Sarkisyanın Qarabağa görə ödədiyi haqq Layihə

Sarkisyanın Qarabağa görə ödədiyi haqq

Rusiya isə, Qarabağ münaqişəsinin ümumiyyətlə, həll edilməməsinə çalışır

Müstəqilliyinin ilk illərində Rusiyaya ən barışmaz düşmənçiliyi ilə seçilən Ermənistan düz 20 il qabaq Moskva ilə təslimçi strateji əməkdaşlıq sazişi imzalmağa məcbur oldu.
Postsovet məkanının əksər ekspertləri bu fikirdədirlər ki, məhz 1997-ci il avqustun 29-da bağlanmış saziş Ermənistanın müstəqilliyinin pillə-pillə itirilməsinə səbəb oldu.
Rusiyalı anatilik İrina Corbenadze "Rosbalt"da sazişin 20 illiyi ilə bağlı yazdığı məqaləsində bunu Ermənistanın Rusiyaya düşmən qüvvələrinin məcburən rusiyapərəst rənginə boyanması ilə izah edir: "Bu, Dağlıq Qarabağa görə, Ermənistan-Azərbaycan silahlı toqquşmalarının fonunda baş verdi".
Müəllif bunun Ermənistan üçün uğur gətirmədiyini bildirir: "Onda Gürcüstan Qərbə istiqamət götürdü və ardıcıl olaraq bunu davam etdirir. Azərbaycan da ardıcıl olaraq Rusiya yönümlü və qərb yönümlü vektorlar arasında orta mövqe tutdu. Və bu siyasət hələ ki, özünü doğruldur. Amma ilk başdan belə siyasətin olmaması "azad" Ermənistan üçün sistem xarakterli dəyişikliklərə səbəb oldu".
Sistem xarakterli dəyişikliklər sırasında isə Gümrüdəki Rusiya hərbi bazasının və Ermənistanın sərhədlərini qoruyan Rusiya hərbçilərinin statusu, iki ölkənin hava məkanının və hərbi komandanlıqlarının birləşdirilməsi barədə sazişləri göstərmək olar. Ermənistan bir sıra hüquqlarını artıq Rusiyaya həvalə edib ki, əksər erməni KİV-ləri bunu müstəqilliyin itirməsi kimi dəyərləndirirlər. Onları ən çox narahat edən məsələ isə Rusiya şirkətləri tərəfindən qaza və elektrikə olan borca görə Ermənistanın strateji infrastruktur obyektələrinin ələ keçirilməsidir. 2016-cı ildə baş vermiş aprel döyüşləri zamanı Azərbaycan ordusunun Ermənistan ordusunun müdafiə xəttini yararaq strateji yüksəklikləri ələ keçirməsi qərbyönümlülərin mövqeyini bir qədər də gücləndirdi.
Nəticədə, Ermənistanda 1500-ə yaxın jurnalist və ekspert mütəmadi olaraq Rusiyanın əleyhinə təbliğat aparır. Bunun nəticəsidir ki, son üç ildə Ermənistanda qərbyönümlülərin payı 10 faizdən 40 faizə qədər qalxıb. Bu göstərici hakimiyyəti dəyşməyə imkan verən səviyyəyə qalxdıqdan sonra Ermənistanı idarə edən Qarabağ klanı üçün ciddi problem yaranacaq.
Ola bilər ki, klanın lideri Serj Sarkisyanın son bir neçə ayda Avropa Birliyi və NATO ilə yaxınlaşmaq cəhdləri bir neçə ildən sonrakı ictimai rəyə ünvanlanmışdı. Amma fakt budur ki, Rusiya bu cəhdin qarşısını çox sərt aldı və Rusiya ictimai fikri də bunu dəstəklədi. Sarkisyan NATO ilə əməkdaşlığı dayandırmağa məcbur oldu.
