“Sülh olacağı təqdirdə Dağlıq Qarabağın statusunu Azərbaycan özü müəyyənləşdirəcək” Layihə

“Sülh olacağı təqdirdə Dağlıq Qarabağın statusunu Azərbaycan özü müəyyənləşdirəcək”

Qabil Hüseynli: "Bakı İrəvana heç bir güzəştə getməyəcək"


İrəvanda gərgin situasiya və qaranlıq gələcək vəd edən proseslər davam edir. Qarşılıqlı ittihamlar və qrupıaşmalar arasında olan ziddiyyətlər Ermənistanın gələcəyini sual altında qoyur.
Erməni hüquq müdafiəçisi Larisa Alaverdyan deyib ki, Ermənistanda həmişə olduğu kimi insan hüquqlarının pozulması davam edir. O bildirib ki, əgər hakimiyyət artıq hüquq atmosferinin dəyişdiyini elan edirsə, o zaman emosional yanaşmalarla çıxış etmək yox, hüquq normalarına riayət etmək lazımdır: "İndiki hakimiyyət əvvəlki hakimiyyətlərin səhvini təkrarlayır. Hüquqi dövlətin təşəkkülü yollarını tapmaq lazımdır. Maraqlıdır ki, seçkiqabağı təşviqat dövründə heç bir siyasi qüvvə hüquqi dövlətin təşəkkülünün zəruriliyinə toxunmadı". Hüquq müdafiəçisi qeyd edib ki, son vaxtlarda bir çox hay-küylü həbslər insan hüquqlarının pozulması ilə müşayiət olunur: "Risk var ki, dövlət yenə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları üzrə kompensasiya ödəməli olacaq".
"Jamanak" qəzeti isə yazır ki, Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan "dqr"də 2020-ci il "prezident seçkisində" iştirak etməyə hazırlaşır. Qəzet Babayanın seçkidə iştirakı üçün son 5 il ərzində "respublikada" müntəzəm yaşamalı olduğunu, amma "eks-müdafiə naziri"nin bununla bağlı problemlərinin olduğunu bildirib: "Son illər Babayan ya Rusiya, ya da Ermənistanda olub. Bizim məlumatımıza görə, Babayan Artur Vanetsyandan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri - red.) xahiş edib ki, seçki haqqının bərpası üçün ona imkan yaratsın. O, Qarabağda olmamasının səbəbinin özündən asılı olmadığını bildirib və siyasi təqiblərlə əlaqələndirib. Mənbəmizin məlumatına görə, Vanetsyan bu problemin həlli ilə məşğul olacağına və onu qanun çərçivəsində həll edəcəyinə vəd verib", - deyə məlumatda bildirilib.
İnformasiyada Ermənistanın kəşfiyyat rəhbərinin qondarma rejimdəki "seçkiyə" hansı aidiyyətinin olmasına aydınlıq gətirilməyib.
Qeyd edək ki, Babayan 2017-ci ildə Serj Sərkisyanın əmriylə həbs edilmişdi. O, ölkəyə İqla-S sistemləri keçirməkdə və Sərkisyana sui-qəsd hazırlamaqda ittiham edilmişdi. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Sasna Çrer qruplaşmasının üzvləri kimi o da azadlığa buraxıldı. Babayan indiyə qədər Bako Saakyanın əsas rəqiblərindən biri sayılır.
Bundan öncə Ermənistan mətbuatı Saakyanın yerinə başqa adamın hazırlandığı barədə məlumat yayıb. Məlumata görə, İrəvan Saakyanı qondarma rejimin keçmiş "baş naziri" Araik Arutyunyanla əvəz edəcəkdi.
Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən "Miatsum" hərəkatının üzvlərindən olub. Qarabağda dinc azərbaycanlılara qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı, Şuşa rayonlarının işğalında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biridir.
Nikol Paşinyanın müşaviri Mesrop Arakelyanisə sosial şəbəkələrdə mövcud iqtisadi siyasətlə bağlı yazılar dərc edir və davamlı olaraq Respublika partiyasının ölkəni necə taladıqları barədə informasiyalar yayır. "Respublika partiyasının günahlarına görə maaşlar azdır, Respublika partiyasına görə ölkədə sosial ədalətsizlik yarandı", deyə Arakelyan sosial şəbəkələrdə köhnə hakim sistemi günahlandırır.
Lakin adıçəkilən nəşr M.Arakelyanın özünün hansı işlərlə məşğul olduğunu xatırladaraq, yazır ki, məhz onun özü məhz Respublika partiyasının iqtidarda olduğu zamanlarda, 2 ilə yaxındır ki, Ermənistanda ən yüksək faizlə avtokreditlər verən təşkilata rəhbərlik edir. SİTAT: "Latviya kapitalı ilə işləyən MOQO təşkilatı 120 faiz altında avtokreditlər təklif edir, yəni 2 min ABŞ dolları kreditə qarşılıq olaraq, 4 min 500 dollar kredit qaytarılır. MOQO kreditorlara pulu 1 günə verəcəyini vəd edir və bu vasitə ilə insanları ağır şərtlər tələsinə salır".
