Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini əks etdirir Layihə

Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini əks etdirir

Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də etnoqrafiyadır. Bu elm sahəsindən bir az xəbəri olanlar bilirlər ki, ən bəsit tərifə əsasən bu elm xalqları, onların adət və ənənələrini, mədəniyyətini öyrənir. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, hazırda etnoqrafiya haqqında Azərbaycan cəmiyyətində, onun müхtəlif təbəqələrində kifayət qədər bilik yoхdur.
Antropologiya üzrə elmlər doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədli bildirir ki, etnosların, o cümlədən Azərbaycan türklərinin hərtərəfli etnoqrafik tədqiqinin əsas üsulları ekspedisiyalar, ezamiyyətlər vasitəsilə araşdırmalar aparılması, çöl materiallarının toplanmasıdır. Bu materiallar olmadan etnoqrafik tədqiqatların aparılması qeyri-mümkündür. Müxtəlif ölkələrin etnoloji mərkəzlərində uzunmüddətli ezamiyyətlər, ekspedisiyalar olmadan ümumiyyətlə araşdırma aparmaq qeyri-mümkündür. Lakin müqayisə etdikdə Azərbaycanda etnoqrafik ekspedisiyalar həm sayına, həm də aparılan tədqiqatların miqyasına görə arхeoloji ekspedisiyalardan çox geri qalır. Bəs, etnoqrafiyanın vacibliyi, millət, dövlət üçün əhəmiyyəti nədən ibarətdir? Nə üçün bu elm sahəsinin inkişafına xüsusi diqqətin zəruriliyi ön plana çıxmalıdır? Bu baxımdan etnoqrafiya haqqında əsaslandırılımış bilgilərin cəmiyyətə çatdırılmasını vacib və əhəmiyyətli hesab edirik. Belə ki, qloballaşma şəraitində sayından asılı olmayaraq hər bir xalqın mədəniyyətinin qorunub saxlanılması həm etnoqrafiya elminin, həm də hər bir dövlətin ən aktual vəzifələrindən birinə çevrilmişdir. Bundan əlavə Avropa və dünya əməkdaşlıq sisteminə qoşulan və polietnik əhali tərkibinə malik olan Azərbaycanın müstəqillik və demokratiya yolunda irəliləyə bilməsinin vacib şərtlərindən biri də ölkədə mövcud olan etnoslararası qarşılıqlı əlaqələr sisteminin tədqiqi və dünyada təbliği vacib məsələlərdən biridir. Sirr deyil ki, Azərbaycanın etnik baxımdan zəngin olan əhalisinin formalaşması uzun müddətli tarixi dövrü əhatə edib və burada dərin inteqrasiya olunmuş Azərbaycan xalqı adı altında etno-mədəni birlik təşəkkül tapıb. Bundan başqa son illərin təcrübəsi göstərir ki, etnoslararası münasibətlərlə bağlı problemlər bir çox ölkələrin "baş ağrısına" çevrilmişdir. Bütün bunlar etnik problemlər sahəsində dövlət siyasətinin strateji və taktiki istiqamətlərinin işlənməsini zəruri edir. Bu isə öz növbəsində etnik problemlərlə birbaşa məşğul olan etnoqrafiyanın vacibliyini vurğulayır.
Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini, formalaşma mərhələlərini özündə əks etdirir. Etnosun psixologiyasında, davranış qaydalarında, qida mədəniyyətində, sənətkarlıq nümunələrində və onların hazırlanma üsullarında, yaşayış məkanının təşkil edilməsində, ənənəvi təsərrüfatının növlərində, ailə münasibətlərində və s. onun keçdiyi tarixi yol əks olunur. Sadalanan etnik əlamətlər isə etnoqrafiyanın əsas tədqiqat predmetləridir ki, onları araşdırmadan xalqın etnogenezini, tarixini dərindən öyrənmək qeyri-mümkündür. Etnik əlamətləri tədqiq etmədən xalqın, cəmiyyətin bu günkü həyatının müxtəlif sahələrini, o cümlədən siyasətdə, sosial sahədə, müasir mədəniyyətdə baş verən prosesləri izah etmək çətindir. Bunları araşdırmadan Azərbaycanın inkişaf perspektivlərini düzgün müəyyən etmək olmaz. Qeyd olunanlar etnoqrafiyanın nə qədər strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir.
