“Türkiyə Azərbaycanın yeganə strateji müttəfiqidir” Layihə

“Türkiyə Azərbaycanın yeganə strateji müttəfiqidir”

Azər Rəşidoğlu: "Birgə hərbi təlimləri gələcəkdə Türkiyə-Azərbaycan hərbi ittifaqının yaranması ilə başa çata bilər"

Elxan Şahinoğlu: "Türkiyə-Azərbaycan hərbi ittifaqı güclənməlidir"

Məhəmməd Əsədullazadə: "Türkiyə və Azərbaycanın birgə hərəkəti bu mürəkkəb vəziyyəti müsbətə doğru dəyişə bilər"

Azərbaycan orusu aprel təlimlərindən sonra mayın 1-dən 5-dək Türkiyə Silahlı Qüvvələri ilə birgə təlim keçirəcək. Ekspertlər hesab edirlər ki, bu sadəcə hərbi təlim deyil, eyni zamanda siyasi mesaj xarakteri daşıyır.
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, Türkiyə Azərbaycanın yeganə strateji müttəfiqidir: "Bu baxımdan, Türkiyə ilə birgə hərbi təlimlər bir neçə səbəbdən Azərbaycan üçün vacibdir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi güclənməsi zamanın tələbidir. Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarına yiyənlənir. Onu da unutmayaq ki, Rusiya hərbi baxımdan Ermənistanı müdafiə edirsə, Türkiyə də Azərbaycanı müdafiə etdiyini məhz təlimlər vasitəsilə sübuta yetirir. Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab olan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri gələcəkdə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqının yaranması ilə başa çata bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Türkiyə ilə birgə hərbi təlimlər bir neçə səbəbdən Azərbaycan üçün vacibdir: "Öncə bu təlimlər vasitəsilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi güclənir. Həmçinin Türkiyə NATO ölkəsidir və Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarına yiyənlənir. Eyni zamanda, Türkiyə ordusu terrorçu PKK ilə mübarizədə böyük təcrübəyə malikdir və döyüşlərin əsas hissəsi dağlarda baş verir. Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan rayonları da dağlıq bölgələrdə yerləşir. Bu baxımdan Türkiyə ordusunun dağ döyüş təcrübəsini öyrənmək Azərbaycan ordusu üçün mühüm əhəmiyyət kəsb edir".
Politoloq bildirib ki, Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər vasitəsilə Ermənistana və Rusiyaya mesaj yollayır: "Mesajın əhəmiyyəti budur ki, əgər Rusiya hərbi baxımdan Ermənistanı müdafiə edirsə, Türkiyə də Azərbaycanı müdafiə edir. Bölgədə Rusiya-Ermənistan birgə hərbi təlimləri keçirildiyi kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də keçiriləcək. Ötən il aprel ayında 4 günlük müharibədən sonra Türkiyənin Konya şəhərində Azərbaycanla birgə hərbi təyyarələrin hərbi təlimi keçirilib. Buna baxmayaraq, hələ ki, Rusiya-Ermənistan hərbi ittifaqının statusu Türkiyə-Azərbaycan hərbi ittifaqının statusundan yüksəkdir. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və İrəvanla hərbi müttəfiqlik haqqında sazişi mövcuddur. Azərbaycan milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməyib. Ancaq sənəddəki həmin müddəanı dəyişmək də olar. Türkiyənin ən azı Naxçıvanda hərbi bazası olmalıdır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlarla müharibə başlayarsa Naxçıvana Ermənistan iqtiqamətindən təhlükə yarana bilər. Həmin təhlükədən qorunmaq üçün Türkiyənin Naxçıvanda hərbi bazası olmalıdır".
Elxan Şahinoğlu vurğulayıb ki, Rusiya və Türkiyənin Cənubi Qafqaz mövzusundakı dialoqu genişləndirilmədikcə, Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqı güclənməlidir: "Ankara ilə Moskva arasındakı dialoq getdikdə genişlənir. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı mayın 3-də Soçiyə səfərə dəvət edib. Böyük ehtimalla görüşdə prezidentlər əsasən Suriyanı müzakirə edəcəklər. Ancaq iki böyük dövlətin liderlərinin görüşlərində Dağlıq Qarabağ mövzusu da ön plana çıxmalıdır. Moskva-Ankara tandemi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Onsuz da münaqişənin həllində ABŞ və Avropa Birliyi dövlətlərinin rolu minimumdur. Rusiya və Türkiyənin Cənubi Qafqazda xüsusi maraqları var. Əgər bu maraqlar çərçivəsində münaqişənin həllində irəriləyiş əldə olunarsa, bu hər dörd dövlətin – Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın xeyrinə olacaq. Ancaq hələ ki, Moskva bu mövzuda dialoqu genişləndirməyə hazır deyil. Bu dialoq olmadıqca da Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqı güclənməlidir".