“Güc tətbiq olunmasa Ermənistan və erməni elitası reallığa qayıtmayacaq” Layihə

“Güc tətbiq olunmasa Ermənistan və erməni elitası reallığa qayıtmayacaq”

Tofiq Zülfüqarov: "Bu qüvvələrin ambisiyaları Rusiyanın onların təhlükəsizliyinə təminat verməsi ilə bağlıdır"



Bütün dünyaya, eyni zamanda, Azərbaycan ictimaiyyətinə bəllidir ki, Qarabağ probleminin sülh yolu ilə həlli Rusiyadan asılıdır. Əgər Rusiya Ermənistana dəstək verməsə Azərbaycan öz torpaqlarını qısa müddətdə işğaldan azad edə bilər. Hazırda geosiyasi vəziyyət və bölgədə baş verən proseslər nə vəd edir? Ermənistan Rusiya üçün əhəmiyyətini nə qədər saxlayır və yaxın perspektivdə Rusiya Ermənistandan imtina edə bilərmi?
Rusiyalı hərbi ekspert Pavel Felgenhauer son dövrlərdə İdlibdə baş verənlərdən Ermənistanın olduqca narahatlığını və gələcəkdə bunun Cənubi Qafqazda proseslərə təsir edə biləcəyini deyib. Hərbi ekspert Türkiyə ilə Rusiyanın İdlib məsələsində razılığa gəlməsini ən çox rəsmi İrəvanın istəmədiyini diqqətə çatdırıb. İrəvan Moskvanı inandırmağa çalır ki, Suriyada Türkiyə ilə kompromisə gedilməsi gələcəkdə Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxaracaq. Bu isə erməniləri böyük təhlükə altında qoyur.
Pavel Felgenhauer Türkiyənin gələcəkdə Naxçıvanda hərbi baza qurmaq istəyinin olduğunu da vurğulayıb: "Hələ ki, Ankara Naxçıvanda hərbi baza qurmağa tələsmir. Lakin böyük bir ehtimal var ki, Türkiyə ilə Suriyada işbirliyi üçün Kreml ona Naxçıvanda baza yaradılmasına razılıq versin. Bundan sonra isə Suriyada Türkiyənin tam dəstəyi üçün Putin Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə və bununla da Ermənistanı qurban verə bilər".
Bu məsələnin bir qədər qəliz olduğunu deyən hərbi ekspert onun mümkünlüyünü də istisna etməyib. "Türkiyə zaman keçdikcə Qərbdən daha çox üz döndərir. Bu da onu Rusiyanın başçılığı altındakı cəbhəyə daha da yaxınlaşdırır. ABŞ-ın bu dövlətlərə dollar təzyiqi davam edərsə, hər iki dövlət daha da yaxınlaşacaq ki, bu da rəsmi İrəvanın heç bir halda maraqlarına cavab vermir. Bu yaxınlaşma daha çox Azərbaycanın xeyrinədir".
Rəsmi Moskva ilə İrəvan arasında münasiibətlərə toxunan Pavel Felgenhauer son dövrlərdə bu əlaqələrin heç də ürəkaçan olmadığını diqqətə çatdırıb: "Rusiya ilə Ermənistan arasındakı münasibətlər hələ ki, normaldır. Lakin bu, hər an dəyişə bilər. Tam qırılma anına hələ çox var. Bir şeyi qeyd edim ki, Kreml Paşinyan hakimiyyətindən narazıdır, ancaq Ermənistanı itirmək hələ ki, sərfəli deyil. Qarabağda konfliktin alovlanması rəsmi Moskvanın maraqlarına cavab vermir. Çünki ortada Suriya və İdlib məsələsi var. Lakin bu konfliktlər davamlı deyil. Hazırki vəziyyətdə Qarabağ münaqişəsində Moskva və İrəvanın maraqları üst-üstə düşür". Rusiyal ekspert Ermənistanın Suriyaya humanitar yardım göndərməsini Moskvanın simpatiyasını qazanmaq üçün "siyasi jest" kimi qiymətləndirir.
