Özünüidarəetmə sistemində azadlıq Layihə

Özünüidarəetmə sistemində azadlıq

"Yerli özünüidarəetmə olmadan nə vətəndaş cəmiyyətinin formalaşması, nə də şəxsiyyətin hüquq və azadlıqlarının təminatı mümkündür"

Demokratik dövlətin mövcudluğu inkişaf etmiş vətəndaş cəmiyyətinə əsaslanır. Bu baxımdan şəxsiyyətin yerli özünüidarəetmə sistemindəki vəziyyətinə müvafiq olaraq, insanın və vətəndaşın bələdiyyələrlə münasibətlərinin özünəməxsusluqlarının ayırd edilməsi vacib yer tutur.
Yerli özünüidarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən muxtariyyətin verilməsidir. Burada yerli kollektivin marağı öz işlərinin həlli zamanı ona müstəqil davranmaq imkanı verməklə təmin edilir. Yerli özünüidarəetmənin daxili qarşılıqlı əlaqəsinin və asılılığının insan hüquqları müstəvisində təhlili bu yanaşmanın xüsusiyyəti kimi qiymətləndirilə bilər.
Hüquqşünas Aygün Həsənovanın sözlərinə görə, bununla əlaqədar şəxsiyyətin bələdiyyə hakimiyyəti ilə (yerli özünüidarəetmə sahəsində) qarşılıqlı münasibətlərinin əsası kimi vətəndaşların bələdiyyə hüquq və azadlıqları konsepsiyası təklif olunur. İnsanın cəmiyyətdə və dövlətdə vəziyyəti və insan şəxsiyyətinin azadlığının təmin olunması istənilən cəmiyyətin və dövlətin konstitusion inkişafının özəyini təşkil edən məsələlərdəndir: "Bəşəriyyətin konstitusion tarixi insanın cəmiyyətlə və dövlətlə qarşılıqlı əlaqəsinin azadlıq və bərabərlik ideyalarının formalaşması və inkişafı, o cümlədən hüquq və qanun vasitəsilə onların həyata keçirilməsi tarixidir.
İnsanın cəmiyyətdə və dövlətdə sosial və hüquqi vəziyyətinin mahiyyətini əhatə edən azadlıq kateqoriyası ictimai münasibətlərin vacib keyfiyyət göstəricisidir. Belə yanaşma ölkədə demokratiya institutlarına vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşmasının müasir proseslərinə baxışların qanunauyğunluqlarını aşkarlamağa imkan verir.
Azadlıqla müqayisədə cəmiyyətin demokratikliyini, əhalinin özünütəşkili səviyyəsini, dövlət hakimiyyətinin fəaliyyətinin səmərəliliyini səciyyələndirən institutlar və kateqoriyalar ikinci dərəcəli və törəmə kimi çıxış edirlər".
Hüquqşünasın fikrincə, fərdin azadlığının demokratiya institutlarının və xalq özünüidarəetməsinin siyasi və iqtisadi institutlarına keçidi bir sıra zəruri sosial və hüquqi şərtlərin məcmusunun mövcudluğu şəraitində baş verir. Bu faktorların məcmusu həm şəxsiyyətin özünə, onun azadlığının inkişafının fərdi, həm də insan varlığının sosial və kollektiv formalarına aiddir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azadlıq fərdi və kollektiv subyektlərin öz maraqlarına müvafiq, dərk olunmuş zərurətlə uzlaşdırılma fenomeni olaraq insanların davranışını tənzimləyən sosial faktor kimi çıxış edir. Ümumi metodoloji yanaşmaya əsasən, azadlıq kateqoriyasının hüquqi əhəmiyyəti ən azı üç səviyyədə təzahür edir: "Birincisi, iradənin azadlığı. Burada iradə azadlığı insanın şəxsiyyət əlamətləri olan öz fərdiliyini dərk etməsinin, zəkalılığının, məsuliyyətinin inteqral əsası qismində çıxış edir. İradə azadlığı şəxsiyyətin bioloji və sosial keyfiyyətlərini əhatə edir, onun sosial istiqamətlənməsinin genetik əsasını formalaşdırır. Bu halda şəxsiyyət hakimiyyət və tabeçilik, istehsal və bölgü real münasibətlərinin həm subyekti, həm də obyekti qismində çıxış edir. İradə azadlığı olmadan fərdin azadlığı ümumiyyətlə mümkünsüzdür.
