Qarabağ problemi və “erməni məsələsi” Layihə

Qarabağ problemi və “erməni məsələsi”

I yazı

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. "Erməni məsələsi"nin də meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Bu məsələni Ermənistan-Azərbaycan münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Çünki "Qarabağ məsələsinə" erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. "Erməni məsələsi" isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları - XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V.Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı: "…Erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur". Lakin tarixçi aldanmışdı…
Buna görə də əvvəlcə həmin məqaləni təqdim edirik. Sonrakı mərhələlərdə" erməni məsələsinə" aid materialların ümumiləşdirilməsi, yeni fakt və tarixi sənədlər əsasında təhlili nəzərdə tutulur.
Erməni məsələsi - Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin.
Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı. Kiçik Asiya Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı - hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu və s.
Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. Konstantinopolu fəth edəndən (1453) sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının "rəhbəri" əslində bu şura idi. Türkiyədə erməni burjuaziyasının inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı.
Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı - bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən (erməni-katolik və erməni-protestant qurumdan) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi.
Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə "erməni liberalizmi"nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla "milli özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı.
Orta erməni burjuyaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəfəqqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı…
Genişlənən antoqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi. Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüraları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəsmi müraciət etməsi - onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər.
Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verirdi.
Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" (Qara dənizdən Aralıq dənizinədək) "Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi - onların beynəlxalq vəziyyəti mənasında. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı…
Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən erməni burjuaziyası silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı), daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar - Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu.
Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi... Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….

Cavid