İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə Layihə

İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə

14-cü yazı
İrəvan qalasının şah qoşunu tərəfindən mühasirəyə alındığı bu ağır vaxtda rus qoşunu P.D.Sisianovun komandanlığı altında hücuma keçdi. Beləliklə, birinci İrəvan müharibəsi başladı. Birinci mərhələ Abbas Mirzənin başçılığı ilə şah qoşunlarının İrəvan xanlığına hücumu ilə başlamışdı. Qacar İranına tabe olmaq istəməyən irəvanlılar xan başda olmaqla İrəvan qalasına sığınaraq şah qoşununa güclü müqavimət göstərmişdi. Bu mərhələ yuxarıda işıqlandırılmışdı.
İkinci mərhələ isə rus qoşunlarının hücumu ilə davam etmişdi. Mənbələrin təhlili göstərir ki, 1) döyüşün ilk günlərində İrəvan xanı hər iki tərəf arasında gedən döyüşdən yararlanaraq gözləmə mövqeyi tutmuşdu; 2) hər iki tərəf müxtəlif məzmunlu (hədə-qorxu, şirnikləndirici və s.) məktub yazaraq İrəvan xanını öz tərəfinə çəkməyə cəhd etmişdi; 3) Məhəmməd xan hər iki tərəfi narazı salmamaq üçün bitərəf mövqe tutmuşdu; 4) döyüşün gedişində İrəvan xanı şah hökuməti ilə barışaraq, rus qoşununa qarşı vuruşsa da, bu hökumətə etibar etməmişdi. Hətta şahzadə başda olmaqla şah qoşununu qalaya buraxmamışdı.
Bu bir daha sübut edir ki, Məhəmməd xan daima xanlığın müstəqilliyini qorumağa çalışmışdı. 1804-cü ilin mayında P.D.Sisianovun əmrinə əsasən, Qafqaz qrenador, muşketyor və 9-cu yeger və narva draqun alayı Tiflisdə hazır vəziyyətə gətirildi. İlk öncə rus qoşunlarının ön dəstəsi olan qafqaz qrenador alayı general-mayor Tuçkovun komandanlığı altında İrəvan xanlığının mahalı olan Şuragölə hücum etdi. General mayor Tuçkovun dəstəsinə Loridə yerləşən tiflis qrenador batalyonu və Pəmbəkdə yerləşən muşketyor batalyonu qoşuldu. Bütünlüklə general-mayor Tuçkovun komandanlığı altında 8 topu olan 1800 piyada qoşunu və ona qoşulmuş general-mayor Leontevin kazak və gürcülərdən ibarət dəstəsi var idi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmsında bildirilir ki, rus qoşunlarının hücuma keçdiyini eşidən şuragöllülər evlərini başlı başına buraxaraq xanlığın içərisinə sığındılar. Heç bir müqavimətə rast gəlməyən rus qoşunu Şuragölü ələ keçirərək Gümriyə yaxınlaşdı. Nasir Nəcmi yazır ki, "İrəvan xanının xəyanətindən bərk həyacanlanmış və qəzəblənmiş Abbas Mirzə Qacar Dəvəllu tayfasından ləyaqətli sərkərdə Mehdiqulu xana tapşırıq vermişdi ki, altı min atlı dəstə ilə Qarsa doğru hərəkət edib, İrəvan valisinin köçürtdüyü irəvanlıları tezliklə İrəvana qaytarsın. Mehdiqulu xan sürətlə hərəkət edib köçürülmüş bütün irəvanlıları mal-qaraları ilə birlikdə öz himayəsi altına alır..."
Bu əməliyyatdan sonra 8 minlik şah qoşununa rəhbərlik edən Mehdiqulu xan Gümrü yaxınlığında yerləşən Qarakilsə kəndində dayandı. Şah qoşunu burada rus qoşunu ilə üz-yzə gəldi. N.Nəcmi səhv olaraq Mehdiqulu xanın dəstəsinin guya İrəvan valisi Məhəmməd xana yardım etmək üçün tələsən P.D.Sisiyanovun 20 min piyada, 6 min atlı dəstəyə və 30 topa malik rus qoşununa rast gəldiyini yazır. Əslində şah qoşunu general mayor Tuçkovun başçılığı ilə rus qoşunlarının ön dəstəsinə rast gəlmişdi. Bir-biri ilə üz-üzə gələn tərəflər arasında qanlı döyüş başladı. Mehdiqulu xanın dəstəsi güclü müqavimət göstərsə də, rusların top atəşi qarşısında davam gətirə bilməyərək geri çəkildi. Döyüşdə qalib gələn general-mayor Tuçkovun dəstəsi iyunun 12-də Gümrüyə daxil oldu. Baş vermiş döyüşdə şah qoşunundan 100 nəfər ölmüş, 100 nəfər isə əsir düşmüşdü. Bundan əlavə, boş qalmış şah qoşunlarının düşərgəsindən çoxlu ərzaq və digər ehtiyatlar ələ keçirilmişdi. İrəvandan Qarsa köçmək istəyən iki minə qədər ailə yolda ikən rus qoşunu tərəfindən geri qaytarılaraq Loridə yerləşdirildi.
