Azərbaycanda vətəndaş cəmiyyəti Layihə

Azərbaycanda vətəndaş cəmiyyəti

Qanunvericilik, faktlar, tələblər və reallıq

(əvvəli ötən sayımızda)

Azərbaycanda QHT-lərə təsir edən hüquqi çərçivə həm QHT-lərin yaradılması, həm də fəaliyyətlərini istiqamətləndirir. Belə ki, QHT-lərin yaradılması və fəaliyyətləri üçün əlverişli və səmərəli hüquqi çərçivə ölkədə üçüncü sektorun inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirilir. Son dövrlərdə Azərbaycanda QHT-lər üçün hüquqi çərçivə inkişaf etdirilmişdir. Bir çox çatışmazlıqların olmasına baxmayaraq, mövcud qanunvericilik müsbət olaraq xarakterizə edilə bilər. Hazırda, bu sahəni bir neçə sənəd, o cümlədən Konstitusiya, Mülki Məcəllə, QHT-lər (ictimai birliklər və fondlar) haqqında qanun, hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanun, "Qrantlar haqqında" qanun, "Könüllülük fəaliyyəti haqqında" qanun, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları, eləcə də bu sahəyə aid digər normativ hüquqi sənədlər idarə edir.
Eyni zamanda Konstitusiyaya əsasən bir sıra beynəlxalq hüquqi sənədlər QHT-lərin hüquqi çərçivəsinin əsasını təşkil edir. Bu beynəlxalq aktlara İnsan Hüquqları haqqında ümumi bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması üzrə Avropa Konvensiyası və s. daxildir.
Qanunvericiliyə uyğun olaraq qeyri-kommersiya təşkilatları (QKT) tərəfindən əldə edilən gəlirin üç növü Vergi Məcəlləsi əsasında vergidən azaddır: xeyriyyə pul köçürmələri, üzvlük haqları və ianələr.
"Qrantlar haqqında" qanuna əsasən, "qrant" dövlət və cəmiyyət üçün faydalı olan layihələrin hazırlanması və həyata keçirilməsi üçün "Qrantlar haqqında" qanunda nəzərdə tutulan prosedur əsasında təmin edilən məqsədli, təmənnasız, geri ödənilməyən yardım kimi təsvir edilir. Qrantı almaq hüququna malik olmaq üçün yerli hüquqi şəxsin əsas nizamnamə məqsədlərində aşağıdakılardan biri qeyd edilməlidir: (i) xeyriyyə fəaliyyəti və ya qrant almaq üçün uyğun olan – qrantdan birbaşa gəlir etmək məqsədini daşımayan layihələr və proqramların həyata keçirilməsi. Qanunun əvvəlki variantında qrantlar gəlir vergisindən azal edilirdi, lakin cari qanunda qeyd edilir ki, "..... qrant və ya digər maddi yardımın alınması ilə əlaqədar vergi məsələləri Vergi Məcəlləsi ilə tənzimlənir".
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir istisna olmaqla, xeyriyyə təşkilatları tərəfindən əldə edilən bütün gəlirlər vergidən azaddır. Vergi Məcəlləsinə əsasən qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyətlərindən əldə edilən gəlirdən vergi tutulur. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməməsi və ya əlaqədar olmayan fəaliyyətlər üzrə digər gəlir növlərini (ianələr, haqlar və s.) vergidən azad etmir.
Azərbaycanın Vergi Məcəlləsində 18 faizli vahid əlavə dəyər vergisi (ƏDV) müəyyən edilir. Sıfır norması Vergi Məcəlləsinin 165-ci hissəsində sadalanan sövdələşmələrə tətbiq edilir, bura digərləri ilə yanaşı "xaricdən alınan təmənnasız maliyyə yardımı (qrantlar) ilə maliyyələşdirilən malların alınması, işlərin həyata keçirilməsi və xidmətlərin təmin edilməsi, eləcə də qeyd edilənlərin idxalı" daxildir. Sıfır ƏDV norması yalnız xarici qrantlara tətbiq edilir.
