“Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır” Layihə

“Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır”

Elman Cəfərli: “Yaxın vaxtlarda ölkədə mövcud su problemi və məsələnin həlli yolları ilə bağlı hesabatla çıxış etməyi planlaşdırırıq”

“Demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçib. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılmış geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilib və bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilib”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinini sədri Elman Cəfərli deyib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirməyə çalışıb.
-Azərbaycan müstəqilliyini ikinci dəfə elan etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyətinin inkişaf etməsi istiqamətində hansı işlər görülüb?
-Demokratik dövlətin əsas prioriteti vətəndaş cəmiyyətinin inkişafıdır. Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır. Azərbaycan müstəqilliyini elan etdikdən sonra vətəndaş cəmiyyəti inkişaf etməyə başladı. Demokratik təsisatlar, vətəndaş birlikləri yarandı. Demokratik cəmiyyətlərdə qeyri-hökumət təşkilatları, könüllü vətəndaş birliklərinin böyük rolu var. 70 il yaşadığımız Sovet totalitar dövlətində vətəndaş cəmiyyətinin inkişafından söhbət gedə bilməzdi. O dövlətdə hər şey hakim partiyanın direktivləri əsasında yuxarıdan aşağıya doğru inzibati amirlik metodu ilə idarə olunurdu. Vətəndaş təşəbbüsündən söhbət gedə bilməzdi. Vətəndaş cəmiyyəti, könüllü təşəbbüslar yalnız “kommunizm quruculuğu” ideyasına xidmət etməli idi. Azərbaycan müstəqil olduqdan sonra isə vəziyyət dəyişdi. Azərbaycanda qeyri-hökumət təşkilatları ötən əsrin 80-ci illərinin sonlarından, 90-cı illərin əvvəllərindən yaranmışdı. Əsasən tarixi abidələrin qorunması məqsədilə qurumlar yaranırdı. O dövrdə xeyriyyə cəmiyyətləri də populyar idi. Azərbaycanın müxtəlif bölgələrində xeyriyyə cəmiyyətləri, fondları fəaliyyət göstərirdi. Müstəqil olduqdan sonra Azərbaycan bazar iqtisadiyyatı və sivil dünyaya inteqrasiya xəttini seçdi. Azərbaycanda çoxsaylı qeyri-hökumət təşkilatları yaradıldı.
Demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçib. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılmış geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilib və bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilib.
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbulu ölkədə QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu sənədin qəbulu QHT sektorunun inkişafı üçün institusional və hüquqi cəhətdən daha əlverişli zəmin yaratdı. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin prinsip və formaları, həmçinin QHT-lərə dövlət dəstəyinin prioritet sahələri və bu dəstəyin təmin olunmasının əsas vasitələri nəzərdə tutulub. Həmin əsas vasitələr qanunvericilik bazasının, dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir.
Konsepsiyada qarşıya qoyulan məqsəd və vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Şuranın fəaliyyətə başlaması ilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına ixtisaslaşmış dövlət dəstəyinin həyata keçirilməsi sahəsində yeni idarəetmə modeli meydana gəldi. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından və Şuranın fəaliyyətinə dair Əsasnamədən irəli gələn və davamlı olaraq həyata keçirilən dövlət siyasəti nəticəsində bu gün ictimai həyatın bütün sahələrində QHT-lərin aktivliyi, o cümlədən onların dövlət qurumları ilə əsas tərəfdaş qismində faydalı əməkdaşlıq münasibətləri müşahidə olunur. QHT-lər ictimai həyatın ən müxtəlif sahələri üzrə qəbul olunmuş dövlət proqram və strategiyalarında əsas tərəfdaş qurumlar kimi dövlət və cəmiyyət qarşısında həlli vacib hesab olunan milli, regional və məhəlli xarakterli ictimai vəzifələrin həyata keçirilməsində aktiv iştirak edir, o cümlədən çoxsaylı ictimai problemlərin həllində töhfələr verir.