Yaranmış vəziyyətdə şübhəsiz etnoqrafların da günahı az deyil. Azərbaycanda etnoqrafiyanın inkişaf strategiyasının olmaması tədqiqat mövzularının sistemləşdirilməsi, onların aktuallıq əsasında sıralanmasına demək olar ki, imkan vermir. Universitetlərdə, xüsusilə Bakı Dövlət universitetində, etnoqraflar hazırlanmaması, sovet dövründə təcrübə toplamaq məqsədi ilə gənc etnoqrafların Moskva, Sankt-Peterburq və başqa elmi mərkəzlərə uzunmüddətli ezam edilməsi praktikasından imtina edilməsi Azərbaycan etnoqrafiyasının kadr potensialının zəifləməsinə səbəb olmuşdur. Uzun illər davam edən belə vəziyyət Azərbaycan etnoqrafiyasının faktiki tənəzzülünə gətirib çıxarmışdır. Şübhəsiz burada bizə irad tuta bilərlər ki, bəs son illərdə nəşr olunan monoqrafiyalar, fundamental əsərlər necə olsun? Bu əsərləri çox yüksək dəyərləndirərək eyni zamanda qeyd etməliyik ki, bunlar arasında müasir etnoloji nəzəriyyələrə əsaslanan, təsvirçilikdən daha çox təhlilə üstünlük verən, müasir etnoqrafiyanın problemlərini araşdıran tədqiqatlar çox azdır. Bundan əlavə son illərdə etnoqrafiyaya gələn yeni kadrların elmi hazırlıq səviyyəsinin qənaətbəxş olmaması onlara verilən tədqiqat mövzularının darlığı Azərbaycanda bu elmin tənəzzülü haqqında qənaətə gəlməyə əsas verir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan etnoqrafları qarşısında həm nəzəri plyuralizm baxımından, həm müxtəlif mövzuların seçimi baxımından, həm beynəlxalq elmi əlaqələrin genişlənməsi baxımından böyük imkanlar açılmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu imkanlardan yetərincə istifadə olunmur. Şübhəsiz Azərbaycan etnoqrafiyası zəngin və şərəfli tarixə malikdir. Bu tarixə ötəri bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunduğu göz qabağındadır. Lakin, bununla yanaşı, aydındır ki, sürətlə inkişaf edən, yeni-yeni nəzəriyyələrdən bəhrələnən, başqa elmlərlə sıx əlaqədə olan müasir etnoqrafiya yeniliklər tələb edir.
Müasir etnoqrafiyanın vəzifələri son illərdə alimlər arasında geniş diskussiya mövzusuna çevrilmişdir. Prezident administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində Arxeologiya və Etnoqrafiya İnstitutu qarşısında duran vəzifələr haqqında söz açaraq qeyd edir ki, "İnstitutun fəaliyyətində konseptual yanaşmalar tələb olunur. Son dövr nəşrlərində isə belə yanaşmalar müşahidə edilmir. Ötən illər ərzində etnologiya, antropologiya və etnopsixologiyaya dair fundamental tədqiqatlar aparılmamışdır. Başlıca səbəb isə təbii ki, bu elm sahəsinə ölkədə ciddi marağın olmaması və eləcə də müvafiq ixtisaslı kadrların yoxluğudur". Xüsusilə etnoqrafiya elminin problemlərinə toxunaraq akademik Mehdiyev qeyd edir ki, Avropada, Rusiyada mədəni antropologiya, sosial antropologiya, etnologiya sahələrində yeni-yeni əsərlərin nəşr olunduğu bir dövrdə "bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyildir". Bu səbəbdən "Azərbaycanda da belə əsərlərə ehtiyac vardır", bunun üçün də "etnologiyanın, antropologiyanın klassiklərinin əsərləri ilə yaxından və diqqətlə tanış olmaq, onların ideyalarından milli problemlərin öyrənilməsində rasional tərzdə faydalanmaq lazımdır".
Göründüyü kimi, Azərbaycan etnoqrafları qarşısında qoyulan vəzifələr siyasi və elmi baxımdan çox aktualdır. Və bu vəzifələri yerinə yetirmək üçün nə etmək lazımdır? Ənənəvi olan "Nə etməli?" sualına biz necə cavab verməliyik?
