Bakı Ermənistana yerini göstərəcək Layihə

Bakı Ermənistana yerini göstərəcək

Erməni hərbçiləri son günlər bəyanatları bir-birinə calayıblar. İlk öncə qobdarma "DQR" özünümüdafiə qüvvələrinin komandiri Arkadi Karapetyan fərqlənib. O, "Birinci informasiya" nəşrinə müsahibəsində deyib ki, "milləti cəmləmək, Bakını götürmək və bununla da məsələni qəti qapatmaq lazımdır".
Karapetyan bildirib ki, "Kazan planları, Madrid prinsipləri və başqa adlı belə güzəştləri" qəti surətdə tanımır. "Onların hər biri bizim üçün ən biabırçı razılıqdır… Bizim güzəştə gedəcək nəyimizsə yoxdur", - deyə Karapetyan vurğulayıb.
"Mən təklif edirəm: Bakını götürürük və məsələni qəti bağlayırıq. Amma Bakını götürmək üçün biz millətimizi nizami hala gətirib çıxarmalıyıq. Kimin nə deməsindən və hətta dünya sahiblərinin arzusundan asılı olmayaraq, bu məhz belə də olacaq. Onlara elə gəlir ki, hər şeyi onlar həll edir, hər şeyə onlar qərar verirlər. Amma elə deyil, bu məsələni xalq həll edəcək. Allahdan arzu edək ki, bu məsələnin həllində bizə kömək olsun. Problem ondadır ki, kim buna inanır və ya inanmır. Mən heç kəsi qınamıram, sadəcə onların anlayışları belədir. Əgər deyirlərsə ki, biz çox kiçiyik, ona görə Ermənistanı bağlamaq və getmək lazımdır?" - erməni hərbçisi bildirib.
Belə sərsəm fikirlərə Xocalı aeroportundan istifadə ediləcəyi də əlavə olunub.
Ermənistanda gizlətmirlər ki, erməni silahlı qüvvələri mövcud məqam və imkandan istifadə edə və yeni hərbi vəziyyət formalaşdıra bilər. Bu haqda İrəvan nəşrləri açıq yazır.
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında uçuşların həyata keçirilməsi planları Azərbaycanın haqlı narazılığına səbəb olub. Artıq rəsmi Bakı ermənilərin bu addımına lazımı cavabı verib və erməni həyasızlığının qarşısının alınması üçün hüquqi addımların atılacağını bildirib.
Politoloq Elnur Soltanov Ermənistanın bu yolla işğalı legitimləşdirmək istədiyini bildirib: "Ermənilər bu məsələni hər zaman gündəmdə saxlamağa çalışacaqlar. Bu, çox ciddi məsələdir. Bunun nəticəsində Ermənistan tərəfi müəyyən mənada işğalı legitimləşdirəcək. Azərbaycan ərazisində qanunsuz uçuşlar edildiyindən həmin təyyarələrin vurulması mümkündür. Amma bu zaman mülki insanlar ölə bilər ki, ermənilərin də istədiyi budur. Bu zaman onlar dünyaya səs salacaq ki, mülki insanları məhv edirlər, Qarabağ Azərbaycanın tərkibində ola bilməz və s. Ona görə çox diqqətli olmaq və strateji davranmaq lazımdır. Ermənistana elə bir mesaj vermək lazımdır ki, onlar bu addımı atmaqdan daşınsınlar. Azərbaycan tərəfi indiyədək bu prosesi normal şəkildə həyata keçirib. Əminəm ki, həm ordumuzun, həm də diplomatlarımızın yaranacaq istənilən situasiyada düşmənə cavab vermək üçün ikiqat planları var. Azərbaycan həm birbaşa, həm də ikitərəfli kanallar vasitəsilə çox aydın şəkildə bəyan edib ki, belə bir uçuş təşkilolunsa, heç bir məsuliyyət daşımayacaq. Bu mesaj aydın şəkildə, spesifik olaraq beynəlxalq qurumlar və ümumi olaraq BMT-yə daxil olan bütün beynəlxalq aviasiya təşkilatları vasitəsilə də göndərilməlidir".
