1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar Layihə

1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar

Akademik Yaqub Mahmudov: "Daşnak-bolşevik rejimi Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib"


1-ci yazı

Ermənilərin ötən yüzilin əvvəllərindən başlayaraq "Böyük Ermənistan" xülyasını gerçəkləşdirməklə bağlı tarixi Azərbaycan torpaqlarında törətdikləri soyqırımlar onların antiinsani xislətini açıq şəkildə ortaya qoyur. Danılmaz fakt dır ki, I Dünya müharibəsinin gedişində bütün Azərbaycan torpaqlarında, o cümlədən Cənubi Azərbaycanda, həmçinin Şərqi Anadoluda türk əhaliyə qarşı dəhşətli soyqırımları həyata keçirilib, ermənilər Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk əhalidən təmizləyərək "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstəriblər.
S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 1918-ci ilin mart qırğınları barədə araşdırmasında bildirilir ki, o zaman Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş "26 Bakı komissarı" adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxlu sayda yeni faktlar aşkarlanıb. Elmi axtarışlar zamanı ölkəmizin arxivlərində saxlanılan və uzun zaman xalqdan gizlədilmiş sənədlərlə yanaşı, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli və dünyanın digər tədqiqat mərkəzlərindən gətirilən xeyli arxiv sənədi də tədqiqata cəlb olunub: "Həmin sənədlər üzərində aparılan elmi-tədqiqat işlərinin nəticələri təsdiqləyir ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi (Bakı Soveti, sonralar Bakı Xalq Komissarları Soveti) qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. On minlərlə dinc, silahsız türk-müsəlman əhali, Azərbaycan türkləri, ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə bilavasitə Bakı Sovetinin sədri və Qafqaz İşləri üzrə Fövqəladə komissar S.Şaumyan göstəriş verib, bu dəhşətli cinayəti təşkil edib və ona başçılıq edib. Yeni aşkarlanan arxiv sənədləri sübut edir ki, sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən S.Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan "Daşnaksütyun" partiyasının üzvü olub. O, "Daşnaksütyun" partiyasının Bakı Komitəsinin üzvü idi. Üzdə bolşevik olan S.Şaumyan "Daşnaksütyun" partiyasının rəhbərlərindən biri olub. Həmçinin, arxiv sənədində qeyd edildiyi kimi, Şaumyan hələ 1910-cu ildə daşnak partiyası üzvlərinin Bakıya toplanmasına və burada işə düzəldilməsinə yaxından kömək göstərib".
Araşdırmadan məlum olur ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı törətməsini Şaumyan hələ o zaman özü etiraf edib. 1918-ci il mart soyqırımından sonra o, Sovet Rusiyası hökumətinə hesabat verərək qeyd edib ki, Bakı Sovetinin hərbi qüvvələrinə daşnak partiyasının dörd minlik hərbi hissələri cəlb edilib və bu amil milli qırğına gətirib çıxarıb. Şaumyan daha sonra yazırdı: "Biz buna şüurlu şəkildə getdik", çünki azərbaycanlı siyasi qüvvələr "Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər". Beləliklə, əslində Şaumyanın təkcə bu etirafı 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş daşnak quldurlarının son məqsədlərinin nədən ibarət olduğunu çox aydın sübut edir.
Bakıda olduğu kimi, Azərbaycanın digər bölgələrində də soyqırımılar məhz Şaumyanın şəxsi göstərişi ilə həyata keçirilib: "Şamaxıda azərbaycanlılara divan tutmuş Stepan Lalayan (Lalayev) və Tatevos Əmiryan (Əmirov) bilavasitə Şaumyanın tapşırığını həyata keçiriblər. Qubada soyqırımı həyata keçirmiş daşnak cəlladı Hamazasp da bilavasitə Şaumyanın göstərişinə əməl edib. Aparılan tədqiqatlar onu da sübut edir ki, Bakı Sovetinin rəhbərliyi Azərbaycanın qərb bölgələrində soyqırımı həyata keçirən erməni quldur dəstələri ilə, o cümlədən S.Şaumyanın "xalq qəhrəmanı" adlandırdığı Androniklə sıx əlaqə saxlayırdı. Başqa sözlə, Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.
