Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 16-cı yazı Güney Azərbaycan

Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 16-cı yazı

Azərbaycan Dövlət Universiteti: AMH-nin elm və təhsil sahəsində gördüyü mühüm işlərdən biri Təbrizdə milli dövlət universitetinin açılması olmuşdur. Pəhləvilər dövründə İranın geridə qalmış ucqarlarından birinə çevrilən Azərbaycanda nəinki nümunə üçün bir ali məktəb, hətta orta-ali təhsil verən bir təhsil ocağı belə yox idi. Mərhum Pişəvəri pəhləvilər dövründə Azərbaycandakı maarifə mərkəzi dövlətin laqeyd münasibətindən danışarkən deyirdi: «Azərbaycan səhiyyə işləri üçün ayrılmış vəsait adam başına bölünərsə, bir nəfərə bir aspirin belə çatmaz. Maarif üçün ayrılmış pul bölünərsə, onu göstərən bir vahid rəqəm tapmaq olmaz. Mən onu kibritə təbdil etdim. Nəticə bu çıxdı ki, hər nəfərə bir kibrit çöpündən də az pay düşdü».
Milli universitet açmaq və az müddətdə onun maddi-texniki bazasını yaratmaq, ixtisas fakültələrini artırmaq və ilk ali məktəbi savadlı, bilikli müəllim heyəti ilə təmin etmək AMH-nin maarif-təhsil və mədəniyyətə aid fəaliyyət proqramında mühüm yer tutmuşdu. Dövlət üniversitetinin təşkili haqda qərarda göstərilirdi ki, «Millətimizin arzularını və Azərbaycan Milli Konqresinin qərarlarını nəzərə alıb milli və mədəni tərəqqimizi təmin etmək üçün Azərbaycan Milli Hökuməti üzümüzə gələn dərs ilindən vətənimizin mərkəzi Təbriz şəhərində Azərbaycan Dövlət darülfünunun təşkilini zəruri saydığı üçün aşağıdakı qərarı qəbul edir...»
4 maddədən ibarət olan bu qərarda açılacaq universitet üçün büdcənin ayrılması, fakültələrin təşkili, bina yerinin seçilməsi və müəllim heyətinin müəyyənləşdirilməsi və s. qeyd olunmuşdu. Müəyyən hazırlıqdan sonra (büdcədən ayrılmalar, bina, tədris avadanlığı, müəllim heyətinin komplektləşdirilməsi və s.) 1946-cı il iyun ayında (1325-ci il 22 Xordad) Təbrizdə ilk milli universitet açıldı və həmin il müsabiqə yolu ilə ilk müdavimlər universitetə qəbul olundu. Təbrizdə ilk milli universitetin açılması münasibəti ilə «Azərbaycan» qəzeti yazmışdı ki, «Çaharşənbə günü, Xordad ayının 22-si Azərbaycan milləti üçün tarixi bir gün idi, ikinci 21 Azər idi».
Təbriz universitetinin rektoru olmuş Nüsrəttulla Cahanşahlu Əfşar öz xatirələrində yazır ki, Şəhrivər ayında (sentyabr) bir qrup abituriyenti müsabiqə yolu ilə imtahan edib, universitetə qəbul etdik. Universitetdə müdavimlərə yemək və kənardan gəlmişlərə yataqxana verildi. Yataqxanada yerlə təmin olunmayanlara kirayədə qalmaq üçün pul ödənilirdi. Universitetin yeni təşkil olunmuş kitabxanasına alınmış və çoxlu hədiyyə edilmiş kitablar tələbələrin ixtiyarına verildi. 1945/1947 tədris ilində müxtəlif ixtisaslar üzrə universitetə 200 tələbə qəbul edilmişdi. Təbriz universiteti başlanğıcda 3 fakültədən ibarət olmuşdur: tibb, kənd təsərrüfatı və pedaqoji fakültələr. Pedaqoji fakültədə tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, fizika, riyaziyyat, Türk dilində məktəb dərsliklərindən nümunələr və biologiya ixtisasları tədris olunurdu. Gələcəkdə fakültələrin ixtisaslar üzrə yaradılması və tələbə qəbulunun bir neçə qat artırılması planlaşdırılmışdı. Təbriz universitetinin açılması Azərbaycanın elm və mədəniyyət tarixində önəmli hadisə idi və bu, Azərbaycan Milli Hökumətindən gələcək nəsillərə qalmış böyük mədəni irs oldu.