Qeyri-Hökumət Təşkilatları (QHT-lər) (ictimai birliklər və fondlar) haqqında qanun ictimai təşkilatlar və fondların yaradılmasını və fəaliyyətini tənzimləyir. Qanun qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyəti, yenidən qurulması və ləğv edilməsi üçün qaydaları müəyyən edir və onların fəaliyyəti, idarəçiliyi və hökumət orqanları ilə əlaqələrini təyin edir. Qanuna uyğun olaraq QHT-lərin dövlət qeydiyyatından yalnız aşağıdakı hallarda imtina edilə bilər:
- eyni ad altında mövcud olan digər qeyri-hökumət təşkilatı olduqda,
- dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər Konstitusiya, Azərbaycan Respublikasının qanunları ilə ziddiyyət təşkil etdikdə və ya həmin sənədlərdə saxta məlumat olduqda.
Ədliyyə Nazirliyinin nəzdində Hüquqi Şəxslərin Qeydiyyat Departamenti QHT-lərin qeydiyyatı üçün məsuliyyət daşıyır. Qeyri-kommersiya hüquqi şəxslərinin qeydiyyatdan keçirilməsi üçün Ədliyyə Nazirliyinə (və ya birliklər və həmkarlar ittifaqlarının qeydiyyatı üçün Ədliyyə Nazirliyinin müvafiq regional bölməsinə), və ya yurisdiksiya ilə əlaqədar olaraq Naxçıvan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmək lazımdır. Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna Milli Məclis tərəfindən 30 iyun 2009-cu ildə qəbul edilmiş düzəlişlərdə qeyd edilir ki, QHT-lərin filialları və xarici QHT-lərin nümayəndəliklərinin qeydiyyatı həmin təşkilatlarla imzalanmış saziş əsasında həyata keçirilə bilər.
Azərbaycanda QHT koalisiyalarının diqqəti əsasən vətəndaş cəmiyyətinin ümumi imkanlarını gücləndirmək üçün resursların səfərbər edilməsinə yönəldilmişdir. QHT koalisiyaları yerli hökumət fəaliyyətləri, genderlə əlaqədar siyasət və proqramlar, təhsil islahatları, büdcə məsələləri, tənzimləyici islahatlar, kommunal təsərrüfat və məişət problemləri və kənd təsərrüfatı və ətraf mühit məsələlərinin monitorinqi vasitəsilə yerli ictimai xidmət təchizatında islahatlara kömək etməkdə fəal rol oynayır. Son 10 ildə şəhər və kənd yerlərindən müxtəlif QHT-lərin iştirakı ilə Azərbaycanda 17 müxtəlif koalisiya yaradılıb. Azərbaycanda ən böyük və ən fəal QHT koalisiyası MQF-dur (Milli QHT Forumu). 1999-cu ildə formalaşdırılıb.
MQF 533 yerli QHT-ni bir araya gətirir və əlaqələndirir. 1999-cu ildə təsis edilən Azərbaycan MQF Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında əməkdaşlıq nəticəsində yaranıb. O QHT-ləri informasiya, konsultativ, texniki və təşkilati yardımla təmin etməklə Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasının yeni mərhələsinin əsasını qoyub. MQF yerli QHT-lərin fəaliyyətini əlaqələndirən və şəbəkə yaradan, istənilən fövqəladə vəziyyətə cavab verən QHT-dir. O, təşkilati inkişaf bacarıqlarının bütün aspektləri üzrə yerli QHT-lərə təlim keçir, eləcə də yerli QHT-ləri müxtəlif forumlarda təmsil etmək üçün yerli QHT-lərin dövlət, yerli və beynəlxalq donorlar, texniki təsisatlar və özəl agentliklərlə əlaqələndirilməsinə yardım edir. MQF həmçinin yerli QHT-lərin hüquqi və dayanıqlı şəraitdə inkişaf etməsi üçün imkanlar yaradan mühitin təmin edilməsində kömək edir.
Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (MSŞT) 2002-ci ilin sentyabr ayında Yohannesburqda Dayanıqlı İnkişaf üzrə Dünya Sammitində Birləşmiş Krallığın Baş Naziri Toni Bleyr tərəfindən yaradılmışdır. MSŞT-nün məqsədi "mədən sektorunun resurslarından ciddi asılı olan ölkələrdə mədən sektorunda ödəniş və gəlirlər üzərində şəffaflığı artırmaqdır". Azərbaycan hökuməti təşəbbüsün yaradılmasından sonra onu dəstəklədiyini qeyd etmiş və ölkə səviyyəsində MSŞT-də iştirak etməyə hazır olduğunu göstərib. 2004-cü il 13 may tarixində 30-dan artıq Azərbaycan QHT memorandum imzalamış və ölkənin təbii ehtiyatlarının istismarı və onların səmərəli istifadəsi vasitəsilə əldə edilmiş gəlirlər üzərində dövlət nəzarətini təmin etmək məqsədilə Mədən Sənayelərində Şəffaflığın
Yaxşılaşdırılması üçün Koalisiyanın yaradılmasını elan ediblər.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycan uşaqlarının səsinin daha güclü olması və eşidilməsini təmin etmək üçün ölkədə uşaqlarla onlar üçün işləyən yerli QHT-lər və uşaq və gənclər qruplarının milli koalisiyasıdır. Proqram və fəaliyyətləri vasitəsilə Alyans demək olar ölkənin bütün bölgələrini əhatə edir. İşin əsas prioritet sahələrinə uşaq hüquqlarının müdafiəsi, uşaq təhsil hüquqları, uşaqların səhiyyə, sosial və mədəni hüquqları və s. daxildir.
Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (NAYORA) gənclərlə bağlı fəaliyyət göstərən əsas QHT və Azərbaycan gənclərinin yeganə koordinasiya qurumudur. NAYORA 21 noyabr 1995-ci ildə 12 gənclər təşkilatı tərəfindən yaradılıb və 31 yanvar 1996-cı ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Əsas məqsədlərə gənclər təşkilatlarının işinin əlaqələndirilməsi; milli əhəmiyyət daşıyan məsələlər üzrə gənclər arasında həmrəyliyin əldə edilməsi; gənclər QHT-lərinin yaradılması və inkişafına dəstək və gəncləri Azərbaycanda demokratik proseslərdə fəal iştirak etməyə həvəsləndirmək; gənclərin
problemlərinin həlli və onların hüquqlarının müdafiəsi; beynəlxalq gənclər qurumu və digər təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və digər fəaliyyətlər daxildir.

Azərbaycanda vətəndaş cəmiyyəti haqqında informasiya QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən yenilənmiş vəziyyətdə saxlanılır, Şura dəstək, informasiya və müsabiqə prosesi vasitəsilə maliyyələşdirməyə əlçatanlıq üçün Azərbaycanda bütün qeydiyyatdan keçmiş QHT-lərə açıqdır. Şuranın əsas məqsədləri vətəndaş cəmiyyətinin gücləndirilməsi və dayanıqlı inkişafına nail olmaq; hökumət və QHT-lər arasında körpü rolunu oynamaqla onlar arasında sıx əməkdaşlığın dəstəklənməsi və sosial problemlərin həllinə QHT-lərin cəlb edilməsidir.
Vətəndaş cəmiyyəti hökumət və özəl sektordan ayrıdır və müxtəlif fərdlər, qruplar və qeyri-gəlir təşkilatlarından ibarətdir. Onlar ümumi maraqlar, məqsədlər və dəyərlər ətrafında müxtəlif formallıq dərəcəsi ilə fəaliyyət göstərir və qeyri-rəsmi mütəşəkkil olmayan ictimai qruplardan geniş beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına qədər geniş dairəni əhatə edir.

Cavid