İstiqlal ruhlu “Yeni Qafqazya” dərgisi Layihə

İstiqlal ruhlu “Yeni Qafqazya”  dərgisi

"Məsləkimizə müvafiq yazılar, məmnuniyyətlə qəbul və nəşr olunur..."

1923-cü il sentyabrın 26-da yalnız azərbaycanlıların deyil, eləcə də rus əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları1 ilk məcmuə – "Yeni Qafqazya" işıq üzü gördü. Məcmuənin ünvanı: Cığaloğlu küçəsi, Amdı mətbəəsi. Məcmuə hər on beş gündən bir nəşr olunurdu. Abunə şəraiti: illik qiyməti 120 quruş; altı aylığı 60 quruş; xaricdə 1 nüsxəsi 5 quruş. Ədəbi-ictimai və siyasi bir məcmuə olan "Yeni Qafqazya"nın ilk sayının başlanğıcında bu cümləyə rast gəlmək mümkündür: Məsləkimizə müvafiq yazılar, məmnuniyyətlə qəbul və nəşr olunur.
Məcmuənin ilk sayının imtiyaz sahibi və məsul müdiri Seyid (Məhəmməd) Tahir olub. Seyid Tahir məsul müdirlik vəzifəsini 1925-ci il 15 dekabra qədər yerinə yetirib. Onun haqqında belə məlumat da vardır: ""Dağıstanlı Səid Əfəndi 1925-ci ildə, Avropa papaxlarının Türkiyədə geyilməsi əleyhinə təbliğat apardığına görə həbs edilmişdi. 1926-cı ilin fevralında bəraət almasına baxmayaraq, Türkiyə respublikasının o zamankı qanununa əsasən redaktor vəzifəsində çalışa bilməzdi". Elə bu səbəbdən də 1926-cı il 6 fevral tarixindən məsul müdir vəzifəsini Əhməd Həqqi yerinə yetirmişdir. Məcmuənin əsas yaradıcısı M. Ə. Rəsulzadə olmasına baxmayaraq, onun adına ilk dəfə məcmuənin 1923-cü il 15 oktyabr tarixli sayında dərc olunmuş "Zəruri bir izah" (İdarəyə məktub) başlıqlı məqalədə rast gəlinir. Daha sonra "Yeni Qafqazya"nın 1924-cü il 28 may tarixində üz qabığında M. Ə. Rəsulzadənin şəkli olan xüsusi nüsxə nəşr olunmuşdur. Həmçinin məcmuənin 1924-cü il 16 noyabr tarixli sayında baş mühərrir: Rəsulzadə Məmməd Əmin və 1926-cı il 6 fevral tarixli sayında isə sahibi və baş mühərriri, Rəsulzadə Məmməd Əmin adını görmək olar".
Politoloq X.İbrahimli yazır: "Dərginin "Yeni Qafqasya" adlandırılmasından da görünürdü ki, Azərbaycan mühacirləri bütün Qafqaz mühacirləri ilə iş birliyi yaradılmasının ilk təşəbbüsçülərindən olmuşdur. Son dərəcə zəruri olan bu birliyin gerçəkləşməsi üçün həm mühacirləri, həm də Türkiyə ictimaiyyətinin siyasi zümrəsini ideoloji-siyasi cəhətdən hazırlamaq istiqamətində "Yeni Qafqasya" çox işlər gördü. "Yeni Qafqasiya"nın məsul redaktoru dağıstanlı Səid Əfəndi, redaksiya heyətinin üzvləri isə Ş.Rüstəmbəyli, Əhməd Cəfəroğlu, X.Xasməmmədov, Əmin Abid (Gültəkin) və Buxara Respublikasının sabiq prezidenti Osman Xoca idi. 1925-26-ci illər arası qısa fasilədən sonra ayda iki dəfə çıxan dərgi, Əhməd həqqinin redaktorluğu ilə yenidən fəaliyyətə başladı. ..
Səbahəddin Şimşir "Yeni Qafqazya"da M. Ə. Rəsulzadəyə aid olduğu düşünülən və ya imzasız 215-ə yaxın məqalə olduğunu qeyd edir. O, M. Ə. Rəsulzadədən və oxucu məktublarında başqa "Yeni Qafqazya"dakı imzaları belə açıqlayır: "Ə. Bəttəl, Ə. Cavad, Ə. Həmdi, A.Şeyxülislamzadə, Əbdülqadir, Dr. Abdullah Cövdət, Acarlı Əhməd Zəki Vəlidi, Əli Mənsur, Əli Mərdan, Ayaz İshaki, Ayn Ayn, Ayn Kaf, Ayn Qurbanqulu, azərbaycanlı Əli Kamal, Azəri, Azərizadə, Bakılı, Cəfər Sadiq, Dəmirçioğlu, Əlif Çəlbək, Ərdoğan, Falih Rifki, Gəncəli, Gülsərən, Gültəkin, Gürcü, Xəlil Xas Məmməd və s.". M. Ə. Rəsulzadə məcmuənin ilk sayında dərc edilən "Atəşçalan Prometey" məqaləsində yazırdı: "İlk nüsxənin baş məqaləsi proqram məqaləsi olmalı idi. Burada məcmuəmizin təsisi ilə təqib etdiyimiz məqsəd şərh olunmalı idi.
