Qarabağ xanlığında kənd təsərrüfatı və aqrar münasibətlər Layihə

Qarabağ xanlığında kənd təsərrüfatı və aqrar münasibətlər

7-ci yazı
Rus qafqazşünasları Kuçayev, Zelinski, Dubrovin, habelə senatorlar Kutaysov, Meçnikov çarizmin işğalçı siyasətinə haqq qazandırmaq məqsədi ilə Azərbaycan xanlıqlarında torpaq üzərində xüsusi mülkiyyətin, adətlərin və qanunların olmadığını iddia edirdilər. S.Zelinski iddia edirdi ki, Qarabağ xanlığının sakinlərində torpaq sahibliyi şüuru yox idi, onlar öz hüquqlarını yalnız torpaqdan götürülən məhsullara aid edirdilər. Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Qarabağ xanlığında istehsal münasibətlərinin öyrənilməsi istehsal üsullarınm tam mənzərəsini bərpa etməyə, həm də xanlıqdakı maddi həyat şəraitinin mənzərəsini yaratmağa imkan verir. M.Mustafayev İ.Stalinin 1917-ci il oktyabr çevrilişinə qədər Bakı istisna olmaqla Azərbaycanda yarımpatriarxal-yanmfeodal münasibətlərin hökm sürdüyü haqqında fikrini əsas götürərək iddia edirdi ki, guya xanlıqlarda, o cümlədən Qarabağ xanlığında yarımpatriarxal-yarımfeodal ibtidai istehsal münasibətləri hökm sürüb. Halbuki tarixi faktlar Qarabağ, eləcə də Azərbaycanın digər xanlıqlarında inkişaf etmiş feodal münasibətlərinin hökm sürdüyünü göstərir. Xanlıqda feodalizmin son inkişaf dövrünə xas olan torpaq mülkiyyəti formaları mövcud idi.
Qarabağ xanlığında xanın siyasi qüdrətinin maddi əsasını böyük torpaq mülkləri və suvarma sistemləri təşkil edirdi. Qarabağ xanının böyük əkin sahələri vardı. Bu torpaqların bir hissəsi xanların qoşqu heyvanları və rəncbərlərin alətləriylə becərilirdi. Xanın məlikarx sahəsi ona ildə 15 min pud taxıl verirdi. Xan mülklərinin bir hissəsini yaxın adamlarına və ona qulluq edən şəxslərə ömürlük istifadə üçün, yaxud irsi mülkiyyətə vermişdi. Bunun əvəzində onlar və onların xidmətçiləri lazım gəldikdə hərbi əməliyyatlara qatılmalı, sahibi olduğu ərazinin əhalisini idarə etməli idilər. Torpaq sahibləri mülkiyyətlərində olan ərazilərdən toplanan vergi və mükəlləfiyyətlərin bir hissəsini özlərinə saxlayırdılar. Bilavasitə xana və onun ailə üzvlərinə məxsus olan torpaqlar "xassə torpaqlar" adlanırdı. Bundan başqa, xan divanının sərəncammda olan torpaqlar mövcud idi ki, bu cür torpaq mülkiyyəti öz sahəsi etibarı ilə bütün başqa torpaq mülkiyyəti formaları arasmda üstün yer tuturdu. Əslində hər iki qeyd olunan torpaq mülkiyyəti forması arasında sədd getdikcə aradan qalxmış, bütövlükdə hamısı xan torpaqları hesab olunurdu.
Qarabağ xanlığı Hindarx kəndində xanın 26 tut bağı və geniş çəltik tarlaları vardı. 1822-ci ildə bu bağlardan 7 tilani batman xalis ipək gəlir əldə edilmişdi. Çəltik tarlalarından alınan məhsulun bir hissəsi rəncbərlərə verildikdən sonra 552 çuval çəltik əldə edilmiş, bunun da 50 çuvalı toxum kimi rəncbərlərə paylanmışdı. Kənddə xanın 2 dəyirmanı (biri işlək, digəri nasaz) vardı. Dəyirman bir ildə xana 15 ruba buğda və 15 çuval arpa gəlir gətirmişdi. Kənddə bütün ləvazimatı ilə birlikdə xana məxsus xış və 3 cüt öküz vardı. Bu xışların icarəyə verilməsindən bir ildə 50 ruba buğda, 32 çuval arpa, 55 çuval dan və 220 batman soğan gəlir götürülmüşdü. Hindarx kəndində xana məxsus bostanlar da becərilirdi və onlara quluq həmin kənddə yaşayan rəncbərlərin öhdəsində idi. Həmin bostanlardan hər il xan mətbəxinə 50 yük qovun və qarpız daxil olurdu.
