“Azərbaycan” qəzetinin səhifələrində  - 39-cu yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 39-cu yazı

***
Rza Azəri:"Mühüm bir sənəd"

Söz sözə gələndə və ya hər zaman azərbaycanlı öz haqqını istəyəndə “azərbaycanlılar xilqətdən əvvəl belə farsdır” deyə: tiryək tüstüsündən daralmış öz kobud boğazlarından nərələr çəkib o ləyaqətsiz əndamları ilə bizi yenidən əl-ayağımızı bağlayıb istismar etmək üçün özgələrdən kömək istəyən Tehran mürtəceləri 1933-cü ildə İranın Hərbi Qərargah (ارکان حربی ایران) idarəsi tərəfindən nəşr olunan “İran coğrafiyası”nda Azərbaycan əhalisinin fars olmayıb, başqa bir millət olduğunu özləri etiraf və təsdiq etməkdədir. Amma bir fərq ilə ki, onlar bizləri öz coğrafiyalarında “türk və tat” deyə yazıbdılar. Halbuki, hər kəs özü özünü özgələrdən yaxşı tanıyır. Bizə azərbaycanlı yerinə təəssübdən “türk, tat” demələrinin bəhsə və cavaba belə dəyəri yoxdur. Xülasə, hər nə demiş və yazmışlarsa, onun əhəmiyyəti yoxdur. Bu dəfə doğrusunu yazıb bizi fars eləmədiklərindən çox məmnunuq. Zatən, bizim də əsl məqsədimiz odur.
Bu tarixi və rəsmi mümüh sənəd müqabilində onlar yenə də özlərini “əli çəp küçəsinə vuraraq” nə cavab verə biləcəklərinə təəccüb edirəm. O coğrafiya bu ünvan və bu müqəddimə ilə başlayır. Kitabın ilk səhifəsində: “Hərbi məktəbin nəşrlərindən. İranın coğrafiyası. Hərbi məktəblərə məxsusdur. Kapitan Əhməd xan Ehtesabiyanın müəllifliyi ilə. İkinci çap”
Qeyd olunan kitaba əlavə olaraq bir “Bildiriş” vərəqəsi də yapışdırılmışdır. O bildirişdə hərbi qərargahın rəsmi təsdiqində belə yazılmışdır: “Təzəkkür (qeyd – red.): Bu kitabın mövzuları xüsusən zabitlərin və hərbi məktəblərin istifadəsi üçün yazılmışdır. İranın iqtisadiyyatı, kommunikasiya yolları, yeri və siyasi mövqeyi, xüsusən İran sakinlərinə və müxtəlif qəbilələrinə elə mövzular aid edilmişdir ki, onların bu misli (bərabəri, eynisi – red.) sair kitablarda bu təfsil ilə yazılmamışdır.”
İran Ordusunun hərbi qərargahının 3 yanvar 1933-cü il tarixli 72899-8023 nömrəli direktivində bu kitab “İranın müfəssəl coğrafiyası” adı ilə o kitabların sırasında qeyd olunubdur ki, onların mütaliəsi zabitlərin fikrini genişləndirmək və onların məlumatlarını kamilləşdirmək üçün çox faydalıdır.”
O kitabda İranın hərbi məktəbinin şagirdlərinə, İran zabitlərinə, bütün İran əhalisinə və bütün dünyaya azərbaycanlıların fars olmayıb başqa bir millət olduqları aydıncasına İran hərbi qərargahının rəsmi təsdiqi ilə görüldüyü kimi etiraf edilməkdədir. Bu altdakı neçə sətir o kitabın 117-ci səhifəsindən tərcümə və nəql edilmişdir: “Əhali. Azərbaycan əhalisi təqribən 3 milyon: türk, tat, kürd, erməni, gildani, yəhudidən ibarətdir. Monqol tayfalarının və xüsusən Çingiz xanın istilası zamanında türklər bu yerlərə gəlibdilər. Monqol Hulaki xan Bağdadı alıb Abbasilərin axırıncı xəlifəsini tərk-silah edəndən sonra bu əyalətə daxil olub, Təbrizi 635-ci hicri (1237) ilindən özlərinə paytaxt etmişdir və Qazan xan ki, Monqolun böyük yaradıcılarındandır Təbrizin vüsətini və gözəlliyini artırıb onun ətrafına bir hasar da çəkdirmişdi. Bu padşahın qayırdığı binalardan birisi də şəhərin ortasındakı Ərkdir.
