Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah Layihə

Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

AXC dövründə sosial siyasət
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyidir. Əlbəttə, müxtəlif vaxtlarda nazirliyin adı fərqli olsa da, onun əsas missiyası Azərbaycanda əmək, məşğulluq və əhalinin sosial təminatı siyasətini həyata keçirmək olub. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılanda 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edilmiş, Əkinçilik və Dövlət Əmlakı Nazirliyi yaradılmış, əkinçilik və əmək naziri vəzifəsi Əkbər ağa Şeyxülislamova həvalə olunmuşdu.
AXC hökumətinin sosial siyasətinin əsas istiqaməti ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsinə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" qərar idi. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi.
AXC hökumətinin tərkibi 5 dəfə dəyişsə də, sonuncu Əkinçilik və Əmək Nazirliyinin də fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdi.1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra nazirlik yenilənərək işini davam etdirmiş, əsas fəaliyyəti müstəqil ölkənin əmək və əhalinin sosial müdafiəsi siyasətini həyata keçirmək olmuşdur. Bu gün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) adı ilə öz tarixi missiyasını davam etdirir. Əlbəttə, bir yazı çərçivəsində nazirliyin hazırda həyata keçirdiyi bütün sosial siyasəti əks etdirmək mümkün deyil, lakin diqqət çəkən bir sira məsələləri qeyd etmək yerinə düşərdi.
Pensiya islahatları
Pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir. "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirir. Pensiya təminatı sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruriliyi bu sahədə bu gün də yeni çağırışlara cavab verən islahatların davam etdirilməsini şərtləndirir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflər bütövlükdə sosial sahədə, o cümlədən vətəndaşların pensiya təminatı sahəsində ölkəmizin əldə olunmuş nailiyyətlərə söykənməklə yeni perspektivlərin çizilməsinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun dəyişikliklər strategiyasının həyata keçirilməsinə əlverişli zəmin yaradır.
Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Nazirlik tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir.
2019-cu ildə demoqrafik inkişaf meyilləri, əhalinin məşğulluğu və sosial vəziyyətinin göstəriciləri, eləcə də pensiya qanunvericiliyində son dəyişikliklər nəzərə alınmaqla sığorta pensiya sisteminin əsas parametrləri aşağıdakı kimi gözlənilir: doğulanların sayı 150 min nəfər, doğulanda gözlənilən ömrün uzunluğunun qadınlar üçün 78, kişilər üçün 73.5 yaş təşkil edəcək. Bundan başqa, iqtisadiyyatla məşğul olanların sayı 4 milyon 994 min nəfər olacaq. Muzdlu işçilərin orta illik sayının 1 milyon 548 min nəfər olacağı proqnozlaşdırılır. Proqnozlar 2019-cu ildə əmək pensiyaçılarının orta sayının 1 milyon 294 min nəfər olacağını göstərir.
2019-cu il üzrə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kəsirsiz büdcəsinin gəlir və xərcləri 3,928 mlrd. manat təsdiq olunub, bu da 2018-ci iin göstəricisindən 9,8% çoxdur. 2018-ci ilin sonuna Azərbaycanda orta aylıq pensiya məbləği 226,8 manat təşkil edəcək, 2019-cu ildə isə 240 manatı ötəcək. Gələn il əmək pensiyanın minimum məbləği 133,6 manat səviyyəsində proqnozlaşdırılır (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 14,9%). 2019-cu il dövlət büdcəsində əmək pensiyaçıları üçün yaşayış minimumu 149 manat məbləğində götürülüb (artım 3,5%).

Şəhid ailələrinə dövlət qayğısı
ƏƏSMN tərəfindən Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələr verilir. 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 2338 şəhid hərbi qulluqçu üzrə 3038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və bu proses davam etdirilir. Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər Nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara sms vasitəsilə bildiriş göndərilir. Birdəfəlik ödənişlərin edilməsi üçün 2018-ci il üzrə 58 milyon manat, 2019-cu il üzrə isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.
Bununla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə, bu döyüşlərdə əlil olmuş şəxslərə mənzil də verilir. İndiyədək onlara verilən mənzillərin sayı 6123-dür. Onlardan 5,7 minə yaxını ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki salamlıqlarını itirmiş insanlar və şəhid ailələridir.

Özünüməşğulluq proqramı
ƏƏSMN tərəfindən əhalnin məşğullğunun təmin olunması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə özünüməşğulluq proqramı icra olunur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, "Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramının əsas məqsədi aztəminatlı ailələrin öz təsərrüfatlarını quraraq, kiçik ailə biznesinə çıxışına, öz zəhmətləri, səyləri ilə gəlirlərini artırmalarına, həyat şəraitlərini yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bunun üçün proqram iştirakçılarına mal və materiallar verilməklə, onlara təsərrüfatları idarə etmək və genişləndirmək üçün müvafiq məsləhət xidmətləri ilə göstərilir. Proqram digər tərəfdən kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafına bir dəstəkdir".
2018-ci ilin yanvar-noyabr aylarında 2,7 min şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb. ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211 işsiz və işaxtaran şəxs işlə təmin edilib. Özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.
İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.
Bu il Azərbaycanın 50-dən artıq rayon və şəhərində əmək yarmarkaları keçirilib, minlərlə insan yeni iş yerləri tapıb. Təkcə 2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Gələcək hədəflər
Əsas hədəf – məşğulluğun təmin olunması və əhalinin sosial vəziyyətinin, sosial təminatının daha da yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın 2019–2025-ci illər üçün Tədbirlər Planı hazırlanıb. Plana məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də strategiyada əsas istiqamətlər kimi müəyyən olunub.
Mühüm hədəflərdən biri qeyri-formal məşğulluqdan leqal məşğulluğa keçidin sürətləndirilməsidir.Vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla işləyən əhalinin sosial rifahı üçün vacib olan sosial sığorta, habelə işsizlikdən sığorta sistemlərinin formalaşdırılması mühüm məsələdir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və işsizliyin minimum səviyyədə saxlanılması, ailə gəlirlərinin formalaşmasında əməkhaqqının payının artırılması, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili üçün peşə-tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi və s. kimi hədəflər var. Bir sözlə, dövlətin sosial-iqtisadi siyasətinin əsas məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək resurslarından səmərəli istifadə etməklə əhalinin məşğulluq imkanlarının artırılması, vətəndaşların əmək və sosial hüquqlarının dolğun təminatı istiqamətində son illər aparılmış islahatların qarşıdakı illərdə də davam etdirilməsidir.

Mahir Həmzəoğlu
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"