2 taekvondoçumuz Avropa çempionatında 1/4 finala yüksəlib İdman

2 taekvondoçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışların ikinci günündə qüvvəsini sınayan 3 idmançımızdan biri mübarizəni dayandırıb.
Kişilər yarışında 58 kq çəki dərəcəsində Samir Cavadlı ilk görüşdə moldovalı Vadim Dmitrova uduzub. Radik İsayev (87 kq) isə mübarizəyə ikinci mərhələdən başlayıb. O, bu mərhələdə xorvatiyalı Nikolo Boyanı məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. İdmançımızın növbəti rəqibi Samuel Vestermark (İsveç) olacaq.
Qadınlarda Patimat Abakarova (49 kq) da ikinci mərhələdən yarışa qoşulub. O, ilk görüşündə Böyük Britaniyadan olan həmkarı Corciya Barnsı yenib. Onun növbəti rəqibi Ukraynanı təmsil edən Qanna Sorokadır.
Qeyd edək ki, srağagün keçirilən yarışın ilk günündə kişilərdə Mikayıl Əliyev (54 kq) və Ceyhun Həsənli (+87 kq), qadınlarda isə Türkanə Tahirli (46 kq) və Səbinə Mikayılova (62 kq) mübarizəyə qoşulsalar da uğursuzluğa düçar olublar.