Rusiya Dağlıq Qarabağ probleminin həllində aktivliyini artıracaq? Layihə

Rusiya Dağlıq Qarabağ probleminin həllində aktivliyini artıracaq?

"Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün səylərinə davam edəcək". Bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiyanın dövlət başçısı Vladimir Putin deyib.
O, həmkarı ilə keçirdiyi görüşdən danışarkən bildirib ki, beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi aparıblar, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsinə toxunublar. "Rusiya Minsk qrupunun həmsədri kimi bu münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün köməyi göstərməyə davam edəcək".
Bundan başqa Rusiya lideri faydalı danışıqlar üçün azərbaycanlı həmkarına təşəkkür edib. "Əminəm ki, əldə edilən razılıqlar Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək, bizim ölkələrimiz və xalqlarımızın rifahı naminə qarşılıqlı əlaqələri inkişaf etdirəcək".
Putin bildirib ki, İlham Əliyevlə danışıqlar konstruktiv və işgüzar atmosferdə keçib. Rusiya və Azərbaycanı bir-birinə sıx dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlər arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır. Aparılan danışıqlar da bu əməkdaşlığın inkişafına yeni təkan verir.
Prezidentlərin görüşündən sonra Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını daha da artıracağı istisna edilmir.
Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Azərbaycan-Rusiya əlaqələri uzun illərə söykənir. İki ölkə arasında mühüm əməkdaşlıq, tərəfdaşlıq münasibətləri hər zaman müsbət istiqamətdə davam etməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, səfər çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr, xüsusilə də dövlət başçıları tərəfindən səsləndirilən fikirlər ölkələr arasında mövcud olan sıx münasibətlərin əsas göstəricisidir: "Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin "Azərbaycan bizim Cənubi Qafqazda strateji tərəfdaşımız, müttəfiqimizdir" fikri ölkələr arasında əməkdaşlığa verilən yüksək dəyər və arzu olunanadır. Çünki Azərbaycanla-Rusiya qonşu dövlət olmaqla yanaşı, iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə qırılmaz əlaqələrə malikdir".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin qorunması üçün əvəzsiz dəyəri var: "Eyni zamanda Prezident İlham Əliyev hər zaman olduğu kimi bu səfər çərçivəsində də ərazi bütövlüyümüzün təmini, torpaqlarımızın uzun illərdir Ermənistanın işğalı altında olması ilə bağlı öz qətiyyətli fikrini ortaya qoydu və bu məsələdə Rusiyanın səylərindən söhbət açıldı".
E.Məmmədov qeyd edib ki, bu gün Ermənistan iqtisadiyyatının 80 faizi Rusiyadan asılı vəziyyətdədir: "Bu gün işğalçı ölkənin hava məkanı, sərhədlərinin xeyli hissəsi Rusiya tərəfindən qorunur, onların təhlükəsizlik, silah-sursat təminatı Rusiya tərəfindən həyata keçirilir. Lakin artıq Rusiya özü də etiraf etdi ki, onların Cənubi Qafqazda yeganə etibarlı tərəfdaşı, sədaqətli müttəfiqi məhz Azərbaycandır. Ümumilikdə bu səfəri yüksək dəyərləndirir, Azərbaycan vətəndaşı olaraq bu səfərdən Dağlıq Qarabağ probleminin ədalətli həlli yolunda mühüm addımlar gözləyirəm".
Deputat əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etməsi orada yaşayan soydaşlarımız üçün də mühümdür: "Bildiyiniz kimi, Rusiyada bizim çoxsaylı vətəndaşlarımız yaşayır, müxtəlif sahələrdə çalışır, fəaliyyət göstərirlər. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı təbii ki, onlar üçün də xüsusi əhəmiyyət kəsb edir".
Politoloq Elxan Şahinoğlunun fikrincə isə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya etdiyi səfərə böyük diqqət var:"Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyinin anonsunu vermişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-ə keçirildi".
Onun sözlərinə görə, Azərbaycanda bu səfərə və onun nəticələrinə bir baxış da vardı:
"Bu baxış Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginliyin olması ilə bağlı yaranmışdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb" – deyənlər buna əsaslanırlar. Ancaq bunun üçün Azərbaycan da nəsə addım atmalıdır. "Nəsə" deyilən addım da Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü sayıla bilərdi. Hətta bu mövzu bir müddət əvvəl müzakirəyə də çıxarıldı və təşkilata üzvlüyün Azərbaycanın xeyrinə olacağı kimi fikirlər səsləndi. Ancaq "kim təminat verə bilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək" sualı da açıq qalırdı".
