Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və işğalçılıq siyasəti Layihə

Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və işğalçılıq siyasəti

6-cı yazı

1997-ci il iyunun 1-də həmsədrlər münaqişənin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etdilər. İki hissədən ibarət olan paket həll tərəflərin bütün mübahisəli məsələlərə dair ilkin razılıq əldə etməsini, razılaşmanın qarşıdakı sülhün bütün problemlərini və aspektlərini əks etdirən paketdə toplanmasını və bu hərəkətlərin gələcəkdə gerçəkləşdirilməsini nəzərdə tuturdu. Buna əsasən silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı rədd etdi. Beləliklə, paket həll variantı qəbul edilmədi. Həmsədrlər sentyabrın 19-23-də bölgəyə növbəti səfərləri zamanı münaqişənin mərhələli həllinə əsaslanan yeni təklifləri müzakirə etdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğaldan azad olunmasını, ATƏT-in sülhyaratma əməliyyatlarının başlanmasını, məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıtmasını və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını, ikinci mərhələdə Laçın və Şuşa məsələlərinin həllini, Dağlıq Qarabağın statusunun əsas prinsiplərinin qəbul olunmasını və ATƏT-in Minsk konfransı çağırılmasını nəzərdə tuturdu.
Levon Ter Petrosyan 1998-ci ilin fevral ayında istefaya getdi. Mart ayında hakimiyyətə Dağlıq Qarabağda və ətrafında dinc azərbaycanlı əhalinin məhvində ad çıxarmış Robert Koçaryan gəldi. O, münaqişənin mərhələli həll təkliflərinə dair Ermənistanın əvvəlki razılığını geri götürdü. Bakı ilə Xankəndi arasında birbaşa danışıqların aparılması tezisini irəli sürdü. Bundan sonra həmsədrlər noyabrın 9-da ümumi dövlət konsepsiyasına əsaslanan təklif irəli sürdülər. Bu konsepsiyaya əsasən Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Bu təkliflər Azərbaycanın suverenliyinə və Lissabon zirvə görüşünün prinsiplərinə zidd olduğu, Ermənistanın təcavüzünü qanuniləşdirdiyi, Azərbaycanı ərazisinin bir hissəsindən məhrum etdiyi üçün Azərbaycan dövləti tərəfindən noyabrın 19-da rədd edildi.
Professor Musa Qasımlının araşdırmasında bildirilir ki, münaqişənin həlli prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa görüşlər təşkil edildi. Bu ilin ərzində iki ölkə rəhbərinin Rusiya, ABŞ, Fransa, İsveçrə, Türkiyə, Ukrayna, Azərbaycanın Sədərək rayonunda və s. keçirilən görüşləri nəticəsiz oldu. 2001-ci il martın 4-6-da Fransa prezidenti Jak Şirakın təklifi ilə Parisdə Marini sarayında Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək və Fransa prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşü də nəticə vermədi. Az sonra ABŞ hökuməti Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. ABŞ Dövlət Departamentinin baxışına görə, bu görüş münaqişənin həlli potensialını artıra bilərdi. Aprelin 3-də ABŞ-ın Florida ştatının Ki Vest şəhərində prezidentlər arasında keçirilən görüş nəticəsiz başa çatdı: "Minsk qrupu həmsədrlərinin 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı görüşlərin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsini təklif etdilər. Bu təklifə uyğun olaraq iyulun 29-30-da Praqa yaxınlığında ilk görüş keçirilsə də, nəticəsiz başa çatdı. 2004-cü ildə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlər başladı. Aprelin 16-da Praqada Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birinci görüşü keçirildi. Bu görüşlər danışıqlar prosesinə təkan verdiyi üçün Praqa prosesi adlandırılır. 2005-2006-cı illərdə xarici işlər nazirləri və Jak Şirakın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin 2006-cı il fevralın 10-11-də Paris yaxınlığında Rambuyedə keçirilən görüşündə də münaqişənin həlli istiqamətində irəliləyişə nail olunmadı".
2007-ci il noyabrın 29-da İspaniyanın paytaxtı Madriddə ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan, Ermənistan, Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavininin iştirakı ilə keçirilən görüşdə Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromis variant təklif etdilər: "Təklif edilən layihəyə görə, Azərbaycan və Ermənistan təhlükəsizliyə və beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə zəmanət verməli; Ermənistanın və Dağlıq Qarabağın silahlı qüvvələri Dağlıq Qarabağın ətrafından, Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla işğal edilmiş ərazilərdən çıxmalı, deportasiya olunmuş əhali doğma yaşayış yerlərinə qayıtmalı; bütün nəqliyyat və ticarət kommunikasiyaları açılmalı; Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilməli; sonda isə səsvermə yolu ilə Dağlıq Qarabağın statusu müəyyən edilməli idi. Beləliklə, 2007-ci ilin sonlarından etibarən münaqişənin həlli istiqamətində səylər Madrid prinsipləri əsasında aparılmağa başladı. 2008-ci il ərzində münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlar çərçivəsində Ermənistan və Azərbaycan prezidentləri 2 dəfə, xarici işlər nazirləri isə Minsk qrupu həmsədrlərinin iştirakı ilə 5 dəfə görüş keçirilsə də nəticəsiz oldu".
