
Xəzər dənizinin səviyyəsində son illər müşahidə olunan dəyişikliklər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Sahil xəttinin geri çəkilməsi bir tərəfdən narahatlıq doğursa da, mütəxəssislər bu prosesin təsadüfi deyil, uzunmüddətli və təkrarlanan təbii qanunauyğunluqlar çərçivəsində baş verdiyini vurğulayırlar. Tarixi müşahidələr göstərir ki, Xəzər dənizi müxtəlif dövrlərdə qalxıb-düşüb və bu dəyişikliklər sahilboyu ərazilərin ekoloji strukturuna birbaşa təsir edib.
Ekoloqların fikrincə, hazırkı mərhələdə dəniz səviyyəsinin azalması bəzi bölgələrdə, xüsusilə Astara sahillərində təbii bərpa proseslərini sürətləndirir. Sahildən çəkilən suların yerində yeni bitki örtüyünün formalaşması, ağacların və kolluqların inkişafı müşahidə olunur ki, bu da ekosistemin yenidən canlanmasına şərait yaradır. Mütəxəssislər hesab edirlər ki, insan müdaxiləsi minimum səviyyədə saxlanılarsa və sahil əraziləri qorunarsa, bu təbii proseslər gələcəkdə həm ekoloji tarazlığın möhkəmlənməsinə, həm də yerli flora və faunanın zənginləşməsinə xidmət edə bilər.
“Xəzərdə böyük çöküş ehtimalı yoxdur”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlamasında Bakı Dövlət universitetinin İqtisadi və sosial kafedrasının müdiri, professor, Çingiz İsmayılov bildirib ki, Xəzərin səviyyəsinin azalması və sahil xəttinin dənizə tərəf çəkilməsi ərazilərdə həm quruda, həm də suda biotərkibin dəyişməsinə səbəb olur.
Onun fikrincə, Şimal bölgələrdən kənar mikroorqanizmlər köçür və təbii mühit uzunmüddətli perspektivdə tədricən dəyişir: “Son 200 ilin müşahidələrinə əsasən, Xəzərin səviyyəsi qalxıb-düşür. Bəzi xarici alimlərin 50 ilə 8-20 metr çöküş ehtimalı ilə bağlı proqnozları indiyə qədərki qanunauyğunluqlara uyğun deyil. Realist yanaşma ilə səviyyə yalnız 3-4 metr qədər dəyişə bilər.Xəzərin səviyyəsindəki dəyişikliklərin əsas səbəbi qlobal iqlim prosesləri və istiləşmədir. İnsan fəaliyyəti burada həlledici rol oynamır. Gözlənilən dəyişikliklər təbii qanunauyğunluqlar çərçivəsində baş verir”.
Ekoloq həmçinin Astarada vəziyyətin Abşerondan fərqli olduğunu qeyd edib: “Astara sahilində çirklənmə daha azdır, bu isə yeni bitki ərazilərinin və ekoloji təmiz sahələrin yaranmasına imkan verir. Belə sahələr köçəri quşlar üçün əlverişlidir və turistlər üçün cəlbedici olur. Amma bunun üçün sahil ərazilərinin idarə olunması və mühafizə proqramlarının hazırlanması vacibdir. Əks halda torpaqların mənimsənməsi və tikinti ilə təbii zonalar dağıla bilər.Yalnız dövlət və yerli icmaların iştirakı ilə kompleks idarəetmə tədbirləri tətbiq olunarsa, Xəzər sahillərində müsbət ekoloji dəyişikliklər müşahidə oluna bilər”.
“Xəzər dənizi təbii proseslə sahilləri bərpa edir”
Ekoloq İlqar Xəlilov söyləyib ki, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər uzun müddət ərzində təkrarlanan təbii bir prosesdir. Tarixən də dənizin səviyyəsi indiki vəziyyətindən geri çəkilmiş olub. Bu dövrlərdə Astara sahilləri sıx meşəliklərlə örtülü olub və səviyyə qalxdıqda həmin meşəlik suyun altında qalaraq məhv olub.
Onun sözlərinə görə, tarixi səviyyə dəyişmələri indi də təkrarlanır və bu səbəbdən sahildəki ağaclar və bitki örtüyü yenidən inkişaf etməyə başlayıb: “Əgər dəniz səviyyəsindəki çəkilmə davam etsə və insan fəaliyyəti nəticəsində ciddi müdaxilələr baş verməsə, bu ağaclar daha intensiv inkişaf edərək gələcəkdə düzən meşələrə çevriləcək. Bu, Astara sahillərinin ekoloji vəziyyətinin yaxşılaşmasına, həmçinin yerli flora və faunanın zənginləşməsinə imkan verəcək. Belə təbii proseslərin qorunması və ekoloji balansın təmin edilməsi üçün sahil ərazilərinin mühafizəsi vacibdir. Astara sahillərində təbii şəkildə yaranan meşəliklər həm ekosistemin sağlamlığı, həm də turizm və istirahət üçün böyük potensiala malikdir. Dövlət və yerli icmaların iştirakı ilə sahil idarəçiliyi və mühafizə proqramları tətbiq olunduqda, bu proses həm insan fəaliyyətindən, həm də tikinti və mənimsəmə təzyiqlərindən qorunmuş olacaq”.
