“Biz sülhə çoxdan hazırıq” Layihə

“Biz sülhə çoxdan hazırıq”

Gözlənildiyi kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Paris görüşü ciddi nəticələrlə yadda qalmadı. Ekspertlər daha çox nazirlərin yaydıqları bəyanatda qeyd olunan "Regionun inkişafına yönəlmiş qarşılıqlı faydalı iqtisadi təşəbbüslərin reallaşdırılması imkanı" tezisinin üzərində dayanırlar.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, xarici İşlər nazirlərinin Paris görüşü Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsində keyfiyyət yaradan haldadır: "Yaydıqları bəyanatdan bu aydın görünür. Bəyanatda bir neçə yeni məqamlar var. "Regionun inkişafına yönəlmiş qarşılıqlı faydalı iqtisadi təşəbbüslərin reallaşdırılması imkanı" isə tam yeni yanaşmadır".
O bildirib ki, Azərbaycan buna hazırdır: "Sonuncu dəfə bunu ölkə Prezidenti 2018-ci ilin yekunlarına dair həsr olunmuş nazirlər kabinetinin müşavirəsində bildirdi. "Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var – Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır".
Politoloq deyib ki, Belarus prezidenti A.Lukaşenko Bakı-Ərzurum qaz kəməri ilə bağlı vasitəçiliyindən danışdı. Bu kəməri Ermənistanın ərazisindən keçirmək niyyəti ilə Prezident İlham Əliyev razılaşıb, amma Serj Sərkisyan isə imtina edib: "Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin əvəzində Dağlıq Qarabağ probleminin həlli mövzusu yeni deyil. Bakı-Ceyhan neft kəməri çəkiləndə də hətta ermənilər ABŞ konqresmenlərini işə qarışdırdılar. ABŞ konqresmenləri bu barədə qətnamə qəbul etdi. O zamankı Azərbaycan Prezidenti, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Heydər Əliyev Azərbaycan torpaqlarının işğaldan azad olunması şərti ilə bu layihəyə razılıq verdi. Görünür, ermənilər həm Qarabağı özlərində saxlamaq, həm də Azərbaycan iqtisadiyyatından bəhrələnmək niyyətləri olduğu üçün bu variant alınmadı. İndi isə artıq bu variantı həmsədrlər gündəliyə gətirir".
Mübariz Əhmədoğlu vurğulayıb ki, ermənilər 2000-ci illərin əvvəllərində bu variantla razılaşsaydılar o zaman qat-qat çox böyük divident əldə edə bilərdilər: "Əldə edəcəkləri təkcə Azərbaycanın iqtisadi imkanlarının bir qismi ilə deyil, həm də müəyyən mənada geoiqtisadi parametrlərlə xarakterizə oluna bilərdi. İndi isə Azərbaycanın iqtisadi qüdrətindən istifadə edə bilərlər. Azərbaycan kifayət qədər varlı dövlətdir. 46 milyard qızıl-valyuta ehtiyatı var. Region dövlətləri arasında iqtisadi əməkdaşlıq Azərbaycanın özü üçün də əlavə iqtisadi imkanlar yaradacaq. İqtisadi imkanları əlaqələndirmək və hər iki xalqı sülhə hazırlamaq kontekstindən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə təşəbbüsünü ortaya qoymaq olar. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoq müstəvisi əsasında Azərbaycanla Ermənistan arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın müzakirəsi üçün platforma yaratmaq da mümkündür".
Politoloq əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2018-ci ilin yanvarından üzü bəri məqsədyönlü şəkildə Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdə qətiyyətlərini artırmaq kursunu götürüblər ki, bu da Azərbaycanın maraqlarına uyğundur.
"Azərbaycanın iqtisadi gücünü tənzimləməyə daxil edən vasitəçilər Ermənistanın imtinası fonunda Azərbaycanın hərbi gücünü də tənzimləməyə daxil edə bilərlər", - deyə M. Əhmədoğlu bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaydıqları bəyanatda qeyd olunan "Regionun inkişafına yönəlmiş qarşılıqlı faydalı iqtisadi təşəbbüslərin reallaşdırılması imkanı"nı şərh edən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov vurğulayıb ki, Ermənistanın hər bir layihələrdə iştirakı Azərbaycanla yaxın olmağından asılıdır: "Bu yaxın olmaq formatı Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə birbaşa bağlıdır". O bildirib ki, Paris görüşündə nazirlər xalqları sülhə hazırlamaq lazım olduğunu vurğulayıblar: "Biz sülhə çoxdan hazırıq. Sadəcə olaraq Ermənistan çox gərgin, mürəkkəb sosial-iqtisadi vəziyyətdən çıxmaq istəyirsə onda gərək işğaldan əl çksin. Azərbaycanla bu münaqişəyə son qoysunlar. Son qoymaq o deməkdir ki, torpaqlarımız azad olunsun, bundan sonra bəzi layihələrdə iştirak etsinlər, Azərbaycanla əməkdaşlıq etsinlər və bu vəziyyətdən çıxıb inkişaf etsinlər. Əks halda onlar həmin o təcrid olunmuş vəziyyətdə uzun illər ərzində qalmağa davam edəcəklər. Belə bir şəraitdə düşünmürəm ki, erməni xalqı bu cür bir hakimiyyətə uzun müddət ərzində dözməyə hazırdır. Bax, budur reallıq".
