Gənclər siyasətinə xüsusi önəm verililir Layihə

Gənclər siyasətinə xüsusi önəm verililir

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur.

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən bu vaxta qədər gənclər siyasətinə xüsusi önəm verililir. Qeyd edək ki, bu, heç də təsadüfi deyil. “Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə Ümummilli lider Heydər Əliyev məhz gənclər siyasətinin ön planda olduğunu tam zamanında diqqətə çatdırıb. Elə Ümummilli Liderin bu kəlamını rəhbər tutaraq, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən ölkəmizdə gənclər siyasətinə xüsusi diqqət göstərilməyə başlanıldığını yaxşı xatırlayırıq. Məhz müstəqilliyimizin bərpasından sonra Ümummilli lider uşaq və gənclərin fiziki və mənəvi inkişafına nə dərəcədə həssas yanaşıb, nə dərəcədə xüsusi diqqət ayırıb. Artıq biz həmin o həssas yanaşmanın, həmin o diqqətin məntiqi nəticəsini görməkdəyik

Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü Akademik İbrahim Cəfərov deyib ki, Ulu Öndərin müəyyən etdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev gənclər siyasətini dövlətin strateji prioriteti kimi müəyyən edərək, onların təhsilinə, məşğulluğuna, innovativ düşüncə tərzinə və liderlik keyfiyyətlərinin formalaşmasına xüsusi önəm verir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən proqramlar Azərbaycan gəncliyinin intellektual və peşəkar potensialının yüksəlməsinə xidmət edir.

Bu siyasətin ən parlaq və tarixi nəticələrindən biri Azərbaycan gəncliyinin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq oldu. Məhz gənclərimizin şücaəti, vətənpərvərliyi və Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız gənclərin Vətənə sədaqətinin, Ulu Öndərin illər öncə formalaşdırdığı milli ruhun və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təcəssümüdür: “Bu gün Azərbaycan gəncliyi təkcə döyüş meydanında deyil, həm də quruculuq prosesində fəallıq göstərir. Azad edilmiş ərazilərin bərpasında, sosial-iqtisadi inkişaf layihələrində, könüllülük hərəkatlarında və dövlət proqramlarının icrasında gənclərin fəal iştirakı onların ölkənin gələcəyinə verdiyi töhfənin göstəricisidir. Bu, gənclərə göstərilən dövlət qayğısının qarşılıqlı etimad və məsuliyyət üzərində qurulduğunu nümayiş etdirir. Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində rektor kimi çalışdığım dövrdə gənclərlə daim ünsiyyətdə olmuşam və onların potensialına yaxından bələdəm. Azərbaycan gəncliyi savadlı, vətənpərvər və dövlətinə bağlı gənclikdir. Məhz bu gənclər həm torpaqlarımızı işğaldan azad etdi, həm də bu gün ölkəmizin inkişafında fəal iştirak edir. Onlara göstərilən dövlət qayğısı Azərbaycanın güclü gələcəyinə ən böyük sərmayədir. Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin prioritetə çevirdiyi gənclər siyasəti Azərbaycanın güclü, müstəqil və qalib dövlət kimi gələcək inkişafının ən möhkəm təməlidir. Azərbaycan gəncliyi bu siyasi kursun etibarlı davamçısı olaraq ölkəmizin sabahını daha da güclü edəcək”.

Milli Məclisin deputatı Azər Allahverənovun fikrincə, Azərbaycan cəmiyyətinin inkişafında gənclərin rolu həmişə mühüm olub. Tarixin bütün dövrlərində gənclər xalqın düşüncə və iradə gücünün təcəssümü kimi çıxış etmiş, yeniliklərə açıq baxışı, enerjisi və vətən sevgisi ilə mühüm proseslərin önündə dayanmışlar. Müstəqil Azərbaycanın dövlətçilik modelində də gənclərin fəaliyyəti xüsusi strateji əhəmiyyət daşıyır: “Məhz bu forumdan sonra Heydər Əliyev 1997-ci il fevralın 2-də imzaladığı sərəncamla 2 Fevral Azərbaycan Gəncləri Gününü təsis etdi. Beləliklə, Azərbaycan postsovet məkanında gənclər gününü dövlət səviyyəsində qeyd edən ilk ölkə oldu. Bu addım gənclərin dövlət quruculuğunda roluna verilən strateji dəyərin, onlara göstərilən etimadın rəsmi ifadəsi idi.

Heydər Əliyevin gənclərlə bağlı siyasəti sadəcə təbliğat xarakteri daşımırdı. O, gənclərin potensialını dövlətin gələcək inkişafı üçün intellektual və mənəvi kapital kimi qiymətləndirirdi. 1990-cı illərin sonlarından başlayaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildi. Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin xaricdə təhsil alması üçün dövlət proqramları hazırlandı, eləcə də ictimai həyatda onların fəallığının artırılmasına yönəlmiş müxtəlif təşəbbüslər gerçəkləşdirildi. Bu siyasətin mahiyyəti sadə, lakin dərin idi: gəncləri dövlətə bağlı, müasir düşüncəli, vətənpərvər və bilikli vətəndaş kimi formalaşdırmaq.

