Ahıska türkləri Layihə

Ahıska türkləri

Onlar Azərbaycanda nə milli azlıq, nə də etnik qrup kimi mənəvi ayrıseçkiliyə məruz qalmayıblar

I yazı

Tarix boyunca çoxlu köçlərə, itkilətə, misilsiz çətinliklərə məruz qalmış Ahıska türklərinin bu gün Azərbaycandakı nümayəndələri təhlükəsiz şəraitdə yaşayırlar. Araşdırmaçı Sevil Piriyeva bildirir ki, postsovet məkanında deportasiya olunmuş xalqların 80-ci illərin sonunda yeni faciələrlə üzləşməsi nəinki nəsillərin yaddaşından silinməyib, əksinə, xalqların həyatına və düşüncəsinə vurduğu sosial-mənəvi ziyanın nəticələri ilə hələ də özünü göstərməkdədir. Belə tarixi ədalətsizliklərlə üzləşən xalqlardan biri də Ahıska türkləridir. Xalqın böyuk əksəriyyəti qaçqınlıq və sürgün həyatını yaşamalı olub, keçmiş İttifaqın müxtəlif ərazilərinə səpələnərək dağınıq halda yaşamaq məcburiyyətində qalıb: "Bu gün milli məsələ və azsaylı xalqların problemləri ilə məşğul olan tədqiqatçıların demək olar ki, hamısı Ahıska türklərinin deportasiya olunması ilə yanaşı, həm də bu xalqın öz mədəni ənənələrini qoruyub saxlamasını qeyd edirlər.
Deportasiya və sürgünlük həyatı xalqların, o cümlədən Ahıska türklərinin tarixi taleyində, həyatında nəinki ağır iz buraxıb, habelə spesifik mədəniyyətə malik xalqları ən ağır şəraitdə belə özlərini, mədəniyyətlərini unutmamağa sövq edib, möhkəmləndirib, yaşamaq əzmini bir daha artırıb. Şübhəsiz, deportasiya ilə üzləşən xalqın mədəniyyətinin, varlığının itkiləri, faciəsi başlayır. Ahıska türkləri bu ağrıların içərisində özünü qoruya bilib. Vətən, yurd sevqisi ilə yaşayıb, ona dönmək ümidi ilə ömür-gün keçirib. Sözün həqiqi mənasında bu həsrəti yaşayıb. Ancaq hər dəfə daha ağır olanlarla qarşılaşıb. Bir deportasiya digərini əvəzləyib. Lakin bütün olanlara, olacaqlara baxmayaraq, xalq varlığını, mövcudluğunu qoruyub saxlaya bilib. Nəinki qoruyub saxlayıb, baş verənləri, bütövlükdə dərdini dünyaya hayqırıb. Ahıska bölgəsi təbii şərait baxımından dağlıq, dağətəyi və düzən zonalardan ibarətdir. Bu ərazi uca dağları, sıx meşələri, məhsuldar torpaqları və ucsuz-bucaqsız vadiləri ilə maraq doğurur. Ahıska və Cavaxet sıra dağları Ahıskanın ən hündür və geniş dağ silsiləsidir. Bunlar Qafqaz sıra dağlarına söykənir. Qədim türk yurdu olan Ahıska bol suları və hündür şəlalələri ilə göz oxşayır. Tarixən bu ərazilərdə məskunlaşmış xalqlar özlərinə məxsus əlamətləri ilə fərqlənir. Vətənə, torpağa bağlılıq ahıskalıların etnosiyasi həyatının ən mühüm əlamətlərindən sayılır. Onların etnosiyasi tarixi bir istiqamətdə etnotoponimlərində öz əksini tapıb. Hundun, Əcərə, Salbuz, Qanlı, Fındıqlı, Abioğlu, Persat dağları, Zediban, Hamzula, Qarasu meşələri, Persat, Qaxqılın, Sarıqaze, Uravel yaylaları, Piri bulağı və digər yer adlarının hamısı türk mənşəlidir. Həmin toponimlərdə xalqın mentalitetinə xas olan azadlıq, saflıq, gözəllik kimi keyfiyyətlər həkk olunub. Ahıska türklərinin etnosiyasi və etnocoğrafi tarixini müxtəlif dövrlər üzrə təsnif etmək mümkündür.
Türk xalqının bir qövmü olaraq ahıskalıların etnomədəni dəyərləri, adət-ənənələri, insan və yer adları müxtəlif bədii nümunələrdə, kitabələrdə, türkün anlayışı hesab edilən "Kitabi-Dədə Qorqud", "Bilqamıs", "Manas", "Oğuz Kağan", "Şah qızı" kimi dastanlarda əksini tapıb. Alp-ərənlərinin mərd, mübariz xarakteri, vətən eşqi, yurd sevqisi ahıskalılar üçün tarixi nümunə olub. Həmin dastanlarda qəhrəmanların dünyaya gəlişi, azadlıq uğrunda mübarizəsi, vətənpərvərliyi dosta dost, düşmənə qənim olması və s. amillər ümumtürk adət-ənənəsinə mənsubluğun nişanələridir.
