Formula-1 yarışlarına gələn tamaşaçıların sayı artıb İdman

Formula-1 yarışlarına gələn tamaşaçıların sayı artıb

Formula-1 yarışlarının rəhbərləri ötən mövsümdə Qran-Pri mərhələlərinə gələn tamaşaçıların sayı barədə məlumat dərc ediblər. Əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə bu rəqəm 8 faiz artıb. Promouterlərin məlumatında göstərilir ki, 20 Qran-Pri mərhələsinin 13-də tamaşaçıların sayı 2016-cı ildəkindən çox olub. Mövsüm ərzində bu mərhələlərə tamaşa edənlərin ümumi sayı 4 milyonu keçib. Azərbaycan Qran-Prisinə tamaşa etməyə gələnlərin sayı 58 faiz artıb, ən populyar mərhələlər isə Kanada və Avstriya mərhələləri olub. Bu yarışlara gələn tamaşaçıların ümumi sayı bir il əvvəlki ilə müqayisədə 60.000 nəfər çox olub.
Beş Qran-Prinin promouterləri bu yürüşlərə marağın azalmasını qeyd ediblər. Ən çox itirən ABŞ-da keçirilən mərhələ olub: əvvəlki mövsümlə müqayisədə bu dəfə tamaşaçıların sayı 11.889 nəfər az olub. Faiz nisbəti ilə hesablandıqda Yaponiya Qran-Prisinin auditoriyasında daha ciddi azalma baş verib (5,84 faiz). Monako və Abu-Dabidə yarışlara gələnlərin sayı demək olar ki, dəyişməz qalıb. Bu ölkələrdə yürüş keçirilən həftəsonu günlərdə avtodromların tribunalarında orta hesabla 203.570 tamaşaçı olub. Qran-Pri günündə 76.222 nəfər gəlib, bu isə 2016-2017-ci illərdə Çempionlar Liqasının, Premyer-Liqanın və Bundesliqanın, habelə 2016-cı ildə NFL-in və 2014-cü ildə Futbol üzrə Dünya Çempionatının analoji orta göstəricilərindən yüksəkdir.
Formula-1 yarışlarının kommersiya direktoru Şon Bratçes deyib: "Bizim idmanın əsasını təşkil edən yürüşçülərin, komandaların və ən əvvəl, azarkeşlərin sayəsində 2017-ci il mövsümündə həm trasda, həm də trasdan kənarda baş verən hadisələr son dərəcədə baxımlı olub. Qran-Pri mərhələlərinə 200.000-dən çox tamaşaçı gəlib. Bu o deməkdir ki, il ərzində yürüşlər keçirilən 20 uik-end günlərində avtodromlarda toplaşanların ümumi sayı orta ölçülü bir şəhərin əhalisinin sayına bərabərdir. Bizim borcumuz çempionatın hər bir mərhələsini daha maraqlı etmək, dünyada ən yaxşı yürüş şousunun potensialını üzə çıxarmaqdır".