“Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi dünya birliyinə bir siyasi mesajdır” Layihə

“Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi dünya birliyinə bir siyasi mesajdır”

Zahiddin Abbasov: "Bununla Azərbaycan dünyaya dialoq və inkişaf təklif edir"

II yazı

"Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi dünya birliyinə bir siyasi mesajdır, sülhə, əmin-amanlığa, ədalətə çağırışdır. Bununla Azərbaycan dünyaya dialoq və inkişaf təklif edir. Eyni zamanda Azərbaycan islamafobiyanın və digər təhlükəli amillərin süni surətdə yayılmasına xidmət edən bir çox dini və siyasi xadimləri bəşəriyyəti fəlakətə sürükləyən əməllərindən əl çəkib, öz səylərini dinlər və millətlər arasında tolerant münasibətlərin yaradılmasına, multikultural dəyərlərin qorunmasına və inkişafına yönəltməyi təklif edir". Bu fikirləri Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələr və xalqlar arasında dostluq daimi komissiyasının sədri, istefada olan ədliyyə polkovnik-leytenantı Zahiddin Abbasov səsələndirib. O deyib ki, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsinin tarixi kökləri var: "Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşməklə müxtəlif millətlər və dinlər arasında aparıcı rol oynamışdır ki, nəticədə ölkədə mövcud olan dözümlülük, dostluq və həmrəylik yaranıb. Odur ki, Azərbaycanda hər bir etnos digər etnosların mədəni hüquqlarını tanıyır və bu hüquqlara hörmətlə yanaşır. Bütün bunlar da ona səbəb olmuşdur ki, əsrlər boyu ölkəmizin tarixində dini və yaxud etnik zəmində qarşıdurma baş verməmişdir. Bundan belə bir nəticə çıxara bilərik ki, Azərbaycanda multikulturalizmin tarixi burada yaşayan millətlərin, etnik qrupların yaşı qədərdir.
Azərbaycanda millətindən, dinindən, məzhəbindən asılı olmayaraq hər kəs digər din və mədəniyyətlərə də öz etiqad və ənənələrinə yanaşdığı kimi yanaşdığından cəmiyyətimizin mühiti, ab-havası günü-gündən daha da sağlamlaşır, ölkəmiz sabitlik adasına çevrilir.
Məlum olduğu kimi, Azərbaycan dünyada iqtisadi cəhətdən çox sürətlə inkişaf edən bir ölkədir. Bir neçə il bundan öncə dünyanın məşhur iqtisadçıları buna çox təəccüblənirdilər. Axı necə olur ki, müharibə vəziyyətində olan kiçik bir ölkədə bu cür inkişaf baş verir? Nəhayət, bu qərara gəlirlər ki, bu iqtisadi inkişafın əsas səbəbi ölkədə olan sabitlikdir, dini konfessiyalar, etnik qruplar arasındakı mehribançılıq və isti münasibətlərdi, həm də milli əxlaq, milli tərbiyədir. Cəmiyyətimizdəki bu sabitlik ölkəmizdə günü-gündən möhkəmlənən multikultural dəyərlərdən, tolerantlıqdan doğan sabitlikdir. Bu sabitliyi heç bir qüvvə poza bilməz".
O əlavə edib ki, cəmiyyətimizin yaşam tərzindən az-çox məlumatı olan xarici mətbuat da bu barədə tez-tez yazılar verir: "2015-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, ABŞ-ın Simon Vizyental Mərkəzinin aparıcı mütəxəssisi Annet Blüm "The Huffington Post" qəzetində dərc etdirdiyi "Bakı–dialoqun və sülhün unikal vəhdəti" adlı məqaləsində yazır ki, "Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən bu ölkədə (Azərbaycanda) qəti şəkildə kök salmış dəyərlər sayəsində ətraf ölkələrdən gələn təhlükələr üçün özünə yer tapmaq və inkişaf etmək şansı yoxdur". Müəllif daha sonra yazır: "Azərbaycan bütün dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir ölkədir". Burada elə bu yazıdan irəli gələn bir faktı oxucunun nəzər-diqqətinə çatdırmaq istəyirəm: Zaqatalanın Fındıqlı kəndində əsrlər boyu bir ailə kimi altı etnik qrup yaşayır. Burada yaşayan avarların, rusların, azərbaycanlıların, saxurların, ingiloyların və türklərin yaşam tərzi mehriban bir ailənin yaşam tərzinə bənzəyir. Odur ki, əsrlər boyu birgə yaşadıqlarına baxmayaraq, bu etnik qruplar arasında bir dəfə də olsun qarşıdurma olmayıbdır. Bu bir daha ondan xəbər verir ki, Azərbaycan lap qədimdən müxtəlif etnosların və dini icmaların dinc yanaşı yaşamalarının unikal nümunəsinə çevrilmişdir. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə dünyanın görkəmli din xadimləri, siyasətçiləri, ictimai xadimləri tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Məsələn, Almaniyanın respublikamızda olan keçmiş səfiri Klaus Qrevlik hələ əsrin əvvəlində, 2004-cü ilin 22 iyununda Bakıda keçirilən tolerantlığa dair seminarda demişdir: "Yaratdığı dövlət-din münasibətləri modelini Azərbaycanın artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir". 2008-ci ilin mart ayında Bakıda rəsmi səfərdə olan Vatikanın dövlət katibi Kardinal Qarqizio isə ölkəmizdəki mövcud tolerantlığa belə bir qiymət vermişdir: "Azərbaycanda tolerantlıq onun xalqının nailiyyətidir. Mən Azərbaycanda qardaşlıq münasibəti gördüm və başa düşdüm ki, bu, burda yaşayan xalqın ənənəsidir".
30.04.2014-cü il tarixdə "ABŞ-Azərbaycan: gələcəyə baxış" adlı forumda Missisipi ştatının keçmiş qubernatoru Xeyli Barbur isə ölkəmizi belə qiymət-ləndirmişdir: "Azərbaycan Allahın Avropaya verdiyi hədiyyədir".
2014-cü ilin mayında Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman da jurnalistlərlə görüşündə Azərbaycanda olan tolerantlığı tərifləyərək demişdir: "Azərbaycan tolerantlığın unikal nümunəsidir... Yəhudilər min illərdir ki, Azərbaycanda yaşayırlar və həmişə özlərini buradakı cəmiyyətin tamhüquqlu üzvü kimi hiss edirlər".
Dövlət başçımız multikulturalizmin beynəlxalq arenada təsdiqinə və təbliğinə hələ 2008-ci ildə start verib. Onun təşəbbüsü ilə 2008-ci ildə Bakıda keçirilən Avropa İttifaqına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirləri, 2009-cu ildə yenə Bakıda baş tutan İƏT-ə daxil olan ölkələrin mədəniyyət nazirlərinin toplantısına Aİ ölkələrinin mədəniyyət nazirləri dəvət olundular". O deyib ki, Prezidentin dünya siyasətçiləri tərəfindən "Bakı prosesi" adlandırılan bu təşəbbüsü sonralar bir çox irimiqyaslı Beynəlxalq forumların, mədəniyyətlərarası dialoqların Bakıda keçirilməsinə təkan Verdi: "2011, 2013 və 2015-ci illərdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2013-cü ildə yenə Bakıda təşkil olunan müsəlman ölkələrinin Dini Liderlərinin Zirvə toplantısı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2014-cü ildə Moskvada təşkil olunan "Azərbaycan-tolerantlığın məkanıdır" fotosərgisi, 2015-ci ildə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə baş tutan "Dini tolerantlıq: Azərbaycanda birgə yaşayış mədəniyyəti" mövzusunda keçirilən konfrans, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu il martın 10-11-də Bakıda dünyanın 50-dən çox keçmiş və fəaliyyətdə olan dövlət və hökumət başçılarının iştirakı ilə baş tutmuş 4-cü Bakı Qlobal Forumu və digər bu kimi tədbirlər multikultural dəyərlərin dünya miqyasında təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Multikulturalizm dəyərlərinin təbliği və təşviqi sahəsində 15 may 2014-cü il tarixli sərəncamı ilə Respublika Prezidenti İlham Əliyevin yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı işi isə xüsusi qeyd etmək lazımdır. Bu mərkəz tərəfindən ölkəmizdə və xaricdə multikulturalizm artıq bir fənn kimi tədris edilir. Keçən ilin yayında və bu ilin fevralında Bakıda Multikulturalizmin Yay və Qış məktəbləri təşkil olundu. Təkcə Qış məktəbində 16 ölkədən (İsveç, Almaniya, Rusiya, Yaponiya, Türkiyə və s.) 55 tələbə gənc iştirak etmiş və xalqımızın multikultural dəyərləri ilə yaxından tanış olublar.
Yarandığı gündən iki ildən az bir vaxt keçməsinə baxmayaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın mədəniyyət mərkəzlərini də fəaliyyət meydanına çevirməyə başlayıb. Artıq Avropanın bəzi mədəniyyət mərkəzlərində BBMM-in nümayəndəlikləri ilk addımlarını atmaqdadırlar. Məsələn, Almaniyanın Drezden şəhərindəki nümayəndəlik bu ilin mayında dini tolerantlıqla əlaqədar böyük bir konfrans keçirəcəkdir. Bu konfransda Azərbaycan cəmiyyətinin birgə yaşayış modeli şiələrlə sünnilərin birliyi çərçivəsində nümayiş etdiriləcək, bu iki məzhəb nümayəndələrinin necə bir yerdə ibadət etmələrindən danışılacaq.
Multikulturalizmin Azərbaycan modeli respublikamızda olduğu kimi, bir çox ölkələrdə də bu ildən artıq tədris olunmağa başlayır. Məsələn, "Azərbaycan multikulturalizmi" Almaniyanın Auqsburq şəhərində qədim universitetlərin birində, İndoneziyanın "Qacax Mada" universitetində, Tbilisidə İvan Cavaxaşvili Dövlət Universitetində, Latviya Pedaqoji Universitetində, Yeltsin adına Ural Universitetində, Praqanın (Çexiya) Karlovski Universitetində və Sofiyanın (Bolqarıstan) Klement-Oxridski adına Universitetində və digər xarici ali təhsil ocaqlarında bir fənn kimi tədris edilir. Ümumiyyətlə xarici ölkələrin 13 ali təhsil ocağında "Azərbaycan Multikulturalizmi" kursu daim tələb olunan bir fənnə çevrilmişdir. Bu tədris ocaqlarına tədris proseslərinin təşkilində (tədris-metodiki vəsaitlərlə, tədris proqramları və s. ilə) BBMM yaxından köməklik göstərir. Ölkəmizdə bu sahədə aparılan ardıcıl fəaliyyətin nəticəsidir ki, Azərbaycanın multikultural dəyərləri, tolerant ənənələri beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir. ABŞ-ın Oreqon ştatı Senatının və Nümayəndələr Palatasının bu yaxınlarda-fevralın 24-də Azərbaycanın tolerantlıq modelini təqdir edən bir bəyanat vermələri bunun bariz nümunəsidir. Bu bəyanatda bildirilir ki, ABŞ Azərbaycanın tolerantlıq modelinin bütün dünyada təbliğinə çalışmalıdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə il bundan öncə başlanğıcı qoyulmuş və dövlət siyasətinin prioriteti səviyyəsinə yüksəlmiş multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər Bakını artıq Beynəlxalq Platformaya, ölkəmizi isə mədəniyyətlərarası dialoq ölkəsi statusuna çevirmişdir. BMT kimi nüfuzlu bir təşkilatın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Formunun bu il aprelin 25-27-də Bakıda keçirilməsinin qərara alınması isə ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Müxtəlif ölkələri təmsil edəcək 3000-dən artıq rəsmi şəxsin iştirakı gözlənilən bu Forum dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması sahəsində ən mötəbər və ən möhtəşəm Forum olacaqdır. Bu Forumda dünyanı narahat edən, demək olar ki, bütün məsələlər müzakirə olunacaq və bu barədə "Bakı Deklarasiyası" qəbul ediləcəkdir.
Dünyanın gələcəyi baxımından Azərbaycanın multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin təbliği və təşviqi ilə əlaqədar bu günə qədər görülən və gələcəkdə görüləcək işlərin əhəmiyyəti çox böyükdür. Çünki bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində dünya ictimaiyyəti Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olur, xalqımızın həqiqətən tolerant, sülhsevər və işgüzar bir xalq olduğuna digər xalqlarda inam və əminlik yaranır. Ölkə başçımızın Gəncədə "İmamzadə" dini kompleksində yaradılan şəraitlə tanış olarkən söylədiyi kimi "Bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə ölkəmizin uğurlu inkişafı təmin edilsin. Dünya miqyasında Azərbaycanın rolu və bizə olan hörmət, inam, rəğbət daha da artsın".

Əıi