Vətəndaş cəmiyyəti yalnız demokratik quruluşlu ictimai formasiyada mövcud ola bilər Layihə

Vətəndaş cəmiyyəti yalnız demokratik quruluşlu ictimai formasiyada mövcud ola bilər

Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür.
Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir.
Vətəndaş cəmiyyəti bizim dövrün ixtirası deyil. Vətəndaş cəmiyyəti ideyası Qədim Yunanıstanda və Romada mövcud olmuşdur. Yalnız XVII əsrdə ingilis filosofu Tomas Hobbs özünün “Vətəndaş haqqında” və “Leviafan” əsərlərində vətəndaş cəmiyyətinin konsepsiyasını təsvir etmişdir.
Sonrakı dövrlərdə vətəndaş cəmiyyəti ideyası C.Lokk, J.J.Russo, İ.Kant və başqa mütəfəkkirlər tərəfində inkişaf etdirilmişdir.
Vətəndaş cəmiyyəti – bu ictimai münasibətlərin, formal və qeyri formal strukturların (qruplar, kollektivlər), spesifik maraqların birləşmiş (iqtisadi, etnik, mədəni) məcmusudur. Bütün bunlar insanın həyat fəaliyyətini təmin edən və müxtəlif maraq və təlabatların dövlətdənkənar təmin edilməsidir.
Vətəndaş cəmiyyəti və dövlət biri-birini tamamlayır və biri-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildir, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər.
«Vətəndaş cəmiyyəti» — dövlətdən asılı olmayan, elə ictimai institutlar və münasibətlər (sosial, mənəvi, mədəni sahələr) sistemidir ki, bunun vasitəsilə insanların həyat fəaliyyəti, onların yaradıcılığı və bunların nəsildən-nəsilə ötürülməsi üçün fərdlərin və kollektivlərin xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şərait təmin edilir.
Nəzərə almaq lazımdır ki, «vətəndaş cəmiyyəti» anlayışı sadəcə olaraq «vətəndaş» və «cəmiyyət» terminlərinin şərti birləşməsi kimi çıxış etmir. Vətəndaş cəmiyyətinin mövcudluğu o zaman mümkündür ki, sosial əlaqələrin bütün sahələrində, o cümlədən, iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin yaradıcılıq imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır.
Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik-hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi savatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik-hüquqi dövlət quruculuğuna imkan yaradır.
Məhz Ulu Öndər vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi.
Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Bu səbəbdən də, Azərbaycanın müasir, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı haqlı olaraq Ulu Öndərin adı ilə bağlanılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qeyd edib ki, bu gün Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, iqtisadi, çətinliklər gəlir. Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki QHT sektorundan, yaxud yüksək hüquqi pilləyə ucalmış vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığının qorunması sual altında idi: «Məhz belə bir məqamda- 1993-cü ildə, ictimai-siyasi durumun apogeyinə yetişdiyi zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Milli lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də proitet istiqamət kimi diqqətində saxlayırdı.
Təbii ki, belə böyük miqyaslı vətandaş cəmiyyəti institutlarının formalaşdırılması qısa zaman kəsimində reallaşa bilməzdi. Bunun üçün ilk növbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər zəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli, QHT sektoru cəmiyyətə daşınmalı və bir sıra digər mühüm mərhələlər keçilməli idi. Heydər Əliyevin bu sektorun strateji planda inkişafı üçün atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı”.
Respublikamızın inkişaf tarixinə bir daha nəzər salsaq görərik ki, XX əsrin 70-ci illərindən ölkədə yüksələn sürətlə inkişaf edən sosial, iqtisadi, təhsil və mədəni quruculuq işləri başlayıb. Dövlət müstəqilliyinin bərpa edilməsindən keçən qısa bir dövrdə vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilib. Mühüm sənədlər qəbul edilib, öhdəliklərə imza atılıb. Əgər biz tarixi zaman ardıcıllığını özündə daşıyan sistemli inkişafın insan hüquqlarının əhatəli formada təmin olunmasına xidmət etməsini nəzərə alsaq, onda belə qənaətə gələ bilərik ki, müstəqil ölkəmizdə insan hüquqlarının inkişaf tarixi iki mərhələni - 1993-2003 və 2003-cü ildən sonrakı dövrləri əhatə edir. Bu iki mərhələni eyni məzmun və istiqamətdə məhz insan hüquqları üzrə normativ-hüquqi bazanın yaradılması tamamlayıb.
"Vətəndaş cəmiyyəti” ifadəsinin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da tərəqqidə daha yüksək pillədir.
Diaspor Jurnalistləri Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, demokratik dövlətin əsas prioriteti vətəndaş cəmiyyətinin qurulmasıdır.
Onun sözlərinə görə, bu, eyni zamanda, demokratik idarəçilikdə vətəndaşların birləşməsi deməkdir: “Demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. İnsanları birləşdirən fəaliyyət sistemi isə əsasən vətəndaş cəmiyyəti institutlarıdır. Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır. Hətta bunlar bir çox hallarda cəmiyyəti düzgün yola istiqamətləndirirlər. Bu işin ilk baxışda çətinliyi təmənnasız, könüllü fəaliyyət olmasıdır. Amma məsuliyyəti və özəlliyi ondan ibarətdir ki, sən cəmiyyətin işinə yaxşı mənada müdaxilə edirsən. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi də məhz bu dəyərlər üzərində bərqərar oldu və bu proses dinamik baş verdi. Əgər müstəqilliyin ilk illərində ölkədə vətəndaş cəmiyyətinin formalaşması prosesi gedirdisə, artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır”
F.Hüseynzadə əlavə edib ki, məhz bunun üçün Prezident İlham Əliyev tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib: “Sənədə görə, vətəndaşlar ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə formalarında ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda iştirak edə biləcəklər. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai Şuranın məqsədi vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda, İctimai Şuralar dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil, eləcə də onların fəaliyyətinə ictimai nəzarət edə biləcəklər. Qanun İctimai şuralara dövlət orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına nəzarət etmək imkanı da verir. Qeyd edək ki, qanunun qəbulundan qabaq bir çox dövlət orqanlarının yanında öz təşəbbüsləri əsasında bu və ya digər ad altında məşvərətçi qurumlar fəaliyyət göstərirdi. Lakin “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında İctimai Şuraların yaradılması məcburidir. Artıq əvvəllər əksər dövlət orqanlarının yanında yaradılan İctimai Şuralar bu qanuna uyğunlaşdırılır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət- vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün nə qədər açıq olduğunu göstərir. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır. Ona görə də İctimai Şuralardan məsuliyyət və ciddi fəaliyyət tələb olunur. İctimai Şuranın sözü cəmiyyətin sözüdür. Çünki onlar məşvərətçi qurum olaraq ictimaiyyəti təmsil edirlər. İctimai Şuralar da real işlərlə özlərini təsdiq etməlidir ki, cəmiyyət tərəfindən formal qurum kimi tanınmasınlar”.
Davamı növbəti sayımızda

Cavid