Hindarx kəndində xan tarlalarının sahəsi böyük olduğu üçün kəndin rəncbərləri bütün sahələri təkbaşına becərmək iqtidarında deyildilər. Buna görə də başqa kəndlərin sakinləri ilin müəyyən günlərində xan üçün işləməli idilər. Beləliklə, Hüsülü oymağının sakinləri ildə iki gün 2 xışla xan tarlalarını şumlayırdılar. Toxumu da həmin kəndlilər səpirdilər. Məhsulu isə xristian kəndlərinin sakinləri 20 dərzdən 3-nü almaq şərti ilə becərirdilər. Xanlıq ləğv olunan dövrdə xanın ailə üzvlərinə məxsus 130 kənd qeydə alınmışdı. Bu kəndlərdə 2264 təsərrüfat (914-ü vergi ödəyən, 1350-si ödəməyən) vardı ki, bu da xanlıqda olan bütün təsərrüfatların (18.563) 12,20 %-ni təşkil edirdi. Uzun müddət İbrahimxəlil xanın vəziri olmuş Mirzə Camal yazırdı: "Yadımdadır, bir dəfə mərhum İbrahimxəlil xanın özünə məxsus olan cütlərini və kotanlarını hesaba salırdılar. Məlum oldu ki, xanın cüt və kotanı bütün Qarabağ əhalisinin cüt və kotanı qədərdir".
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, yuxarıda yalnız xanın ailə üzvlərinə 130 kənd və oymağın məxsus olduğunu və həmin kənd və oymaqlarda 2264 təsərrüfatın qeydə alınması göstərilib. Sözsüz ki, Mehdiqulu xanın qardaş və bacılarına məxsus bu kəndlərin hamısı İbrahim xanın dövründə tək ona məxsus idi. Bu rəqəmə xanlığın ləğvi dövründə bilavasitə Mehdiqulu xanın özünə məxsus 28 kəndi və onlarda yaşayan 546 təsərrüfatı (231-i vergiödəyən, 315-i ödəməyən) və xanlıq işğal olunduqdan sonra Qarabağın komendantı, general Mədətovun zor və hiylə yolu ilə ələ keçirdiyi xan mülkləri və təsərrüfatların - 12 kəndi və 1.245 təsərrüfatı əlavə etsək, İbrahimxəlil xanın hakimiyyətinin axırına yaxın xanm mülkiyyətində ən azı 170 kənd və oymağın, yəni 4055 təsərrüfatın olduğunu söyləyə bilərik ki, bu da xanlıqda olan təsərrüfatların 21,84 %-i təşkil edirdi. Nəzərə alınmalıdır ki, 1805-ci ildə atası ruslar tərəfindən qətlə yetirildikdən sonra Mehdiqulu xan birinci dəfə İrana qaçdıqda onunla birlikdə yüzlərlə kənd və oymaq (minlərlə ailə) da Qarabağı tərk etmiş, sonralar onlar Hacı Ağalar bəy və başqa torpaq sahiblərinin səyi ilə geri dönmüşdülər. Ancaq bu zaman artıq əvvəlki sahiblərinin deyil, onları xaricdən dönməyə sövq etmiş şəxslərin mülkiyyətinə verilmişdilər. Həm də İbrahimxəlil xandan sonra hakimiyyətə gəlmiş Mehdiqulu xan sözügedən mülklərin bir hissəsini müəyyən şəxslərə irsi mülk və iqta şəklində bəxşiş etmişdi.
Mülk torpaqlarını almaq, satmaq, bağışlamaq, vəsiyyət etmək, girov qoymaq olardı. Mülk sahibliyi dövlət qulluğunda deyildi. Mülkün o qədər də geniş yayılmamış forması mülki-xalisə idi. Mülki-xalisə hökmdarın bağışladığı torpaqla yanaşı, əyalətdə torpaqların bəylərə bağışlanması və satılması yolu ilə yaranırdı. Belə mülkləri olan bəylər digər mahallardan və digər xanlıqlardan kəndliləri müxtəlif yollarla bu yerlərə cəlb edib onları həmin torpaqlarda məskunlaşdırırdılar. Bu yolla yaranmış kəndlər bəylərin xüsusi mülkiyyəti olur, onlar el arasında "xalisə" adlanırdı.