Politoloq Tofiq Zülfüqarov isə bildirib ki, Qondarma Dağlıq Qarabağ Respublikası heç bir legitimliyi olmayan, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir qurumdur:"Hamımız başa düşürük ki, qərarlar İrəvanda qəbul olunur və Ermənistan rəhbərliyi 20 il bundan qabaq bunu etiraf edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı məsuliyyəti öz boynuna götürüb və 20 ildir danışıqlarda iştirak edir. Paşinyanın siyasi taktikası bundan ibarətdir ki, camaat meydana yığışanda insanların müsbət rəyini qazanmaq üçün populist bəyanatlar verir və bununla da siyasətini həyata keçirmək məqsədi güdür. Bu isə mümkün deyil. Siyasətin öz reallıqları var. Paşinyanın başqa bir bəyanatına diqqət yetirək. O, 2 ay bundan qabaq müharibə təhlükəsi varkən, Rusiyanın Azərbaycana Ermənistanla müharibəyə imkan verəcəyinə inanmadığı söyləmişdi. Rusiyaya gedəndə münasibətlərin əsas kriteriyası ondan ibarət idi ki, daxili işlərimizə heç kəs qarışmasın. Bir tərəfdən Rusiyadan təhlükəsizliyin təminatını tələb edir, o biri tərəfdən deyir ki, Moskva İrəvanın daxili işlərinə qarışmasın. Belə ziddiyyətlər çoxdur. Bu isə onu göstərir ki, Paşinyan hakimiyyəti ələ keçirib, amma Qarabağ konfliktinin mahiyyətini, vəziyyətin nə yerdə olduğunu axıradək dərk eləmir. Sadəcə olaraq meydanda təkrarladığı şüarları indi də siyasi səhnədə səsləndirir. Bu, ilk növbədə Ermənistanın problemidir. Azərbaycan artıq öz mövqeyini bildirib, məsələnin siyasi yolla həll edilməsinə cəhd göstəririk. Ermənistan tərəfi açıq şəkildə bundan imtina edib beynəlxalq ictimaiyyətə bunu çatdırırsa, hesab edirəm ki, bu cür addımlar Azərbaycanın xeyrinədir. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibinə bildirdi ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır və belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək".
Onun sözlərinə görə, müstəqillik qazanandan sonra Ermənistan siyasəti ölkəni ciddi böhrana məruz qoyub: "Ölkədə həm iqtisadi, həm siyasi, həm də demokrafiq və hərbi böhran hökm sürür. Cəmiyyətin içində də çoxdan yaranan və indi kəskin forma alan böhran mövcuddur. İrəvan erməniləri ilə gəlmələr, yəni işğal olunmuş ərazilərdən gələn ermənilər tarix boyu bir-birini tanımayıblar və müxtəlif alçaldıcı adlar qoyublar. Dağlıq Qarabağdan çıxan ermənilər 20 ildir Ermənistanda hakimiyyəti zəbt ediblər və demək olar ki, bütün sərvətləri istismar ediblər. Bu baxımdan bu konflikt çoxdan mövcud idi, indiki mərhələdə daha da kəskinləşib. Paşinyanın siyasi hakimiyyətə gəlməsinin birinci səbəbi ondan ibarətdir ki, İrəvan erməniləri gəlmələrə qarşı öz qəzəb və nifrətini ifadə edərək, onları siyasi səhnədən çıxarmaq istəyirdilər və buna nail oldular. İndi digər cərgə formalaşıb və özlərinə siyasi rəhbər seçiblər, bu da Köçəryandır. Köçəryan və ya digər birisi olsa da, bu böhran davam edəcək. Bu böhranın nəticələrinin nədən ibarət olacağını söyləmək çətindir. Bir şeyi qeyd etmək lazımdır ki, bu böhran və qarşıdurma uzun müddət olacaq və onun Ermənistan üçün təhlükəsi böyükdür. Çünki qarşıdurma Ermənistanı tam uçuruma apara bilər. Ciddi cəbhəyə bölünmə göz qabağındadır. Biz bu prosesləri diqqətlə izləyib məqamında öz xeyrimizə lazımi addımlar atmalıyıq. Elə vaxt seçməliyik ki, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası az itki tələb etsin. Güc tətbiq olunmasa Ermənistan və erməni elitası reallığa qayıtmayacaq. Bu qüvvələrin ambisiyaları, radikal mövqeləri Rusiyanın onların təhlükəsizliyinə təminat verməsi ilə bağlıdır. Bu istiqamətdə də böhranın ciddi olduğunu görürük. Paşinyanın ziddiyyətli bəyanatları da bunu göstərir. Qısa müddətdə Rusiya Ermənistandan gedəcək. Onlar bəzən Ermənistanı "qulpsuz çemodan" adlandırırlar. Yəni qulpsuz, lazımsız yükdən azad olacaqlar. Siyasi reallıq bunu göstərir".