İyunun 14-də P.D.Sisianovun komandanlığı altında rus qoşununun əsas qüvvələri Gümrüdə general mayor Tuçkovun dəstəsi ilə birləşdi. Ümumi rus qoşunlarının sayı belə idi: piyada- 1100 nəfərdən ibarət 3 batalyon qafqaz qranador alayı, 650 nəfərdən ibarət 2 batalyon tiflis muşketyor alayı, 1200 nəfərdən ibarət 2 batalyon saratov muşketyor alayı, 400 nəfərdən ibarət 2 batalyon 9-cu yeger alayı. Piyadaların ümumi sayı 3350 nəfər təşkil edirdi. Süvarilər isə 300 nəfərdən ibarət üç eskadron narva draqun alayından, 350 kazak və 370 gürcü dəstəsindən ibarət idi. General-mayor Tuçkovun dəstəsindən əlavə, S.D.Sisianovun 20 səhra topa malik 4370 əsgəri var idi. General mayor Tuçkovun dəstəsi bura əlavə edilsə bütünlükdə rus qoşunlarının ümumi sayı 28 səhra topundan, 6170 əsgərdən ibarət olmuşdu. Sonradan Xoylu Cəfərqulu xanın 200 nəfərdən ibarət dəstəsi də rus qoşununa qoşulmuşdu.
Bundan əlavə, P.D.Sisiyanov bu yürüşdə İrəvan ermənilərindən kömək alacağına ümid edirdi. Bu hadisələrdə ermənilərin xəyanətkar fəaliyyəti haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşərdi. Kartli-Kaxetiya Rusiyaya birləşdirildikdən sonra İrəvan erməniləri açıqdan-açığa özlərini rusların tərəfdarları kimi göstərməyə başlamışdılar. Onların nümayəndələri rus komandanlığı ilə əlaqə yaradaraq İrəvanda baş verən siyasi hadisələrlə onları məlumatlandırırdı. Mülkü müşavir Kovalenski çara göndərdiyi məlumatda ermənilər haqqında yazırdı: "Xanın (Məhəmməd xanın-E.Q.) yanındakı erməni məmurlarından biri, İrəvan ermənilərinin başçısı məlik Avram xanın və xalqın dərin hörmətini qazanmışdı. Şübhə yoxdur ki, mənim onunla yazışmamdan sonra məlum oldu ki, nəinki o, həmçinin bütün ermənilər Rusiyaya meyllidirlər". Hətta P.D.Sisianov da çara göndərdiyi məlumatda "yerli erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd etdiklərini" yazırdı. Lakin rus qoşunlarının başçısı sonradan ermənilərə bel bağlamaqda yanıldığını başa düşmüşdü. O, İrəvanda rus qoşununlarının məğlubiyyətinin əsas səbəbini ermənilərin yalan məlumatlarında görürdü. Məsələn, 1805-ci il avqustun 15-də erməni yüzbaşı Qabrielin Qarakilsədən baş komandana göndərdiyi məktubunda İrəvanda baş verən hadisələr haqqında məlumat verərək yazırdı ki, Məhəmməd xan şah tərəfindən hakimiyyətdən devrildikdən sonra xan təyin olunan Mehdiqulu xanın ərzaq ehtiyatı yoxdur və qoşun onun sözünə baxmır. O, P.D.Sisianova məsləhət görürdü ki, nə qədər ki, onlar ərzaq ehtiyatı toplamayıb, tezliklə bura qoşun göndərsin və İrəvanı işğal etsin. Daha sonra o, bildiridi ki, guya naxçıvanlı Kəlbəli xan Rusiya himayəsini qəbul edəcəyinə söz verib. P.D.Sisianov 1805-ci il avqustun 26-da məlik Avrama və yüzbaşı Qabrielə göndərdiyi məktubda erməniləri "yalançı", "vəfasız", "müftəxor" və "xain" adlandırırdı. Ermənilər yalan məlumatlar verməklə rus qoşunlarını İrəvana cəlb etmək istəyirdilər.
