Millətlərarası münasibətlərin KİV-də işıqlandırılması Layihə

Millətlərarası münasibətlərin KİV-də işıqlandırılması

I yazı

Bu yazıda millətlərarası münasibətlərin kəskinləşməsi şəraitində (Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr dövründə) mərkəzi və regional KİV-in fəaliyyəti haqqında danışılır. Araşdırmaçı İlham Mazanlı bildirir ki, XX əsrin sonlarında Sovetlər İttifaqında millətlərarası münasibətlər sahəsində yaranmış o qədər də ürəkaçan olmayan vəziyyət Kommunist Partiyası tərəfindən tənqidi baxımdan təhlil edilərək, bu sahədə ziddiyyətlərin aradan qaldırılması, situasiyanın sağlamlaşdırılması üçün geniş fəaliyyət proqramı hazırlanmışdı. Ölkədə müttəfiq respublikaların hüquqlarının artırılması, milli siyasətdə yol verilmiş ciddi nöqsanların, bəzi xalqlara münasibətdə haqsızlıqların aradan qaldırılması istiqamətində kurs götürülmüşdü: "Kommunist Partiyası və hökumət mövcud çoxmillətli dövlətin bərabərhüquqluluq əsasında Sovet Respublikaları İttifaqına çevrilməsi çağırışları ilə çıxış edirdi. Partiya müttəfiq respublikaların suverenliyinin qəbul edilməsini millətlərarası münasibətlər sisteminin təkmilləşməsinə imkan verən prinsip kimi qiymətləndirirdi. Lakin partiya və hökumət tərəfindən milli məsələlərlə bağlı irəli sürülən vəzifələrin yerinə yetirilməsi ciddi çətinliklərlə üzləşirdi. Partiya bunu yerli orqanların (müttəfiq KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi respublikaların aidiyyəti təşkilatlarının) qətiyyətsizliyi, bu kimi situasiyalara hazır olmamaları ilə izah edirdi. Bizcə, bu fikirlə razılaşmamaq olar. Düşünürük ki, başlıca səbəb yerli orqanların mərkəzi hakimiyyətə inamının olmaması ilə bağlı idi. Kommunist Partiyası həmişə öz uğursuzluqlarına görə sadəcə yerli orqanları tənbeh edir, onları partiyanın "rəhbər göstərişləri"ni yerinə yetirməməkdə günahlandırırdı. Ayrı-ayrı xalqlara qarşı isə (o cümlədən, Azərbaycan xalqına) ciddi cəza tədbirləri həyata keçirilirdi. Sov.İKP-nin XXVIII qurultayı bəyan edirdi ki, "...milli məsələ və millətlərarası münasibətlər bəzi hallarda kəskin forma alıb. Etnik zəmində qanlı toqquşmalar baş verib, çox sayda insan bu toqquşmaların qurbanı olub. Qaçqınlar meydana gəlib, minlərlə insan öz daimi yaşayış yerini dəyişib, dərbədər düşüb və ağır məşəqqətlər içindədir". (1991-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə 600 mindən çox qaçqın var idi). On milyonlarla insan özünün milli dövlət qurumlarının sərhədlərindən kənarda yaşayırdı, digər milyonlarla insan isə minlərlə başqaları ilə qırılmaz insani tellərlə bağlı idi. Bu sayda insan kütləsini yerindən tərpətmək, bu əlaqələri qırmaq təkcə ölkənin həyatı üçün deyil, bütün dünya üçün kataklizm demək idi. Bir şeyi xatırlatmaq yerinə düşər ki, 1990-1991-ci illərdə Şərqi Avropada sosializm düşərgəsinin dağılması ilə başlamış proseslər nəticəsində əmələ gəlmiş humanitar hüquqi və sosial problemlər (məsələn, Kosovo düyünü) hələ də tam həll olunmayıb. Çoxmillətli dövlət olan SSRİ-də də o dövrdə sülhün və əmin-amanlığın bərpası üçün tədbirlər çox ləng aparılırdı və yaxud da ümumiyyətlə, bu sahədə heç bir iş görülmürdü, milli zəmində toqquşmaların masştabı isə getdikcə artmaqda idi. Bu cür vəziyyət cəmiyyətdə gedən yeniləşmə prosesinə passiv münasibəti artırır, insanların əhval-ruhiyyəsinə pis təsir göstərir, onlarda dövlətə inamsızlıq hissini gücləndirirdi. Müttəfiq respublikalar özlərinin bərbad vəziyyətdə olan iqtisadi-sosial, humanitar problemlərini təkbaşına həll etməyə çalışırdılar. Yuxarıların amorf vəziyyətindən yararlanıb özlərinin milli eqoist istəklərinə nail olmağa çalışan xalqlar da var idi. Əks siyasi sistemin politoloq və sovetoloqları SSRİ-də zaman-zaman özünü qabarıq şəkildə büruzə verən milli məsələləri və millətlərarası münasibətlərdəki ziddiyyətləri daim diqqət mərkəzində saxlayırdılar. Sovet mütəxəssisləri əvvəllər onların əsərlərini açıq düşmənçilik xarakteri daşıyan, Sov.İKP-nin milli siyasətinin mahiyyətini təhrif edən, ölkədə gedən demoqrafik proseslərin məğzini yanlış izah edən və tarixi saxtalaşdıran sənədlər adlandırırdılar. Sovet mətbuatı buna müvafiq əks təbliğatla cavab verməyə çalışsa da, bu publikasiyaların ölkədə stabilliyi pozmaq, onu milli ədavət zəminində parçalamaq qabiliyyətini tam qiymətləndirə bilmirdi".
Qərb sovetoloqlarının cərgəsində ən parlaq sima, ABŞ prezidentinin (1977-1981-ci illər) milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski hələ 1960-cı illərin əvvəllərində belə bir tezis irəli sürmüşdü ki, SSRİ-ni Amerika Birləşmiş Ştatlarının potensial düşməni kimi iqtisadi cəhətdən zəiflətməklə yanaşı, həm də çoxmillətli dövlət kimi burada yaşayan xalqların milli hisslərinə təsir göstərməklə dağıtmaq mümkündür.
Bundan təxminən iyirmi il sonra yenə də elə həmin Z.Bjezinski yazırdı: "Sovet İttifaqında siyasi nizam velikorus xalqının dominantlığına əsaslanır və əsas etibarilə zorla qeyri-rus xalqlarının boynuna qoyulmuş sosial razılıqdan və siyasi tabeçilikdən qaynaqlanır. Bu səbəbdən də əgər Moskvanın idarə etmək imkanı zəifləyərsə, Sovet İttifaqının siyasi xarakteri və hətta ərazi bütövlüyü də sual altında qala bilər. Bu daha vacibdir, ona görə ki, Sovet İttifaqında doqmatik rejimin siyasi tələbləri ilə sistemin iqtisadi ehtiyacları arasındakı ziddiyyətlərin güclənməsindən asılı olaraq, daxili gərginlik də artır... Sovet İttifaqı mövcud siyasi sisteminin totalitar xarakterini qismən də olsa zəiflətmədən, öz cəmiyyətini real olaraq müasirləşdirə bilərmi? - Yəqin ki, növbəti 20 il ərzində sovet gerçəkliyinin əsas sualı bu olacaq".
Bu qənaəti aydınlaşdıran araşdırmaçı bildirir, Z.Bjezinski bu müddət üçün Sovet İttifaqını silahsız parçalamaq məqsədi ilə Birləşmiş Ştatların bu ölkədə milli münasibətlərin kəskinləşdirilməsi üzrə fəaliyyət proqramını irəli sürür: "O, həmin illərdə radionun geniş imkanlarını nəzərə alaraq, əsasən bu, eyni zamanda, digər kütləvi informasiya vasitələrindən istifadə etməklə, sovet müsəlmanlarında dəqiq siyasi özünüdərk hissinin formalaşdırılmasının vacib olduğunu vurğulayır və göstərir ki, yalnız bu yolla islam millətlərinin sovetcəsinə "əridilməsinin" qarşısını almaq, həmçinin qeyri-rus millətlərdə öz müstəqillikləri uğrunda mübarizədə inadkarlıq əzmininin gücləndirilməsi ilə SSRİ-də evolyusion dəyişikliklərə nail olmaq mümkündür. Biz bu planın ardıcıl olaraq yerinə yetirilməsinin və son nəticədə SSRİ-nin, ümumiyyətlə isə, sosializm düşərgəsinin süqutunun artıq şahidi olmuşuq. Lakin çoxsaylı etnik tərkibə malik və dünya siyasətində strateji geosiyasi bir regionda yerləşməyimiz və yaşamağımız gələcəkdə bu cür situasiyalarda resbuklikamızın və burada yaşayan millətlərin ümumi maraqlarının qorunması naminə KİV-in fəaliyyətinin məqsədyönlü tərzdə tənzimlənməsi və milli münasibətlər sahəsində baş verən proseslərin kütləvi informasiya vasitələrində işıqlandırılması praktikasının kompleks şəkildə araşdırılmasının və elmi təhlilinin xüsusilə vacib olduğu qənaətindəyik. Tədqiqat üçün seçdiyimiz dövrdə həm sahə elmi, həm də jurnalistika mütəxəssisləri belə hesab edirdilər ki, kütləvi informasiya vasitələri ".... milli inkişaf və milli münasibətlər məsələləri üzrə daimi fəaliyyət göstərən diskussiya klubu, millətlərin açıq və könüllü birliyinin konkret formalarının axtarışının təsəbbüskarı, çoxmillətli cəmiyyətin bütün qüvvələrinin birləşməsi və onun siyasi, təsərrüfat və mənəvi həyatına yeni ideya və yeni təcrübə ilə təsir vasitəsi olmalıdır."