Eyni zamanda, hesab olunur ki, vətəndaş cəmiyyəti institutlarının aparıcı istiqamətini təşkil edən QHT-lərin inkişafı ilə bağlı qarşıda ciddi vəzifələr dayanır və bu istiqamətdə davamlı olaraq zəruri işlər aparılır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsini reallaşdırır.
QHT-lərə Dövlət Dəstəyi Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi, azərbaycançılıq ideyasının təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi işini həyata keçirir. Bundan başqa, bu təşkilat siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi, insan, hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, təhsil, elm texnika, mədəniyyətin və incəsənətin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı, əhalinin sağlamlığının qorunması və digər dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş məqsədli proqram, layihə və tədbirlərin dövlət tərəfindən maliyyələşməsini təmin edir.
-Bəllidir ki, QHT-lər vətəndaş cəmiyyəti institutu kimi daha çox ön plana çıxır. Sədri olduğunuz “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi hansı zərurətdən yarandı və bu prosesdə hansı rola malikdir?
-Biz Bakının Xəati rayonunda yaşayırıq. Xətai və Nizami rayonunun bir sıra ərazilərində çoxillik ağaclar tamahgir işbazlar tərəfindən kəsilib. Çox təəssüf ki, bir sıra məmurlar da onlarla əlbir olublar. Mən və dostlarım, həmfikirlərim qərar gəldik ki, bir təşkilat quraq, könüllü olaraq yeni yaşıllıqlar salaq, ağacların kəsilməsinə mane olaq. Beləliklə ətraf mühitin, yaşıllıqların qorunması, yeni ağaclıqların salınması ideyası 2019-cu ilin martında meydana gəldi. Bir qrup ziyalı, sahibkar toplaşdıq, qərara aldıq ki, bir qurum yaradaq. “Yaşil Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi 2019-cu ilin 3 sentyabrında təsis edilib. Ona qədər bir neçə ağacəkmə kampaniyası keçirdik. Xətai rayonu Nəsrəddin Tusi küçəsi 21, 22-nin həyətində, 260 saylı məktəbin ərazisində küknar, ayland ağacları, nar kolları, üzüm tinkləri əkdik. Məhəmməd Hadi küçəsində bir gecədə işbazlar 90-dan çox çoxillik ağac kəsmişdilər. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin könüllüləri olaraq əraziyə getdik, əhaliyə dəstək verdik. Olayı ictimailəşdirdik. Öz hesabımıza ağaclar aldıq, əhali arasında “kvadrat binalar” adlanan evlərin həyətində əkdik. Qeyd edim ki, birliyin əsas məqsədi təkcə yaşıllaşdırma deyil. Həm də ekoloji problemlərin öyrənilməsinə kömək etməkdən ibarətdir. “Yaşil Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi 26 dekabr 2019-cu ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.
Birlik məqsədlərinə çatmaq üçün bu sahədə elmi təqqiqatların aparılmasına kömək edəcək, ekoloji problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə təklif və dəstək verəcək.
Aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil etmək, bu sahədə araşdırmaların aparılması, bu sahə üzrə mütəxəssislərin hazırlanması üçün tədris proqramlarının həyata keçirilməsi, brifinqlərin, mətbuat konfranslarının, təqdimat mərasimlərinin, işgüzar görüşlərin təşkili və keçirilməsi də vəzfələrimizə daxildir. Ekoloji problemlərin həlli ilə bağlı cəmiyyət və KİV münasibətlərinin qurulmasına yardımçı olmaq qarşıya qoyulan məqsədlərdəndir.
Müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirmək perspektiv planlara daxildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci il Könüllülər ili elan edilib. Mart ayından koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq ölkədə xüsusi karantin rejimi elan olunub. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi də dövlətin apardığı siyasətə uyğun olaraq maarifləndirmə tədbirləri aparır. Bir neçə dəfə əhaliyə qoruyucu maska paylamış, maarifləndirmə tədbirləri keçirmişik.
Azərbaycanda son illər içməli su problemi yaranıb. Təşkilatın ekspertlər qrupu bu məsələni araşdırır. Yaxın vaxtlarda ölkədə mövcud su problemi və məsələnin həlli yolları ilə bağlı hesabatla çıxış etməyi planlaşdırırıq.

Əli