İkincisi, insanın statusunun göstəricisi olan azadlıq, yəni şəxsiyyətin azadlığı ilə əhalinin özünüidarəetməsi arasındakı əlaqələrin səviyyəsini əks etdirən azadlıqdır. Burada insan fərdiliyini dərk etməkdən, öz həyatının və şəxsiyyətinin sahibi olmaqdan başqa özünün sosial mövcudluğunu kollektivə bütövlükdə cəmiyyətə təqdim edir, onlarla müəyyən prinsiplər üzrə münasibət qurur. Bu halda azadlıq kateqoriyasında nəinki şəxsiyyətin özünü dərk etməsi, həm də təbiətin qanunlarının və insan cəmiyyətinin inkişaf qanunauyğunluqlarının bütövlükdə qavranılması əksini tapır. Bu azadlıq təzahürü sanki məhdudiyyət və qadağalar vasitəsilə formalaşdırılır. Çünki onun nəzəri əsası kimi insanın təbii hüquqlarından birinin, "bərabərlik hüququnun" olmasını müəyyənləşdirən liberal doktrina çıxış edir.
Şəxsiyyətin üçüncü səviyyəli azadlığı onun fəaliyyət azadlığını səciyyələndirir. Bu halda o, sərbəst, asılılığı olmayan şəxsiyyət olmaqla yanaşı, fəaliyyətdə olan subyekt kimi mövcud olur. Bu zaman şəxsiyyətin azadlığı aktiv davranışın müxtəlif variantlarının seçilməsində geniş imkanlar nəzərdə tutur. Hüquqi müstəvidə bu ictimai münasibətlərin pozitiv normativ tənzimlənməsi metodunda reallaşır. Bu azadlıq səviyyəsi sanki mükafatlandırma və güzəştlər vasitəsilə hasil olur və kollektivizm ideologiyasına uyğunlaşır. Vətəndaşa, o cümlədən ictimai dövlət və yerli işlərin idarə olunmasında iştirakla bağlı hüquqlar və azadlıqlar təqdim etməklə, həmin metod demokratiyanın sosial-siyasi və iqtisadi institutlarına həm ümumdövlət, həm də yerli bələdiyyə miqyasında normativ məzmun verir, cəmiyyətdə özünüidarəetmə başlanğıclarının daha konkret formalaşmasını təmin edir".
Azadlığın müvafiq səviyyələrinin əhalinin özünütənzimləmə, özünütəşkiletmə münasibətlərinin təşəkkülü və onların sonrakı hüquqi formalaşması prosesində uzlaşması, bir tərəfdən, şəxsiyyətin muxtariyyətinin, özünüidarəetmə prosesində onun ali dəyər kimi əhəmiyyətini əks etdirməyə, digər tərəfdən isə azadlığın cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinə daxil edilməsinə imkan verir.
Azadlıq iqtisadiyyatın, sosial inkişafın, ictimai münasibətlərin bütün sisteminin başlıca prinsipi olmalıdır. O, istənilən demokratik təşkil olunmuş cəmiyyətin və dövlətin konstitusion quruluşunun özəyidir.