Böyük şah Abbasın əmri ilə türk və şahsevən tayfalarından neçəsi Azərbaycana göndərildilər. Belə ki, əfşar tayfasından “Qasımlı” adında bir firqə Urmu (Urmiya – red.) gölü ətrafında və ayrı bir firqə də Cığatı çayı dərələrində iqamət etmək üçün gətirildilər(!!!) və şahsevənlər də Ərdəbil, Xalxal, Muğan və Azərbaycanın sair yerlərində iqamət etdirildilər.
O kitabın yuxarıdakı parçasını burada yazmağımızdan bir məqsədimiz vardır. O da budur ki, öz rəsmi coğrafiyalarında azərbaycanlıların farsdan başqa ayrı və xüsusi bir millət olduğu və o barədə yazmış olduqları rəsmi etiraf sənədini onların üzlərinə çarpmaqdır.
I. Birincisi, təəssübdən və ya hansı bir səbəbə görə olursa olsun, bizi “türk-tat” deyə yazmasının, yuxarıda dediyimiz kimi, müzakirə mövzusu olmağa belə ləyaqəti yoxdur. Çünki biz azərbaycanlılar özümüzü özgə inadçılardan çox yaxşı tanıyırıq və bilirik ki, bizlər bu torpağın 3 min il bundan əvvəlki əsl sahibləri olan qəhrəman midiyalı əcdadımızın həqiqi və əsil övladlarıyıq, sonradan gəlmə deyilik.
İkincisi, Azərbaycan 3 milyon deyil, 5 milyondur. Etnik (milli) azlıqlar da 10 %-dən də azdır.
II. Monqol zamanında bizlərin buraya gəldiyimizi yazırlar. Yazıqlar olsun ki, kitabın müəllifinin anlamadığı kimi bu kitabı ona yazdıran böyükləri də anlamamışlar.
Əvvəla, Monqol Azərbaycanı alır, qan tökür, istila edir və buranı özünə paytaxt edir. Nə üçün burada monqol milləti iqamət etmir, monqollarla o zaman düşmən olan türklər gəlir yerləşirlər?
İkincisi, nə üçün Monqolstana və ya Türküstana Xorasan vilayəti daha yaxın və daha da əlverişli və həmişə də türklərin və monqolların ayaqları altında olduğu halda, orada monqol və ya türk iqamət etməyib, o qədər uzaq yollardan gəlib yalnız Azərbaycanda məskən etdilər?
Üçüncüsü, onların dedikləri kimi, əgər türklər Azərbaycana gəlib buranı istila etdilərsə, onda buranın əvvəlki sakinləri necə oldular və hara getdilər?
Ərəb qorxusundan Hindistana qaçan zərdüştlər kimi buranın da qabaqkı sahiblərindən o tərəfdə, bu tərəfdə heç olmazsa, nümunədən ötrü bir-ikisi qalardı?
III. Yaxşıdır yazmayıbdır ki, “Ərk”i də mərhum Sirus və ya Dariyuş qayırıbdır.
IV. Farsların öz dedikləri kimi: “Doruğqu hafeze nedarəd” (Yalançının hafizəsi olmaz).
Yuxarıda yazır ki, türklər monqol zamanı Azərbaycana yerləşmişlər. İki sətir aşağıda yazır ki, “türk və şahsevən tayfaları Böyük şah Abbas zamanında Azərbaycana gətirildilər”.
Onda, ağacan, bu iki sözün hansı doğrudur? İddianıza görə bugünkü azərbaycanlıları bu böyüklükdə, təqribən, 10 milyonluq Şimali və Cənubi Azərbaycan millətini haradan gətirdilər? Burada bizlərdən qabaq yaşayanları haraya apardılar?
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, No 160, 29 mart 1946-cı il