2003-cü ildən sonra Prezident İlham Əliyev bu siyasəti yeni mərhələyə yüksəltdi. Gənclərin müasir çağırışlara uyğun inkişafı dövlət strategiyasının tərkib hissəsinə çevrildi. Bu dövrdə qəbul olunan “Azərbaycan Gəncliyi 2005–2009-cu illərdə” Dövlət Proqramı, “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, gənclərin innovativ layihələrinin dəstəklənməsi bu istiqamətdə atılmış mühüm addımlar idi. Yeni dövrdə gənclər artıq idarəetmədə, sosial innovasiyalarda, elm və texnologiya sahəsində öz sözünü deyən aparıcı qüvvəyə çevrildilər.

Xüsusilə 2020-ci il Vətən müharibəsində gənc əsgərlərin, zabitlərin və könüllülərin göstərdiyi qəhrəmanlıq, bu günün mənəvi yükünü daha da dərinləşdirdi. O gənclər sübut etdilər ki, Heydər Əliyevin formalaşdırdığı və İlham Əliyevin inkişaf etdirdiyi nəsil dövlətinə, xalqına və torpağına sədaqətlə xidmət edir. Onların fədakarlığı Azərbaycan gəncliyinin əsl simasını cəsarətli, vicdanlı, bilikli və vətənpərvər bir nəsil obrazını göstərdi”.

İctimai fəal Əli Səlimovun fikrincə, müasir Azərbaycan dövlətinin inkişaf fəlsəfəsində gənclər xüsusi yer tutur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti həmin strateji xəttin müasir dövrün çağırışlarına uyğun davamıdır. Azərbaycan gəncliyi güclü dövlətçilik ideyaları, milli maraqlara sədaqət və müasir dünyagörüşü əsasında formalaşır. Dövlətin əsas məqsədi gənclərin bilikli, rəqabətqabiliyyətli və eyni zamanda milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişməsidir.

Günümüz dünyasında gənclər müxtəlif ideoloji və informasiya təsirlərinə açıqdır. Bu baxımdan gənclər siyasətinin yalnız sosial layihələrlə məhdudlaşmaması, ideoloji möhkəmlik və milli şüurun gücləndirilməsi üzərində qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan modeli sübut edir ki, müasirlik və milli kimlik bir-birinə zidd deyil, əksinə, paralel şəkildə inkişaf edə bilər. Son illərdə gənclər üçün yaradılan imkanlar bu siyasətin praktik nəticələrini aydın şəkildə göstərir. Gənclərin dövlət idarəçiliyinə cəlb olunması və könüllülük hərəkatının genişlənməsi gənclərin cəmiyyət həyatında fəal rol almasına şərait yaradır. Bu, gənclərin yalnız icraçı deyil, həm də təşəbbüskar qüvvə kimi formalaşmasına xidmət edir: “Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu xüsusilə 44 günlük Vətən müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Qələbədə gənclərin rolu danılmazdır. Döyüş meydanında, arxa cəbhədə və informasiya müharibəsində fəallıq göstərən gənclər sübut etdilər ki, dövlətə sədaqət və milli maraqlar uğrunda mübarizə onların həyat mövqeyidir. Bu fakt gənclər siyasətinin real nəticə verdiyini təsdiqləyən ən mühüm göstəricilərdən biridir.

Qarşıdakı dövrdə gənclər siyasəti daha çevik və nəticəyönümlü mexanizmlər tələb edir. Gənclərin məşğulluğunun artırılması, regionlarda yaşayan gənclər üçün imkanların genişləndirilməsi, intellektual potensialın iqtisadi inkişafa yönəldilməsi əsas prioritetlər sırasında qalmalıdır. Dövlət bu istiqamətdə ardıcıl addımlar atır və gənclər bu siyasətin əsas tərəfdaşına çevrilir. Azərbaycanın gələcəyi təsadüfi proseslərin nəticəsi deyil, planlı və məqsədyönlü siyasətin məhsuludur. Bu siyasətin mərkəzində isə milli maraqlara sadiq, güclü dövlətçilik düşüncəsinə malik gənclik dayanır.

Bu gün Azərbaycan gəncliyi dövlətin etibarlı dayağı, sabahın isə qərarverici qüvvəsidir. Onların inkişafı, möhkəmlənməsi və ideoloji baxımdan sağlam yetişməsi Azərbaycanın güclü və davamlı gələcəyinin əsas təminatıdır”.

Cavid