ETTELAAT rəhbəri də təxribatdan danışır Güney Azərbaycan

ETTELAAT rəhbəri də təxribatdan danışır

İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Mahmud Ələvi avqustun 31-də Üləma Məclisinin iclasında çıxış edərək onun başçılıq etdiyi nazirliyin ölkədə xarici kəşfiyyata qarşı apardığı fəaliyyətindən danışıb. Mahmud Ələvi deyib ki, xarici düşmən xəfiyyəsinin ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş təxtibat xarakterli proqramı ifşa edilib: "İran təhlükəsizlik qüvvələrinin gecə-gündüz göstərdiyi səyi nəticəsində son vaxtlar xarici düşmən xəfiyyəsinin ölkədə həyata keçirmək istədiyi təxribat xarakterli proqramı zərərsizləşdirilərək, onların sabitliyi pozaraq ölkənin müxtəlif məntəqələrində partlayışlar törətməsinin qarşısı alınıb. Aparılmış əməliyyatlar nəticəsində xarici düşmənə bağlı təxribatçılar ifşa edildikdən sonra onların bir qrupu tutulub, bəziləri isə əməliyyat zamanı öldürülüb. ETTELAAT Nazirliyinin bu kimi hallara yanaşma tərzi qabaqlayıcı siyasətə əsaslanır. Biz ölkə vətəndaşlarının xarici kəşfiyyat qurumlarına cəzb olunmasının qarşısını almağa çalışırıq. Düşünürəm ki, vətəndaşlarımızın xarici xəfiyyə qurumlarına cəlb olunması üçün zəmin yaradılmasına icazə verməməli, bunun qarşısını almalıyıq". Mahmud Ələvi ölkədə düşmən xəfiyyə qüvvələrinə qarşı əməliyyatın konkret haçan aparılması və əməliyyatlarda tutulan və ya öldürülənlərin kimliyi barədə hər hansı bir açıqlama verməyib.