"Neftçi"nin baş məşqçisi: "İlk oyuna tam hazır olmaq mümkün deyil" İdman

"Neftçi"nin baş məşqçisi: "İlk oyuna tam hazır olmaq mümkün deyil"

"Çox futbolçunun evdə məşq keçmək üçün şəraiti var. Bəzilərinin həyəti var, bəzilərinin qaçış aparatı. Bəzi oyunçular da evlərinin yanlarındakı boş sahədə qaçırlar". Bunu apasport.az saytına açıqlamasında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov deyib. Premyer Liqa klublarının baş məşqçiləri ilə aparılan sorğunun növbəti qonağı olan Məmmədov koronavirus pandemiyası ilə əlaqədar evdə məşq keçən futbolçularını müntəzəm diqqətdə saxladıqlarını söyləyib: "Mənə hər gün video göndərirlər. Amma yanlarında məşqçi, komanda yoxdursa, bu qaçışlarla yalnız fiziki kondisiyalarının tam ölməsinin qarşısını alırlar. Bu qaçışlarla fiziki kondisiyanı 30-50 faiz arasında saxlayırlar. Amma bu durumda da oynamaq qeyri-mümkündür". Premyer Liqanın mayın 23-də bərpa edilmə ehtimalına münasibət bildirən gənc mütəxəssis hazırlıq müddətinin az olduğunu düşünür: "Əgər mayın 4-də karantin rejimi bitərsə, bizim hazırlıq üçün 19 gün vaxtımız olacaq ki, bunun bir həftəsi oyunöncəsi tsikl sayılır. Yəni bu müddətdə yalnız taktiki çalışmalar olur. Əsas yüklənmə ilk iki həftədə olacaq. Hesab edirəm ki, yalnız iki oyundan sonra futbolçular tam hazır olmağa yaxınlaşacaqlar. İlk matça tam hazır olmaq mümkün deyil. Həm oyun praktikasından əziyyət çəkəcəklər, həm də fiziki göstəriciləri istədiyimiz səviyyədə olmayacaq". FİFA-nın Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (İFAB) əvəzləmə sayının 3-dən 5-ə yüksəldilməsi təklifinə müsbət rəy verən 43 yaşlı çalışdırıcı bunu dəstəklədiyini söyləyib: "Mən özüm də demişdim ki, əvəzetmə sayı heç olmasa 4-ə yüksəldilsin. Çünki vaxt çox azdır və mövsümün tez bitməsi üçün sıx təqvimdə oynamaq məcburiyyətində qalacağıq. Belədə futbolçuların zədələnməsi qaçılmazdır. Bu zədələrin çox ciddi olmaması üçün əvəzləmə sayının 5-ə yüksəldilməsi yaxşı fikirdir". Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi müddətini mayın 4-dən sonra uzatmasa, koronavirus pandemiyası ilə əlaqədar XX turdan sonra dayandırılan Premyer Liqanın oyunları gələn ayın 23-də bərpa ediləcək.