İlqar Xəlilov əlavə edib ki, Xəzərin səviyyəsindəki dəyişikliklər uzunmüddətli və dövri prosesdir və təbii qanunauyğunluqlar çərçivəsində baş verir: “Tarix boyunca Xəzər dəfələrlə qalxıb-düşüb. İnsan fəaliyyəti burada həlledici rol oynamır. Əsas amil qlobal iqlim prosesləri və təbii su dövranıdır. Bu səbəbdən sahil ekosistemlərinin qorunması və davamlı inkişafı yalnız məqsədyönlü idarəetmə və mühafizə tədbirləri ilə mümkündür”.
“Xəzər geri çəkilir, ekosistem dəyişir”
Ekoloq Sadiq Qarayev bildirib ki, Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi uzun müddətdir müşahidə olunan təbii prosesdir və müxtəlif səbəblərlə bağlıdır: “Xəzəri qidalandıran çayların səviyyəsi, tektonik hərəkətlər, yağıntılar və buxarlanma nisbətlərinin pozulması dənizin geri çəkilməsini sürətləndirə bilər. Tarixi mənbələr göstərir ki, Xəzər əvvəllər də müxtəlif dövrlərdə səviyyəsini dəyişib və bu təbii bir prosesdir”.
O, ekosistemdə baş verən dəyişikliklərə də diqqət çəkib: “Xəzərin geri çəkilməsi faunanın-quşların, məməlilərin, həşəratların və floranın-ot, kol və ağac bitkilərinin yeni ekosistemə uyğun formalaşmasına səbəb olur. Astara sahillərində yeni flora və fauna növlərinin yaranması buna nümunədir. Bu proses həmçinin ətraf rayonlarda ekoloji tarazlığın pozulmasına və canlı aləmin adaptasiyasına təsir göstərir. Xəzər dənizində baş verən hər hansı dəyişiklik yalnız suyun səviyyəsi ilə bağlı deyil, həm də regionun ekoloji balansı və bioloji müxtəlifliyinə birbaşa təsir göstərir.
“Təbiətdə yeni dövr”
Ekoloq Ənvər Əliyev qeyd edib ki, Xəzər dənizinin geri çəkilməsi sahil zonalarında ekosistemin formalaşması üçün normal və təbii bir prosesdir: Dənizin bəzi sahələrində səviyyənin azalması nəticəsində əvvəllər toxumlanmış, lakin böyüməmiş ağaclar artmağa başlayır, ot örtüyü və xırda kolluqlar yaranır. Bu dəyişikliklər sahildəki flora və faunanın formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Xəzərin suyu əsasən şor olduğundan (təxminən 14-15 promille duzluluq), yeni yaranan torpaq örtüyü əvvəlki klassik quru sahələrdən fərqlənir və bitkilər üçün əlverişli mühit yaradır. Əgər quraqlıq davam edərsə, sahildəki meşələr yavaş-yavaş böyüyəcək və öz formasını qoruyacaq. Tarix boyu belə proseslər baş verib və bu baxımdan qorxulu və riskli bir hal yoxdur.
Ekoloq həmçinin qeyd edib ki, ehtimal olunur ki, müəyyən illərdən sonra Xəzər dənizinin səviyyəsi yenidən sahilə doğru arta bilər və ekosistem buna uyğun tənzimlənəcək.
“Xəzərin dəyişən sahilləri”
Ekoloq Rövşən Abbasov diqqətə çatdırıb ki, Xəzərin geri çəkilməsi Astara sahillərində həm ekoloji risklər, həm də yeni təbii imkanlar yaradıb: “Dəniz səviyyəsinin azalması iqlim dəyişiklikləri və su balansı ilə bağlı ciddi siqnaldır, lakin quruyan sahələrdə sürətli təbii bərpa prosesi müşahidə olunur. Yeni bitki örtüyü formalaşır, ağaclar inkişaf edir və ərazi köçəri quşlar üçün mühüm dayanacaq məkanına çevrilir. Bu, ekoloji ardıcıllığın canlı nümunəsidir. Prosesin uzunmüddətli təsirləri diqqətlə izlənməli, yeni yaranan ekosistemlərin qorunması və davamlı idarə olunması təmin edilməlidir”.
Günel Elxan