Beləliklə, Sovet tarixşünaslığında bolşevik hakimiyyəti orqanı kimi qələmə verilən Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi. Bütün bunlarla yanaşı, belə bir fakt da nəzərdən qaçırılmamalıdır ki, V.İ.Lenin tərəfindən Qafqaz İşləri üzrə fövqəladə komissar təyin edilən S.Şaumyana, eyni zamanda, Rusiya Xalq Komissarları Sovetinin 1917-ci il 29 dekabr (1918-ci il 11 yanvar) tarixli dekreti ilə Rusiya tərəfindən işğal olunmuş Şərqi Anadoluda "erməni xalq milisi" və "müstəqil erməni dövləti" yaratmaq vəzifəsi də həvalə edilmişdi. Daşnaklar o zaman böyük dövlətlərin, o cümlədən bolşevik Rusiyasının köməyinə arxalanır, Şərqi Anadolunun və Azərbaycanın türk-müsəlman əhalisini kütləvi məhv edərək "Böyük Ermənistan" yaratmağa çalışırdılar. "Daşnaksütyun" partiyasının rəhbərlərindən biri olan S.Şaumyan Bakıda hakimiyyəti ələ keçirdikdən sonra bu bədnam siyasətin həyata keçirilməsində ən real və ən fəal siyasi fiqura çevrilmişdi. Terrorçu və millətçi erməni təşkilatlarının ən ekstremist radikal üzvləri onun ətrafında cəmləşmişdilər. S.Şaumyan və onun öz ətrafına topladığı daşnak qatillərinin əsas məqsədi Azərbaycanın milli-siyasi qüvvələrinin sosial bazası olan türk-müsəlman əhalini tamamilə qırıb bütün Azərbaycanı və Şərqi Anadolunu ələ keçirərək "Böyük Ermənistan" yaratmaq məqamını yetişdirməkdən ibarət idi".
S.Şaumyanın öz ətrafına topladığı və onun başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırımı cinayətini həyata keçirən qatillər kimlər idi? Araşdırmada bildirilir ki, S.Şaumyanın soyqırımı ilə bağlı göstərişlərini yerinə yetirən ən qəddar terrorçu qatillərdən biri Tatevos Əmiryan (Əmirov) idi: "Sovet hakimiyyəti illərində Azərbaycan xalqına yalandan "26 Bakı Komissarı"ndan biri kimi təqdim olunan Tatevos Əmiryan "təcrübəli" terrorçu və daşnak cəlladı idi. O, mənsub olduğu "Daşnaksütyun" partiyasına maliyyə vəsaiti "qazandırmaq" məqsədilə Bakıda oğurluqla, mənzillər yarmaqla, varlı azərbaycanlıların uşaqlarını girov götürüb külli miqdarda pul qoparmaqla məşğul olan oğru-quldur dəstəsinə başçılıq edib. T.Əmiryan təkcə Bakıda deyil, hətta Kiyev şəhərində də bu cür oğurluq əməliyyatlarının əsas təşkilatçısı olub. Yeri gəlmişkən, "Daşnaksütyun" partiyası Osmanlı sultanı II Əbdülhəmidə sui-qəsd təşkil etməyi də məhz T.Əmiryana etibar etmişdi. Bu terror əməliyyatı baş tutmadıqda yenidən Bakıya qaçan Əmiryan oğurluq və quldurluq əməllərini davam etdirib. O, 1918-ci ilin əvvəllərində, yaxınlaşan soyqırımında azərbaycanlılara divan tutmaq məqsədilə, qardaşları Aleksandr və Armenak Əmiryanla birlikdə daşnak süvarilərindən ibarət silahlı dəstə yaradıb. S.Şaumyan "Daşnaksütyun" partiyası qarşısındakı bütün bu "xidmətlərini" nəzərə alaraq T.Əmiryanı və onun süvari dəstəsini Azərbaycan xalqına qarşı soyqırımı əməliyyatına cəlb edib. Şaumyanın göstərişi ilə hərəkət edən, T.Əmiryanın başçılıq etdiyi daşnak süvariləri Bakıda və Şamaxıda dinc azərbaycanlı əhalinin kütləvi məhv edilməsində xüsusi amansızlıq göstərib. T.Əmiryan qardaşları Aleksandr, Armenak və Arsenlə birlikdə 1918-ci ildə dinc azərbaycanlı əhalini kütləvi məhv etmiş qatillərdir".
Stepan Şaumyanın tapşırıqlarını yerinə yetirən ən qəddar soyqırımı qatillərindən biri də Stepan Lalayan (Lalayev) idi: "O, Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin həyata keçirilməsində xüsusi amansızlığı ilə seçilirdi. Şaumyanın göstərişi ilə hərəkət edən daşnak cəlladı S.Lalayan T.Əmiryanla birlikdə 1918-ci ilin mart-aprel aylarında Bakıda və Şamaxıda dinc türk-müsəlman əhaliyə dəhşətli divan tutub. S.Lalayanın "cəza dəstələri" Şamaxının bütün məscidlərini, tarixi abidələrini yerlə-yeksan edib, şəhərin məşhur Cümə məscidini buraya sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırıb".
1918-ci ilin mart-aprel soyqırımlarından çox keçməmiş bu qanlı qırğınları "Vətəndaş müharibəsi" kimi qələmə verənlərə son dərəcə kəskin reaksiya verən N.Nərimanov yazırdı: "Erməni silahlı quldur dəstələrinin müsəlman əhalini vəhşicəsinə məhv etməsini kim vətəndaş müharibəsi adlandıra bilər? Kim deyə bilər ki, erməni silahlı dəstələri Bakıda vətəndaş müharibəsi aparmışlar? ... Tutaq ki, Bakıdakı mart hadisələri vətəndaş müharibəsi idi. Onda bəs bundan sonra Əmirov və Styopa Lalayevin başçılıq etdikləri daşnakların Şamaxıda törətdikləri vəhşilikləri necə adlandıraq?" Şamaxı soyqırımları zamanı şəhərin 40 minlik əhalisinin qaçıb canını qurtara bilməyən hissəsi (o cümlədən tanınmış ziyalılar, ictimai xadimlər, Rusiya Dövlət Dumasının üzvü Məhəmməd Tağı Əliyev və başqaları) ucdantutma məhv edilib. Şamaxının dağıdılıb xarabazara çevrilmiş 58 kəndində 7 mindən çox dinc sakin (o cümlədən 1653 qadın, 965 uşaq) qətlə yetirilib". Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci ildə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar sübut edir ki, Lalayan 1918-ci ilin mart-aprel aylarında Bakı və Şamaxı şəhərlərində erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlara başçılıq edən ən azğın qatillərdən biri olub".

Elçin Qaliboğlu