Gülüstan müqaviləsindən sonra Rusiya ilə Qacar İranı arasındakı mübahisədə İrəvan xanlığının rolu və yeri Layihə

Gülüstan müqaviləsindən sonra Rusiya ilə Qacar İranı arasındakı mübahisədə İrəvan xanlığının rolu və yeri

1-ci yazı

Belə düşünmək olardı ki, Gülüstan sülh müqaviləsi hər iki dövlət arasında olan düşmən münasibətlərə son qoydu. Lakin tezliklə, tərəflər arasında bəzi mübahisəli məsələlərə görə gərginlik daha da artdı. V.Potto haqlı olaraq yazırdı ki, "...1813-cü il oktyabrın 12-də bağlanan Gülüstan sülh müqaviləsi Rusiya və İran arasında on il davam edən müharibəyə son qoydu. Lakin on üç il davam edən sülh müvvəqqəti barışığın ancaq davamı idi. Sakitlik, hər iki ölkə arasında bərpa olunmuş zahiri dostluq əlamətləri aldadıcı və ancaq yeni hərbi əməliyata başlamaq üçün fürsət idi". Narazılığın əsas səbəblərindən biri sərhəd xəttinin təyin edilməsi məsələsi üzərində idi. Bura İrəvan xanlığına məxsus torpaq sahələri də daxil olduğundan, məsələyə aydınlıq gətirilir.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Gülüstan sülh müqaviləsindən sonra məlum oldu ki, sərhəd xəttinin təyin edilməsində və bəzi ərazi məsələlərində hər iki dövlət fərqli mövqe nümayiş etdirir. Qeyd etmək lazımdır ki, tarixi ədəbiyyatda ərazi məsələsində yalnız Qacar İran dövləti ilə Rusiya arasında mübahisə olduğu qeyd edilir. Lakin mənbələrin təhlili göstərir ki, bu məsələdə üçüncü bir tərəf - İrəvan xanlığı da vardı. İrəvan xanının barışmaz mövqeyi, onun rus komandanlığı və rus sərhəd məntəqələrinin başçıları ilə məktublaşması, onlara təzyiq göstərmək üçün tez-tez ruslara məxsus gözətçi məntəqələrinə hücumu, şah hökumətinin bəzi hallarda Rusiyaya güzəştə getməsi ilə razılaşmaması belə deməyə əsas verir ki, Hüseynqulu xan xanlığın müstəqilliyini qorumağa çalışmış və hər hansı dövlətin ona məxsus torpaqları bölüşdürməsinə razı olmamışdı.
Qeyd etmək lazımdır ki, Gülüstan sülh müqaviləsinin ikinci maddəsi Rusiya ilə İran arasında təyin edilmiş sərhəd məsələsinə həsr edilmişdi. Həmin maddədə müxtəlif ərazilər təsvir edildiyindən, biz burada yalnız İrəvan xanlığı tərəfində göstərilən sərhəd məsələlərinə toxunacağıq. Burada sərhəd xətti belə müəyyən olunmuşdu: "... Ümumrusiya imperiyası ilə İran dövləti arasında sərhəd aşağıdakı xətt üzrə olacaqdır: Adambazardan başlayaraq düz xəttlə Muğan düzündən keçərək Araz çayında Yeddibulaq bərəsinə qədər, oradan Araz boyu üzü yuxarı, Kəpənəkçayın ona töküldüyü yerə qədər, daha sonra Kəpənəkçayın sağ tərəfilə Mehri sıra dağlarına və oradan Qarabağ və Naxçıvan xanlıqları arasında xətti davam etdirərək, Alagöz sıra dağlarından Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarını və Gəncə xanlığının bir hissəsini birləşdirən Dərələyəzə qədər, sonra oradan İrəvan xanlığını Gəncə xanlığının torpaqlarından, həmçinin Şəmşəddildən və Qazaxdan ayıran yerdən Eşşəkmeydana qədər və oradan sıra dağlarla Qəmzəçəmən çayının axını və yolu istiqamətində Pəmbək sıra dağları ilə Şuragölün tininə qədər; həmin tindən Alagöz dağının qarlı yüksəkliyinə, buradan sıra dağlarla Şuragöl sərhəddindən Məstərə və Artik arasından Arpaçay çayına qədər davam edir..."