Gümrüdə bir neçə gün qaldıqdan sonra rus qoşunu iyunun 15-də Eçmiədzin kilsəsinə doğru hərəkət etdi. P.D.Sisianov kilsəni ələ keçirərək burada yerləşməklə Məhəmməd xanla danışıqlar aparmaq istəyirdi. Məhəmməd xan isə ruslardan kömək almaq ümidini itirməmişdi. O, Gümrüdə olarkən P.D.Sisianova son dəfə olaraq kömək üçün müraciət etdi. Lakin baş komandan xana təhqiredici məktub göndərərək, ondan İrəvan qalasının açarlarını təhvil verilməsini tələb etmiş, əks halda Cavad xanın aqibətinin onun da yaşayacağı ilə hədələmişdi. İrəvan xanı isə yaxın adamları vasitəsilə rus qoşununun sayca az olduğunu bildikdən sonra onlardan kömək almaq ümidini itirdi. Lakin Eçmiədzin kilsəsi şah qoşunu tərəfindən tutulmuş, burada 400 nəfərlik dəstə yerləşdirilmişdi. Bundan xəbəri olmayan rus qoşunu iyunun 19-da kilsənin 8 verstliyində olan zaman şahın qoşunu onları aldatmaq üçün hiyləyə əl atır. Kilsə zəngləri aramsız çalınmağa başladı. Rus komandanlığı elə bilir ki, bu onları təntənəli surətdə qarşılamaq üçün bir işarədir. P.D.Sisianovun əmrinə əsasən, general-mayor Portnyaginin başçılığı ilə gürcü və kazaklardan ibarət ön dəstə oraya tələsir. Lakin onlar kilsəyə yaxınlaşan vaxt şah qoşunu tüfəng və falkonetlərdən (dəvə üstündə yerləşdirilmiş kiçik çaplı top-E.Q.) rus dəstələrini atəşə tutdular. Qəflətən yaxalanmış general mayor Portnyaginin dəstəsi döyüşə girmək məcburiyyətində qalır. Lakin onların bu cəhdi heç bir nəticə vermədi. Əsas qüvvələrlə Eçmiədzin kilsəsinə yaxınlaşan P.D.Sisianov qoşunun uzun və çətin yol gəldiyinə görə, həmin gün kilsə yaxınlığında düşərgə salaraq, onun işğalını səhəri günə saxladı.
1804-cü il iyunun 20-də səhər tezdən Abbas Mirzənin komandanlığı altında 12 minlik şah qoşunu rus qoşunları üzərinə hücuma keçdi. Beləliklə, Eçmiədzin kilsəsi uğrunda döyüş başladı. Şahzadənin qoşunu çox olmasına baxmayaraq, həmin dövr üçün dəhşətli olan rus artilleriyasının güclü atəşi nəticəsində onun qoşunu pərən-pərən oldu. Lakin beş günə qədər davam edən döyüş nəticəsində rus qoşunu çox pis vəziyyətə düşdü. Rus artilleriyasından ehtiyat edən şah qoşunu qəfl və gözlənilməz hücum taktikası seçərək rus qoşununu ərzaq və susuz qoymuşdu. Onlar hücum edərək bir neçə alayın çadırını, yük və ərzaq arabalarını özləri ilə aparmışdı. Eçmiədzin kilsəsini tuta bilməyəcəyini hiss edən P.D.Sisianov iyunun 26-da oranı tərk edərək İrəvan şəhərinə doğru hərəkət etdi. Kilsə uğrunda döyüş rus qoşununa çox baha başa gəldi. Bu döyüşdə onlardan 51 nəfər ölmüş, 104 nəfər yaralanmış və xeyli əsir şah qoşunu tərəfindən ələ keçirilmişdi.
Bu vaxt Abbas Mirzə İrəvandan 8 verst aralıda düşərgə salmışdı. P.D.Sisianov şah qoşunlarının əsas qüvvəsinin yerləşdiyi bu düşərgəyə zərbə endirməklə məqsədinə nail olmaq istəyirdi. İlk əvvəl Zəngi çayı üzərində yerləşən Qəmərli kəndini ələ keçirmək lazım idi. Çünki çaydan keçmək üçün yeganə bərə burada yerləşirdi. Polkovnik Çexanovskinin başçılığı ilə 9-cu yeger alayı kəndə hücum edərək bərəni ələ keçirdi. Bu döyüşdə ruslardan 12 nəfər ölən və 20 nəfər yaralanan olmuşdu.
Qəmərli kəndini ələ keçirən rus qoşunu iyunun 26-dan 30-a qədər burada müdafiə mövqeyi yaradır. Bu vaxt kilsdə yerləşən şah qoşun dəstəsi rus qoşunlarının İrəvana doğru irəlilədiyini görərək buranı tərk etdi. Bir erməni keşişi rus komandanlığına bu haqda məlumat gətirmişdi. P.D.Sisianovun əmrinə əsasən, iki alay oraya göndərilərək döyüşsüz kilsəni ələ keçirdi.

Elçin Qaliboğlu