Vətəndaş cəmiyyətinin formalaşması yolu ilə elə bir cəmiyyətə çatmaq mümkündür ki, azad şəxsiyyətin formalaşması tarixi prosesin son nəticəsi olsun. Vətəndaş cəmiyyəti ilə bağlı problemlər hüquq və sosial-fəlsəfi ədəbiyyatımızda keçmiş sovet dövründən sonrakı inkişaf mərhələsində diqqət mərkəzinə gətirilib. Bu kateqoriya həm də insanın yerli özünüidarə sistemindəki yerinin, onun bələdiyyə hakimiyyəti ilə münasibətlərinin tədqiqatında başlıca yeri tutur. Məhz vətəndaş cəmiyyəti kateqoriyası şəxsiyyətin azadlığının əhalinin özünüidarəetməsinin formalaşması və inkişaf qanunauyğunluqları ilə əlaqələrini və qarşılıqlı asılılığı aşkar etməyə imkan verir. Bu kateqoriyanın köməyi ilə özünüidarəetmə sistemində vətəndaşın statusunun əsaslarının açıqlanması təmin olunur: "Əhalinin özünü idarəetməni təşkil prosesi və vətəndaş cəmiyyətinin formalaşması bəşəriyyətin iztirabdan, siyasi diqtədən və dövlət totalitarizmindən ictimai münasibətlərin real demokratizminə, şəxsiyyətin həqiqi azadlığına doğru yüksəlməsini səciyyələndirir. Təsadüfi deyildir ki, vətəndaş cəmiyyətinin XVIII əsrdə və XIX əsrin əvvəllərində meydana gələn elmi konsepsiyaları azad dövlətlərin əmlak, bazar iqtisadiyyatı, ailə, mənəvi etik, dini münasibətlər sferasını əhatə edən ictimai münasibətlər sisteminin olmasına diqqət yetirilir. Bu baxımdan vətəndaş cəmiyyətinin ilkin anlayışı mahiyyətcə dövlət və fərdi maraqların qarşı-qarşıya qoyulması üzərində qurulurdu: birincinin təzahürü cəmiyyətin dövlət-hüquqi təşkil olunması ilə əhalinin azad, dövlətə münasibətdə muxtar vətəndaş, yəni "xüsusi" həyat sferasında tapırdı. Bu yanaşma xüsusi mülkiyyətin toxunulmazlığına, dövlətin azad sahibkarlığa, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin şəxsi, ailə həyatı sferalarına müdaxilə etməsinin mümkünsüzlüyünə, bazar rəqabətinin təbiiliyinə əsaslanan burjua konstitusiya quruluşunun təsdiqində əhəmiyyətli və mütərəqqi rol oynadı. Bununla da siyasi həyatın vətəndaş cəmiyyətindən ayrılması başa çatdı. Nəticədə vətəndaş cəmiyyəti də müstəqil, siyasi həyatdan asılılığı olmayan mövcudluq əldə etdi. Vətəndaş cəmiyyətinin müasir anlayışının müəyyən edilməsi üçün onu dövlət hakimiyyətilə qarşı-qarşıya qoymaq kifayət etmir. Xüsusi və ümumi başlanğıclar ancaq qarşı-qarşıya qoyulmamalıdır, çünki özünüidarə başlanğıclarının inkişafının müəyyən səviyyəsində yerli icmaların, son nəticədə, bütövlükdə cəmiyyətin iqtisadi, sosial-mədəni və siyasi həyatında, özünü reallaşdırma proseslərində onlar uzlaşmanın və qarşılıqlı bağlılığın harmonik formalarını əldə edirlər. Vətəndaş cəmiyyətinin müasir ümum-demokratik konsepsiyasında o real ictimai münasibətlərin keyfiyyət xarakteristikaları təyin olunmalıdır ki, onların sistem vahidliyində vətəndaş cəmiyyəti müəyyənləşdirilə bilər. Yerli özünüidarəetmə vətəndaş cəmiyyətinin reallaşmasının başlıca vasitələrindən biridir. Yerli özünüidarəetmə olmadan nə vətəndaş cəmiyyətinin formalaşması, nə də şəxsiyyətin hüquq və azadlıqlarının təminatı mümkündür. Bələdiyyə mülkiyyəti azadlığın və bələdiyyə demokratiyasının mühüm şərtidir. Yerli özünüidarəetmənin inkişafı yerli icmaların və onların orqanlarının iqtisadi sahədə təminatlı hüquqları olmadan qeyri-mümkündür. Yerli özünüidarəetmənin iqtisadi əsaslarının möhkəmləndirilməsi bələdiyyə demokratiyasının inkişafının və azadlığın təmin edilməsinin başlıca şərtidir.
Dövlət mülkiyyəti bölməsinin ciddi şəkildə ixtisarı, bazar münasibətlərinə ümumi keçid bu prosesin sürətləndirilməsi meyli nəticəsində yerli özünüidarə dövlət idarəetməsi və inzibati variantda yerli özünüidarənin funksiyalarında, metodlarında və formalarında öz əksini tapıb".

Cavid