“Ermənistanın işğalı altında qalan abidələrimiz dağıdılır” Layihə

“Ermənistanın işğalı altında qalan abidələrimiz dağıdılır”

Xanhüseyn Kazımlı: "Ermənilər zəbt etdikləri ərazilərdə kilsələr inşa edirlər"

"Abidələr hər bir millətin, xalqın yaddaş kitabçasıdır desək, yanılmarıq. Onların qorunması, nəsildən-nəslə ötürülməsi cəmiyyət və dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. 10 aprel 1998-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu imkan verir ki, ölkəmizin bütün ərazisində abidələrin qeydiyyata alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması və onlara dəyən zərərlər barədə qiymətləndirilmə işlərinin aparılması peşəkar mütəxəsisləri cəlb etməklə dövlət orqanları tərəfindən müstəqil və ya mərkəzləşdirilmiş qaydada təşkil edilsin". Bu fikirləri Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə heyətinin üzvü, millət vəkili, professor Xanhüseyn Kazımlı öz yazısında bildirib. Onun sözlərinə görə, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında, 1988-ci ildən isə Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə dağıdılmaqdadır: "Həmin ərazilərdə Azərbaycana məxsus milli-mədəni dəyərlərə malik binalar, tarixi şəhərsalma ansamblları, şəhər qalıqları, tarixi-memarlıq kompleksləri və eləcə də elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər obyektlər ermənilər tərəfindən dağıdılır, məhv edilir və ya başdan-başa erməniləşdirilir. İşğal altında olan ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, arxeoloji-mədəni qurğular, habelə daşınan milli-mədəni mülkiyyətə aid abidələr böyük xüsusi çəkiyə malikdirlər.
Ermənistanın işğalı altında qalan tarix və mədəniyyət abidələri, qaya təsvirləri, mağaralar, mənzərə xarakterli oymalar, tarixi qəbir daşları, qəbirüstü abidələr, kurqanlar (böyük torpaq təpələri), istehkamlar, qalalar və memarlıq abidələri müxtəlif maddi və mənəvi dəyərlərə malik olmaqla həm də böyük milli əhəmiyyətə malikdirlər. Bunlar yerli, ölkə və beynəlxalq əhəmiyyətli olmaqla əsasən üç mühüm kateqoriyaya bölünür. Həmin kateqoriyalar üzrə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 901 rəsmi dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidəsi var ki, onlardan da 609-u yerli, 285-i ölkə və 13-ü beynəlxalq əhəmiyyətli abidələrdir.
Eyni zamanda işğal altındakı abidələr forma və həcminə görə iki mühüm hissəyə bölünür: daşınan (səyyar) və daşınmaz (stasionar) abidələr. Daşınan abidələrə muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, şəxsi kolleksiyalarda, ibadət yerlərində və başqa yerlərdə qorunan eksponat və digər əşyalar aid edilir. Bu kateqoriyaya aid olan 26 muzeydə, şəkil qalareyalarında və fərdi şəxslərdə saxlanan minlərlə eksponat torpaqlarımız işğal olunduqdan sonra ermənilər tərəfindən qənimət kimi mənimsənilərək Ermənistana aparılmış, digər bir qismi isə Almaniya, Fransa, Rusiya və Amerika kimi dövlətlərdə hərraca çıxarılmış və ya ermənilər üçün "nüfuzlu" bilinən fiziki-hüquqi şəxslərə hədiyyə edilmişdir. Onu da qeyd etməliyik ki, dövlət başçısının tapşırıqlarına müvafiq olaraq aparılmaqda olan qiymətləndirmə prosesində bunların hamısı tamamilə nəzərə alınmaqdadır.
İşğal olunmuş ərazilərdə qismən salamat qalan abidələr daşınmaz abidələr kateqoriyasına aiddir. Onlar əsasən arxeoloji və memarlıq qrupuna daxil olan binalar, tikililər və qurğulardır ki, hələlik öz mövcudluqlarını, qismən də olsa, qoruyub saxlaya biliblər".
Onun fikrincə, erməni vandalizminin geniş vüsət aldığı hazırkı şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqini, habelə onların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən dəyərləndirilməsini zərurətə çevirir: "Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycanın tarixi irsinin, onun mədənyyətinin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsi zərurəti gündən-günə artmışdır.
İşğal altında olan milli-mədəni dəyərlərimizin müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etməsi amili də böyük maraq doğurur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, işğal altındakı ərazilərimizdə dövlət qeydiyyatında olan abidələrimizin tərkibi müxtəlif olmaqla onların sayı barədə də məlumatlar vardır: türbələr (50), məscidlər (67), ziyarətgahlar (92), məbədlər (106), xatirə abidələri (262), arxeoloji abidələr (253), qalalar (39) və körpülər (32).
Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə dağıdılmış, 4-ü isə yararsız hala salınmışdır. Ancaq beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdamdakı Cümə məscidinin, Şuşadakı Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur. Eyni zamanda bütün çətinliklərə baxmayaraq, apardığımız araşdırmalara və arxiv sənədlərinə əsaslanaraq deyə bilərik ki, işğal altındakı ərazilərimizdə dövlət qeydiyyatından kənarda qalmış daha 1500 adda islam dini abidəsi, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbiristanlıqlar, o cümlədən türbələr, kurqanlar, siklop tipli memarlıq abidələri və antik qalalar mövcuddur.