Rusiya ekspertləri Serj Sarkisyanın özünü Putinin qulu kimi aparmasını təbii sayırlar və bunu Qarabağ münaqişəsi ilə bağlayırlar. Məsələn, "Pravda" qəzetinin əməkdaşı Lyubov Stepuşovanın yazdığı "İrəvan Kiyevin yolu ilə gedirdi, amma onu dayandırdılar" adlı məqaləsində Serj Sarkisyanın NATO ilə əməkdaşlığı dayandırmasının səbəblərini aprel döyüşləri ilə izah edir:"Bizim erməni dostlara xatırlatmaq istərdim ki, aprel ayında Dağlıq Qarabağda Azərbaycan qoşunlarının hücumunu Angela Merkel yox, məhz Vladimir Putin dayandırdı".
Rusiyalı jurnalistin dediyi aydındır - əgər Putin işə qarışmasa idi, Azərbaycan daha çox işğal edilmiş əraziləri geri qaytaracaqdı.
Təbii ki, Serj Sarkisyan da Rusiyanın qarşısında borclu qalmır. Ölkəsinin ilk qərbyönümlülərindən olmasına və Rusiyaya nifrət etməsinə baxmayaraq 2015-ci ilə Ermənistanın Avrasiya İttifaqına daxil olması ilə müstəqilliyini xeyli itirməsinə səbəb olan sazişi o imzalayıb. Ölkəsinin müstəqilliyinin digər atributu olan ordunu da Moskvanın komandanlığı altına o verib. Və bütün bunları Qarabağın işğalını davam etdirmək naminə edib.
Əgər 2018-ci ildən sonra o, hakimiyyətini baş nazir kimi davam etdirəcəksə, Ermənistanın milli valyutadan imtinası da baş verəcək. Və bir gün ruslar Avrasiya İttifaqı çərçivəsində növbəti 1937-ci ili gerçəkləşdirəcəklər və Ermənistan müstəqilliyini birdəfəlik itirəcək. Son 2 min il üzrə tək dövlətçilik elementi kimi İrəvanın iki erməni kəndini idarə edən melik Ağbalyanın dəftərxanasını göstərən xalq yenidən 25 il əvvəlki vəziyyətinə dönəcək. Başqa cür də ola bilməz, müdriklər demişkən, sürünmək üçün yarananlar uça bilməzlər.
Onu da qeyd edək ki, Qərb yönümlü erməni saytları Ermənistanın Gürcüstanda başlamış NATO-nun "Agile Spirit 2017" təlimlərindən imtinasını növbəti "3 sentyabr" xəyanəti kimi dəyərləndiriblər .
Bu barədə yaydıqları xəbərlərə "Yenə 3 sentyabr", "Daha bir gecə qərarı" kimi başlıqlar qoymuş erməni portalları Serj Sarkisyanın bu gözlənilməz qərarının Rusiyanın təzyiqi ilə verildiyinə işarə vurublar. 2014-cü ilin 3 sentyabr tarixində Ermənistan lideri bu cür gözlənilməz qərar verərək Avropa Birliyi ilə "Şərq tərəfdaşlığı" sazişindən imtina etmişdi və Avrasiya İttifaqına daxil olmaqla bağlı qərar vermişdi.
Erməni jurnalist Sarqis Arsruni "1in.am"da yazdığı məqaləsində bunu Rusiyanın Ermənistanın daxili işlərinə kobud müdaxiləsi kimi dəyərləndirib. Onun fikrincə, NATO təlimlərindən imtina Ermənistanın suveren qərarlar verə bilmədiyini göstərib.
Jurnalist bu məsələdə haqlıdır və Ermənistanın verdiyi son qərar Ermənistan rəhbərliyinin son bir ildə nümayiş etdirdiyi mövqeyə uyğun gəlmir. 2017-ci ildə Ermənistan NATO-nun keçirdiyi iki təlimə qatılmışdı. İyul ayında İrəvan NATO-nun Rumıniyada keçirdiyi "Saber Guardian" təlimlərinə, avqustun əvvəlində isə Gürcüstanda keçirilən "Noble Partner" hərbi təlimlərinə qatılmışdı.
Sarqis Arsruni bir neçə gün öncə yazdığı məqaləsində bildirmişdi ki, bu, Kremlin xoşuna gəlmir: "Moskva, təbii ki, İrəvanın Avropa Birliyi və NATO ilə yaxınlaşmasını qısqanclıqla və narazılıqla qarşılayır. Ekspert dairələri tərəfindən kəskin rəylər bunun sübutudur".
