Azərbaycan torpağında Nəsimi zirvəsi Layihə

Azərbaycan torpağında Nəsimi zirvəsi

Bu zirvədən günəş doğur, o günəş ki, qürub edər, ancaq heç vaxt batmaz

Azərbaycançılıq ideyasının əsas atributlarından biri Azərbaycan dilidir. Ulu Öndər Heydər Əliyev dönə-dönə deyirdi: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir".
Dili milli ruhun, milli ideologiyanın güzgüsü hesab edirlər. Dil nəinki xalqın ideologiyasının, hətta xalqın özünün formalaşmasında əsas rol oynayır.
Azərbaycan dili uzun əsrlər boyu cilalana-cilalana formalaşıb və azərbaycançılıq xalqın milli şüuruna, ideologiyasına, zehni inkişafına təsirini göstərib, ictimai həyatın bütün sahələrini əhatələyib, düşüncələri ifadə edib.

***

… Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili" elan edilib. Bu sərəncam Azərbaycanın öz görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə müstəqillik dövründə də sahib çıxdığını və yüksək qiymət verdiyini, onların nümunəsində yeni nəsli inkişaf etdirmək məqsədini aydın şəkildə göstərir. Eyni zamanda, bu, bir daha sübut etdi ki, Azərbaycan klassik ədəbiyyatının dil və üslub səviyyəsində araşdırılması hər zaman olduğu kimi, çağdaş dövrümüzdə də gündəmdə duran və xüsusi aktuallıq kəsb edən elmi problemlərdən biridir. Bu dəfə mövzumuzu Nəsimi yaradıcılığında azərbaycançılıq ideologiyası və Azərbaycan dilinin qorunması məsələlərindən bəhs edəcəyik.

***

Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyəsinə yüksəldən qüdrətli sənətkar Nəsimi zəngin irs qoyub.
Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik şərq poeziyasına ciddi təsir göstərib. Nəsimi ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yazmış, rübai və tuyuğlarında sadə xalq dilindən istifadə edib. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkürə təsir göstərib.
Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətləri olub. Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir.

***

Nəsimi yaradıcılığından danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Əsgərovanın fikrincə, İmadəddin Nəsimi dünya mədəniyyəti tarixində Azərbaycan xalqının adına şərəf və şöhrət gətirən, ana dilində gözəl şeirlər yazan nəhəng söz ustadı, kamillik dərəcəsi ilə dünya fəlsəfi fikrinə orijinal və təkrarsız əlavələr etmiş mahir filosof olub.
O qeyd edib ki, Nəsiminin bədii yaradıcılığının rüşeymi Azərbaycan xalqının folkloru ilə sıx surətdə bağlı olub. Nəsiminin dili başlanğıc mərhələdə Azərbaycan ədəbi dilinin bütün istiqamətlərdə inkişaf mənzərəsini özündə əks etdirən klassik Azərbaycan ədəbi dilidir. Nəsimi doğma dilimizdə şeirin möhkəm əsaslarını yaratmaqla, bu sahədə ciddi addım atan və ana dilimizə yüksək poeziya dili hüququ verən ilk böyük şair olub.

"Şair gözəl və lətif şeirləri yalnız fars dilində yox, Azərbaycan dilində də yaratmağın mümkünlüyünü dünyaya göstərib. Bunun üçün ana dilini sevmək, səbrlə onun incəliklərini üzə çıxarmaq bacarığı olmalıdır. Dahi şair bu məqsədlə ana dilinin dərinliklərinə enib, endikcə onun gövhər xəzinəsinin qatları arasında yeni-yeni dürlər, incilər, üslubi çalarlar kəşf edib, nəinki öz dövrü üçün, hətta çağdaş Azərbaycan dili üçün möcüzələr yaratmağa nail olub", - deyə T.Əsgərova əlavə edib.
Nəsimi sözə dəyər verən şairdir. O, şeirlərində, xüsusi ilə rübailərində hikmətli sözlərdən məharətlə istifadə etmişdir. Həqiqətin carçısı olan sənətkar "Doğru söz acı olar" misalından yaradıcı şəkildə faydalanır:

Ol bilir həqqi ki, yalançı deyil.
Hər kim yalan söylər, ol naci deyil.
Həccə doğru varmayan Hacı deyil,
Doğru söz doğrulara acı deyil.

Xalq yaradıcılığının zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiş böyük şair Nəsiminin öz sözləri indi qədirşünas xalqımız tərəfindən sevilə-sevilə təkrar olunur, zərb məsəllərə çevrilir:

Zahidin bir barmağin kəssən, dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi, sərpa soyarlar ağrımaz.

***

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü də Nəsimi yaradıcılığında Azərbaycan dilinə böyük önəm verildiyini qeyd edib: "Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edib".
"Məlum sərəncam Prezidentin Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, klassik şairlərin yaradıcılığına verdiyi yüksək dəyərin göstəricisidir. Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edən bu sərəncam XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bundan sonra Nəsiminin bir çox cəhətdən zəngin olan dili yeni-yeni tədqiqatların obyekti olacaq. Bu qərar Azərbaycan mədəniyyəti tarixində "Ana dili"nin fədaisi kimi xarakterizə olunan Nəsimi öz yaradıcılığı ilə Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni istiqamət verdi. Nəsimi öz əsərlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qorumuş, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin olmuşdur".
Alim hesab edir ki, Nəsimi dilinin şəkilçi sistemi inkişaf səviyyəsinə görə müasir dövrümüzə uyğundur: "Şairin dilində şəkilçilər həm söz yaradıcılığı prosesində, həm də qrammatik sistemin formalaşmasında aktiv şəkildə iştirak edir. Nəsimi yaradıcılığının dar keçidləri, dolanbac yolları vardır. Nəsimi anlayışı şüurumuzda hələ bundan sonra durulacaq, dəqiqləşəcəkdir".