Onlar mətbuatın başlıca vəzifələrini bunda görür, KİV-i millətlərarası ünsiyyətin təsirli vasitəsi kimi nəzərdən keçirirdilər. Bu vəzifələr ilk növbədə – baş verən proseslərin dialektikasının real əks etdirilməsi, situasiyaların müxtəlifliyinin və mürəkkəbliyinin, cəmiyyətdə baş verən bir çox təzahülərin ziddiyyətliliyinin açılıb göstərilməsindən ibarət idi. Kütləvi informasiya vasitələri ölkədə xalqlar arasındakı yeni münasbətlərin elementlərinin praktikada necə möhkəmlənməsi (müttəfiq respublikalar arasında birbaşa müqavilələrin bağlanması), insanların təfəkküründə hansı dəyişikliklərin baş verməsi və s. məsələlərə xüsusi yer ayırmalı idilər.
Həqiqətən də kütləvi informasiya vasitələrinin çoxmillətli əhali ilə qarşılıqlı təsir vasitəsi kimi, yəni geniş oxucu və tamaşaçı auditoriyasına malik sosial-siyasi institut kimi potensial imkanları çox böyükdür. Məsələn, tədqiq olunan dövrdə yalnız Azərbaycanda 5,6 milyon tirajla 150 dən çox respublika, şəhər, rayon və sahə qəzetləri, illik tirajı 33 milyon nüsxə olan jurnal və jurnal tipli nəşrlər çap olunurdu. Radio və televiziyanın gündəlik yayım həcmi 50 saatdan çox idi. Bunlardan əlavə respublikada müxtəlif komitə, cəmiyyət və təşkilatların orqanı olan 52 yeni qəzet və 8 jurnal (onların çoxu alternativ idilər) nəşr olunurdu. Respublikada yalnız abunə ilə yayılan mərkəzi qəzet və jurnalların birdəfəlik tirajı 1,5 milyon nüsxədən artıq idi. Statistik rəqəmlərdən də göründüyü kimi, o dövrdə respublikada ictimai şüura böyük "mətbu təsir" imkanları mövcud idi. Bu imkanlar kütləvi informasiya vasitələri tərəfindən necə istifadə olunurdu? Kütləvi informasiya vasitələri millətlərarası həyatın problemsizliyini, insanların beynəlmiləlçilik, başqa xalqlara hörmət ruhunda tərbiyə edilməsini təmin etmək məqsədi ilə KİV-dən nə dərəcədə səmərəli istifadə edə bilirdi? Respublika qəzetlərinin ("Kommunist", "Бакинский рабочий", "Azərbaycan gəncləri" və "Молодежь Азербайджана") 1986-1991-cı illərdə çap olunmuş nömrələrinin kontent-analizi millətlərarası münasibətlər sahəsində gedən proseslərin, tərəflər arasında mətbuat səhifələrində aparılan "müharibələrin" təhlili üçün xeyli empirik material verir. Kütləvi informasiya vasitələri millətlərarası münasibətlər sahəsində gedən prosesləri kifayət qədər adekvat işıqlandıra bilirdimi? – sualına dəlillərlə cavab vermək, mətbuatın fəaliyyətini təfərrüatı ilə nəzərdən keçirmək məqsədi ilə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri aşağıdakı dövrlərə bölməyi məqsədəmüvafiq hesab edirik:
1. Yanvar 1986-cı il – yanvar 1988-ci il (Dağlıq Qarabağdakı hadisələrə qədərki dövr);
2. Yanvar 1988-ci il (hadisələrin başlanğıcı) – iyul 1988-ci il (hadisələr dövü);
3. İyul 1988-ci il (SSRİ Ali Soveti Rəyasət Heyətinin Qərarı) – 1991-ci il (hadisələrin tədricən qaynar məcraya keçdiyi dövr).

Uğur