Azərbaycanın səbri heç də hüdudsuz deyil... Layihə

Azərbaycanın səbri heç də hüdudsuz deyil...

ATƏT-in Minsk qrupunun həmsədrləri son günlər təmas xəttində atəşkəs rejiminin pozulması hallarını pisləyərək, gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.
Bir neçə gün öncə yayılan bəyanat münaqişə zonasında qarşıdurma hallarının şiddətlənməsindən sonra verilib.
Dağlıq Qarabağdakı serparatçılar Azərbaycanın hərbi mövqelərinin atəşə tutulmasını "nümayiş etdirən" video yayıb.
Ermənistan mənbələrində "cavab atəşi" nəticəsində Azərbaycan tərəfinin "itkilər" verdiyi bildirilir.
Videonun dərc edilməsindən sonra Azərbaycan "yaşayış məntəqələrinin" atəşə tutulduğunu bildirib.
Müdafiə Nazirliyi bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itki olmadığını və döyüş texnikasına ziyan dəymədiyini bildirib.
Azərbaycan hərbçiləri ilk dəfə olaraq Ermənistan tərəfindən pilotsuz uçuş aparatlarının tətbiq edildiyini bildirib.
Döyüşlərin şiddətlənməsi barədə məlumatlar artdıqca "Qarşıdurma nəzarət altından çıxa bilərmi" sualı ortaya çıxır.
Oxford Universitetinin St. Antony`s kollecindən professor Robert Kenciner bu suala mənfi cavab verir.
"Bütün alınan silahlara rəğmən onun yalnız cüzi bir qismi istifadə olunub və indiyədək gördüyümüz qarşıdurmanın coğrafiyası yalnız təmas xəttilə məhdudlaşır", - Robert Kenciner BBC Azərbaycancaya bildirib.
Qafqaz üzrə ekspert təmas xəttindəki döyüşlərin intensiv olduğunu desə də, genişmiqyaslı müharibə ehtimalının aşağı olduğunu bildirir.
Kencinerin sözlərinə görə, hər iki ölkənin tammiqyaslı müharibəyə gedəcəyinin əlamətləri nəzərə çarpmır.
Yerli elitalar kimi, genişmiqyaslı müharibəni bölgədə iqtisadi və siyasi maraqları olan qüdrətli ölkələr də istəmir.
Onun sözlərinə görə, buna ötən ilki 4 günlük müharibə dəlalət edir. Rusiya həmin qarşıdurmaya son qoymaq üçün olduqca fəal və kəsərli addımlar atdı.
"Ötən il Moskva qızışan müharibəni nəzarət altına almağa qadir olduğunu nümayiş etdirdi. Mən indi də vəziyyətin dəyişməz qaldığını görürəm".
Robert Kencinerdən fərqli olaraq Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru Dennis Sammut təmas xəttində eskalasiya riskinin "çox yüksək" olduğunu deyir.
O, 4 günlük müharibədən sonra bir müddət hökm sürən nisbi sabitliyin ardınca vəziyyətin getdikcə pisləşdiyini deyir.
"Bu il vəziyyət ötən ilə nisbətdə pisləşib. Bu ay isə ötən aya nisbətdə daha pisdir".
Britaniyalı ekspertlə azərbaycanlı politoloq, millət vəkili Rasim Musabəyov da razılaşır.
Onun fikrincə, həll edilməmiş qalan münaqişə hər an yenidən alovlana bilər.
"Dondurulmuş müharibə sülhə gətirmirsə, danışıqlar aparılmırsa, işğal davam edirsə, atəşkəsin pozulması qaçılmazdır və müharibə hər zaman alovlana bilər", - o deyir.
Bəzi təhlillərdə təmas xəttində gərginliyin artmasının hər iki ölkədə cərəyan edən mürəkkəb siyasi proseslərə təsadüf etdiyi iddia olunur.
Münaqişə daxili problemlərdən diqqəti yayındırmaq üçün də istifadə oluna bilərmi?
Politoloq, millət vəkili Rasim Musabəyov hesab edir ki, bu kimi amili istisna etmək olmaz, lakin problemin kökündə duran həll edilməmiş münaqişədir.
"Mən istisna etmirəm belə amilləri. Ola bilər. Amma əsas olan işğal və onun aradan götürülməməsidir", - o, BBC Azərbaycancaya bildirib.
Dennis Sammut hesab edir ki, həm Azərbaycan həm də ki, Ermənistanda hər iki ölkənin siyasi rəhbərliyi daxili vəziyyəti diqqət mərkəzində saxlayır.
Lakin o, təmas xəttindəki toqquşmalarla daxil vəziyyət arasında bilavasitə əlaqə görmədiyini və münaqişənin öz məntiqilə inkişaf etdiyini bildirir.
ATƏT həmsədrlərinin verdiyi son bəyanatda "son zərbələrin hədəfləri, eləcə də davamlı insan tələfatı və xəsarətlər barədə ziddiyyətli məlumatlar mövcud olduğu" deyilir.
Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqləri fonunda Ermənistanın da Azərbaycana qarşı cəbhədə təxribatları artıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın dominantlığı vəziyyəti daha da mürəkkəbləşdirib və müharibə riskini artırıb: "Qeyd edim ki, Ermənistanın qoşunların təmas xəttinə ağır silahlar yerləşdirməsi, toqquşmaları qaçılmaz edəcək. İşğalçı ölkənin "Osa" zenit-aket kompleksinin təmas xəttinə çıxarması, Azərbaycanın hava məkanını nəzarətə cəhd etməsidir. Bu silahın ordumuz tərəfindən vurulması nəticəsində Rusiya tərəfindən verilən açıqlamada Azərbaycan tərəfini atəşkəsə əməl etməməkdə günahlandırmaq, rəsmi Kremlin bir mənalı olaraq, atəşlə oynadğını göstərir. Qeyd edək ki, Minsk qrupunun həmsədrlərinin gözlənilən səfəri ərəfəsində rəsmi Yerevanın cəbhədə vəziyyəti gərginləşdirməyi gözlənilir. Çünki, Azərbaycan substantiv danışıqlarda maraqlı olduğu üçün Ermənistan bu danışıqlardan yayınır. Növbəti aylarda geniş müharibə gözlənilməsə də, lokal döyüşlərnən müəyyən ərazilərin işğaldan azad edilməsi unikal şans yaranır. Əgər, Azərbaycan ordusu yenidən əraziləri geri qaytarmaq üçün Aprel döyüşləri kimi əməliyyat aparsa, Rusiyanın müdaxiləsi baş verə bilməyəcək. Və, müdaxilə üçün heç bir əsas yoxdur. Yenidən tərəfləri atəşkəsə məcbur edib, real danışıqları intensivləşdirə bilər. Artıq, Rusiyanın və Minsk qrupunun digər həmsədrlərinin apardığı danışıqlar prosesi imitasiyaya hesablanıb, yeni format əldə olunması üçün Azərbaycan işğalçıya təzyiqlər etməlidir".
Deputat Kamaləddin Qafarovun fikrincə, əgər işğalçı Ermənistan özünü aprel ayında olduğu kimi apararsa, şübhəsiz, öz layiqli və sarsıdıcı cavabını alacaqdır: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin istər ölkədaxili çıxışlarında, istərsə də müxtəlif beynəlxalq tədbirlər, görüşlər zamanı söylədiyi nitqlərində bu fikri dəfələrlə vurğulayıb. Digər tərəfdən, Ermənistanda gedən son prosesləri nəzərdən keçirərkən, Sarksyan rejiminin özünün son günlərini yaşadığını hiss etmək o qədər də çətin deyil. S.Sarkisyanın cəbhəyanı bölgələrdəki fitnəkar "fəallığı" onun öz qanlı xuntasını xilas etmək üçün göstərdiyi son və ümidsiz səylərdən başqa bir şey deyildir".
Deputat bildirib ki, Ermənistan öz tarixinin ən tənəzzüllü dövrünü yaşayır. Ölkədə bütün infrastrukturlar dağıdılmış, ölkə əhalisinin böyük əksəriyyəti xarabazara çevrilmiş şəhər və kəndləri tərk edərək yaxın və uzaq xaricə üz tutmuşlar. Ermənistanın bütün hüquq və səlahiyyətləri onun əbədi ağası olan Rusiyaya dövr edilmişdir: "Ermənistan ordusunun cəbbəxanasının əsasını ötən əsrin 70-80-ci illərində keçmiş sovet ordusunun arsenalında olmuş köhnə silah-sursat və texnika təşkil edir. Bu faktı erməni analitiklərinin özləri də etiraf edirlər. Azərbaycanın sərəncamında isə ən müasir, ən modern silahlar vardır və bu silahlar vasitəsi ilə erməni qəsbkarlarını bir neçə saat ərzində Yer üzündən silmək mümkündür.
Bunu Ermənistanda da yaxşı başa düşürlər. Hesab edirəm ki, yeni döyüşlər Ermənistanın əbədi iflası ola bilər, ona görə də onların bir daha ötən ilin aprel ayında baş vermiş, Azərbaycan böyük siyasi və hərbi qələbəsi ilə başa çatmış lokal qapşıdurmaya gedəcəyi inandırıcı görünmür. Həm də təkcə ona görə ki, Azərbaycanın səbri heç də hüdudsuz deyildir".
Politoloq Mirsamir Məmmədovun qənaətincə, Ermənistan tərəfinin hər gün atəşkəsi pozması və itkilər verərərk geri çəkilməsi onun müharibə apara biləcək gücündə olmadığını göstərir: "Errməni tərəfinin itkilərini Sarkisyan özü də etiraf edib. Dünyaya da yaxşı məlumdur ki, Ermənistan Rusiya tərəfindən himayə olunur və Kremlin tapşırığı olmadan Ermənistan heç bir addım ata bilməz. Reallıq isə Azərbaycanın güclü orduya malik olduğunu göstərir. Ermənistan hec vaxt Azərbaycanla müharibə aparmaq gücündə olmayıb və bundan sonra da olmayacaq. Ermənistanın Azərbaycana qarşı təxribatlarına hər zaman layiqli cavab verilib. Əgər Ermənistan sülh danışıqlarından çəkinəcəksə onun axırının pis olacağını işğalçını himayə edən dövlətlər də bilirlər. Sadəcə hələ də vaxt uzadılır. Amma Azərbaycanın səbrinin daşa biləcəyindən də ehtiyatlanırlar".
Türkiyəli politoloq Çağatay Balıcın fikrincə, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqaz üçün təhlükədir: "Cəbhə xəttində baş verənləri izləyirəm. Amma hələ də Minsk qrupunun qətiyyətli addım atmaqdan çəkinməsi başadüşülən deyil. İşğalçı göz qabağındadır və onun hər gün təxribatları da ara vermir. Bəs nədən dünya birlikləri susur. Azərbaycan silaha əl atarsa bu Ürmənistan üçün pis nəticələnəcək".