Ahıska türklərinin mədəniyyəti ümumtürk mədəniyyətinin bir hissəsidir. Gürcüstanın cənub-qərbində yerləşən Ahıska bölgəsi bu gün respublikanın inzibati-ərazi bölgüsündə "Mesxetiya" adlanır. Bu xalqın etnocoğrafi tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Onların bir qrupunda xüsusi olaraq vurğulanır ki, bu ərazidə qədim türklərin ulu əcdadları sayılan "Buntürk" tayfası yaşayıb.
Məlumdur ki, Ahıska bölgəsi XIX əsrə qədər Osmanlı imperiyasının tərkibində olub. Tarixi hadisələr məcrasında bu xalqların etnik tarixində müxtəlif proseslər baş verib. Belə ki, orta çağlarda yerli türklərin yaşadıqları Ahıska bölgəsinə Osmanlı türklərinin miqrasiyası başlayır. Onların bir hissəsi yerli türklərlə qaynayıb-qarışır. Həmin dövrdə burada yaşayan gürcülərin bir hissəsi könüllü olaraq türk dilini, İslam dinini qəbul edərək etnodini assimilyasiyaya uğrayıblar. Onu da qeyd edək ki, orta əsrlərdə Ahıska bölgəsində əhalinin barmaqla sayılacaq hissəsini gürcülər təşkil edirdilər. Bütün bunlar orta əsrlərdə yerli türklərin etnik strukturuna müəyyən təsirlər göstərib. Türklərin etnocoğrafi mənşəyi haqqında bu mülahizələri qafqazşünas L.Zaqurski də təsdiqləyib. Lakin gürcü tarixçiləri və etnoqrafları Ahıska türklərinin bu ərazidə yaşaması faktını inkar edir, onların gürcü mənşəli olması barədə heç bir əsası olmayan məlumatlar yayırlar. Belə ki, guya ahıskalılar müstəqil xalq deyil, mesxlərdir. Mesxlər isə gürcülərin etnik qruplarından biri sayılır. Elmilikdən uzaq olan bu fikrə istinad etməklə, gürcü tarixçilərinin bir qismi əslində türklərin həmin ərazinin aborigen əhalisi olması faktını inkar etməyə cəhd göstərirlər. Rusiya imperiyasının rəsmi sənədlərində isə ahıskalılar həm də "tatar" kimi qeyd edilib. Halbuki xalq özünü Ahıskanın ən qədim yerli sakinləri, yəni türk sayıb.
Antik dövr tarixçiləri iddia edirlər ki, İberiya (Gürcüstan) ərazisində Kür, Araz boyunda müxtəlif türk mənşəli tayfa birləşmələri hələ qədim dövrlərdən yerli sakinlərlə konsalidasiya prosesində məskunlaşıblar. Məsələn, tarixşünas K.V.Trever tarixi araşdırmalarında Ahıska, Ahılkələk, Borçalı və digər ərazilərdə türklərin antik dövrlərdən məskunlaşmasını qeyd edir. Səlcuq sultanı Alp Arslan 1064-cü ildə Qafqazın Ahıska, Adıgün, Aspinza (Əspincə), Ahılkələk, Boqdanovka (Hocabəy) bölgələrinə yürüş edib. Bu yürüşün bir sıra səbəbləri vardı. Ən birincisi pərakəndə şəkildə olan bu türk qövmlərini bir bayraq altında birləşdirmək idi. İkincisi ərazinin son dərəcədə hərbi və iqtisadi baxımdan əlverişli olması ilə bağlı idi. Bu hələ birinci minilliyin başlanğıcında gedən proses idi. "Lakin o zamanadək azərbaycanlılar da orada yaşayıb-yaradırdılar". Ayrı-ayrı türk tayfalarının burada məskunlaşmasının tarixini mənbələr çox əski zamanlara aparıb çıxarır. Böyük türk hökmdarlarının müxtəlif çağlarda bu ərazilərə səfərini isə bir türk oğlunun digər türk oğlunun yurduna gəlişi kimi başa düşmək doğru olar.
"Bizim eradan əvvəl Ahıska, Aspinza (Əspincə), Adıgün, Batum, Suxum ərazilərində türk mənşəli tayfalar yaşayıblar".