Ədəbiyyat və incəsənət: Pəhləvi hakimiyyəti illərində Güney Azərbaycanda ana dilinin yasaq edilməsi maarif və mədəniyyətin başqa sahələri ilə birlikdə ana dilli ədəbiyyatı da buxovda saxlamışdı. 20-30-cu illərdə Azərbaycan dilində sanballı bir bədii əsərin çap olunduğunu söyləmək çətindir. Buna görə də 40-cı illərin əvvəllərində, xüsusən 21 Azər hərəkatından sonra ana dilli ədəbiyyatın yeni nümunələri və nümayəndələri böyük axın şəklində meydana çıxmağa başladı. M.Etimad, M.Biriya, Ə.Fitrət, M.Hilal Nasiri, M.Məhzun, M.Abbasi ilə yanaşı B.Azəroğlu, Ə.Tudə, F.Xoşkinabi, M.Gülgün, H.Billuri, M.Çavuşi və onlarca gənc şair və yazıçı öz qələmləri ilə mübarizə meydanına atılmışdılar. 1941-1946-cı illərdə Güney Azərbaycandakı ədəbi prosesin canlanmasında və istiqamətləndirilməsində Sovet ordusu sıralarında Güneyə getmiş ədəbi simalar (M.Ibrahimov, C.Xəndan, S.Rüstəm, H.Şahgəldiyev, Ə.Sadıq, Q.Musayev (İlkin), O.Sarıvəlli, M.Rahim və başqaları) və ana dilli mətbuat («Azərbaycan», «Vətən yolunda», Ərdəbil və Urmiyada çıxan qəzetlər) mühüm rol oynamışdı.
Azərbaycan dilində çap olunan qəzetlər az müddət içərisində milli ruhlu şair, yazıçı və publisistləri öz ətrafına toplaya bilmişdi. 1946-cı ilin yanvarında «Azərbaycan şairlər Məclisi» adlı yazarlar birliyinin yaradılması Güneydəki milli ədəbi prosesdə çox mühüm hadisəyə çevrildi. «Şairlər Məclisi» adlı topluda Güney Azərbaycan yazıçılarının ana dilində çap olunmuş şeir və hekayələri Rza şahın yaratdığı siyasi sükutdan sonra milli ədəbiyyatın ilk pöhrələri idi. AMH-i tərəfindən himayə edilən və maliyyələşdirilən Azərbaycan Yazıçılar Birliyi Ərdəbil, Urmiya, Zəngan, Sərab, Mərənd, Salmas, Marağa və s. şəhərlərdə öz filiallarını yaratmağa və ədəbi prosesi xalqın əldə etdiyi milli azadlığı tərənnüm və təbliğ etməyə yönəltdi.
Milli teatr, musiqi, rəssamlıq, xalq yaradıcılığının başqa sahələri Milli hökumət dövründə xüsusi dirçəlişə və intibaha malik olmuşdur. Teatr XX əsrin əvvəllərindən başlayaraq Güney Azərbaycanın mədəni həyatına daxil olsa da, Rza şah dövründə ana dilli teatr tamaşalarının nümayişi rəsmi şəkildə qadağan edilmişdi. 1941-ci ildən sonra İranın siyasi mühitində əmələ gəlmiş vəziyyət Azərbaycanda milli teatrın dirçəlişinə səbəb oldu. Əvvəllər ayrı-ayrı bölgələrdə, toylarda və şənliklərdə artistlik istedadı olan adamların məhdud oyun və səhnəcikləri 40-cı illərin ortalarında mütəşəkkilləşib yeni milli teatrın bünövrəsini qoymuş oldu. Bu işdə Azərbaycanın quzeyindən vaxtaşırı qastrola gələn teatr xadimlərinin köməkliyi və təsiri danılmazdır. Hələ 21 Azərə qədər Təbrizdə ibtidai şəkildə də olsa formalaşmış «Azərbaycan», «Firdovsi», «İran», «Təbriz», «Həqiqət» aktyor dəstələrindən ibarət teatr truppası Milli hökumət dövründə fəaliyyətə başlayan milli teatr heyətinin əsasını təşkil etmişdi [51, s.91]. Azərbaycan Milli hökuməti tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənən milli teatr az zaman içərisində formalaşdı, püxtələşdi və qol-qanad atdı. 1946-cı ildə Azərbaycanın demək olar ki, bütün şəhərlərində yerli teatr truppaları fəaliyyət göstərməyə başladılar. Teatr tamaşalarının repertuarlarında milli vətənpərvərlik, maariflənmə, cəhalət və xürafatdan uzaqlaşmaq, əxlaq və mədəniyyət, qadın problemi əsas yer tuturdu. Milli hökumət dövründə Azərbaycan teatrının nəzəri cəlb edən yüksəlişi bir tərəfdən vaxtı ilə Azərbaycanın quzeyində H.Ərəblinski, M.Əliyev, S.Ruhulla məktəbi keçmiş, aktyor sənətinə yiyələnmiş A.Fərivər, M.Rəsuli, Ə.Nikcu, Ə.Məhəmmədi, İ.Zülfizadə, Z.Müvəzzezadə, S.Səbahi və başqalarının milli səhnəyə gəlişi ilə bağlı idisə, digər tərəfdən milli teatrın dirçəliş və inkişafının dövlətin nəzər diqqətində dayanması ilə əlaqədar idi. Azərbaycanın güneyində 1945-1946-cı illərdə milli teatrın çox sürətlə dirçəlişi və populyarlaşmasının mühüm səbəblərindən biri də tamaşalar üçün ana dilində və Azərbaycan mövzusunda hazır dram əsərlərinin mövcud olması idi. Ü.Hacıbəyovun «O olmasın, bu olsun», «Arşın mal alan», C.Cabbarlının «Aydın», «Od gəlini», «Almaz», «Oqtay Eloğlu» C.Məmmədquluzadənin və digər quzeyli dramaturqların qələmindən çıxan əsərlərini sınaq tamaşaları mövzu etibarı ilə yerli adət ənənələri və məişətdəki olayları və cəmiyyətdəki antipodları ustalıqla bədii formada tamaşaçıya təqdim etdiyindən, onlar xalq tərəfindən hərarətlə qarşılanırdı.