Dəyirman və bağlar da mülki-xalisə ola bilərdi. Xalisə mülklərindən xəzinəyə vergi verilmirdi. Mülklərin müəyyən hissəsi xalisə olmadıqda mülk sahibləri xəzinəyə vergi verməli idilər. Xanlıqda bir neçə kəndi, iri mülkləri olan mülkədarlar çox idi. Mülkədarlara məxsus olan kənd xana heç bir vergi vermir və mükəlləfiyyət icra etmirdi, yalnız öz mülkədarlarına qulluq göstərirdi. Mülkədarlar kəndliləri təhkimli vəziyyətinə salmağa çalışırdılar. "Qarabağ əyalətinin təsviri"ndə verilən məlumatdan göründüyü kimi, Vərəndə məliyinin sərəncamında 73 ailə vardı. Feodallar xəzinə mülkiyyətini irsi mülkiyyətə çevirmək istəyirdilər ki, bütün izafi məhsulu mənimsəsinlər.
"Tiyul" sözü türk sözü olub, "kimsəyə verilmiş bir şey", "gəlir verən şey", "gəlir götürmək üçün bağışlanmış şey, yaxud sadəcə gəlir" mənası verir və irsi xarakter daşımırdı. Əksər halda tiyul sahibi öldükdə xanın yeni fərmanı ilə onun mülkiyyət hüquqi varisinə keçirdi. Tiyul mülkləri və onlarda məskunlaşan kəndlilər xan (xəzinə) mülkiyyəti sayılırdı, buna görə də tiyuldar xanın xəbəri və razılığı olmadan tiyulu sata, digərinə verə, bağışlaya bilməzdi. Tiyuldar öldükdə və tiyul onun oğluna keçdikdə xanın yeni fərmanı olmalı idi. Tiyuldar və kovxa xanın onların təsərrüfatına təhkim etdikləri kəndlilərin əməyindən istifadə edirdilər.
Xanlıq dövründə tiyulların mülklərə çevrilməsi meyli vardı. Tiyul forması ilə yanaşı, müqaitə sistemi də geniş yayılmışdı. Feodallar və xidmət adamları - yüzbaşılar, şəxsi bəylər və ayrı- ayrı maaflar müəyyən yerlərdə vergi və mükəlləfiyyətləri topla¬maq və toplanmış pulun, məhsulun müəyyən hissəsini özlərinə saxlamaq hüququ alırdılar. Feodaldan asılı kəndlinin öz şəxsi əməyinə əsaslanan təsərrüfatı və qismən öz şəxsi torpağı vardı. Həyətyanı sahə, bağ¬lar, üzümlüklər, meşə və kollan təmizlədikdən sonra yararlı hala salınmış əkin sahəsi belə torpaqlardan idi. Kəndli bu torpaqlardan istədiyi kimi istifadə (onu satmaq, vəsiyyət etmək və s.) etmək hüququna malik idi.
Xanlıqda dini müəssisələrə məxsus vəqf mülkiyyəti də mövcud idi. "Vəqf" sözü öz əmlakını Allah yolunda ruhani idarələrinə və ya ruhaninin özünə həsr etmək barədə müqavilə deməkdir. Bu müqaviləyə əsasən, mülkiyyət sahibi öz mülkün¬dən istifadə etmək hüququnu idarə, yaxud şəxsin xeyrinə itirirdi. Həmin idarə və şəxsiyyət isə onlara verilmiş əmlakın gəlirindən müəyyən olunmuş xərclər üçün istifadə etməli idi. İslam hüququna görə, vəqf hər hansı bir idarənin, yaxud cəmiyyətin, hətta bir şəxsin xeyrinə mənqul və qeyri-mənqul əmlakın gəlirin¬dən istifadə etmək hüququ verir, lakin onun şəxsi mülkiyyəti olmur, vəqf - Allahın mülkiyyətidir. Bu mülkiyyət forması əsasən bağışlanmalar yolu ilə təşəkkül tapırdı. Bu torpaq¬lardan əldə edilən bütün izafi məhsul ruhanilərin sərəncamına keçirdi. Nəinki torpaq, habelə daş karxanaları, bağlar, dəyir¬manlar və digər təsərrüfat obyektləri də vəqf mülkiyyəti ola bilirdi.
Nadir şahın hakimiyyəti dövründə şiə ruhanilərinin mövqelə¬rini zəiflətmək məqsədilə Azərbaycandakı bir çox vəqf mülkləri müsadirə olunaraq xəzinənin sərəncamına verilmişdi. Yalnız xanlıqlar dövründə vəqf mülkiyyəti əvvəlki əhəmiyyətini bərpa etmişdi. 1768-ci ildə Şuşada tikilmiş Gövhər ağa məscidinin vəqfinə Cavanşir mahalında Qaraçuxa, Maqsudlu, Qubadlı mahalında Eloğlu kəndləri daxil edilmişdi. Bu vəqfə Darğalı kəndində olan Məhəmməd Qulu Taib adlı birisinin mülkündən başqa bütöv kənd, Şıxlı kəndində isə üzüm və meyvə bağları daxil idi.
Elçin Qaliboğlu