Sülh müqaviləsinin bu ikinci maddəsi məhz sonuncu Rusiya-İran müharibəsinə qədər həll olunmamış qalmışdı. Müharibədə məğlub olmasına baxmayaraq, şah hökuməti çox keçmədən Gülüstan sülh müqaviləsinin bəzi maddələrinə yenidən baxılmasını tələb etdi. Buna səbəb İngiltərənin şərq siyasətinin güclənməsi idi. Belə ki, sülh müqaviləsindən bir il keçmiş Qacar İran dövləti İngiltərə hökuməti ilə yaxınlaşdı və 1814-cü il noyabrın 25-də onlar arasında saziş bağlandı. Sazişdən sonra şah hökuməti bu ölkədən maddi və hərbi kömək aldı. Hər iki dövlət arasında bağlanan müqaviləyə əsasən, ingilis hərbi mütəxəssislərinin köməyi ilə Qacar ordusu Avropa hərbi qaydadası ilə yenidən təşkil edildi. Maddi və hərbi kömək alan Qacar İran dövləti Rusiya dövlətindən sülh müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etdi. Beləliklə, hər iki dövlət mübahisəli ərazi məsələlərini həll etmək üçün nümayəndələrini tez-tez mərkəzə göndərməyə başladı.
İrəvan xanlığına məxsus Göyçə gölünün şimal və şərq sahilləri, Şuragöl və Pəmbək əraziləri də əsas mübahisə obyekti idi. Xüsusilə, Göyçənin ətraf yerləri İrəvan əhalisinin mal-qarasının örüş yeri idi. Müharibənin gedişində rus qoşunları bu əraziləri işğal edərək, burada qeyri-qanuni gözətçi məntəqələri yaratmışdılar. I Pyotrun dənizlərə çıxmaq siyasətini davam etdirən Rusiya, Göyçə gölünə çıxış olan bu yerləri əldə saxlamaq üçün Qarabağa məxsus Qapan və Mehri mahallarını güzəştə getməyə də hazır idi. Lakin istər Qacar İran dövləti, istərsə də İrəvan xanı Hüseynqulu xan bu ərazilərin rus qoşununun işğalı altında olmasilə barışmaq istəmirdi.
Napaleon Fransası ilə müharibəni yenicə başa vurmuş Rusiya ilk dövrlərdə bu məsələni sakit tərzdə həll etmək istəyirdi. Bu məsələni həll etmək üçün 1816-cı il mayın 24-də A.P.Yermolov çar tərəfindən Qafqaz diyarının baş komandanı və eyni zamanda xüsusi təlimatla şah sarayına göndərilən nümayəndə heyətinin fövqaladə və səlahiyyətli səfiri təyin edildi. İrəvan xanlığının ərazisi hər iki ölkə arasında mübahisə obyekti olduğundan A.P.Yermolovun diplomatik missiyası üzərində ətraflı dayanmaq istərdik.
A.P.Yermolov 1816-cı il oktyabrın 10-da Tiflisə gəldi. İlk növbədə hər iki ölkə arasında sərhəd xəttindəki vəziyyəti öyrənmək üçün baxış keçirmək qərarına gəldi. O, 1816-cı ilin noyabr ayında ober kvartirmeyster (qoşunu ərzaqla təchiz edən hərbi xidmətçi-E.Q.) polkovnik İvanovu Lənkəran xanlığına, baş ştabın ştabs - kapitanı Muravyovu Borçalı, Pəmbək, Şuragöl, Şəmşəddil və Qazaxa göndərdi. Özü isə noyabrın 19-da əsas sərhəd məntəqələri olan Gəncə və Qarabağa yollandı. A.P.Yermolov 1816-ci il dekabrın 12-də, İvanov dekabrın 20-də, Muravyov isə 1817-ci il yanvarın 7-də Tiflisə qayıtdı. Yeni baş komandanın və səlahiyyətli səfirin ilk niyyəti bu səfərdən sonra məlum oldu. A.P.Yermolov bu baxışdan sonra çara göndərdiyi məlumatda Qacar İranının tələb etdiyi əraziləri heç cür güzəştə getməyin mümkün olmadığını bildirirdi. Bu məlumat feldeqerol (hərbi və ya hökumət kuryeri-E.Q.) Lanqom tərəfindən Peterburqa göndərildi.
Vəziyyəti aydınlaşdırdıqdan sonra nümayəndə heyəti 1817-cı il aprel ayında Tiflisdən Tehrana yola düşdü. Səfir cənub istiqamətində - İrəvan, Naxçıvan istiqamətində getməyi qərara almışdı. Əsas məqsəd bu yerlər haqqında kəşfiyyat məlumatları toplamaq idi. "Beləliklə, Tiflisdən hərəkət edən nümayəndə heyəti aprelin 22-də Qarakilsəyə gəlib çatdı. İki gün burada dincəldikdən sonra səfarətlik Gümrüyə doğru hərəkət edərək aprelin 26-da oraya daxil oldu. Burada dincələn A.P.Yermolov Arpa çayı boyunca keçən sərhəddi müşahidə etmiş və burada yerləşən hərbi hissənin vəziyyəti ilə tanış olmuşdu. Bir neçə gün burada qaldıqdan sonra nümayəndə heyəti İrəvana doğru hərəkət edərək aprelin 30-da sərhəddi keçir. İrəvan ərazisində səfiri Təbriz sarayının pişxidməti Qulaməli bəy, Nəzərəli bəy, onun dayısı Urmiya hakimi Əsgər xan qarşıladı. Səfarətliyi mərkəzə qədər müşayət etmək üçün onlar şah tərəfindən göndərilmişdi. Tezliklə, onlara kiçik süvari dəstəsilə İrəvan xanının kürəkəni Sübhanqulu xan da qoşuldu. O, Hüseynqulu xanın məktubunu Talında A.P.Yermolova təqdim etdi. Buradan Eçmiədzinə hərəkət edən səfir mayın 3-də İrəvan qalasına döğru hərəkət edir. Yolun yarısında İrəvan xanının qardaşı Həsən xan 6 minlik qoşunla onların qarşısına çıxdı və irəvanlılar tərəfindən təm-taraqla, müsiqi ilə qarşılandı. Beləliklə, İrəvan qoşunlarının müşayəti ilə ruslar İrəvana doğru hərəkət edirlər. Hüseynqulu xan bir neçə yaxın adamı və mühafizəçilərin müşayətilə A.P.Yermolovu qaladan 1,5 verst aralıda qarşıladı. Mayın 5-də xan şəxsən A.P.Yermolovun şərəfinə nahar da təşkil etdi. Bir neçə gün İrəvanda qaldıqdan sonra mayın 7-si səhər saat 9-da nümayəndə heyəti buradan cənuba doğru hərəkət edir. Müxtəlif şəhər və kəndlərdən keçən nümayəndə heyəti iyulun 26-da şahın dincəldiyi Sültaniyə şəhərinə gəlib çatır. 1817-ci il iyulun 31-də və avqustun 3-də şahın qəbulunda olan səfir, avqustun 29-da geri qayıdır. O, geri qayıdarkən Təbrizdə Abbas Mirzənin qonağı olmuşdu. Burada İrəvan xanı Hüseynqulu xan da iştirak etmişdi. Sentyabrın 29-da Təbrizi tərk edən səfir yenidən gəldiyi istiqamətlə hərəkət edərək Tiflisə qayıdır.
A.P.Yermolovun başçılığı ilə Tehrana göndərilən nümayəndə heyəti mübahisəli məsələlərin həllində şahla razılığa gələ bilmədi. Rus qoşunları Göysə gölünün şimal və şimal-şərq hissəsindəki əraziləri işğal altında saxlamaqda davam edirdi. Hüseynqulu xanın rus komandanlığı ilə münasibətləri həmişə gərgin olmuşdu. Bu gərginliyin saxlanılmasında ermənilərin də böyük rolu vardı. Onlar rus komandanlığının diqqətini İrəvan xanlığına cəlb etmək üçün müxtəlif hiylələrlə aranı qızışdırırdı. Belə ki, 1822-ci ilin yanvarında Eçmiədzin katolikosu Yefrem Hüseyinqulu xanın ağır vergi siyasətini bəhanə gətirərək Qarabağda yerləşən Gülüstana gəldi. O, burada dincələn A.P.Yermolovun qəbuluna düşməklə xandan şikayət etmək qərarına gəlmişdi. Bu ermənilərin növbəti kələyi idi. Ermənilər katolikosun vasitəsilə baş komandanın diqqətini İrəvan xanlığına yönəltmək istəyirdi. Lakin baş komandan şah hökumət ilə münasibətləri gərginləşdirməkdən ehtiyat edərək katolikosu qəbul etmədi, kilsənin pis vəziyyətə düşməsində onun özünü günahlandıraraq geri qayıtmasını məsləhət gördü. Lakin Yefrem xanın qorxusundan Eçmiədzinə qayıtmadı və 1822-ci il iyunun 20-də katolikosluqdan əl çəkdi. Bu xəbər Hüseynqulu xanı bərk qəzəbləndirdi və katolikosun geri qayıtmasını tələb etdi. Onun geri qayıtmadığını görən Hüseynqulu xan həm Eçmiədzinə, həm də sərhəddə yerləşən rus qoşunlarının gözətçi məntəqələrinə hücumlar təşkil etməyə başladı. Rus komandanlığı Abbas Mirzədən bu cür halların dayandırılmasını tələb etdi. Şahzadə isə cavabında bildirir ki, əksinə bizim təbəələr rus qoşunu tərəfindən talana məruz qalır. O, bunun səbəbini dəqiq sərhəddin təyin olunmamasında görürdü. Hüseynqulu xanın geri çəkilməməsi və sərhəddə yerləşən rus gözətçi məntəqələrinə təzyiqlərin güclənməsi rus komandanlığını güzəştə getməyə məcbur etdi. Nəticədə, 1821-ci ildə İrəvan əhalisinə Göyçənin onlara məxsus örüş yerində mal-qara otarmağa icazə verildi.

Elçin Qaliboğlu