Həmsədrlərin səfəri nə ilə yadda qaldı? Layihə

Həmsədrlərin səfəri nə ilə yadda qaldı?

Zaur Məmmədov: "İndiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunmasını gözləməyə dəyməz"

Piter Teys: "Bu səfər danışıqlar masasına yeni heç nə gətirməyib"


ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ştefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə bölgəyə səfər ediblər. Onlar fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.
Dağlıq Qarabağa səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşən həmsədrlər sonda ənənəvi olaraq bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, həmsədrlər qoşunların təmas xəttində ölüm halları nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar. "Həmsədrlər həmçinin tərəfləri təhrikedici bəyanatlardan və təxribatçı addımlardan çəkinməyə çağırırlar. Həmsədrlər, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsipləri daxil olmaqla Helsinki Yekun Aktına əsasən münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflər dəstək göstərməkdə qətiyyətli olduqlarını bir daha bəyan ediblər. Həmsədrlər tərəflərin hazırki seçki dövrünü nəzərə almaqla intensiv danışıqları davam etdirmək niyyətini alqışlayırlar", - deyə bəyanatda bildirilir.
Politoloq Zaur Məmmədov deyib ki, hazırda Rusiya və Ermənistanda seçki prosesinin hazırlığını nəzərə alsaq, indiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunmasını gözləməyə dəyməz. Politoloq vurğulayıb ki, digər tərəfdən seçkilərlə bağlı hər bir ölkənin Dağlıq Qarabağ münaqişəsinə yanaşması məlumdur. Z. Məmmədov hesab edir ki, tərəflərin münaqişənin həlli ilə bağlı yanaşması diametral şəkildə fərqlənir: "Ermənistan "Böyük Ermənistan" haqda xəyal edir. Onların indi də Gürcüstana ərazi iddiaları var. Qarabağda məsələni həll edən kimi Cavaxetiya ilə bağlı iddialarını daha da kəskinləşdirəcəklər. Ancaq Azərbaycan XX əsrdəki Azərbaycan deyil. Bu gün Azərbaycan tarixdən dərs almış, dostunu – düşmənini tanıyan bir məmləkətdir. Yaxın bir neçə il ərzində işğal olunmuş əraziləri ermənilərdən azad edəcəyik".
Politoloq vurğulayıb ki, biz ATƏT-in Minsk qrupuna münaqişənin həllinə səy göstərmələri ilə bağlı mövqeyimizi bildirmişik: "Ərazilərimiz işğal olunub, xalqımıza qarşı terror aksiyaları həyata keçirilir. Məgər Rusiya, ABŞ və ya Fransa bu haqsızlığa qarşı susardılarmı? Əmin olsunlar ki, Azərbaycan da susmayacaq. Hər bir onillikdə baş verən siyasi proseslərin öz xüsusiyyətləri var. Bakı artıq mühüm resurslara malikdir".
ABŞ-dan olan siyasi ekspert Piter Teys bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin müşayiəti ilə Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edib: "Lakin bu səfər danışıqlar masasına yeni heç nə gətirməyib". O qeyd edib ki, Azərbaycanın günahsız vətəndaşları və qaçqın və məcburi köçkünlər beynəlxalq birliyin diqqətsizliyi, Ermənistandakı rejimin terrorçu niyyəti və Minsk qrupu həmsədrlərinin tətbiq etdiyi ikili standartlara görə ağrı içərisində yaşayır: "Təəssüf ki, biz yenə Minsk qrupu həmsədrlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfərindən eyni nəticələri eşidirik".
P. Teys əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi dünyanın qanayan yarasıdır və bu ərazilər hər zaman Azərbaycanın ayrılmaz hissəsi olaraq qalacaq. Ekspert sonda vurğulayıb ki, Prezident İlham Əliyev hakimiyyəti Qafqazda sülh və stabilliyə böyük dəstək verir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə bu dəfəki turist səfəri də başa çatdı: "Həmsədrlər Bakıda, İrəvanda və Xankəndidə oldular. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlama onların yerlərində saydıqlarının ən bariz nümunəsidir". Politoloqun sözlərinə görə, həmsədrlər bəyanatda vurğulayıblar ki, "Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq": "Gərginliyi ortadan qaldırmaq sizin vəzifənizdir. Bunun üçün həll planı işə düşməlidir. Bu olmayınca gərginlik əlbəttə ki, azalmayacaq. Həmsədrlər İrəvanda olanda Ermənistan prezident Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan Prezidenti son çıxışında Zəngəzurun və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir. Elə görünür, həmsədrlər ortaq bəyanatlarında "gərginlik azaldılmalıdır" deyərkən bunu nəzərdə tuturmuşlar. Reallıqda "İrəvan və Zəngəzuru geri qaytaracağıq" psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti xülyasını dilə gətirərək deyir ki, "Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq", bu iddiaya qarşı da Azərbaycan Prezidenti Dağlıq Qarabağla yanaşı Ermənistan torpaqlarını da geri almağın zəruriliyini vurğulayır".
Politoloq Fikrət Sadıqov isə diqqətə çatdırıb ki, artıq illərdir ki, regiona səfərlər edən həmsədrlər hər zaman olduğu kimi bu dəfə də fəaliyyətlərini tərəfləri təmkinli olmağa və atəşkəs rejiminin qorunmasına diqqət verməyə səsləməklə bitirmiş oldular: "Lakin əsas məsələ bu deyil. Əsas məsələ işğalçı dövlətin yerini göstərmək, düşmən tərəfə təzyiq edərək onları beynəlxalq hüquq normalarını riayət etməyə məcbur etməkdir".
Politoloqun sözlərinə görə, həmsədrlərin sülhməramlı bəyanatları bəzən Azərbaycan və Ermənistanın bərabərləşdirilməsinə səbəb olur: "Halbuki burada Azərbaycan işğala məruz qalıb və 20 faiz torpaqları düşmən tapdağındadır. Həmsədrlər bunu çox yaxşı dərk etsələr də, əməllərində bunu göstərmirlər. Onların belə bəyanatları müsbət nəticəyə gətirib çıxara bilməz. Əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində real vasitəçidirsə, o zaman həmsədrlər öz funksiyalarını yerinə yetirməklə problemin həllinə dair real təklif və ideyalar irəli sürməlidirlər. Bizim onlardan başqa gözləntimiz yoxdur".
F. Sadıqov qeyd edib ki, həmsədrlərin fəaliyyətlərinin arxasında ikili yanaşma dayanır: "Nədənsə, Avropda hər hansı separatçı bir hərəkət yarandıqda onlar dərhal ayağa qalxaraq bunun qarşısını almağa çalışırlar. Kataloniya hadisələri bunun əyani sübutdur. Digər misal Fransanın özündə Korsika və digər separatçı rejimlərin olmasıdır ki, onların baş qaldırılmasına imkan verilmir. Eyni zamanda İspaniya, Böyük Britaniyada mövcud separatçı rejimlər yerində boğulur. Bütün bunları nəzərə aldıqda, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçi fəaliyyətlərində ikilistandartların mövcud olduğunu görməmək mümkün deyil. Görünür ermənilərin uzun illərdir özlərini yazıq, hər şeydən təcrid olunmuş xalq kimi göstərmək fəaliyyətləri öz nəticəsini verə bilib. Yəqin bu fəaliyyətin nəticəsidir ki, onlara qarşı heç bir addım atılmır".
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində son dövrlər müəyyən dinamikanın müşahidə olunduğunu söyləyən politoloq vurğulayıb ki, artıq aparıcı dövlətlər Azərbaycanın regionda yeri və rolunun nədən ibarət olduğunu başa düşüblər: "90-cı illərin əvvəlləri ilə müqayisə etsək, ölkəmizdə həyata keçirilən güclü beynəlxalq siyasəti nəticəsində artıq Azərbaycanla hesablaşılır, mövqeyi nəzərə alınır. Azərbaycanın dünya ölkələri arasında, yeri və rolu yüksək qiymətləndirilir. Bunu özü tarixi prosesdir. Biz bundan istifadə edərək hücumedici diplomatik addımlarımızı bundan sonra da daha güclü şəkildə atmalıyıq".
F. Sadıqov qeyd edib ki, hazırda Rusiya və Ermənistanda seçki prosesinin keçirildiyini nəzərə alsaq, indiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunması gözləmək düzgün olmaz: "Seçki bütün ölkələr üçün gərgin dövrdür. Bu baxımdan düşünürəm ki, seçkidən əvvəl problemin həlli ilə bağlı böyük müqavilə və saziş imzalanmayacaq. Amma buna baxmayaraq, Azərbaycan öz mövqeyindədir və bütün ölkələrə də bu vəziyyətlə barışmayacağını bildirməkdə davam edir. Biz torpaqlarımızın azad olunması istiqamətində əlimizdən gələni edəcəyik. Bunu həm həmsədrlər, həm Ermənistan, həm də Rusiyanın siyasi xadimləri də yaxşı başa düşür. Onlar anlayır ki, problemin həlli ilə bağlı fəaliyyət nümayiş etdirməlidirlər. Bu baxımdan mənə elə gəlir ki, əsas məsələlər seçkidən sonrakı dövrdə başlanacaq".


Əli