Türkiyəli politoloq Çağatay Balcı bildirib ki, Xocalı işğal altındadır: "Və söylədiyim kimi ermənilərin işğalçılıq siyasəti beynəlxalq hüquqa zidd bir vəziyyət yaradıb. Əgər Ermənistan Xocalı aeroportundan istifadə etsə Azərbaycanəın buna müdaxilə etmək hüququ var. Beynəlxalq ictimaiyyət hər zaman Ermənistana göz yumur. Azərbaycan rahatlıqla erməni təyyarələrini vurar. Amma sonra Ermənistanı himayə edən Rusiya araya girəcək, qarşıdurma böyüyə bilər. Ya Ermənistan bu hədəfindən vaz keçəcək, Rusiya bu mövzuda Ermənistana təzyiq edəcək. Ya da Azərbaycan o təyyarələri quş kimi vurub ovlayacaq".
Azərbaycan Müdafiə Nazirliyi Təlim Mərkəzinin Kəşfiyyat kafedrasının sabiq rəisi, polkovnik, hərbi ekspert Xətai Baxışov isə hesab edir ki, erməni təhdidlərindən ehtiyat etmək lazım deyil, ancaq düşmən tərəfindən təxribatlar gözləmək olar. "Yeri gəlmişkən, onlardan biri Xankəndindən Şuşaya uçuşların təşkili haqda informasiya oldu", - deyə Baxışov bildirib.
O deyib ki, "mülki təyyarələri vurmaq lazım deyil" fikri ilə də razı deyil: "Bu, Azərbaycanın hava məkanıdır. Bundan başqa, Bakı artıq ATƏT-in Minsk Qrupunu Qarabağ üzərində uçuşlara imkan verməməyə çağırıb".
Politoloq Vasif Əfəndinin fikrincə isə Ermənistan tərəfinin " Xocalı aeraportu " məsələsini yenidən gündəmə gətirməsi Qarabağ probleminin həllinə mane olmaq planlarının tərkib hissəsidir: "Hələ 4 il öncə Ermənistan tərəfi Xocalı aeraportunun açılmasına cəhd etsə də Bakının ciddi irad və təzyiqləri onları bu addımı atmaqdan çəkindirə bilmişdi. Hələ o zaman Azərbaycan tərəfi belə bir addımın atılacağı təqdirdə Aeraportu vuracağını bəyan etmişdi. Bundan sonar Serj Sarkisyanın açılacaq hava limanının ilk sərnişini olacağı bəyanatı da sözdə bəyanat olaraq qaldı. Ermənistanı bu ağılsız hərəkətə sövq edən qüvvələr Azərbaycanın bu məsələdə güzəştə getməyəcəyini bildikləri halda yenidən vəziyyəti gərginləşdirmək cəhdləri regiopnda sülhün və sabitliyin qarşısına sədd çəkirlər. Stabillik isə işğal olunmuş torpaqların azad olunması deməkdir. Əgər Ermənistan hakimiyyəti qəti şəkildə reallıq hissini və ağılını itirərək belə bir addım atmış olarsa, o zaman heç bir beynəlxalq təşkilat və ya erməni havadarı Azərbaycanı torpaqların işğaldan azad olunması istiqamətində atacağı radikal addımlardan çəkindirə bilməyəcək".
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, ermənilər iki gündür bəyan edirlər ki, Şuşada aeroport açaraq uçuşlar təşkil edirlər. Bildirilir ki, Xocalı aeroportundan uçuşlar turizm axını ilə əlaqədardır. Hazırda Azərbaycanın bütün hava məkanı, o cümlədən Qarabağ nəzarətdə saxlanılır.
Polkovnik bildirib ki, belə olacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələri mülki uçuşları da diqqətdə saxlayacaq:
"Azərbaycan mülki təyyarələrə qarşı heç bir tədbir görməyəcək. Sadəcə olaraq mülki uçuşlar izləniləcək. Çünki Ermənistandan fərqli olaraq, biz mülki əhalini hədəf almırıq. Ancaq əgər hərbi təyinatlı təxribatlar gözlənilsə, yaxud da aerodramdan qalxan hərbi təyyarələrlə Azərbaycana qarşı hər hansı bir təhlükə yaranarsa, dərhal qarşısı alınacaq".
