Qan və göz yaşları hesabına “böyük Ermənistan” yaratmaq cəhdi Layihə

Qan və göz yaşları hesabına “böyük Ermənistan” yaratmaq cəhdi

Bu yazıda ermənilərin cəfəng "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək yolunda xalqımızın başına gətirdiyi faciələr haqqında danışılır. Tanınmış tarixçi-alim Firdovsiyyə Əhmədovanın araşdırmasında bildirilir ki, kütləvi qırğınlarla, irimiqyaslı müharibələrlə hərb-savaş yükü üstün olan bəşər tarixində soyqırım hadisələrini müəyyənləşdirən meyarlar XX yüzillikdə hüquqi müstəvidə təsbit olundu. Anlayışların dürüst təyinatı cəhətindən XX yüzilliyin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilmiş mütəmadi qırğınlar mahiyyətinə görə məhz soyqırımı aktı olub. "Soyqırımı" kimi ağır ittihamın ünvanlandığı hadisələrlə müqayisədə azərbaycanlıların məruz qaldığı qətliamların davamlı bir prosesə çevrilməsi və insanlığı sarsıdacaq qədər qəddarlıq formaları ilə seçilməsidir. Azərbaycanlılara qarşı törədilmiş qırğınlar XX yüzilliyin əvvəllərində ermənilər üçün ən əlverişli məqsədə çatmaq üsulu idi. Çox geniş coğrafiyada torpaqlara birbaşa yiyələnmək niyyətinin əməli cəhdləri tarixi, hüquqi əsasa malik olmadığından yalnız fiziki müdaxilə ilə həyata keçirilirdi. Bu müstəvidə belə, güc mübarizəsinin məqbul qaydaları çərçivəsində deyil, tarixi fürsət düşdüyündə yırtıcı potensialı səfərbər etməklə qəfil, çevik, miqyaslı və amansız hərəkət tərzi nümayiş etdirirlər. Bu baxımdan yalnız XX yüzilliyin tarixini ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar xronikasını "qabarma-çəkilmə" dinamikasında izləmək olar.
Qabarma mərhələləri əlverişli beynəlxalq və regional şəraitdə özünü biruzə verib: "Təbii ki, dünyada, o cümlədən Rusiya imperiyası məkanında, xüsusən Qafqazda – Xəzər hövzəsində baş verən dəyişikliklər prosesində siyasi, iqtisadi, hərbi, milli amillərin çarpazlaşdığı mürəkkəb bir situasiyada şanslarını sınayan ermənilər qısa zamanda düşərgələrdə dayanmış dövlətlərin marağı təminatında niyyətlərini uzlaşdıraraq dəyişkən seçim edirdilər: ruslar, ingilislər, fransızlar, amerikanlar, hətta osmanlılarla əməkdaşlıqdan belə çəkinmirdilər. Təbəəsi olduğu Osmanlı dövlətinə qarşı vuruşan Rusiya dövlətinə xidmət göstərərək, Türkiyə daxilində ikinci cəbhə açmaq əvəzində Qafqaz ərazisində muxtar dövlətçiliyə nail olmaq böyük məqsədin tərkib hissəsi idi. Rusların qələbə çalacağı təqdirdə isə daha geniş layihəni həyata keçirmək yanğısı ilə illərlə səxavətini gördükləri millətə divan tuturdular. Rusiya mütləqiyyəti dövründə reallaşdıra bilmədikləri arzunu bolşevik hakimiyyətinin ilk aylarında rəsmiləşdirdilər: RSFSR Xalq Komissarları Sovetinin "Türkiyə Ermənistanı" haqqında dekreti meydana çıxdı. Sonralar sovet dövlətinin Türkiyə ilə münasibətlərində köklü dəyişikliklər prosesində bu iddia ilkin formasında tarixə gömüldü. Amma SSRİ-nin süqutu ilə başlanan yeni dünya düzənində növbəti "qabarma" mərhələsinə zəmin duyaraq kompleks fəaliyyət kursunu yönəltməyə səy etdilər. Bu mexanizmin mühüm elementi kimi "1915-ci il erməni soyqırımı"na beynəlxalq status qazandırmaq kampaniyasına rəvac verilir. Məqsədləri də etiraflarında dəfələrlə açıqlanıb: "Genosid layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik".