2009-cu ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə prezidentlər 6 dəfə, xarici işlər nazirləri 3 dəfə görüşdülər.2010-cu ildə keçirilən görüşlər də nəticəsiz qurtardı. Beləliklə, Ermənistan münaqişəni həll etmək üçün müzakirələri uzadaraq işğalı davam etdirdi.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlərini bir neçə istiqamətdə davam etdirir. Belə fəaliyyətə digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma, mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsi misaldır. İşğal etdiyi ərazilərdə Ermənistanın qanunsuz fəaliyyətlərindən biri zorla məskunlaşdırmadır. İşğal olunmuş ərazilərində bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanan Azərbaycan Respublikasının təşəbbüsü ilə 2004-cü il noyabrın 23-də BMT Baş Məclisinin 59-cu sessiyası çərçivəsində "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı əlavə 163-cü bənd müzakirə edildi. Qeyri-qanuni məskunlaşdırma və digər fəaliyyətləri araşdırmaq üçün işğal olunmuş ərazilərə Minsk qrupunun faktaraşdırıcı missiyası Azərbaycana səfər etdi. Faktaraşdırıcı missiya çətin hava və ərazi şəraitinə baxmayaraq, 2005-ci il yanvarın 30-dan fevralın 5-dək Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Laçın rayonlarında oldu. Missiyanın hazırladığı 36 səhifəlik məruzədə işğal edilən Azərbaycan ərazilərində erməni əhalisinin məskunlaşdırılmasına dair faktlar əksini tapmışdı. Məskunlaşdırılmış əhalinin sayı 15-16 min nəfər göstərilirdi. Laçında təxminən 8-12 min, Kəlbəcərdə 1500-2000, Ağdamda 1000, Zəngilanda 1000, Qubadlıda 1500, Füzulidə 10, Cəbrayılda 100 nəfər erməninin məskunlaşdırılmışdı. Missiya yalnız gördüyü və hesabladığı əhalinin sayını göstərmişdi. Separatçı rejim əvvəlcədən müəyyən tədbirlər görərək əhalinin bir qismini müvəqqəti olaraq müxtəlif bəhanələrlə missiyanın aparılmadığı ərazilərdə yerləşdirmişdi.
Bu gün də Ermənistan əlindən gələni edir ki, işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri yerləşdirməklə orada əhali sayını artırsın. Missiya hazırladığı məruzəni martın 17-də təşkilatın Vyanadakı Daimi Şuranın iclasına təqdim etdi. Bunun nəticəsi kimi Minsk qrupu həmsədrlərinin Daimi Şuraya ünvanladığı məktubda regionun demoqrafik vəziyyətinin dəyişdirilməsinin qarşısının alınması üzrə tərəflərə tövsiyələr verilir, işğal altındakı ərazilərdə demoqrafik dəyişikliyin yolverilməzliyi qeyd və məskunlaşdırmanın dayandırılması tələb edilirdi.
Missiyanın səfəri faktının özü əhəmiyyətli idi. Hər şeydən əvvəl, Minsk qrupu yaradıldıqdan sonrakı dövr ərzində işğal olunmuş ərazilərdə vəziyyəti araşdırmaq üçün missiya ilk dəfə gön-dərilirdi. Missiya Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara əsaslanaraq işğal olunmuş ərazilərdə məskunlaşdırma faktını təsdiqləyərək Azərbaycanın narahatlığına şərik oldu. Minsk qrupunun həmsədrləri bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğuladılar, müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirlər görməyə çağırdılar.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi martın 25-də bəyanat verərək missiyanın fəaliyyətini yüksək qiymətləndirərək BMT Baş katibindən, ATƏT sədrindən və Minsk konfransının sədrindən yerlərdə vəziyyətin bütün aspektləri barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermək barədə xahiş etdi. BMT Baş Məclisinin 2005-ci il 20 sentyabr tarixli iclasında 40-cı nömrə altında 60-cı sessiyanın gündəliyinə "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" bəndi daxil edildi. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən məskunlaşdırılmasını təsdiqləyən faktlar barədə materiallar (A/59/720-S/2005/132), işğal edilmiş ərazilərinə ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı və Azərbaycanın işğal edilmiş ərazilərinə Minsk qrupunun faktaraşdırıcı missiyası ilə bağlı Minsk qrupu həmsədrlərinin ATƏT-in Daimi Şurasına məktubu BMT-nin rəsmi sənədləri kimi yayıldı (A/59/747-S/2005/I87).
Azərbaycan 2006-cı il iyunun 22-də ATƏT Daimi Şurasının plenar iclasında işğal edilmiş ərazilərdə ermənilərin törətdikləri yanğınlar məsələsini də qaldırdı, müvafiq beynəlxalq təşkilatların, həmçinin Ermənistan və Azərbaycan mütəxəssislərinin iştirakı ilə hərtərəfli ekoloji əməliyyatın keçirilməsi üçün ATƏT-ə müraciət etdi. Sentyabrın 7-də BMT Baş Məclisinin plenar iclasında işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları müzakirə edildi. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı (A/RES/60/285) qətnamə qəbul edildi.

Uğur