Politoloq deyib ki, Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını ifadə edib:
"İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı, diqqəti Dağlıq Qarabağa da çəkdi və görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəklərini bildirdi.
Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcəyini bildirdi. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev ayrıca, onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.
Sözsüz ki, prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ məsələsi müzakirə olunub".
Politoloq sonda bildirib ki, Putinin Qarabağla bağlı sözlərində niyyət var, amma qətiyyət yoxdur.
Millət vəkili Musa Qasımlı isə deyib ki, prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri, Prezident Vladimir Putin ilə keçirdiyi görüşlər, müzakirə edilən məsələlər və imzalanan sənədlər böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, iki ölkə arasında münasibətləri bir sıra amillər şərtləndirir: "Azərbaycan və Rusiya qonşudurlar, uzun illər boyu vahid sosial-iqtisadi, siyasi, hərbi, ideoloji sistemdə bir dövlətin tərkibində ittifaq respublikaları olublar. Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus icması vardır. Rus icması üçün bütün şərait yaradılıb. Azərbaycan məktəblərində rus bölməsi fəaliyyət göstərir. Rus dilində qəzetlər, saytlar, radio və televiziya proqramları vardır.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra iki ölkə arasında münasibətlər böyük inkişaf yolunu keçib. Münasibətlərin hüquq-müqavilə bazası, maddi təməlləri formalaşıb. Rusiya Azərbaycan Respublikasının xarici ticarətində mühüm yer tutur. Azərbaycan Respublikası daim Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək əzmində olub. Dövlətlərarası, hökumətlərarası və idarələrarası çoxlu sənədlər imzalanıb. Strateji tərəfdaşlıq münasibətləri yaranıb. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq var. Rusiya Federasiyası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir.
Prezidentin səfəri iki ölkə arasında münasibətlərə yeni dinamizm verəcək. Əməkdaşlıq daha da genişlənəcək. Rusiyada hələ də Ermənistanı müdafiə edən bəzi dairələr və şəxslər başa düşəcəklər ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib ölkə məhz Azərbycan Respublikasıdır. Ermənistan və Rusiyada yaşayan ermənilər isə Rusiyanın ayaqlarının altını qazır, ona arxadan zərbə vururlar.
Rusiyanın böyük dövlət olmasının yolu Azərbaycan Respublikası ilə ən yaxşı münasibətlərdən keçir. Bunun üçün ilk növbədə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etmək və Azərbaycan ərazilərinin işğalı faktını aradan qaldırmaq lazımdır".
Analitik Ehtiram Aşırlı isə deyib ki, prezident İlham Əliyevin sentyabr ayının 1-də Rusiyaya reallaşdırdığı rəsmi səfər onu göstərir ki, Azərbaycan Rusiya ilə olan siyasi, hərbi, iqtisadi və digər sahələrdəki əməkdaşlığa böyük önəm verir.
O bildirib ki, səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə yer verilməsi gözlənilən idi:
"Azərbaycan xarici siyasət kursunun əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Ölkə başçımız xüsusilə, Rusiya və digər ölkələrə reallaşdırdığı səfərlər çərçivəsində ilk olaraq Dağlıq Qarabağ məsələsinə toxunub. Bu görüş zamanı da hər iki ölkə başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə yer verdilər. Xüsusilə, Rusiya dövlət başçısı Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlər səsləndirməsi diqqətəlayiqdir. Rusiya dövlət başçısı Vladimir Putin də çox gözəl başa düşür ki, işğalçı ölkə olan Ermənistan bu münaqişənin həllinə dair konkret addımlar atmaq istəmir və status-kvonun qorunub saxlanılmasına çalışır. Həmçinin Putinin açıqlamasından bunu başa düşə bilərik ki, münaqişənin həllinə dair Rusiya tərəfi səylərini daha da artıracaq və böyük ehtimalla ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyada münaqişənin həllinə dair tez-tez görüşlər keçiriləcək".
Analitik vurğulayıb ki, İlham Əliyevin açıqlamaları Bakının hər zaman Rusiya ilə olan hərbi-texniki əməkdaşlığa önəm verdiyini göstərdi:
"Azərbaycan Prezidentini iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq sahəsindəki əlaqələrə də toxunub. Yaxın gələcəkdə bu əməkdaşlıq daha da inkişaf etdiriləcəkdir. Xüsusilə, yeni texnikaların və silahların alınması bərədə iki ölkə arasında müəyyən razılıqlar əldə oluna bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putini ölkəmizə rəsmi səfərə dəvət etdi və ehtimal olunur ki, bu səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığa dair yeni anlaşmalara imza atıla bilər".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Cavid