***

Vulkan: "Qəhrəmanlıq medalı"
Bayram günü medal alanların içərisində bir qoca fədainin də sinəsində “21 Azər medalı” parlayırdı. O, hədsiz sevinclə fəxr edərək döşünü qabağa verib medalını hamıya göstərmək istəyirdi. O mənə də əl verdi və mən onu təbrik etdikdən sonra diqqətlə medala baxdıqda məni nə qədər duyğular bürüdü! Bu medal aydın surətdə bir millətin azadlığı uğrunda qəhrəmanlığı göstərirdi. Bu medal xalqımızın sinələrindən başqa tariximizin qızıl səhifələrini də işıqlandırır, azadlıq və istiqaliyyətimiz uğrunda xalqımızın qəhrəmancasına mübarizə etməsi bu medalda nümunəvi surətdə görünür. “21 Azər medalı” daha artıq bu mənanı aydınlaşdırır və göstərir ki, xalqımız getdiyi yolu daha qayıtmayacaq və həmişə qabağa gedəcəkdir.
Milli bayrağımız igid fədailərin və milli qoşunumuzun başları üstündə əbədi olaraq yüksəlib və dalğalanacaq, xalqımız onun altında yeni qələbələrə və zəfərlərə nail olacaqdır. Bu medaldakı üç nəfər qəhrəmanda nə qədər şücaət və nə qədər möhkəm iman görünür. Bunlar millətimizin görkəmləridir. Eyni zamanda bunların irəli getmələri və vətənimizi müdafiə etmələri şəhidlərimizin ruhlarının böyük şadlığıdır. “21Azər medalını” sinələrinə vurmağa nail ola bilməyən şəhidlərimizin qəbirləri də azad yurdumuzun sinəsində görkəmli və parlaq qəhrəmanlıq medallarıdır və onların unudulmaz xatirələri sinələrimizin içində əbədi sancılmış medallardırlar.
Biz bu medalları həmişə sinələrimizdə saxlayacağıq. Yaşasın o analar ki, vətənlərinə belə fədakar qurbanlar fəda etmişlər! “21Azər medalı” alan qəhrəmanlarımıza eşq olsun!
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı. Təbriz şəhəri, say 159, 28 mart 1946-cı il

***
H.S.
Milli Qoşun azadlığımızın zaminidir
25 il diktatorluq pəncəsinə giriftar olub azadlıqdan məhrum edilmiş, maarif və səhiyyə cəhətindən dalıda qalaraq min cür təhqir və haqsızlıqlar altında inləyən xalqımız bu gün öz ata-babalarından yadigar qalan və minlərlə qəhrəman cavanların qanları bahasına alınan azadlığı ehya etmək üçün ayağa qalxıb və çürümüş irtica hökumətinin axırına son qoymaqla bərabər Milli Hökuməti təşkil edib xalqımızın üzünə səadət və nicat qapılarını açdı və öz qeyrəti ilə Azərbaycanın parlaq tarixinə yeni qızıl səhifələr əlavə etdi.
Azərbaycan xalqı keçmiş iyirmi illik mənhus dövrələrdən ibrət alaraq gələcəkdə öz azadlığını əlində saxlamaq və ölkəmizi hər cür təhlükədən qorumaq üçün milli qoşuna ehtiyacı olduğundan müntəzəm qoşunu çox az bir müddətdə yaratması ilə fəxr edir.
Bir ay ərzində Milli Hökumətimizin təşkil etdiyi qoşun və qəhrəman fədai dəstələri Azərbaycan xalqınıın yüksək istedadını sübut etməklə düşmənlərinin gözünə bir ox kimi batmaqdadır. Bununla bərabər əldə etdiyimiz müvəffəqiyyətlər bizi aldada bilmədiyi kimi biz hörmətli Baş nazirimizin dediyi “hər şey qoşuna” sərlövhəli məqaləni özümüzə şüar qəbul edib daha artıq və daha da ciddiyyətlə milli qoşunun qüvvətləndirilməsi üçün fədakarlıq göstərməliyik.
Qüvvətli və mətin bir orduya malik olan millətlərin məğlub olmadıqlarını tarix səhifələri sübuta yetirmişdir. Silahlı bir qüvvəyə istinad etməyən bir millət tezliklə fənaya məhkumdur. Azərbaycan xalqını daha bundan sonra uşaq hesab edib onu noxud və kişmiş ilə aldadanlar böyük yanlışlıq edirlər.
Azərbaycan xalqı axır gücünə kimi yenə də öz mətanət və vüqarını əlindən verməyəcəkdir. və heç bir kəsin papağını da başından götürmək istəmir. Amma, əgər bir nəfər, hər kim olursa-olsun, azadlığımızın qabağını almaq niyyətində olsa, var qüvvəsi ilə onunla amansızcasına mübarizə aparıb və “ölmək var, dönmək yoxdur” şüarını icra edəcəkdir. Bu bizim əvvəl, axır sözümüzdür. Qoy Azərbaycan xalqının düşmənləri birdəfəlik öz vəziyyətlərinin düşünüb və hesablarını anlasınlar.

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.