Siyasi-şərhçi Arzu Nağıyev isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da söylədi ki, ölkəmiz son dövrlərdə təcrid və təzyiq siyasətindən istifadə etməklə Ermənistan üzərindən həm iqtisadi, həm hərbi baxımdan mühüm qələbə əldə edib. Qələbə dedikdə bura Azərbaycanın bir sıra dövlətlərlə ikitərəfli əlaqələri, regional layihələrin icrası nəticəsində qlobal təhlükəsizlikdə təhdidin qarşısının alınması istiqamətində atılan addımlar daxildir ki, bu da nəticə etibarı ilə Ermənistanın təcridinə səbəb olub". Onun sözlərinə görə, Ermənistan bütün bunları nəzərə alaraq birmənalı şəkildə başa düşməlidir ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli kuliminasiya nöqtəsi olmasa, Azərbaycan həyata keçirdiyi hücum diplomatiyasından daha çox istifadə edəcək: "Yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə regional inkişaf, eyni zamanda hər iki dövlətin vətəndaşlarının sülhə hazırlanması məsələsi məhz bu istiqamətdə atılan addımlardandır". Siyasi şərhçi bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu istiqamətdə bəyanatları Azərbaycanı tam şəkildə razı salmasa da, ölkəmiz öz münaqişənin həlli ilə bağlı həyata keçirdiyi siyasətini davam etdirməkdədir: "Düşünürəm ki, ölkəmiz tərəfindən həyata keçirilən balanslı siyasəti düzgündür və Ermənistanın bu siyasət nəticəsində düşdüyü vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu danışıqlar masasına əyləşmək, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində konstruktiv mövqe göstərməsidir". A. Nağıyev qeyd edib ki, XİN başçılarının son görüşündən sonra növbəti danışıqların fevral ayına keçirilməsi bu gün Ermənistan hakimiyyətinin vəzifə bölgüsü ilə məşğul olduğunu göstərdi: " Bu gün Ermənistanda əsas məsələ hökumətin formalaşmasıdır. Ola bilsin Azərbaycan tərəfi bu görüşə yeni formalaşmış hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hansı addımlar atdığını bilmək üçün getdi. Ermənistan bir ay müddətində hakimiyyətini formalaşdırmalı və növbəti görüşdə öz mövqeyini ortaya qoymalıdır".
"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə diqqətə çtdırıb ki, son dövrlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində əsaslı dəyişikliklər üçün həqiqətən də real zəmin yaranıb və bu zəmin bəzi başqa faktorlarla yanaşı, əsasən Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin məqsədyönlü və sistemli fəaliyyətinin nəticəsi olaraq meydana çıxıb. O bildirib ki, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməsi üçün heç vaxt olmadığı qədər əlverişli şərait yarandığını artıq dünyada da çoxları görməyə başlayıb. Onun sözlərinə görə, bəziləri münaqişənin həlli üçün yaranmış yeni şəraiti Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqələndirməyə çalışsa da, bunu qətiyyən həlledici amil kimi qəbul etmək olmaz: "Bu faktor, yəni Ermənistanda hakimiyyət dəyişikliyi ən yaxşı halda müəyyən qədər təsirli rol oynayan faktor kimi nəzərdən keçirilə bilər. Təkcə bunu nəzərə almaq lazımdır ki, Ermənistanın yeni hakimiyyəti hələlik münaqişənin real həllinə təsir göstərə bilən bircə bəyanat səsləndirməyib, əksinə, pozucu xarakterli bəzi mülahizələrlə sülh prosesini daha da çətinə salmaqla məşğul olub. Amma reallıq budur ki, münaqişənin həlli üçün yaranmış əlverişli şərait əsasən və həlledici səviyyədə məhz Azərbaycan diplomatiyasının regional və qlobal miqyasda apardığı işlə bağlıdır". Prezident İlham Əliyevin dünyanın bütün qütblərinin maraqlarını uzlaşdıra bilən balanslı xarici siyasət həyata keçirdiyini deyən A. Quliyev söyləyib ki, məhz bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən bütün qlobal layihələrdən təcrid olunub: "İndi regionumuzun bütün ölkələri başa düşür ki, Azərbaycansız hər hansı layihənin uğurundan danışmaq olmaz. Çünki, ölkəmiz regionun əhəmiyyətli sabitlik və inkişaf təminatçısıdır". Ekspert söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli şəraitin yaranmasına Azərbaycanın fəal və yaradıcı regional siyasəti xüsusilə təsir göstərir: "Bu kontekstdə Azərbaycanın regionda formalaşdırdığı ikitərəfli, üçtərəfli və hətta çoxtərəfli əməkdaşlıq formatlarının müstəsna təsiri var. Region dövlətlərinin xüsusi maraqları yaranıb ki, münaqişənin tezliklə həllinə nail olmaqla Azərbaycanın malik olduğu potensial imkanlarla daha geniş təmaslar qura bilsinlər. Ən mühüm məqam isə odur ki, Azərbaycan Ermənistanın təcrid siyasətini çox uğurla apararaq bunu təsirli silaha çevirə bildi".

Əli