İranda “Azərbaycan velosiped turu” ləğv edilib Güney Azərbaycan

İranda “Azərbaycan velosiped turu” ləğv edilib

Güney Azərbaycan əhalisi "Azərbaycan velosiped turu"na hazırlaşdığı bir vaxtda hökumət rəsmiləri "valyuta problemi" bəhanəsi ilə yarışları ləğv ediblər.
Bu barədə çərşənbə günü Təbriz Velosiped İdmanı Heyətinin rəisi Nasir Huşyar "Fars" xəbər agentliyinə danışıb.
"Ötən illərdə olduğu kimi, turun keçirilməsi üçün hazırlıq işləri görülüb. Hətta müxtəlif komanda üzvlərinin qalacağı hotel, həmçinin yarış üçün yollar da müəyyənləşdirilib. Lakin əsas problem ölkədə yaşanan valyuta məsələləri ilə bağlıdır"- deyə o bildirib.
Nasir Huşyar sözlərinin davamında qeyd edib ki, "tur 2018-ci ilin sonunadək keçirilə bilər. Yarışların mükafatı hazır olursa, dərhal tura start vermək mümkündür."
Asiya Velosiped İdmanı Federasiyasının təqvimində "International Azerbaijan Tour" adı ilə qeydə alınan Azərbaycan Velosiped Turu 1986-ci ildən keçirilir və Asiyanın ən etibarlı turlarından biri sayılır.
İran rejimi son illərdə Azərbaycan turunu etibardan salmaq üçün müəyyən addımlar atıb. 2013-cü ildə (hicri-şəmsi təqvimi ilə 1392-ci il) "Azərbaycan Velosiped Turu"nun adı dəyişdirilərək "İran-Azərbaycan Velosiped Turu" adlandırılıb. Əvvəllər Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində keçirilən tur sonralar Zəncanda keçirməyib. Bundan əlavə, hər zaman yazın ikinci ayında keçirilən tur ötən il payızın ilk ayında keçirilib. Tur yağıntılar fəslində keçirildiyi üçün bir çox ölkə yarışlara qatılmaqdan imtina edib.
Bütün bunlar göstərir ki, dövlət Təbrizin "Traxtur" futbol komandasına qarşı olduğu kimi, Azərbaycanın məşhurlaşan digər idman komandaları və yarışlarına da qarşıdır.