Ermənilərin Şuşaya köçürülməsi məsələsinə gəlincə, Şair Ramaldanovun sözlərinə görə, Ermənistan hakimiyyəti başda olmaqla, Qarabağ separatçıları məsələni bu formada qələmə veməklə, öz məqsədlərinə nail olmaq istəyirlər:
"Prinsip etibarilə Şuşa elə bir yerdir ki, orada əhalinin artımı ola bilsin, yay ayı ilə bağlıdır. O cümlədən Suriya qaçqınları da Qarabağ ərazisində yerləşdirilir. Şuşada əhalinin atması hələ söyləntilərdən ibarətdir. Konkret məlumat olmadan bu məsələyə qiymət vermək çətindir. Azərbaycan öz torpaqlarını işğaldan azad edənədək ermənilər bu cür tərxribatlara davam edəcək. Hesab edirəm ki, ermənilərin fəallaşması həm də yay ayı ilə əlaqədardır. Onlar əlavə tədbirlər görməyə başlayıblar. O biri tərəfdən beynəlxalq aləmdə Qarabağla bağlı ikili standartlar hökm sürür. Rusiya isə Ermənistana təzyiq etmək əvəzinə Azərbaycanı təqsirləndirir".
Polkovnik onu da əlavə edib ki, məhz beynəlxalq qurumların fəaliyyətsizliyi nəticəsində son zamanlar ermənilərin əl-qolu açılıb:
"Sərksiyanın bu yaxınlarda generallarla görüşü də diqqət çəkir. Əgər bu fonda cəbhədə təxribatlar davam edərsə, Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verəcək".
Politoloq Elşən Həsənovun fikrincə isə neçə illərdir Xankəndi aeroportunun işə salınacağı barədə məlumatlar, Qarabağ mövzusunun ayrılmaz hissəsinə çevrilib. Zaman-zaman, mütəmadi olaraq bu məsələni gündəmə gətirən erməni tərəfi, hər dəfə eyni cavabı alsa da, yenə sakitləşmək bilmir. Sadəcə olaraq onlar bir həqiqəti dərk etmək istəmirlər - Dağlıq Qarabağ, Azərbaycanın işğal olunmuş əraziləridir. Dağlıq Qarabağın hava məkanından istifadə etmək hüququ isə yalnız Azərbaycana məxsusdur və onun razılığı ilə də həyata keçirilir: "Belə məsələlərin həlli, Qarabağda məskunlaşan ermənilər arzu və istəkləri deyil, imzalanmış beynəlxalq sazişlər çərçivəsində, hüquqi müstəvidə həll olunur. İndiki halda isə Azərbaycanın hava məkanından istifadə ilə bağlı hüquqi məsələlər, Beynəlxalq Mülki Aviasiya Təşkilatının Azərbaycanla imzaladığı saziş çərçivəsində müəyyən olunur. Həmin sazişdə isə açıq-aydın belə deyilir – "Suveren ölkənin quru, dəniz və hava məkanından istifadə olunması, yalnız həmin ölkənin icazəsi ilə baş tuta bilər". Yəni, sadə dildə desək, indiki halda, Azərbaycanın hava məkanından istifadə, yalnız Azərbaycan tərəfinin razılığı əsasında baş tuta bilər. İllər öncə də bu məsələ ilk dəfə olaraq qaldırılanda, Azərbaycan tərəfi, Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi ki, bu da müsbət cavablandırıldı və qurum, Azərbaycan tərəfinin haqlı mövqeyini müdafiə etdi. Sadəcə olaraq erməni tərəfi hər dəfə bu məsələni qaldırarkən ilk növbədə onu beynəlxalq ictimaiyyətin diqqətində saxlamaq istəyir. İkinci tərəfdən isə hüquqi əsası olmayan belə bir məsələnin hər dəfə qaldırılması daxili auditoriyaya və kütlə psixologiyasına hesablanıb. Amma məsələnin digər bir tərəfi də var. Erməni tərəfin necə qəddar, hiyləgər, mənfur bir düşmən olduğunu qəbul etsək, o zaman onun bu sahədə atacağı təxribat xarakterli hərəkətlərinə də ciddi hazır olmalıyıq. Çünki Azərbaycan tərəfi, Xankəndinə ediləcək uçuşların qanunsuz olması və onların qaşısının alınacağı ilə bağlı bəyənatlar vermişdir ki, bu da Azərbaycanla müharibə şəraitində olan Ermənistan üçün yeni fitnəkarlıq törətməyə əsas yarada bilər".