalnız yeni verilişlərin yaradılması ilə məhdudlaşmır: “Əsas məqsəd cəmiyyətdə düşünmək, araşdırmaq, sual vermək və öyrənmək mədəniyyətini gücləndirməkdir. Əgər ekranlarda elmə və biliyə kifayət qədər yer ayrılmasa, innovasiya, texnoloji inkişaf və insan kapitalının formalaşdırılması istiqamətində qarşıya çıxan çağırışları tam həll etmək çətin olacaq. Elmə dəyər verən cəmiyyət isə gələcəyin inkişaf imkanlarını daha düzgün qiymətləndirə bilir”.
Təhsildə yeni çağırışlar
Millət vəkili Fariz İsmayılzadə bildirib ki, Azərbaycanda kitabxanalarda və məktəblərdə elmi və elmi-kütləvi materialların sayının artırılmasına ciddi ehtiyac var: “Mövcud vəziyyətlə bağlı hesabatlar və statistik göstəricilər də bu sahədə müəyyən çatışmazlıqların olduğunu göstərir.
Doğrudan da bizim ölkəmizdə həm kitabxanalarda, həm məktəblərdə elmi və elmi-kütləvi materialların sayı azdır və bunu bütün hesabatlar da göstərir, statistika da göstərir. Bu istiqamətdə materialların artırılmasına böyük ehtiyac var. Dünyada texnologiyalar, elm və yeni kəşflər çox sürətlə inkişaf edir və gənclərin bu proseslərdən xəbərdar olması vacibdir.
Xüsusilə nəzərə alsaq ki, dünyada həm texnologiyalar, həm elm, həm kəşflər çox sürətlə dəyişir, inkişaf edir, yeniliklər gündən-günə artır. Gənclərimizi bu kəşflərlə, elmi trendlərlə tanış etmək, onları müasir texnologiyalarla və tədqiqatlarla tanış etmək çox vacibdir”.
Deputat vurğulayıb ki, bu sahədə dövlət proqramlarının hazırlanması, tədris məzmunlarının yenilənməsi və dərsliklərdə mütəmadi dəyişikliklərin aparılması zəruridir: “Bunun üçün, təbii ki, dövlət proqramı da olmalıdır, məzmunlarda da dəyişiklik olmalıdır, dərsliklərdə də dəyişikliklər tez-tez aparılmalıdır. Kitabxanalarımızın materialları da artmalıdır. Yəni bu istiqamətdə çox ciddi dəstək vermək, diqqət göstərmək lazımdır.
Son illərdə Mədəniyyət Nazirliyinin kitab alışları istiqamətində elmi-kütləvi ədəbiyyata üstünlük verməsi müsbət addımdır.
Mədəniyyət Nazirliyində son illərdə kitab alışı və satışı istiqamətində elmi-kütləvi ədəbiyyata prioritet verilir. Bunu mən artıq görmüşəm, hiss etmişəm. Gələcəkdə isə bunu tədris materiallarında da əks etdirməliyik”.
Rəqəmsal məkanda elm
Millət vəkili Samir Vəliyev qeyd edib ki, Elmi-kütləvi və maarifləndirici kontentin inkişafı müasir cəmiyyətlərin əsas prioritetlərindən biri olmalıdır: “Dünyanın bir çox ölkələrində bu istiqamətdə müxtəlif dövlət proqramları, media layihələri, qrant mexanizmləri və ictimai təşəbbüslər həyata keçirilir.
Ümumi mənzərəyə baxdıqda görürük ki, bir çox ölkələrdə, o cümlədən region dövlətlərində elmi, kütləvi və maarifləndirici məzmunun inkişafı üçün müəyyən mexanizmlər mövcuddur. Dövlət televiziyaları, media layihələri, müsabiqələr, qrant proqramları və müxtəlif ictimai təşəbbüslər bu sahənin inkişafına töhfə verir. Əsas məsələ bu dəstək mexanizmlərinin sistemli və davamlı xarakter daşımasıdır.
Əgər keyfiyyətli elmi kontentdən danışırıqsa, burada əsas çətinliklərdən biri onun kommersiya baxımından digər məzmunlarla rəqabətdə çətinlik çəkməsidir. Çünki elmi və maarifləndirici layihələr bəzən daha çox resurs və uzunmüddətli yanaşma tələb edir”.
Millət vəkili vurğulayıb ki, özəl platformalarda da elmi məzmunun hazırlanması əsasən yaradıcı şəxslərin şəxsi təşəbbüsləri hesabına həyata keçirilir: “Bu gün xüsusilə internet platformalarında, sosial şəbəkələrdə və digər rəqəmsal resurslarda elmi kontent yaradan şəxslər çox vaxt öz imkanları hesabına fəaliyyət göstərirlər. Bu istiqamətdə daha əlverişli mühitin yaradılması vacibdir.
Elmi-kütləvi və maarifləndirici layihələrin keyfiyyətinin artırılması üçün hüquqi və maliyyə dəstəyi mexanizmləri gücləndirilməlidir. Bunun üçün ilk növbədə qanunvericilik və maliyyə dəstəyinə ehtiyac var. Xüsusilə elmi və maarifləndirici kontentin hazırlanmasına yönəlmiş xüsusi qrant fondlarının yaradılması faydalı ola bilər. Eyni zamanda, təhsil və maarifləndirmə məqsədli media layihələri üçün müəyyən vergi güzəştlərinin tətbiqi də nəzərdən keçirilə bilər”.
S.Vəliyev qeyd edib ki, özəl sektorun bu sahəyə cəlb olunması da mühüm əhəmiyyət daşıyır: “Elmi və maarifləndirici layihələrin inkişafı üçün sponsorluq mexanizmləri təşviq edilməlidir. Bu, həm keyfiyyətli kontentin hazırlanmasına, həm də həmin layihələrin daha geniş auditoriyaya çatdırılmasına imkan verə bilər elmi kontentin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə və gələcək nəsillərin formalaşmasına xidmət edir. Keyfiyyətli elmi və maarifləndirici məzmun yalnız informasiya vermir, eyni zamanda insanlarda araşdırmaq, öyrənmək və düşünmək vərdişlərini formalaşdırır. Buna görə də bu sahəyə davamlı diqqət göstərilməsi cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır”.
Günel Elxan