İlk növbədə əsas məsələ kimi müasir etnoqrafiyanın başlıca problemlərinin nədən ibarət olmasını müəyyənləşdirmək lazımdır. Etiraf etmək lazımdır ki, bu suala cavab hələ də diskussiyalar mövzusudur. Lakin intensiv axtarışlar bir sıra sualların qoyuluşuna əsas verir və məhz bu suallarda müasir etnoqrafiyanın aktual problemləri yığcam şəkildə təzahür olunur. Belə məsələlərdən bəzilərinə diqqət yetirək.
Etnoloqlar qarşısında duran aktual məsələlərdən biri şübhəsiz müasir dünyanın etnik mənzərəsi və bunun ayrı-ayrı insanlar və ümumiyyətlə etnik toplumlar tərəfindən qavranmasıdır. Sirr deyil ki, insanların ətraf mühiti qavramasına təsir edən amillərdən biri etnik mənsubiyyətdir. Bu baxımdan dünyada gedən proseslər (mədəni, iqtisadi, siyasi və s.) müxtəlif etnoslar tərəfindən müxtəlif cür dərk edilir. Və bu dərk edilmədən asılı olaraq qeyd olunan dəyişikliklərə uyğunlaşma prosesi baş verir. Bu uyğunlaşmanın qanunauyğunluqları nədən ibarətdir? Qeyd olunan müxtəliflik nədən ibarətdir, azərbaycanlılar tərəfindən dünyanın çoxçeşidli etnik, mədəni mənzərəsini qavramasında xüsusiyyətlər nədən ibarətdir kimi suallara cavabların axtarışları yəqin ki, Azərbaycan etnoqraflarının prioritet vəzifələrindən olmalıdır.
Etnoqrafiya qarşısında duran mühüm suallardan biri də insanların təsəvvürlərində onları əhatə edən mühitin mənasını müəyyənləşdirməkdir. Hər bir etnos onu əhatə edən təbiət obyektlərinə, əşyalara müxtəlif mənalar verir. Bəzən eyni əşyalar ayrı-ayrı etnoslar üçün müxtəlif məna daşıyır. Bu oxşarlıqların və fərqlərin nədən ibarət olmasının müəyyənləşdirilməsi ümumiyyətlə etnosun xüsusiyyətlərinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, sürətlə dəyişən, qloballaşan dünyada bizi əhatə edən hər bir əşyanın mənası dəyişir, bu dəyişmələr etnoslararası münasibətlərə necə təsir edir və onların hansı istiqamətdə yönəlməsini şərtləndirir? Aydındır ki, qeyd olunan suala cavab axtarışı etnoqrafların qarşısında duran vəzifələrdəndir.
Müasir etnoqrafiyada maraqlı və aktual suallardan biri də etnik ənənələrlə bağlıdır. Etnik ənənələrin çərcivələri qloballaşan dünyada nə dərəcədə çevikdir? Etnos üzvlərinin şüurunda hər bir şəraitdə dəyişməz qalanlar nədir, nədən imtina olunur, və nələr dəyişikliyə məruz qalır? Etnik mədəniyyətdə belə elementlər var ki, onlar bütün etnik mədəniyyəti, xüsusilə intensiv ictimai proseslər şəraitində, möhkəmliyini təmin edir və s. Yuxarıda təqdim olunan suallar müasir etnoqrafiyanın qarşısında duran sualların yalnız bir qismidir. Qeyd etmək lazımdır ki, bu sualların sayı gündən-günə artır. Belə olan vəziyyətdə etnoqrafiyanın predmetinin dəqiqləşdirilməsinin aktuallığı daha da artır.
XIX əsrdən formalaşıb inkişaf edən etnoqrafiya xalqın həyat fəaliyyətində tarixən formalaşan xüsusiyyətlərini tədqiq edir. Elmi ənənəyə uyğun olaraq etnoqrafiya xalqların etnogenezini, məskunlaşmasını, maddi mədəniyyətini, mərasim, adət, inamlarını, qohumluq sistemlərini, sosial və siyasi quruluşunu, davranış qaydalarını, tərbiyə sistemlərini, mədəni cizgilərinin dinamikasını, psixoloji xüsusiyyətlərini, ətraf mühitə uyğunlaşma sistemlərini, dəyərlərini, başqa xalqlarla ünsiyyətin xüsusiyyətlərini, iqtisadi davranışlarını, ənənələrinin formalaşmasını və inkişafını, demoqrafiyasını və b. məsələləri tədqiq edir.

Cavid