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Türkiyə Azərbaycanla strateji müttəfiqdir. Hər iki ölkənin bu kimi hərbi təlimlərinin keçirməsi, ikitərəfli müqavilərlə tənzimlənir: "Həmçinin Türkiyənin NATO standartlarına cavab verən ordusu ilə Azərbaycan ordusunun birgə təlimi ordumuzun döyüş və müdafiə qabiliyyətinin yüksəlməsinə səbəb olur. Hazırda rəsmi Ankara Cənubi Qafqaz siyasətində aktiv rol oynamaqdadır. Rusiyanın Ermənistanla birgə hərbi təlimləri, regionda Rusiyanın təsirini güclənməsinin qarşısın alan Türkiyənin Azərbaycanla bu kimi hərbi təlimlər keçirməsi, həmçinin Cənubi Qafqazda regional siyasətini qorumağının bir hissəsidir. Bu ölkənin Qafqazda Azərbaycanın yanında olduğuna bir isbatıdır. Bunun geosiyasi və geostrateji əhəmiyyətli bir təlim olduğu şübhəsizdir. Bu təlimlər iki ölkənin Rusiya və Ermənistan təlimlərinə qarşı bir mesajıdır. Çünki, Rusiyanın Ermənistanda təlimləri birbaşa Azərbaycana yönəlib". Onun sözlərinə görə, hər bir hərbi təlim özündə siyasi mesajlarıda ehtiva edir: "Nəzərə alsaq ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir, Ermənistan son aylarda Rusiyadan müəyyən qədər aldığı silah partiyalarına görə, həmçinin Moskvanın dəstəyi ilə danışıqlar prosesindən çəkillib. Bu təlimləri keçirməklə, Rusiyaya da mesaj verilir ki, Ermənistanı dəstəklədiyin kimi, Türkiyə də Azərbaycanın yanındadı. Yaxın Şərqdə və Şərqi Avropada geosiyasi mübarizə uğrunda müharibə gedir. Bunun Cənubi Qafqazda baş verməsini önləmək üçün Türkiyə-Azərbaycan müttəfiqliyi və birgə hərbi iştirakı mütləqdi. Demək olar ki, Ermənistanın iştirakı ilə danışıqlar prosesi aparılmır. Rəsmi İrəvan bu və ya digər qeyri-konstruktiv səbəblərə görə danışıqlardan yayınmaqdadır. Təbii ki, danışıqların dayanması, regionda yeni müharibənin başlanmasını labüd edir. Azərbaycanda daima hərbi təlimlər keçirməklə öz torpaqlarının işğaldan azad etməsi üçün hazırlıq prosesi keçir. Qeyd edim ki, Moskvada gözlənilən danışıqlar baş tutmasa, iyul və avqust aylarında proseslərdə ciddi dönüş ola bilər . Azərbaycan yalnız güc tətbiqi yolu ilə Ermənistanı substantiv danışıqlar masaına gətirməlidir. Azərbaycan Türkiyə ilə bərabər Pakistanla da hərbi müttəfiqlik əlaqələrini inkişaf etdirir. Pakistan Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında yaxından iştirak etməkdədir. Qarabağda istənilən an müharibənin başlaması, Pakistanın birmənalı dəstəyi ilə qarşılaşacağıq. Bu ölkə Azərbaycana hərbi təyyarələrin və ballistik orta mənzilli raketlərin verilməsində maraqlıdır. Azərbaycanla Türkiyə və Pakistan arasında üçtərəfli müttəfiqlik mümkündür. Bunun gerçəkləşməsi regionda gedən geosiyasi proseslərdən aslıdır".
O əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum kompaniyasında Türkiyənin təhlükəsizliyinin Cənubi Qafqazdan başlandığını qeyd etmişdi: "Mayın 1-dən 5-nə kimi keçiriləcək təlimlər, Rusiyadan gələn hər hansı təhdidləridə önləməyə hesablanıb. Rusiya Xəzər dənizində hazırda hərbi təlimlərə keçirdir. Bir növ bu təlimlər, mübahisəli Xəzər hövzəsində Azərbaycana güc nümayişidir. Buna görə də bütün təhdidlərə qarşı iki ölkənin müttəfiqliyi müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, Rusiya bir daha bilməlidir ki, Türkiyə Azərbaycanın daima yanındadır. Regionda vəziyyət mürəkkəb olaraq, qalmaqdadır. İslam oyunları yaxınlaşdıqca, Ermənistanın cəbhə bölgəsində Azərbaycana qarşı təxribatları istisna deyil. Buna görə də Azərbaycan kompleks təhlükəsizlik tədbirlərini gücləndirməklə, bu təlimlərnən Ermənistana da mesaj vermiş olur. Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil. Türkiyə və Azərbaycanın birgə hərəkəti bu mürəkkəb vəziyyəti müsbətə doğru dəyişə bilər".

Əli