Tarixi-statistik sənədlərdən də məlum olduğu kimi, 1829-cu ilədək bölgədə türklərdən və gürcülərdən başqa qeyri xalqlar yaşamırdı. Rusiya ilə Türkiyə arasında bağlanan Ədirnə sülh müqaviləsi (1829-cu il) nəticəsində bölgəyə müxtəlif regionlardan ermənilərin miqrasiyası başlanır. Hakim milətçilik ideyasına xidmət edən imperiyanın strukturları minlərlə türk ailələrini sıxışdıraraq, onları Türkiyəyə köçməyə məcbur edirdi. Beləliklə, dövlət strukturları Rusiyanın cənub sərhədlərini türklərdən və digər müsəlman xalqlarından təmizləmək siyasəti yeridir, xristian mənşəli tayfaların bura köçürülüb məskunlaşması üçün regionda hər cür əlverişli şərait yaradırdı. Ədirnə sülh müqaviləsinin şərtləri həmin ərazidə Rusiyanın təsirini gücləndirir, bura xarici dövlətlərdən ermənilər, Krımdan və Volqa boyundan yüzlərlə rus ailələri köçürülüb gətirilir. Digər tərəfdən, regionda etnik tərkibin xristian əhali hesabına dəyişməsi yerli ahıskalıların qədim adət-ənənəsini, milli mədəniyyətini yad təzyiqlərə məruz qoyurdu. Həmin reallıqlar tədqiqatçıların uydurmalarından fərqli olaraq, milli tarixçilərimiz tərəfindən daha obyektiv işıqlandırılır.
Ahıska türkləri Azərbaycanda məskunlaşdığı yaxın 60 ildə nə milli azlıq, nə də etnik qrup kimi mənəvi ayrı-seçkiliyə məruz qalmayıblar. Bu, ilk öncə azərbaycanlılarla ahıskalıların türk mənşəli olması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda azlıq təşkil edən etnoslar aborigen çoxluq əhali tərəfindən daim himayə edilib".
Araşdırmaçı bildirir ki, Ahıska türkləri ilə bağlı olayları sırf obyektivliklə qiymətləndirən tədqiqatçılar da var: "Onlar tarixi faktları, deportasiya hadisəsini, baş verən siyasi faktları sırf elmi mövqedən izah edirlər. Tədqiqatçılardan G.X.Paneş və L.B.Ermolov etiraf edirlər ki, Azərbaycanda məskunlaşan ahıskalıların vəziyyəti daha yaxşıdır.
Burada onları etnik mənşəyinə və adət-ənənələrinə görə gəlmələr deyil, bir türk kimi qəbul ediblər. Müəlliflər həmçinin göstərirlər ki, tarixən formalaşmış Türkiyə-Azərbaycan münasibətləri də onların yerli əhali tərəfindən səmimi qəbul olunmasına psixoloji cəhətdən az kömək etməyib. Azərbaycan türklərinin mühitində ahıskalılar qarşılıqlı təsir şəraitində öz mədəniyyətlərini qoruyub saxlaya biliblər. Ahıskalıların Azərbaycanla bağlılığını çox aydınlıqla izah edən bu tədqiqatçılar bütövlükdə məsələnin mahiyyətini dərk ediblər. Doğrudan da, eyni mənşəyə malik olan bu iki türk qövmünün arasında heç bir problem olmayıb. Əksinə, ən ağır məqamında, tarixin ağır dönəmlərində onlar bir-birinə dayaq durublar. Son dövrün hadisələri də bunu təsdiqləyir. Və bütövlükdə bu iki xalq böyük türk mədəniyyətinin inkişafına xidmət etsələr də, ayrılıqda özünəməxsusluqlarını da qoruyub saxlaya biliblər".
1918-ci il oktyabrın 30-da Türkiyə üçün ağır şərtlərlə nəticələnən "Mudros" sazişi ahıskalıların taleyində ağır iz buraxdı: "Qars, Ərdahan, Batum, Naxçıvan, Ahıska, Ahılkələk, Ağbaba, Borçalı türkləri demək olar ki, öz mübarizələrində Türkiyənin maddi-mənəvi yardımından məhrum oldular. Lakin yerli türk əhalisi hürriyyət və istiqlal mübarizə bayrağını yerə qoymadı, birləşməyə, təşkilatlanmaya üstünlük verdilər. Bu qətiyyətli hərəkat sayəsində "Ahıska Hökuməti-Müvəqqətəsi", "Araz Türk Hökuməti", "Qars İslam Şurası", "Milli Şura Hökuməti" və nəhayət "Cənubi-Qərbi Qafqaz Hökuməti Müvəqqətəsi-Milliyəsi" adlanan türk respublikaları qurulur. Əlamətdar haldır ki, həmin respublikalar Qarsın, Ahıskanın, Çıldırın, Ərdahanın, Naxçıvanın, Poshofun ruslardan xilas olunmasında iştirak ediblər. Bunlar hamısı yeni şəraitlə barışa bilməyən Rusiyanın işğalçılıq siyasətinə əhalisi birmənalı şəkildə müxtəlif birliklərdə, təşkilatlarda birləşərək mübarizəni davam etdirirdilər.

Uğur