***

Nəsiminin "Söz" rədifli şeiri ana dilində yazılmış söz haqqında ilk şeirdir. Şeirdə sözə, söz sənətinə yüksək qiymət verilir; çünki söz, nitq insanın ilk zəruri keyfiyyətidir:

Dinləgil bu sözü ki, candır söz,
Aliyi-asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh anla və baq,
Şeylə kim xaliqi-cahandır söz...

Şairin təsvirincə söz dünyanın bəzəyidir; dünyada söz qədər füsünkar, söz qədər ali, söz qədər cahanşümul bir nemət yoxdur, söz "tərcümandır", söz "könüldə candır", söz "payəkandır", söz "asimandır", söz "sahib zəmandır" və s. Söz insana həyat verir, söz həqiqəti aşkar edir, insanlar arasında ünsiyyət yaradır, onları bir-birinə bağlayır, qovuşdurur. Buna görə insanın danışığından, sözündən, söhbətindən Nəsimi zövq alırdı, insan nəfəsi onu qanadlandırırdı. Nəsimi deyirdi ki, insan olan kəs gərək ağıllı danışsın, onu sözü yığcam, fikri isə geniş olsun.

Aqilsən, sözünü müxtəsər et!
Ey Nəsimi, çü bikərandır söz.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı da hesab edir ki, Nəsimi irsinin geniş təbliğinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Nəsimi klassiklər arasında Azərbaycan dilinin gözəlliyini qoruyan, tərənnüm edən böyük şairdir. O qeyd edib ki, Nəsimi Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynayan şairimizdir. "Nəsiminin elə şeirləri var ki, onları oxuyarkən adama elə gəlir bu şeir 600 il əvvəl yazılmayıb. Yəni dili o qədər rəvan, təmizdir ki, adam oxumaq, əzbərləmək istəyir. Onun azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı yönəlmişdi. Nəsimi yaradıcılığının əsas ideyası azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsidir. Nəsimi çox böyük azərbaycanşünasdır. Onun yaradıcılığında azərbaycançılıq ideologiyasının nişanələri var. Biz azərbaycançılıq ideologiyasını dünyada yaymaq üçün Nəsimi ideyalarından da bəhrələnməliyik. Azərbaycan dilinin saflığını qoruyan və ana dilimizdə gözəl şeirlər yazan Nəsimi azərbaycanşünaslığa böyük töhfə verib" - deyə Z.Eldarqızı bildirib.
Nəsimi ana dilindən ustalıqla istifadə edib, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazıb.

O uzaq, o qədim lisana bir bax!
Büllur bulaq kimi süzülər, çağlar.
Əsər var yazılıb otuz il qabaq,
Otuz cür lüğətə ehtiyacı var...

(Qabil "Nəsimi" poemasından)

***

Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov isə qeyd edib ki, Nəsimi mürəkkəb yaradıcılıq yolu keçib. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olub. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləyib. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynayıb, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışıb: " Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazıb. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca oricinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunub. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərib".
Əgər Nəsimi sənətindəki dərin humanizm qlobal-bəşəri mahiyyət daşıyırsa, onun yüksək poеtik sənətkarlığı, dilinin şirinliyi və aхıcılığı, hеyrətamiz poеtik ritmikası öz doğma хalqına хidmət еdir, onun еstеtik zövqünün kamilləşməsində başqa klassiklərimizlə çiyin-çiyinə gеdir. Хüsusən хalq dilinin üslubi-qrammatik imkanlarından yaradıcı şəkildə bəhrələnməkdə Nəsimi şеri misilsiz, taysız, bərabərsizdir.

Rəqib məndən sorur: nəndir sənin yar?
Rəfiqimdir, həbibimdir – nəm olsun!

Rəqibin istеhzalı, kinayəli, tikanlı sualına bu cür sərras, səlist və şirin cavabı ancaq Nəsiminin lirik qəhrəmanı vеrə bilərdi.

***

Onu da qeyd edək ki, İmadəddin Nəsimi Azərbaycan dilinin və ədəbiyyatının tarixində xüsusi, mühüm bir mərhələdir. Bu baxımdan onun yaradıcılığının araşdırılması, tədqiq olunması da ədəbi-bədii, fəlsəfi fikir tariximizin öyrənilməsi baxımından bir mərhələ yaradıb.

Böyük şair-filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz "ənəlhəq"ini yalnız ana dilində poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə-əfsanələrə çevrilmiş mərdanə və amansız ölümüylə təbliğ və təsdiq etdi.

Xalq şairi Qabil gözəl deyib:

"Bayrağa çevrildin, qanlı bayrağa,
Axıb üz-gözünü örtdükcə qanın.
Elə bil, boylanıb baxdın uzağa,
Uzaq sabahına Azərbaycanın!"

Cavid ŞAHVERDİYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir