“Azərbaycan” qəzetinin səhifələrində  - 44-cü yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 44-cü yazı

Moskvadan gələn teleqram
Moskvadan VOKS-un idarə heyətinin sədri cənab Vladimir Kemenov Təbrizdəki Sovet mədəniyyət evi müdiri Bağırzadə vasitəsi ilə Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi idarə heyətinin sədri cənab Səfvətə aşağıdakı teleqramı göndərmişdir: “Xarici ölkələrlə mədəni əlaq saxlayan ümumittifaq cəmiyyətin idarə heyəti və SQBN üzvləri təzə il münasibəti ilə Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi üzvlərini təbrik edir. Sovet İttifaqı xalqı ilə Cənubi Azərbaycan xalqı arasındakı mədəni əlaqənin möhkəmlənməsi sahəsində gördükləri səmərəli işdə onlara yeni müvəffəqiyyətlər arzu edirik”.
VOKS heyət idarəsi sədri V. Kemenev
Cənab Səfvət cənab Kemenovun teleqramına aşağıdakı cavabı vermişdir: “VOKS-un Təbrizdəki mədəniyyət evi müdiri cənab Bağırzadə Novruz bayramı münasibəti ilə göndərdiyiniz teleqramı bizə verdi. Biz martın 22-də bayram yığıncağımızda sizin teleqramınızı bütün cəmiyyət üzvlərinə, şəhər ziyalılarının nümayəndələrinə çatdırdıq. Cəmiyyət üzvlərinin icazəsi ilə Sovet adamlarının xalqımızın milli əzminə göstərdikləri dərin ehtirama qarşı onların böyük dərəcədə razılığını və səmimi təşəkkürlərini sizə yetirirəm. Sizin təbrik teleqramınız şübhəsiz ki, İran Azərbaycanı elm və mədəniyyət xadimlərinin ruhunu yüksəldəcək və İran Azərbaycanı xalqı ilə Sovet İttifaqı arasındakı əlaqənin daha da möhkəmlənməsinə səbəb olacaqdır. VOKS-un idarə heyəti və bölmələrinin üzvlərinə gördükləri səmərəli işlərdə səmimi qəlbdən yeni müvəffəqiyyətlər arzu edirəm”.
Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyəti Təbriz şöbəsi sədri M. Ə. Səfvət
( 1- VOKS-un rus abbreviaturası: ВОКС – Всесоюзное Общество Культурных Связей - Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyəti.)
P.S. VOKS sədri Vladimir Kemenovun təbrik teleqramında “Cənubi Azərbaycan xalqı”, Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyəti Təbriz şöbəsi sədri M. Ə. Səfvətin ona cavab teleqramında isə “İran Azərbaycanı xalqı” ifadələri işlənmişdir.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 157, 26.03.1946
***
Səməd Səbahi: "Mədəniyyət evində bayram münasibətilə qonaqlıq"
Cümə günü mart ayının 22-də günortadan sonra saat 5-də Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi və mədəniyyət evi tərəfindən yeni il münasibətilə mədəniyyət evinin salonunda dəbdəbəli bir ziyafət təşkil olundu.
Bu qonaqlıqda dövlət heyəti və firqə başçıları, şəhərin ziyalı qadın və kişiləri iştirak etmişdilər. Burada xalqın səmimiyyət və sevinclə bir-birlərini qarşılamaları fövqəladə maraqlı və diqqətəlayiq idi. Görüş və təbriklər səmimi bir mühitdə icra olundu. Salondakı toplantıdan çoxlu filmlər götürüldü.
Cənab Pişəvəri Azərbaycan xalqının Novruz bayramını sevinclə qarşılaması barəsində çox müxtəsər olaraq bir başlanğıc nitqi söylədikdən sonra xanım Bərəhani oradakı xanımları və cənabları təbrik etdilər.
Xanım Bərəhani öz nitqinin gedişində söylədi ki: “Bizim həqiqi bayramımız o vaxtdır ki, biz əziz və mehriban ana yurdumuzun xalqının səadətini, maddi və mənəvi ehtiyaclarını tamamilə təmin etmiş olaq. Biz müqəddəs məramın uğrunda son ana kimi fədakarlıq edib onu həyata keçirəcəyik”. Bundan sonra cənab Biriyanın şeirlərindən bir parçanı oxudu.
Xanım Bərəhanidən sonra cənab Müzəffər Derəfşi bayram münasibətilə yazdığı şeirini oxudu. Azərbaycanın böyük şairi və Maarif naziri cənab Biriya atəşin bir nitq söylədikdən sonra bayram münasibətilə yazdığı şeirlərini oxudu.
Ondan sonra cənab Bağırzadə xarici ölkələrlə mədəni əlaqə saxlayan cəmiyyətin sədri Kemenovun (Vladimir Semyonoviç – red.) təbrik teleqramını oxudu. Cənab Səffət isə öz yazdıqları şeirlərindən iki beyt oxudu.
Məclis saat 8-ə kimi davam etdi və saat 8-də çağrılmış qonaqlar dünyalar sevinc və məhəbbət içərisində getməyə başladılar.
"Azərbaycan" qəzetiş ADF orqanı, Təbriz, say 156, 25.03.1946
P.S.Moskvadan gəlmiş teleqramın mətni "Azərbaycan" qəzetinin 26.03.1946-cı il tarixli 157-ci sayında dərc olunmuşdur. Təqdim ediləcəkdir.
***
Bayram günləri
Cümə günü (22.03.1946 – red.) rəsmi keçiddə 50 mindən artıq iştirak edənlərin nizam-intizamları xalqımızın nə kimi ictimai və siyasi bir tərbiyəyə malik olmalarından böyük bir nümunədir. Qoşun qüvvələrimiz xiyabandan keçərkən bütün əhali – arvad, kişi, uşaqlar tərəfindən gurultulu alqışlarla qarşılanırdılar.
Belədir! Azərbaycan xalqı indi nə kimi milli bir qüdrətə malik olmasını düşünür. O yeni həyat ilə tanış olur. O, indi öz əsarət zəncirlərini tamamilə qırmışdır və öz azadlığını mühafizə etmək üçün böyük bir qüdrətə malikdir.
Azərbaycan xalqı köhnə, çürümüş dünya sistemini öz milli hərəkatı ilə pozub və indiki dünyaya uyğun olan bir şərait yaratmaqdadır. Xalqımızın düşmənləri daha heç vəch ilə öz istismarçı niyyətlərini burada həyata keçirməyə imkan tapa bilməyəcəklər. Bu həqiqəti bizə bayram günlərində olan təntənəli yığıncaqlarımız daha aydın olaraq sübut etdi. Bizim xalqımız tamamilə öz maraqlarını, səmimiyyətlərini və etimadlarını müxtəlif və canlı bir şəkildə göstərdilər. İndi hamı etiraf edir ki, qeyri münasib şəraitlər yaratmaq vasitəsi ilə bir milləti ictimai və siyasi təkamüldən saxlamaq və bu təkamülün sürətini dayandırmaq mümkün olan bir iş ola bilməz.
Məşhur bir məsəl vardır, “saatın əqrəbini dala çəkməklə zamanın sürətində bir dəyişiklik əmələ gəlməz”. Azərbaycan xalqını illər boyu öz hüquqlarından məhrum edənlərə isə Azərbaycan xalqı öz ləyaqətini sübut etdi, öz varlığını hamıya bildirdi və indi isə bu varlığını və azadlığını qorumaq üçün hər cür təsadüflərin qarşısında müqavimət qüvvəsinə malik olmasını da bütün dünyaya elan edir. Bayram günləri bu qüdrətin təzahürüdür. Bayram günləri yalnız müvəqqəti olaraq bizim milli qüdrətimizi nümayiş etdirmədi, eyni zamanda illər boyu bizim şanlı xalqımızın iradəsini tarixlərin səhiələrində təcəssüm etdirəcəkdir!
Qoy tarix bizim aramızda olan səmimiyyəti, milli birliyi əks etdirsin. Qoy Yaxın Şərq ölkələrinin məşəldarı olan əbədi odlar ölkəsi parlasın.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 156, 25.03.1946
***
M. Etimad: "Sönməz qüdrətimiz"

Yağdırdı od Azər balası Azər ayında
Ədlin (1) günəşi parladı zülmət sarayında
Qırx ildi gəzib çölləri məşuqə yolunda
Minlərcə cavanlar sürünüb sağda, solunda
Qırx il başa gəldi yetişib həddi kamala
Yetməz daha qırxa yetişən bir də zavala
Eşqin yolunu tey (2) eləyib məqsədə çatdı
Qardaşlarını xabi cəalətdən oyatdı
İmdi ucalıb ərşə “ənəlhəq” sədası
Dünyaya salıb lərzə bu mənalı nidası
Xainlərə öz məsləkini eylədi izhar
Bu millətə bəsdir bu qədər etmisən azar
Yazdı, dedi, həm eylədi minlərcə səmacət (3)
Bəlkə düşünə, anlaya xalqı qoya rahət
Gördü, dediyi sözləri axır heçə getdi
Ecaz (4) ilə bu barədə şəqqülqəmər (5) etdi
Bir həmlədə düşmənlərini saldı ayaqdan
Bu qüdrəti görcək hamısı qaçdı qabaqdan
Tarixlərə bu qüdrətimiz səbt olacaqdır
Dünya belə bir qüdrəti alqışlayacaqdır
Bu nehzət (6) üçün maddeyi tarix yazanda
“Azad yaşa Azər elimiz” oldu cahanda
P.S. Müəllif özü şerin altında son sətirdə işlətdiyi ifadəyə aydınlıq gətirmək üçün bu qeydi etmişdir.
Tarixi maddə: “Azad (13) yaşa (312) Azər (901) elimiz (98) – 1324” . 1- ədalətin, 2- keçmək, 3- dözüm, əzmkarlıq, 4- möcüzə, 5- “Şəqqülqəmər” (ayı parçalamaq) İslam Peyğəmbərinin möcüzələrindən biridir. Burada “qəribə və gözəl bir iş” mənasında işlənmişdir. 6- hərəkat
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 155, 21.03.1946
***