AMH-in qərarı ilə 1946-cı il martın 28-də (1325-ci il fərvərdinin 7-də) Təbrizdə Azərbaycan Dövlət Dram Teatrının açılışı Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə oldu. Əvvəllər ayrı-ayrı fəaliyyət göstərən maddi və repertuar cəhətdən korluq çəkən truppaların bir mərkəzdə toplanması milli teatrın inkişafında önəmli rol oynadı. Az müddətdə teatr təkcə öz repertuarım gücləndirmədi, həm də istedadlı aktyor dəstəsini ətrafına toplaya bildi, milli hökumətin mədəni-maarif proqramının icrasında fəal iştirak etdi. S.Sabahi, Ə.Əsədi, C.Şəfizadə, Ə.Rizvan, H.Əşari, S.Əhmədzadə, M.Vəlizadə, İ.Muzduri, A.Təmcidi, B.Məmmədzadə və onlarca aktyorun az müddətdə səhnədə peşəkar sənətkar kimi ortalığa çıxması Azərbaycan mədəniyyətinin bu sahədə də böyük potensiala malik olduğuna dəlalət etdi. Azərbaycan Dövlət Dram Teatrının açılışında S.C.Pişəvərinin söylədiyi nitq mədəniyyətin başqa sahələri ilə birlikdə teatrın da Milli hökumətin diqqət mərkəzində qalacağından və onun inkişafına dövlət qayğısını əsirgəməyəcəyindən xəbər verirdi. Həqiqətdə də 1946-cı il dövlət büdcəsində maarif və mədəniyyətlə bağlı xərclər sırasında teatrın inkişafına, orada çalışanların maddi rifahının yaxşılaşdırılmasına və Təbrizdə Dövlət teatrı üçün yeni binanın tikilməsinə, mövcud teatr binalarının təmirinə və bölgələrdə teatr truppalarının həvəsləndirləməsinə xeyli məbləğ vəsait ayrılmışdı. Bunu 1946-cı il büdcə layihəsindəki rəqəmlərdən də görmək olar.
1946-cı ilin yayında teatr tamaşaları Təbriz və iri şəhərlərlə yanaşı, Azərbaycan kəndlərinə də yol tapmışdı. Bu işdə Azərbaycan Cavanlar təşkilatının xüsusi fəaliyyəti olmuşdu. Azərbaycan Dövlət filarmoniyasının 40-cı illər və sonrakı dövrdə Azərbaycan musiqisinin, mahnı və xalq rəqslərinin dirçəlişində və inkişafında böyük təşkilatçılıq və istiqamətləndirici rolu olmuşdur. 1945-1946-cı illərdə Güney Azərbaycanda mədəniyyət və incəsənətin inkişafında S.C.Pişəvərinin əvəzsiz xidmətlərindən bəhs edərkən görkəmli musiqişünas alim, professor Rafiq İmrani yazır: «S.C.Pişəvərinin dahiliyi bir də onda idi ki, o, milli dirçəliş proqramının tərkib hissəsi olan ana dilli mədəniyyətin yaradılmasına və inkişafına daima diqqət yetirmişdi». Azərbaycan musiqisinin və xalq rəqslərinin qədim tarixə malik olması tarixi abidə və mənbələrdən, qayaüstü şəkillərdən, xalq folklorundan və s. yaxşı məlumdur. Ölkədə dövlət siyasəti səviyyəsində hakim olan şovinizm kursu, qeyri-fars xalqların milli mədəniyyətinə ögey və düşmən münasibət bəsləmiş və nəticə etibarı ilə Azərbaycan incəsənətini, o cümlədən musiqisini də buxovlamış, əvəzində millətin qafasına şovinist məfkurə sırınmışdı. İran hakimləri Azərbaycanın sərvət və varidatını çəkib aparmaqla qalmayıb, onun mənəvi və ruhi sərvətini də dağıtmağa çalışmışdılar.

Əkrəm Rəhimli