Beynəlxalq hüquqi normaların əsasən nəzərə alındığı cağdaş dünyanın siyasi xəritəsində ayrı-ayrı region erməni dövlətləri yaratmaq təşəbbüsü və səyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan torpaqlarını yenidən hədəf seçmişlər. Təbii ki, toplum halında uzun müddət məskunlaşdıqları Amerika və Avropa əraziləri ilə bağlı niyyətlərini də gizlətmirlər. Lakin XX yüzilliyin əvvəllərində dünya savaşının gedişatında xəyali "Böyük Ermənistan" yolunda insanları qılıncdan keçirir, atəşə tuturdular. Bu faciənin bir parçası da Cənubi Azərbaycanda yaşandı. 1918-ci ilin martında, novruz çərşənbəsində "Urmi bəlası" kimi yad olunan qətliamda 10 mindən çox azərbaycanlı qırıldı. Urmiya, Salmas, Xoy, Maku şəhərlərində, ətraf kəndlərdə dinc əhaliyə divan tutuldu. Andronikin 8 minlik yaraqlıları bu bölgənin əhalisini qırdıqdan sonra özləri ilə gətirdikləri minlərlə ermənini yerləşdirməklə ərazini də Azərbaycan torpaqlarında yaratdıqları erməni respublikasına birləşdirmək niyyətində idilər. Cənubi Azərbaycanın qərb bölgələrində 1917-1918-ci illərdə 190 minə qədər Azərbaycan türkü ermənilər tərəfindən qətlə yetirilmiş, şəhər və kəndlər viran qoyulmuşdur. İrəvan xanlığı ərazisində dövlət əldə etməyə nail olan ermənilər ilk növbədə qonşu ərazilərdə etnik təmizləməyə - soyqırımına başladılar. Dağlıq ərazidə yerləşən Zəngəzur qəzasında əhali çıxılmaz vəziyyətdə idi. Xarici aləmdən təcrid olunmuş Zəngəzurun müsəlman əhalisinə qarşı həm də erməni quldur dəstələri ilə yanaşı Ararat respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Andronikin ətrafında cəmləşdirilmiş yaraqlıların vəhşiliklərinin iştirakçısı olan A.Lalayanın etirafı mənzərəni bəlli edir: "Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri... maksimum "şücaət" göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan "azad olunur" və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabalıqlığa çevrilirdi". Azərbaycan Parlamentinə, hökumətinə göndərilmiş - 1920-ci ilin yanvar tarixli başsağlığı teleqramlarında Zəngəzurun aqibəti müəyyənləşmişdi..." Zəngəzurda 115 müsəlman kəndi dağıdılmış, həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 3000-ə kimi insan yaralanmışdı. Xüsusi işgəncə, iyrənc üsullarla törədilən qətliamın təfərrüatının səthi təsviri belə insan əsəblərini tarıma çəkir. Qafqaz ərazisində müstəqil dövlətlərin yaranmasından xeyli əvvəl, Cənubi Qafqaz dövlət idarəçiliyi dövründə ermənilərin qanlı əməlləri, daha ardıcıl tərzdə İrəvan quberniyasında törədilmişdi".
Zaqafqaziya Seyminin müsəlman fraksiyalarının birgə iclasını (1918,10 aprel) açan Seym üzvü M.H.Seyidov bildirirdi ki, İrəvan quberniyasında 2 ay əvvəl (1918-ci ilin fevralından) qırğınlar sistematik məzmunda başlayaraq, fasiləsiz davam edib, daha da kəskinləşib. Qırğınlarda məqsədin erməni hərbi hissələri tərəfindən ərazinin ermənilər üçün təmizlənməsi və erməni muxtariyyəti üçün kompakt vahidin yaradılması olduğu göstərilirdi. Bu məqsədlə 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi erməni yaraqlıları tərəfindən dağıdılmışdı. İrəvan quberniyasının 1916-cı ildəki 375 min nəfərlik azərbaycanlı əhalisinin sayı azalaraq, 1922-ci ildə 70 min nəfərə enmişdi. Naxçıvan bölgəsində isə 1919-1921-ci illərdə 100 mindən bir qədər artıq əhalinin 73727 nəfəri ermənilər tərəfindən öldürülmüşdü.
F.Əhmədova: "1918-ci ilin martında Bakı rayonu ilə kifayətlənməyən daşnak – bolşevik qüvvələri Azərbaycanın qəzaları üzrə yerli əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdi. Şamaxı qəzasının 120 azərbaycanlı kəndindən 86-sı ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, əhalisi qətlə yetirilmişdi. Qəzanın 53 kəndində ermənilər qısa müddətdə 8027 nəfər azərbaycanlını öldürmüşdü.. Şaumyan və Korqanovun təşkilatçılığı ilə daşnak Hamazasp dəstələri Quba şəhərində və qəzanın 122 kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə yetirmişlər. Quba şəhərində 3 minədək dinc sakin qətlə yetirilmiş, 105 ev və digər tikililər tamamilə yandırılmışdı. Gəncə ətrafında 272, Ağsu, Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisi vəhşicəsinə öldürülmüşdü.
İki aydan artıq müddətdə Azərbaycan qəzalarında davam etdirilən qırğınların "nəticəsini aradan qaldırmaq" təklifi ilə "Daşnaksütyun" rəsmiləri Cənubi Qafqaz Seyminin Azərbaycan nümayəndələrinə müraciət etmişdilər. Baş vermiş kütləvi qətlləri, talanları aradan qaldırmağın necə mümkün olacağına deyil, qarşılıqlı qoyulan şərtə diqqət vermək lazımdır. Bakıda sırf müsəlman hakimiyyəti deyil, beynəlmiləl hakimiyyət görmək istəyən ermənilər hərbi hissələrini də şəhərdən çıxarmaq fikrində deyildilər. Osmanlı ordusunun yaxınlaşması qorxusu altında edilmiş təklifdə belə niyyətlərini gerçəkləşdirmək cəhdi vardı. Elə eyni motivlə Qarsda, Qarabağda qırğınları davam etdirirlər. Nəhəng qəbiristanlığı xatırladan Qarsda Rus Milli ªura üzvünün yazdığına görə 205 min müsəlmandan yalnız sərhəd zolağında qalanlardır ki, o da 50 mindən çox deyil. Qan və göz yaşları hesabına böyük Ermənistan yaradılırdı...
Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına daha çox məruz qaldığı Qarabağ bölgəsində 157 məntəqənin əhalisi qətlə yetirilmişdi. Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında mütəmadi qırğınlar 1920-ci ildə də təkrarlanmışdı. Azərbaycanlılara qarşı törədilmiş qırğınları təhqiqat məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ilk və mühüm iş Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər fəaliyyət göstərmiş Komissiya "Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlara və onların əmlakına qarşı işlənilmiş zorakılıq hallarını təhqiq etmək üçün" 7 nəfərlik tərkibdə işə başladı. Qeyri-azərbaycanlıların cəlb olunduğu bu komissiyaya fəaliyyətinin sonuna qədər Ə.Xasməmmədov sədrlik etmişdir. 36 cild və 3500 vərəqdən ibarət materiallar əsasında azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçılarına, iştirakçılarına qarşı cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı. Azərbaycan qəzalarında ermənilərin törətdiyi vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün göndərilmişdi. Həmin konfransda Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə 1920-ci il fevralın 9-da Cümhuriyyət parlamenti amnistiya haqqında qərar qəbul etmiş və milli ədavət zəminində qaldırılmış cinayət işlərinə xitam vermişdi. Fövqəladə Təhqiqat Komissiyasının hazırda dövlət arxivində saxlanılan materialları ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğınları sübut edən ilk mənbələrdir. Hüquqi cəhətdən xitam verilmiş cinayətlərin tarixi ittihamı xətm olunmayacaq. Eyni mahiyyətdə cinayətləri sonrakı mərhələlərdə də Azərbaycan xalqına yaşadan ermənilər təcavüzkar fəaliyyətlərini davam etdirirlər".

Uğur