Ermənistan rəhbərliyinin nə istədiyi məlum idi və hakimiyyətə yaxın ekspert səviyyəsində bunu açıqlayırdılar - İrəvan Qarabağ münaqişəsinin Kosovo variantı ilə həllinə çalışırdı. NATO koalisiyası Serbiya ərazisinin bir hissəsini güclə qopararaq etnik albanlar üçün ikinci dövlət yaratmışdı və bir sıra aparıcı qərb dövlətləri yaradılmış Kosovo dövlətini tanımışdı.
Rusiya heç zaman bu variantın Dağlıq Qarabağ üçün də məqbul olacağını vurğulamayıb və əksinə Qarabağ münaqişəsinin hətta Abxaziya problemi ilə eyni tutulmasının əleyhinə çıxıb. Məsələ bundadır ki, Abxaziya Gürcüstanın tərkibinə federal sazişlə daxil olub, Dağlıq Qarabağ isə hüquqi müstəvidə həmişə Azərbaycana məxsus olub.
Ermənistan rəhbərliyi bloklar arasında manevrlər etməklə Qarabağ münaqişəsində status-kvonun uzadılmasına çalışır ki, daha sonra həll variantını Kosovo müstəvisinə oturda bilsin. Amma belə görünür ki, Ermənistan prezidenti Serj Sarkisyanla Rusiya prezidenti Vladimir Putinin avqustun 23-də Soçidə keçirdiyi görüşdən sonra İrəvan Kremlə baş əyməyə məcbur olub. Ermənistanın AB-nin "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində sazişə də qol çəkməyəcək.
Yəni Qarabağı Kosovoya çevirmək planları da suya düşür, çünki Ermənistan Qərbdən üz döndərməli olur. Artıq İrəvan yenidən Qarabağın taleyinin əsasən Rusiyadan asılı olması variantı ilə razılaşır.
Təbii ki, bu qərbyönümlü ekspertlərin ciddi narazılığı ilə nəticələnir. Məsələn, Sarqis Arsruni dərc olunmuş məqaləsində bildirib ki, Rusiya Ermənistanı çox təhlükəli bir oyuna sürükləyir: "Ermənistan Kremlin qərb əleyhinə siyasətinin alətlərindən birinə çevrilir - bu, bizim ölkə üçün o cümlədən Qarabağ münaqişəsinin həlli prosesində həddindən arzu olunmaz nəticələrə səbəb olacaq".
Əslində yuxarıda sadalanan hər iki variant Azərbaycan üçün çox təhlükəlidir: Qərb Qarabağ həllində Azərbaycana maksimum ətrafdakı 6 rayonu geri qaytarmağı vəd edir. Laçın dəhlizinin və keçmiş Dağlıq Qarabağın statusunu isə Azərbaycanın ərazi bütbövlüyünü, bununla da Helsinki prinsiplərini pozan referendumla müəyyən etməyə çalışır.
Rusiya isə Qarabağ münaqişəsinin ümumiyyətlə, həll edilməməsinə çalışır. Hər halda, həm Azərbaycana, həm də Ermənistana təzyiq göstərmək üçün Moskva ideal rıçaqlara malik olur.
Belə olan şəraitdə Azərbaycanın münaqişəni hərbi yolla həll etməkdən başqa variantı qalmır. Bu məsələdə Qüdsü 70 ildən sonra səlibçilərin işğalından xilas etmiş ərəb mənşəli səlcuq sərkərdəsi Səlahəddin Əyyubinin məşhur strategiyasının tətbiq edilməsi yerinə düşər. Qüdsün niyə belə gec işğaldan azad edilməsi barədə ətrafdakılarının verdiyi suala islam sərkərdəsi belə cavab vermiqdi: "Onda hazırlığımız yox idi, indi var".
Azərbaycan da hazırlığını artırmalıdır. Yeri gələndə həm Rusiya, həm də Qərbin özünə müvafiq cavabı vermək üçün.

Cavid