“Ermənistanın bu təxribatlarının arxasında Rusiya faktoru danılmazdır” Layihə

“Ermənistanın bu təxribatlarının arxasında Rusiya faktoru danılmazdır”

Məhəmməd Əsədullazadə: Makaryanın Azərbaycan əleyhinə açıqlamaları təsadüfi deyil"

Əli Orucov: "Təhlükələri önləmək üçün Azərbaycan hərbi-strateji müttəfiqlərinin sayını artırmalıdır"

Cəbhədə erməni təxribatı davam edir. Hər gün atəşkəs rejimi pozulur. Ermənistan danışıqlar prosesini pozmaq üçün bütün üsullara əl atır. Bunun üçün Rusiyanın dəstəyindən də yararlanır. Bir çox hallarda Rusiyanın adından istifadə etməklə Azərbaycanı hədələməkdən belə çəkinmirlər. Məsələn, bir neçə gün öncə Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı Andranik Makaryan Rusiya prezidenti və ali baş komandanı Vladimir Putinin ona əmr edə bilməyəcəyini deyib.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 120 millimetrlik minaatanlardan da (32 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın danışıqlar prosesindən kənarlaşması və cəbhə xəttində təxribatları, mümkün müzakirələri arxa plana keçirməkdir. Onun sözlərinə görə, aprelin 28-də Moskva görüşündə aparılan konfidensial danışıqlardan sonra, işğalçı ölkə vəziyyəti mürrəkəbləşdirməyə başlayıb: "ATƏT-in Minsk qrupunun gələn ay gözlənilən səfəri ərəfəsində görünür, işğalçı ölkə Azərbaycanın tələb etdiyi substansiv danışıqları sabotaj etməyə hesablayıb. Mayın 15-də Cəbhənin Füzuli-Xocavənd istiqamətində işğalçı ordu ön xəttə hava hücunundan müdafiə üçün OSA raket sistemi yerləşdirməsi, bir daha sübut edir ki, rəsmi İrəvan danışıqlarda maraqlı deyil. Ağır silahların ön xəttə çıxarılması, müharibə siqnalı və kompromisə hazır olmamaq deməkdir. Azərbaycan "spike" raketi ilə düşmənin trxnikasını məhv etməsi, İrəvan və Moskvada narahatlıq doğurub".
O bildirib ki, Ermənistanın bu təxribatlarının arxasında şübhəsiz Rusiya faktoru danılmazdır: "Rusiya son aylarda Azərbaycana qarşı siyasi təzyiqlər prosesinə strat verib. Rus-ermıni birgə qoşun komandanı Makaryanın Azərbaycan əleyhinə açıqlamaları, bu qoşunun Qarabağ münaqişəsində istifadə ediləcəyi kimi açıqlamaları təsadüfi deyil. Bunun arxasında Rusiya siyasi dairələrinin mesajı dayanır. Fikir versək, görərik ki, ardıcıl olaraq, Rusiya tərəfindən təzyiqlər və ardınca Ümumrusiya Azərbaycanlıları Konqrensinin ləğv edilməsi, qeyd olunan təzyiqlərin davamıdır. Rusiya bununla Azərbaycana təzyiq etməklə, Azərbaycanın son zamanlar Avropa ilə başladığı strateji danışıqların başlaması, TAP və TANAP layilərin uğurla davam etməsi, Rusiyanın qaz bazarını sıxışdırmaqla Kremli qəzəbləndirib. Belə görünür ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında artıq vasitəçilik missiyasını sona çatdırıb. Təzyiq və şantajla Azərbaycanı nəyəsə məcbur etmək istəyir. Hesab edirəm ki, gərginləşən Rusiya-Azərbaycan siyasi əlaqələrindən istifadə edib, Ermənistana ciddi təzyiqlər etməliyik".
Siyasi eskeprt Əli Orucov vurğulayıb ki, Ermənistanın indiki təxribatları birinci deyil və sonuncu da olmayacaq. Onun fikrincə, İrəvan həmişə çalışıb ki, regionu gərginlikdə saxlasın və diqqəti sülh prosesindən yayındırsın: "Eyni zamanda, bildiyiniz kimi Ermənistanın daxilində çox ciddi böhran yaşanır və gərginlik, qarşıdurmalar günü-gündən dərinləşir. Belə bir vəziyyətdə işğalçı qonşularımız çalışır ki, həm daxildə müəyyən sabitlik yaratsın və daxili gərginliyi cəbhə xəttinə transfer etsin. Cəmiyyətin diqqətini əsas problemlərdən uzaqlaşdıraraq, qorxu mühiti yaratsın. Erməni rəhbərliyi bilir ki, hər xırda təxribatlarına Azərbaycan tərəfi çox sərt və qəti cavab zərbələri endirməklə verir. Bu isə nəticə etibarı ilə Ermənistan cəmiyyətində müharibə qorxusunu daha da dərinləşdirir. Bu taktika Ermənistanda hakimiyyətdə olan xuntanın sınanılmış üslubudur. Lakin hər dəfə aldıqları ağır zərbələr onları daha pis vəziyyətə salır.Ermənistanın hava hücumundan müdafiə qüvvələrinə məxsus OSA zenit-raket kompleksinin Ordumuz tərəfindən məhv edilməsi daha bir xəbərdarlıq və cəza oldu. Erməni tərəfi aldıqları bu zərbənin şokundan çıxmaq üçün başqa təxribatlara əl atacaqları istisna deyil. Burada Rusiya faktoru təbii ki mümkündür. Çünki Moskva bu vasitə ilə regionu qorxu altında saxlamaqda, balanslı siyasət yürütməkdə maraqlıdır".