Mövzumuzu düşünərkən Qafqazya, bu gözəl məmləkət bəhri-xəzər ilə Qara dəniz arasındakı bu tarix bərxəz, əski yunanların "altun-yük" deyə təbil etdikləri bu zəngin ölkə gözümüzün önündə canlandı. O pək zəhgin keçmişi və hətta çox parlaq istiqbalı ilə təxəyyülümüz qarşısında sərt bir keçid yapdı.
Bəhri-xəzər sahilindən başlayan ilk mənzərə qüvvətli bir aydınlıq təşkil edirdi. Bu, səmalara doğru yüksələn bir atəş idi. Azərbaycan isminin müsəmməsini təşkil edən atəş, o atəş ki, mədəniyyəti bəşəriyyət ilk əvvəl onun yaxdığı ocaq başında təsis edilmiş. O atəşi müqəddəs ki, "Prometey" onu özü çalaraq, yer üzünə qaçırdığı üçün hələ əzab çəkməkdə, cəsarət və üsyanının cəzasını görməkdədir. Məlum olduğu vəch ilə Prometey, Apollon mənzuməsindən əsatiri bir ilahədir. Atəşi səmalardan çalaraq insanlara gətirdiyi üçün Zevs tərəfindən Qafqazya dağlarında zəncirbənd olmuş və bir siyah qartal onu didməyə müvəkkəl olmuşdur. Bu qartal hər gün zavallının köksünü dələrək ürəyini parçalasa da, Prometey təkrar kəsbi – afiyət edər, təkrar parçalanar. Əsatir, atəşi-sariqi bulunan bu üsyankar aləhyi atəş yurdu Azərbaycana nazil bulunan Qafqazya dağlarında deyil, başqa yanda zəncirbənd etmiş olsaydı, onu bulub təkrar bura gətirməli idi. Çünki, Qafqazyanın tarixini, son əsrdəki güzəran edən əhalini və bir xassə indiki vəziyyətini tərmiz etmək üçün bundan daha bir rəmz bulunmaz. Zevsin haqqı vardır. Asimanlardan çalınan atəş yerə gəlincə özünə rəqib çıxmış, insanlar ona tapınmış, özünü təqdis eləmişlərdir. Tarixi-qədimin təqdis elədiyi atəşə məmaili-əsr hazırın elan elədiyi şey neftdir.
Atəşpərəstlik dövrünün ən böyük, atəşgədələri Qafqazyada - Azərbaycanda bulunduğu kimi, neftpərəstlik əsrinin ən cazib ocaqları da buradadır. Prometeyi didən xunxar quş, qartal idi. Bir əsrdən bəri Qafqazyanın köksünü dələn və ciyərini parçalayan Rusya imperyalizminin gerbi də bir qartal deyildimi? "Qafqazya Qafqazyalılarındır" şüarı təhəqqüq etdiyi gündür ki, "Yeni Qafqazya" vücud bulacaq. Bugünki, Qafqazya "Qartal" Rusyanın deyilsə də, "Oraq" Rusyanındır. Fəqət Qafqazyalıların deyildir. Azərbaycan, Dağıstan, Gürcüstan vücudi milliləri qara imperyalizmi, təmsil edən qartal nişanı ilə deyil, qızıl imperyalizmin əlamətini təşkil edən çəkiclə əzilir və oraq ilə kəsilirsə, bundan Yeni Qafqazya naminə nə hasil".
"Yeni Qafqazya" Azərbaycan istiqlalçılığının kökünü "Azəri Türkünün Rus çarizminə qarşı davam etdirdiyi milli mədəniyyət uğrundakı mücadilədə görür", bütün çətinliklərə baxmayaraq bu mücadilənin davam etdiyini vurğulayırdı: "Bu mücadilə davam edir. Mücadilə dalğası bizi cəbhədən cəbhəyə atır və biz gah qalib, gah məğlub, gah hür, gah əsir, gah hakim, gah məhkum, gah sürgün və gah mühacir oluruq".
Digər məqalədə milli istiqlalçılıq ideyalarının bütün çətinliklərə baxmayaraq böyüyəcəyi, yüksələcəyi göstərilir: "Dörd ildən bəri müstəqil Azərbaycana sahib olan Çekalar bu idealın kökünü kəsmək üçün müraciət etmədikləri vəhşiliklər buraxmamışdılar. Fəqət nə Qızıl Ordunun, başda Gəncə, Qarabağ və s. olduğu halda məmləkətin hər tərəfində üsyan edən xalqı məsum qanlara qərq etmək istəməsi, nə irfanın, üləmanın və gəncliyin yüzlərlə qurşuna düzülməsi, nə fədakar gənc vətənpərəstlərin qaranlıq zindanlarda, sulu borumlarda şikəst bir hala gətirilərək aclıq elan edəcək dərəcəyə endirilməsi, nə də min bir hiylələrlə əli silah, dili söz tutan atəşli fərdlərin kafilərlə sürgün edilməsi bu idealı söndürə bilməz! Bilakis hər şeydən yüksək olan ideal bütün bu təziqlərə ramən böyüyər, parlar, yüksələr!"