Politoloqun fikirncə, yenə də Paşinyanın tarixçəsinə qayıtsaq, o hesab edir ki, meydanlarda adət elədiyi populist bəyanatlarını, konsepsiyalarını xarici səfərlərdə də kiməsə çatdırıb təbliğ edə bilər: "Bu, bir az sadəlövh yanaşmadır. Çünki Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nədən ibarət olduğunu bəlkə də Paşinyandan daha yaxşı bilir. Təsəvvür edin ki, təcrübəli siyasətçinin qarşısına təcrübəsiz siyasətçi gəlir və durmadan öz mövqeyini bildirir. Təbii ki, çox qəribə mənzərədir. Kadrlarda da görünür ki, Putin Paşinyanın bu qəribə davranışlarına ona uyğun reaksiya verir. Zəif, balaca ölkənin nümayəndəsinin təhlükəsizlik və digər məsələlər barədə onunla birbaşa bağlı olan ölkənin rəhbərinə təkidlə söylədinin şahidi olduq. Əksinə Paşinyan ayrı mövqe tutmalı idi, bəzi şeyləri soruşub addımlarına münasibətin necə olduğuna nəzər yetirməli idi. Ona görə də Paşinyanın Moskva səfəri uğursuz oldu. Ayrı cür ola da bilməzdi. Paşinyanın siyasi məntiqi bu tezislərdən ibarət idi. Bunlarla Rusiyaya gedib hansısa müsbət nəticə ilə qayıtmaq mümkün olan şey deyildi".
Ekspert həmçinin Ermənistanda baş tutacaq növbədənkənar seçkilərə də toxunub: "Qarabağ klanı ilə qarşıdurmanı nəzərə alsaq, bu, birbaşa siyasi proseslərə də öz təsirini göstərəcək və bu səhnədə toqquşmanın olacağını proqnozlaşdırıram. Konstitusiya dəyişikliklərinə əsasən, effektiv hakimiyyətin olması üçün parlament çoxluğu da şərtdir. Çünki anormal bir vəziyyət yaranıb. Konstitusiyaya görə, baş nazir parlament tərəfindən seçilir, amma parlamentdə onun tərəfdarları azdır. Bu baxımdan absurd vəziyyət var. Bu da onu göstərir ki, Ermənistanın siyasi strukturu və qurumların fəaliyyəti çox süni şəkildədir. Bu da təhlükə zonasıdır. Əminəm ki, Paşinyanın tərəfdarları çoxluğun səsini qazanacaq. Amma bu, heç də o demək deyil ki, Köçəryan öz tərəfdalarını prosesə cəlb edib hansısa addım atmayacaq. Nisbi balans olacaq. İctimaiyyət tərəfindən Paşinyanın dəstəyi çoxdur, amma Qarabağ klanı hüquq-mühafizə orqanlarında, orduda güclü mövqeyə malikdir. Onlar ciddi rəqabət yarada bilərlər. Situasiya onu deməyə əsas verir ki, konflikt uzun müddət davam edəcək".

Əli