Ermənistan mətbiatında ən çox müzakirə olunan məsələ isə Belarus prezidenti Lukaşenkonun Paşinyanı aşağılayan açıqlaması ilə bağlıdır.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko da rusiyalı jurnalistlərə verdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif edilən heç bir şərtlə razılaşmayan Ermənistan ölkəmizin apardığı xarici hərbi əməkdaşlıqdan xeyli narahatdır. Belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb: "Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?"
Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. "Polonez"lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.
Məsələni şərh edən hərbi ekspert Üzeyir Cəfərli bildirib ki, Lukaşenkonun Paşinyana dediyi sözlər Paşinyanın nə qədər qorxaq olmasının sübutudur: "Bu qorxu onun hərəkət və əməllərində də açıq şəkildə nümayiş olunur. Bunu Ermənistanın nümayəndəsinə eyni təşkilata - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkə tərəfindən deyilməsi ciddi məsələdir. Ermənistan üçün böyük başağrısı və fəlakətdir ki, Nikol Paşinyan kimi təsadüfi bir insan bu gün gəlib ölkənin hakimiyyətinə yiyələnmək istəyir. Paşinyana lazımdır ki, 7 yanvarda parlamentdə baş nazirliyi təsdiq edilsin, öz tərəfdarlarının sayını artırsın. Lakin hansı yükün altına girdiyinin fərqində belə deyil. O, tezliklə başa düşəcək ki, bir dövlətə başçılıq etmək qlobal məsələdir və bu, onluq deyil. Nə qədər formal da olsa, Ermənistan Rusiyanın vassalı belə olsa, dövlət idarəçiliyi çətin məsələdir. Ermənistan ictimaiyyəti tezliklə anlayacaq ki, hakimiyyətdə Paşinyan kimi bir avantürist şəxs olduqca vassal statusundan çıxmaq, bölgədə öz hakimiyyətini möhkəmləndirmək alınmayacaq. Çünki Paşinyanın xarici dəstəyi olmasa, onun hakimiyyətinin ömrü o qədər də uzun olmayacaq".
Ermənistanın Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya batalyonunun komandiri olmuş Vova Vartanov jurnalistlərlə bildirib ki, Azərbaycan tərəfində fəal hərəkətlilik müşahidə olunur: "Onlar təmas xəttinin həm Qarabağ, həm Naxçıvan istiqamətində fəal mühəndis işləri aparırlar. Habelə qoşunların yerləşdirilməsi məsələsində müəyyən dəyişiklik edilir. Onların sərhəd qoşunları çox maraqlıdır, bizimkilərdən xeyli fərqlidir. Hazırda sərhəd qoşunları sərhədin Qazax istiqamətində yerləşdirilir. Bu isə o deməkdir ki, onlar bir briqadanı Ermənistanla sərhəddən götürüb zərurət yaranarsa Qarabağ istiqamətinə yönəldəcəklər".
Politoloq Qabil Hüseynli isə deyib ki, Dağlıq Qarabağla bağlı gündəmə gətirilən kompromis variantı Bakı birdəfəlik rədd edib. Politoloq Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qarabağa dair bəyanatının Ermənistanın qeyri-konstruktiv mövqeyinin ifşası baxımından əhəmiyyətli hesab edib: "Paşinyanın KTMT-dəki son uğursuz siyasətindən sonra üzv dövlətlərin Ermənistanla bağlı mövqeyində sərtlik müşahidə olunur. Xüsusilə də Minskin Dağlıq Qarabağ istiqamətində İrəvana təzyiqləri diqqətdən yayınmır".
Politoloq bununla belə sözügedən bəyanatdakı bəzi məqamlarla razılaşmayıb: "Danışıqlar və Minsk prosesində dəfələrlə qeyd edilib ki, sülh olacağı və Azərbaycan qəbul edəcəyi təqdirdə bölgəyə sülhməramlı qüvvələr yeridilə bilər. Sülhməramlı missiya Azərbaycana yaxın olan İran, Türkiyə və həmsədr dövlətlərin qoşunlarından ibarət ola bilməz. Bu, illərdir ki, danışıqlar prosesində təsdiq edilmiş bir faktdır. Yəni Dağlıq Qarabağa sülhməramlı qüvvələr adı altında Belarus və Rusiyanın qoşunları heç cür yeridilə bilməz. Bakı irəli sürülən bu variantı birdəfəlik rədd edib".
Politoloq onu da vurğulayıb ki, Dağlıq Qarabağa keçici statusun verilməsi və yaxud da bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi heç cür Bakının mövqeyinə uyğun deyil: "Sülh olacağı təqdirdə Dağlıq Qarabağın statusunu Azərbaycan özü müəyyənləşdirəcək. Bakı İrəvana heç bir güzəştə getməyəcək, çünki Azərbaycanın kompromis limiti çoxdan bitib".

Əli