Qeyd edək ki, 28 May və 27 Aprel – bu günlərin hər ikisi də Azərbaycanın müstəqillik tarixində mühüm yer tutur. Bu tarixlərdən birincisini bayram, ikincisini matəm günü kimi qeyd edən "Yeni Qafqazya"nın səhifələrində bu hadisələrlə bağlı xeyli məqalələr dərc olunmuşdur: "Azərbaycanın istiqlalçılığı Rusya ərazisindəki Türk elləri istiqlalçılığının pişdarı idi. Bu etibarla 28 May yalnız Azərbaycan istqlalçıları nəzərində deyil, Rusya əsarətinə qarşı qiyam edən bütün Türk elləri nəzərində də möhtərəm bir gündür".
27 Aprel işğalı ilə bağlı nəşr edilən məqalələrin birində isə qeyd edilirdi: "Bu gün 27 Apreldir. Bakıdakı bolşevik hökuməti bu günə məxsus şəkillər tərtib və bunu yövmi haləs və ticarət kimi təsdiq edər. Bu gün Azərbaycan hökuməti milliyyəsi isxat olunaraq yerinə kommunist hökuməti nəsib olunmuşdur. Fəqət məsələnin həqiqi cəhəti bu şəklin ifadə etdiyi mənaya müvafiq olsaydı, biz nə bu günün şəamətini istirərdik, nə də Azərilər bu günü matəm tutardılar".
27 Aprel istilasından sonra yenidən Rusyanın müstəmləkəsinə çevrilən Azərbaycanda baş verən hadisələr də "Yeni Qafqazya"da dərc olunan yazıların mövzusuna çevrilmişdir. "Yeni Qafqazya" sovetlər birliyinin bu məmləkətdə apardığı siyasəti pisləyir, bolşeviklərin əsas simasını açıb göstərirdi: " Rusya bolşevizmi təbdili hökumət pərdəsi altında Azərbaycan Türk Cumhuriyyətini sözün bütün mənasıyla, istila eylədi. Türk dostluğu və istiqlal şüarının ulduzlu haili arxasında hər növ hüquq və insaniyyət qanunlarını kirli çəkmələri altında tapdalayan bu müstəqil qüvvət məmləkətdə nə milli, nə idari, nə də siyasi heç bir istiqlal buraxmadı. Belə cabbar və zalım bir müdaxiləyə qarşı yer-yer vükü bulan üsyanlar və qəddarcasına bir surətdə bastırıldı. Azərbaycan, sözün tam mənasıyla qızıl kəsildi. Ricalinin, üləmasının, müəllimlərinin, əsgəri komandalarının əməli və köylülərinin, milli adət və dini müqəddəsliyinə sadiq qalan günahsız xalqının al qanlarına boyandı".
"Yeni Qafqazya" yalnız Türkiyədə deyil, eləcə də İranda, Misirdə, Əfqanıstanda yayılır, geniş maraq doğururdu. Məcmuə gizli yolla Azərbaycana gətirilib xalq arasında yayılırdı.
Qeyd edək ki, "Yeni Qafqazya"ya qarşı bütövlükdə Sovet təbliğat şəbəkəsi işləyirdi. "Pravda", "Qızıl Orenburq" kimi qəzetlər, "Novıy Vostok" elmi orqanı "Yeni Qafqazya"dakı yazıları təkzibə çalışsalar da, bir fayda olmamışdı.
"Yeni Qafqazya"nın fəaliyyəti Svetlər Birliyini narahat edirdi. Səlcuq Onal bu barədə yazırdı: "Azərbaycan mətbuat tarixində mühacirlik dövrü kimi yeni bir mərhələ başlamışdır. İstila altında inləyən vətənin fəryadlarını əks etdirən bu hür səs bolşeviklərin rahatını qaçırırdı".
Sovet hökuməti hər vasitə ilə "Yeni Qafqazya"nı bağlamağa çalışırdı. M. Ə. Rəsulzadə başda olmaqla azərbaycanlı mühacirlərin gərgin, yorulmaz mübarizələrinə baxmayaraq Türkiyə hökuməti Sovet hökumətinin təsiri ilə "Yeni Qafqazya"nın nəşrini qadağan etdi.
M. B. Məmmədzadə gərgin mübarizə yolu keçmiş, 100-ə yaxın sayı işıq üzü görmüş "Yeni Qafqazya"nı yüksək qiymətləndirir və bu məcmuənin gələcək nəsillər üçün milli istiqlal tariximizdən bəhs edən bir sənəd olduğunu qeyd edirdi: "Yeni Qafqazya" ilə başlayan milli nəşriyyat milli istiqlal savaşımızın tarixi sənədləri kimi qalacaq və gələcək nəsillər millətimizin qızıl istila altındakı iztirab və əsarət dövrünü bu sənədlərdən öyrənəcəkdir"

Ülviyyə Tahirqızı