“Dağlıq Qarabağ münaqişəsi ətrafında çox maraqlı proseslər müşahidə olunur” Layihə

“Dağlıq Qarabağ münaqişəsi ətrafında çox maraqlı proseslər müşahidə olunur”

İlqar Vəlizadə: "Moskva sanki siyasi meydanı ekspert və həmsədrlərə verib"

Mübariz Əhmədoğlu: "Rusiya Dağlıq Qarabağdakı seperatçılara dəstək versə Şimali Qafqazdakı seperatçılara dəstək vermiş olar"



Cəbhədə gərginlik günü gündən artır. İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Onu da əlavə edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Berdavan, Şavarşavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib ki, düşmənin cəbhədə törətdiyi təxribatlar gözlənilən idi. General-leytenant hesab edir ki, düşmənin son təxribatları iki mühüm hadisə ilə əlaqədardır: "Birinci, bayramlarımız yaxınlaşanda ermənilər hər zaman olduğu kimi cəbhədə təxribatlar törətməyə çalışırlar. Düşmən tərəfi əlamətdar günlər ərəfəsində belə yola əl atır. Bununla da daxili auditoriyaya mesaj göndərmək istəyilər ki, guya təxribatlarla Azərbaycanı sarsıdırlar. Gülünc iddiadır. Bu kimi təxribatlar bizi sarsıda bilməz. Əksinə düşmən ağır itkilərə məruz qalır. İkinci səbəb isə irimiqyaslı təlimlərin keçirilməsi ilə bağlıdır. Ordumuz irimiqyaslı təlimlərə cəlb olunub. Düşmən isə budan narahatdır". Y.Aydəmirov vurğulayıb ki, düşmən vəziyyəti gərgin saxlamağa çalışsa, nəticəsi onlar üçün ağır olacaq: "Düşmən gərginliyi davam etdirmək istəsə, Azərbaycan güclü zərbələr endirəcək. Hesab edirəm ki, bu zərbə aprel döyüşlərindəkindən də qat-qat güclü olacaq".
Onu da xatırladaq ki, bir müddət öncə münqaişənin həlli istiqamətində fəallıq nümayiş etdirməyə çalışan Rusiya son zamanlar susqunluq nümayiş etdirir. Baş verən proseslər də Rusiyanın susqunluğu fonunda cərəyan edir. Ekspertlər isə bunu birmənalı qəbul etmirlər.
Politoloq İlqar Vəlizadə deyib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında çox maraqlı proseslər müşahidə olunur. Ekspert heç bir fövqəldövlətin Dağlıq Qarabağ probleminin həllinə ciddi yanaşmadığını bildirib: "ABŞ və Rusiyanın başı öz problemlərinə qarışıb. Ən maraqlısı isə Rusiyanın susqunluğudur. Moskva sanki siyasi meydanı ekspert və həmsədrlərə verib. Həmsədlər isə sadəcə cari məsələləri, yəni mövcud vəziyyətdən istifadə edərək danışıqların gündəliyini tərtib etməklə məşğuldurlar. Ona görə də problemin həllində konkret və ciddi proses nəzərə çarpmır. Tərəflər başa düşürlər ki, texniki proses vəziyyətə heç bir təsir göstəmir və cəbhədə durum gərgin olaraq qalır. Əsas diqqətin məhz cəbhə xəttinə yönəldilməsi daha məqsədəuyğun və effektli olardı. Çünki Azərbaycan cəbhə mövqelərini dərk edir və erməni təxribatlarına layiqli cavab verir. Ermənilər müharibə başlayacağı təqdirdə hərbi obyektləri deyil, infrasturukturları, insanların sıx yaşadığı yerləri hədəfə alacaqlarını bəyan edirdilər. Bu fonda miqyas və xarakterinə görə Azərbaycanın keçirdiyi hərbi təlimlər erməniləri susdurdu".
Politoloq bu il ərzində Azərbaycan və Rusiya prezidentlərinin gözlənilən görüşünə də toxunub:"Bütün hallarda Qarabağ məsələsinin müzakirə olunacağı şəksizdir. Moskva Bakının danışıqlar prosesindən nə istədiyini çox gözəl bilir. Düzdür, Rusiya Azərbaycanın haqlı tələblərini eşitməyə hazırdır, ancaq yaxın vaxtlarda Bakını qane edəcək hansısa ciddi addımın atılacağına inanmıram. Çünki Rusiyanın Ermənistana verdiyi 200 milyonluq silah müqaviləsinin müddəti bu ilin sonunda bitir. Nə qədər ki, müqavilənin vədləri yerinə yetirilməyib, Rusiya Ermənistana təzyiq göstərməyəcək. Ən azı Rusiya bu müqavilənin müddəti tam bitənə, yəni 2017-ci ilin sonuna qədər gözləyəcək. Ola bilsin, Rusiya bundan sonra hansısa addım atsın".
Politoloq Mübariz Əhmədoğlu isə diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim cəmiyyətin aktiv hissəsinin fəaliyyətini tələb edir. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi iki dövlətin arasındakı münaqişə deyil, dünya erməniliyinin dünya azərbaycanlılarına qarşı elan etdiyi müharibədir: "Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sarsılmazdır və xalqın mövqeyi də bununla üst-üstə düşür. Digər tərəfdən bu gün ATƏT-in Minsk qrupu elə Rusiya deməkdir. ABŞ Rusiyanın prioritetlərini qəbul edib. Fransanın mövqeyi ermənipərəst mövqe deyil, ədalətə yaxındır". Politoloq əlavə edib ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirdi ki, kompromis və ya tənzimlənmə prosesi Dağlıq Qarabağda yaşayanları narahat etməməlidir. Ermənilər də bunu sırf özləri üçün qəbul etdilər: "Rusiya həmişə Ermənistanın qarşısında şərt qoyub qəbul etdirmək istəyəndə bu cür bəyanatlar verir. Rusiya istəyir ki, Ermənistanda ikinci hərbi bazasını yaratsın. Əgər ikinci bazanı yarada bilməsə də birinci bazanı genişləndirsin. Ermənistan isə ikinci baza açmasına razı deyil. Rəsmi Yerevan Gümrüdəki bazanın genişləndirilməsinin də əleyhinədir. Bu baza o zaman qurulmuşdu ki, İran yatmışdı, Gürcüstan və Türkiyənin mövqeyi fərqli idi. İndiki İran, Türkiyə və Gürcüstan isə 90-cı illərdəki kimi deyil". Politoloq hesab edir ki, bu İranla və ABŞ-la münasibətlərə zərər vura bilər. M. Əhmədoğlu hesab edir ki, ola bilər Rusiya Ermənistanı aldatmaq üçün Qarabağ məsələsində ermənipərəst mövqe tutsun".
Politoloqun fikrincə, Lavrovun bu cür bəyanat verməsinin səbəbi erməni olması ilə əlaqədardır: "Lavrovun dedikləri Kreml rəsmiləri tərəfindən təsdiqlənməyib. Digər tərəfdən isə Rusiya XİN tələsir. Rusiya Ermənistana nəfəs verir ki, guya Serj Sarkisyan görüşə hazırdır. Sarkisyan Minsk qrupunun həmsədrləri ilə görüşdə şərt irəli sürür, dialoqa hazırlığını ifadə etmir. Rusiyalı həmsədr İqor Popov deyir ki, Sarkisyan danışıqlara hazırdır".
Politoloq hesab edir ki, bunlar hamısı Rusiya XİN-in gördüyü işlərdir. O əlavə edib ki, Kreml bir gün vaxt tapıb Rusiya XİN-in anti-Rusiya mövqeyi ilə məşğul olacaq: "Rusiya Dağlıq Qarabağı Ermənistana verə bilməz, bu mümkün deyil. Bu gün Rusiyanın Qarabağı Ermənistana verməsi 3 ildən sonra Rusiyanın Çeçenistanın müstəqilliyini tanıması deməkdir, İnquşetiyanın müstəqil olması deməkdir. Rusiya Dağlıq Qarabağdakı seperatçılara dəstək versə Şimali Qafqazdakı seperatçılara dəstək vermiş olar".

Əli