Mədinə Gülgün: "Bayram münasibətilə"

Gözəlim, rəhm elə, gəl aşiqi nalanə bu gün!
Dönmüşəm eşqinlə dəhrdə Sənanə bu gün.
Dərdi hicrinlə sənin olmuşam, ey gül, xəstə,
İstərəm, ta yetişəm sən kimi loğmanə bu gün.
Görmədim sən kimi bir nazlı gözəl aləmdə,
Nə qədər baxdım isə hər tərəf, hər yanə bu gün.
Gəl yetir vəslə məni, qanə dönübdür ürəyim,
Taqətim yoxdu, gözəl, səbr edəm hicranə bu gün.
Qələm acizdi əlimdə, necə yazsın vəsfin?
Qaldım heyrətdə, baxanda yeni dövranə bu gün.
İki eşqim var, əzizim, onu sən bilməlisən!
İlk eşqimdi Vətən, sonrası cananə bu gün.
Növbahar oldu, yenə güllər açıb bülbül oxur,
Bax, Mədinə, Vətənin döndü gülüstanə bu gün.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 155, 21.03.1946
***
Aşıq Hüseyn Cavan: "Təzə bayram günləri"

Aşiq coşur sözlərini yaza bayram günləri
Yetmişik xoş bahara, yaza bayram günləri
Könlüm quşu pərvaz edir, vətənini seyr edir
Çağırır hər vətəndaşın gəzə bayram günləri
***
Azadlığın həvəsilə gecə-gündüz oxuram
Qələmimi düşmənlərin ürəyinə toxuram
Gözüm açıq hər tərəfə, sağ-sola baxıram
Ana yurdum şad görünür gözə bayram günləri
***
Aşıq, sən də bir nəzər sal bu dünyanın çarxına
Fədailər dəstəsinə, sellər kimi axına
Xarabalar abad olur, su bağlanır arxına
Quru ağac bar gətirir təzə bayram günləri
****
Mən vətənin vurğunuyam azad ellər aşiqi
Bülbül kimi cəh-cəh vuran qönçə güllər aşiqi
Doqquz telli sədəfli saz, incə tellər aşiqi
Azad sözüm söylərəm saza bayram günləri
****
Cavan Hüseyn, qoru əziz ana torpağı
Bir də görməz Azərbaycan nə hərami, nə yağı
Nicat əlin verib sənə yer üzünün dayağı
Həqiqətin sözün oxu bizə bayram günləri
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 155, 21.03.1946
***
Mәhzun: "Təzə il!"

Könül, şad ol, gəlibdir təzə il fəsli-baharımdır.
Murada yetmişəm, fəxr eylərəm, iqbal yarımdır.
İki bayram düşübdür bir yerə, dilşad olub millət
Açılmış lal olan dillər, qəribə rüzgarımdır.
Vətən gülzarının ətri tutub yeksər bu dünyanı
Açılmış zülməti-tufan, işıqlanmış bu gün ölkəm
Vətən abad olub yeksər, bu gün bir xoş diyarımdır.
Ana basmış öz istəkli, əziz övladın ağuşa
Vətən daim sevən oğlun əziz və qəmküsarımdır.
Silahına sarılmış Azəristan xalqı şövq ilə
Xəyal et, Babək, Elxan, Cavanşir namdarımdır.
Ayaq bassa əgər hər kim bu aslanlar yatan mülkə,
Yəqin başsız qalar cismi, bu mütləq bir şüarımdır.
Boyansam da qızıl qana, Vətən eşqiylə bak etməm
Vətən uğrunda can çıxsa bədəndən, iftixarımdır.
Vətən Leylasının Məcnunu olmuş binəva Məhzun
Vətəndir sevgili yarım, nigari-gülüzarımdır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 155, 21.03.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.