O əlavə edib ki, erməni generalının rus-erməni birgə qoşunların Sarksiyanın əmri ilə hərəkət edəcək aşqılamasına diqqət yetirməmək mümkün deyil: "Baxmayaraq Rusiya özünü neytral göstərməyə və birbaşa müdaxilədən kənar tutacağını dəfələrlə bildirib. Amma Xocalı təcrübəsini unutmamalıyıq. Xocalı qətliami da məhz Rusiyanın 366-ci motoatıcı diviziyasının birbaşa iştirakı ilə törədlib. Yaxud digər rayonlarımızın işğalında da Rusiyanın dəstəyi olub. Bu cür təhlükələri önləmək üçün Azərbaycan hərbi-strateji müttəfiqlərinin sayını artırmalı, beynəlxalq ictimaiyyətdən təhlükəsizliyinə təminat almalıdır".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan Rusiya prezidenti və ali baş komandanı Vladimir Putinin ona əmr edə bilməyəcəyini bildirib: "Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun yaradılmasının mahiyyəti hamıya bəllidir. Rusiya Ermənistanın Türkiyə və Azərbaycanın Naxçıvan regionu ilə sərhədində yerləşən V korpusunu 102-ci hərbi hissəyə birləşdirdi. Beləliklə, tarixi konfliktogenliyini nəzərə almaqla Ermənistanın indiki təxribat potensialını neytrallaşdırdı".
Onun sözlərinə görə, Ermənistan Rusiyadan narazıdır: "Rusiyaya zərbə vurmaq üçün bəhanə axtarır. Eləcə də Ermənistan müstəqil dövlət deyil, Rusiya və ya qərbin təsiri altında istənilən addımı ata bilər. Buna dair faktlar hədsiz çoxdur. Rusiya Yaxın Şərqdə ciddi işlərlə məşğuldur. Ciddi rəqibləri var və qaydasız döyüş gedir. Ona görə Ermənistandan Türkiyə və ya Naxçıvan istiqamətində açılan atəşlər Rusiyanın Suriyadakı əməliyyatlarında özünü göstərəcək. Ermənistanın belə təxribatlarının qarşısını almaq üçün Rusiya onun hərbisini əlindən aldı. Birləşmiş Qoşun Qrupunun rəhbəri isə erməni olmalı idi. Çünki Rusiya öz gücünə arxayındır. Bu qoşun qrupunun hesabına nəinki qoşun qrupunun komandiri, hətta Ermənistanın prezidenti Rusiya ali baş komandanının tabeçiliyində olan işçilərə çevriliblər".
O, əlavə edib ki, Rusiya ali baş komandanı Putin Ermənistandakı Birləşmiş Qoşun Qrupu ilə bağlı əmri Makaryana deyil, Ermənistan prezidenti Sərkisyana verəcək: "Beləliklə general Makaryana elə erməni kimi yanaşmaq ən düzgünüdür. Rusiyanın Ermənistandakı hərbi bazasına vaxtilə polkovnik Ruzinski rəhbərlik edirdi. Ermənistanda rəhbərliyin və Moskvadakı bəzi ermənilərin baş gicəlləndirici təsirləri altında Ruzinski Rusiyanın Ermənistandakı bazasının qarşısında duran məqsədləri barədə "Krasnaya Zvezda" qəzetinə müsahibəsində Rusiya hərbi bazasının Dağlıq Qarabağda ehtimali müharibəyə müdaxilə edəcəyinin bu bazanın əsas məqsədlərindən biri olduğunu bəyan etdi.
Bir az keçmiş Putin Ermənistana səfərini İrəvandan deyil, məhz Gümrüdən başladı. Ruzinski Putinin Gümrüdə olduğu dövrdə rəhbərlik etdiyi bazadan didərgin düşdü. Yalnız ən son anda üzə çıxdı. Rusiya prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Putin Gümrüdə olarkən Rusiyanın Ermənistandakı hərbi bazasının məqsəd və vəzifələrini açıqladı. Bu məqsədlərin içərisində Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək adlı məqsəd yox idi. İndi bütün Rusiya və Ermənistan siyasiləri başa düşüblər ki, Rusiyanın anlamında Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Dağlıq Qarabağda müharibə olacağı təqdirdə Rusiya istər dövlət, istər KTMT üzvü kimi bu münaqişəyə hərbi müdaxilə etməyəcək. Ruzinski az keçmiş nəinki 102-ci bazanın komandirliyindən, hətta Rusiyanın rəsmi hərbi sistemindən uzaqlaşdırıldı. Donbasda hansısa özünü müdafiə dəstəsinə başçılıq edir.
Putinin məntiqinə görə Makaryan çoxdan Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandirliyindən və general rütbəsindən uzaqlaşmalı idi. Görünür, lap yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri Abramyanın "çörəyini" yeyənlər Makaryanın Putin haqında dediklərini Putinə çatmasına icazə vermir".

Əli