Azərbaycan xalqına qarşı qeyri-insani və həm də böyük mənəvi zərbə hesab olunan belə yanaşmaların həm maddi, həm də mənəvi dəyərlərinin müəyyən edilməsi, qarşı tərəfdən müvafiq təzminatların tələb edilməsi, bu istiqamətdə beynəlxalq prezentasiyaların keçirilməsi silsiləsindən olan vəzifələrin həll edilməsi vacibdir.
X.Kazımlı bildirib ki, böyük çətinliklə də olsa, əldə olunan informasiyalar sübut edir ki, islam dininə məxsus abidələrin erməniləşdirilməsi (yəni xristianlaşdırılması) ilə bərabər ermənilər zəbt etdikləri ərazilərdə kilsələr inşa etməkdədirlər: "Buna misal olaraq Şuşa şəhərində (3), Şuşa-Laçın yolundakı Fətiş bulağı deyilən ərazidə (1), Laçın şəhərində (2), Laçın rayonunun Zabux kəndində (1), Şuşa-Xankəndi yolunun üzərində (2), Xankəndi şəhərində (4), Əsgəran qəsəbəsində (2), Ağdam rayonunun Şahbulaq qəsri yanında tikilən (1) kilsələri göstərmək olar. Bundan başqa, Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Xocavənd rayonlarının ərazilərində isə ermənilər tərəfindən 15 alban məbədi təmir edilərək onlara erməni kilsəsi statusu verilmişdir. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırmışdır. Bu isə faktiki olaraq indiki Ermənistan adlanan ərazidə istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur.
Ermənilərin bütün bu vandallıqları Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinə dəyən zərərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi zəruriliyini yaradır. Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi müəyyənləşdirilərkən aşağıdakı yanaşmaların nəzərə alınması məqsədəuyğun bilinir: müxtəlif nəsildən olan mütəxəssislərin abidənin qiymətləndirilməsinə münasibətləri; Azərbaycanın tarixi və mədəni irsinin milli yaddaşlarda yaşaması qaydalarının, onun davamlılığının öyrənilməsi; daşınmaz əmlakın bu növünün qiymətləndirilməsi zamanı abidənin dəyəri və ümumi vəziyyəti ilə bağlı müəyyən edilmiş məlumatların əldə edilməsi; işğal altında olan abidələrimizin qiymətləndirilməsi prosesində beynəlxalq səviyyəli "metodoloji göstəricilərə" istinad edilərək beynəlxalq ekspertlərlə məsləhətləşmələrin aparılması; beləliklə, hər bir abidənin turizm və habelə maddi-mənəvi cəlbediciliyinin bərpasına sərf olunması nəzərdə tutulan vəsaitlər və gözlənilən gəlir hesablanılmaqla obyektin (abidənin) Azərbaycan üçün faydalılıq dəyərinin illik əmsallarla birlikdə müəyyən edilməsi.
O, əlavə edib ki, "Azərbaycanda tarix və mədəniyyət abidələrinin mövcud beynəlxalq standartlarla, habelə yuxarıda qeyd olunan yeni standartlarla qiymətləndirilməsi bir sıra zəruri şərtlərin əvvəlcədən həll edilməsini lazım bilir. Bunlara əsasən aşağıdakıları aid etmək olar: qiymətləndirmə bazasının seçilməsi; abidəyə dəyən zərərin bazar dəyərinin müəyyənləşdirilməsi; abidənin tarixiliyinin müəyyənləşdirilməsi; onun ornamental quruluşuna dəyən zərərin müəyyənləşdirilməsi; icarə hüquqlarının bazar dəyəri hesabına itkilərin müəyyənləşdirilməsi; Azərbaycanın qanunvericiliyinə uyğun olan bazar dəyərinin razılaşdırılması; işğal nəticəsində həmin abidədən Azərbaycan tərəfinin müxtəlif məqsədlər üçün istifadə imkanlarından məhrum edilməsi nəticəsində itki və zərərlərin müəyyən edilərək hesablanması.
Beynəlxalq Qiymətləndirmə Standartlarının əsas xüsusiyyətlərindən biri Avropa və digər dünya ölkələrinin qanunvericiliyinə uyğun olan mühasibat hesabatlarının tərtibi üçün yerinə yetirilən qiymətləndirməyə istinad edilməsidir. Eyni zamanda, qiymətləndirmənin əsaslandırılması prosesində bu standartların qiymətləndirmənin digər məqsədlərinə də şamil olunmasının mümkünlüyü göstərilməlidir. Həmin standartlar münaqişələr nəticəsində itki və tələfatlara məruz qalan digər dövlətlər üçün də tövsiyə xarakteri daşımaqla qiymətləndirmənin yerinə yetirilməsi üçün göstərici rolunu oynayır.
Daşınmaz əmlakın dəyərini qiymətləndirmək üçün abidə haqqında mövcud olan məlumatların toplanıb təhlil edilməsi abidənin qiymətləndirilməsi istiqamətində ən əsas şərtlərdən biridir. Qiymətləndirmə zamanı abidənin mövcud vəziyyətinin öyrənilməsi abidəyə dəyən zərər barədə nəticə çıxarmağa əsas verər. Ermənilər tərəfindən məqsədli şəkildə, həm də tarix boyu çoxsaylı kurqan, insan məskənləri, qəbiristanlıqlar, inanc yerləri, müsəlman dini abidələri və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurmaqla həm də böyük maddi və mədəni itkilərə səbəb olmuşdur".

Əli